Məhkəmə qərarları › İş №2-1(112)-7573/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7573/2022

29.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7573/2022 29.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi:

1. İddiaçı Sultanova (Həsənova) Nuranə Əli qızı (bundan sonra – iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Alballıq-2 (Vişnyovka-2) bağ massivində yerləşən 1116a nömrəli bağ sahəsinin adına dövlət reyestrində qeydə alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Alballıq- 2 (Vişnyovka-2) bağ massivində yerləşən 1116a nömrəli bağ sahəsi Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatinin inkişafı Departamenti ilə 12 aprel 2004-cü il tarixində 32516 nömrəli müqavilə bağlayaraq icarəsinə verilmişdir. Həmin bağ sahəsində bağ evi tikdirmişdir və ailəsilə birlikdə həmin evdə yaşayır. Bağ sahəsində hasar və su çəkdirmiş və çoxsaylı meyvə ağacları əkmişdir. Bağ sahəsi təxminən 18 ilə yaxındır ki, istifadəsindədir və vergiləri tərəfindən ödənilir. Lakin göstərilən bağ sahəsini adına sənədləşdirə bilməmişdir. Bağ sahəsinin adına hüquqi qeydiyyata alınması üçün cavabdehə müraciət etsə də, müraciəti təmin edilməmişdir.

3. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli iddiaya etirazında iddia tələbinin mümkün sayılmamasını xahiş etmiş və göstərmişdir ki, araşdırma nəticəsində məlum olmuşdur ki, müvafiq iddia tələbinə dair iddiaçının 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi müraciəti daxil olmamışdır. Belə ki, iddiaçının İdarəyə müraciətləri bağ sahəsinin qeydiyyata alınması ilə bağlı deyil, “ünvan 1 ünvanda yerləşən torpaq sahəsinə bölgü sxeminin verilməsi” və “Bakı şəhəri Sabunçu rayonu Vişnyovka 2 bağ sahəsində 1116 A saylı bağ sahəsinə dair müqavilənin surətinin verilməsi” ilə əlaqədar olmuşdur.

4. İş üzrə məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.

5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış etdi və iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi.

6. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır.

7. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

8. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi Bakı şəhəri, Sabunçu rayonu, Alballıq-2 bağ massivində yerləşən 1116a nömrəli bağ sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması və dövlət reyestrindən çıxarışın verilməsindən ibarətdir.

9. Bu iddia öhdəliyin icrası haqqında iddiadır (çünki daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz) ki, yuxarıda qeyd olunduğu kimi bu iddalar üzrə digər mümkünlük şərtləri ilə yanaşı tələb olunan şərtlərdən biri də ərizə ilə əvvəlcə müvafiq inzibati orqana müraciət edilməsidir.

10. Belə ki, öhdəliyin icrası haqqında iddiaların qaldırılması zamanı məhkəməyə müraciət edilməmişdən öncə cavabdeh inzibati orqana eyni tələblə müraciət edilməsinə dair şərtin qoyulmasında məqsəd inzibati icraatın məhkəməyədək inzibati orqanın özü tərəfindən həyata keçirilməsi zərurəti ilə əlaqədardır. Belə ki, məhkəmə inzibati orqanı əvəz edən, onun əvəzinə inzibati icraat aparan orqan deyildir. Məhkəmənin vəzifəsi inzibati orqan tərəfindən aparılmış inzibati icraatın, onun nəticəsində qəbul edilmiş inzibati aktın qanuniliyinə qiymət vermək və ya inzibati orqanın hərəkətsizliyi halında aparılmamış inzibati icraat nəticəsində şəxslərin pozulmuş hüquqlarının təmin edilməsindən ibarətdir. Buna görə də öhdəliyin icrasına dair iddialarda ilkin müraciətlə əlaqədar mümkünlük şərtlərinin yoxlanılması zamanı qiymətləndirilməli olan məsələ iddiaçının məhkəməyə müraciət edənədək pozulduğunu hesab etdiyi hüququnun bərpası ilə bağlı hər hansı bir hərəkət edib-etməməsi, başqa sözlə, inzibati orqanı pozulmuş hüququ ilə bağlı məlumatlandırıb-məlumatlandırmaması, eləcə də pozuntunun aradan qaldırmasını tələb edib-etməməsidir.

11. Lakin iş materiallarından İddiaçının hazırkı tələblə bağlı məhkəməyə müraciət etməzdən öncə inzibati orqana müraciət etməsi müəyyən olunmur. Belə ki, işdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2010-cu il tarixli 04/3094 nömrəli məktubdan görünür ki, iddiaçı Sabunçu rayonu, Vişnyovka İİ qəsəbəsində istifadəsinə ayrılmış 1116a saylı torpaq sahəsinə dair müvafiq cizginin alınması ilə əlaqədar İdarəyə müraciət etmiş, cavabdeh müraciətə cavab olaraq bildirmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 176-cı maddəsinə əsasən iddiaçı tərəfindən bağ sahəsində hasarlanma və mərzçəkmə işləri aparılmamışdır. Ərizəyə əlavə olunan 32516 saylı xx.xx.2004-cü il tarixli müqavilədə bağın sahəsi göstərilməmişdir və sözügedən bağ sahəsinin nömrəsində düzəliş edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır.

12. Həmçinin cavabdeh tərəfindən məhkəməyə təqdim edilən iddiaçının müraciətləri ilə bağlı inzibati icraat materiallarından görünür ki, iddiaçı xx.xx.2016-cı il tarixdə cavabdehə müraciət edərək 1116a saylı bağ sahəsinə dair bölgü sxemin tərtib edilməsini xahiş etmiş, cavabdeh xx.xx.2017-ci il tarixli **********61 nömrəli məktubla iddiaçının müraciətini təmin edərək torpaq sahəsinin bölünməsinə dair tərtib olunmuş bölgü sxemi iddiaçıya təqdim etmişdir.

13. İddiaçı daha sonra xx.xx.2017-ci il tarixdə cavabdehə müraciət edərək 1116a saylı bağ sahəsinə dair müqavilənin təsdiq edilmiş surətinin təqdim edilməsini xahiş etmiş, cavabdeh xx.xx.2017-ci il tarixli **********58 nömrəli məktubunda göstərilmişdir ki, Sabunçu rayonu, Albalılıq-2 (Vişnyovka-2) bağ massivində yerləşən 1116a nömrəli bağ sahəsinin icarəyə verilməsinə dair X3 ilə bağlanılmış xx.xx.2004-cü il tarixli 32516 nömrəli müqavilə Bakı Şəhər Ərazi İdarəsinin arxivində mövcuddur. Lakin həmin müqavilədə bağ sahəsinin ölçüsü qeyd edilməmişdir. Həmçinin bağ sahəsinin nömrəsində düzəliş edilmiş, lakin düzəliş səlahiyyətli qurum tərəfindən təsdiq edilməmişdir. Bu səbəbdən müqavilənin surətinin verilməsi mümkün olmamışdır.

14. Göründüyü kimi, işdə olan sənədlərdən müəyyən olunur ki, iddiaçı müxtəlif əsaslarla cavabdehə müraciət etsə də, məhkəməyə müraciət etdiyi məzmunda tələblə müraciət etməmiş, inzibati orqan bu tələbə münasibətdə hər hansı bir inzibati icraat aparmamışdır.

15. Məhkəmə iclasında məsələ ilə bağlı iddiaçının nümayəndəsinə hüquqi yardım göstərilərək hazırkı iddianın mümkün hesab olunması üçün müvafiq məzmunda ərizə ilə cavabdehə müraciəti təsdiq edən sənədin məhkəməyə tədim olunması təklif edilmiş, lakin iddiaçının nümayəndəsi tələb olunan sənədlərdən hər hansı birini məhkəməyə təqdim edə bilməmişdir.

16. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə, yəni iddianın mümkünlüyü üçün zəruri olan tələblərə cavab vermir, buna görə də iddia mümkün sayılmamalıdır.

17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

18. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 5alahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar