Məhkəmə qərarları › İş №2-1(112)-7570/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7570/2021

18.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7570/2021 18.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3, üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi) “çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi) iddia ərizəsi ilə məhkəməyə mürciət edərək, ünvan 1 ünvanında yerləşən 0,02 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və bu barədə ona reyestrdən çıxarışın və texniki sənədlərin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, Bakı şəhəri 31 saylı dövlət notariat kontoru tərəfindən təsdiqlənmiş 20 fevral 2009-cu il tarixli, AN-İ seriyalı, ******* saylı torpaq sahəsinin alqı-satqı müqaviləsinə əsasən, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 17 fevral 2009-cu il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrində 181 nömrəli reyestr kitabının 16832 nömrəli vərəqində qeydiyyata alınmış, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən X7 məxsus ünvan 1 ünvanında yerləşən 0,2528 ha torpaq sahəsindən 0,02 ha hissəsini X4 ona satmışdır. Buna görə də həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmalı və bu barədə ona reyesterdən çıxarış və texniki sənədlər verilməlidir. Həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və bu barədə ona reyesterdən çıxarışın və texniki sənədlərin verilməsi üçün müraciətinə cavabdeh 19 may 2021-ci il tarixli məktubu ilə müxtəlif bəhanələrlə imtina etmişdir. Buna görə də həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və bu barədə ona reyesterdən çıxarışın və texniki sənədlər verilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 izahatında bildirdi ki, ünvan 2 ünvanda yerləşən torpaq sahəsinin iddiaçının adına qeydiyyata alınmasına əsas olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-607/2012 saylı, 01.05.2012-ci il tarixli qərarı ləğv olunmuş, iş üzrə icraat təzələnmiş və daha sonra Məhkəmə tərəfindən iddiaçının iddiası geri götürülmüş sayılmış, iş üzrə icraata xitam verilmişdir. Lakin ünvan 2 ünvanda yerləşən torpaq sahəsinin bir hissəsi 31 saylı dövlət notariat kontorunun 20.02.2009-cu il tarixli 4Ə/1-19 reyestr nömrəli alqı-satqı müqaviləsinə və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01.05.2012-ci il tarixli 2in(82)-607/2012 nömrəli qərarına əsasən İddiaçı adına 29.12.2012-ci il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X2 izahatında bildirdi ki, ünvan 3 ünvanında yerləşən mübahisəli torpaq sahəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Abşeron rayon Mənzil-İstismar Hissəsinin təminatında olan faktiki olaraq 1950ci ildən 8 saylı hərbi şəhərcik yerləşir. Mübahisəli torpaq sahəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinə müddətsiz istifadəyə verilmişdir. Mübahisəli ərazi sutka ərzində mühafizə olunur, həmin əraziyə giriş yalnız Azərbaycan Respublikası Müdafiə Nazirliyinin icazəsi ilə mümkündür və hal-hazırda da həmin ərazidə yalnız Azərbaycan Respublikası Müdafiə Nazirliyinə məxsus olan tikintilərdir. İddiaçı iddia ərizəsini araşdıraraq müəyyən edildi ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatı olmadan operativ istifadəsində olan torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi qeyd olunan ünvanda yerləşən ümumi sahəsi 1540 m. olan qeyri yaşayış sahəsini icarə müqaviləsinə əsasən əvvəlki mülkiyyətçi X7 verilmiş və o, öz növbəsində 19 noyabr 2001-ci il tarixli 311 nömrəli alqı-satqı müqaviləsi ilə satın almışdır. Həmin torpaq sahəsini X9 1540 m. olan sahəni hissələrlə ayrı-ayrı vətəndaşlara alqı-satqı müqavilələri əsasında satmışdır. Qanunvericiliyin tələblərinə əsasən Azərbaycan Respublikasının müdafiəsini və təhlükəsizliyini təmin etmək üçün saxlanılan hərbi hissələrin istifadəsində olan əmlakın özəlləşdirilməsi qadağan olunmuşdur. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 11.11.2021-ci il tarixli **********58 nömrəli məktubda qeyd edilir: ünvan 2 ünvanda yerləşən torpaq sahəsinin bir hissəsi 31 saylı dövlət notariat kontorunun 20.02.2009-cu il tarixli 4Ə/1-19 reyestr nömrəli alqı-satqı müqaviləsinə və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01.05.2012-ci il tarixli 2in(82)- 607/2012 nömrəli qərarına əsasən İddiaçı adına 29.12.2012-ci il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 2 saylı sahənin bir hissəsinə (sahəsi 0,02 ha) xüsusi mülkiyyət hüququ (tam) İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 29.12.2012-ci il tarixdə qeydiyyatdan keçmişdir. İş materiallarından görünür ki, ünvan 2 ünvanda yerləşən torpaq sahəsinin bir hissəsi 31 saylı dövlət notariat kontorunun 20.02.2009-cu il tarixli 4Ə/1-19 reyestr nömrəli alqısatqı müqaviləsinə və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01.05.2012-ci il tarixli 2in(82)-607/2012 nömrəli qərarına əsasən İddiaçı adına 29.12.2012-ci il tarixdə qeydiyyatdan keçmişdir. Daha sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01.05.2012-ci il tarixli 2in(82)-607/2012 nömrəli qərarı ləğv edilmiş və işə mahiyyəti üzrə baxılması təzələnmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26.11.2019-cu il tarixli 2-1(82)-29/2019 saylı qərardadı ilə İddiaçı iddia tələbi üzrə icraat ayrılmışdır. Bundan sonra Bakı İnzibati Məhkəməsinin 25.02.2020-ci il tarixli 2-1(112)- 1979/2020 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə hüququn qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun (plan və ölçü) verilməsi» tələbi barədə inzibati mübahisəyə dair iş üzrə iddia geri götürülmüş sayılmış və iş üzrə icraata xitam verilmişdir. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas olmuş məhkəmə qərarı ləğv edilsə də, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 11.11.2021-ci il tarixli **********58 nömrəli məktubdan görünür ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat ləğv edilməmiş (qərarın icrasına dönüş edilməmiş) və qeyd olunan torpaq sahəsi hazırda İddiaçı adına qeydiyyatdadır və hazırda onun mülkiyyətindədir. Göründüyü kimi, iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi hazırda daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyatdadır, həmin qeydiyyat ləğv edilməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 5 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır; 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar