Məhkəmə qərarları › İş №2-1(112)-7576/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7576/2021

26.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7576/2021 26.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Atakişi Abbas Musa oğlunun (Bakı şəhərində qeydiyyatdadır, vəkil),cavabdehin nümayəndəsi Əsgərova Təhminə Allahverdi qızının (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, hüquqşünas vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı Birgə Azərbaycan-İngiltərə Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi, onların nəticələrinin aradan qaldırılması tələbinə dair işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Birgə Azərbaycan-İngiltərə Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq cavabdehin 05 mart 2021-ci il tarixli, **********456400 nömrəli, 12 mart 2021-ci il tarixli, **********561700 nömrəli, 24 may 2021-ci il tarixli, **********296200 nömrəli qərarların qanunsuz hesab edilərək ləğv edilməsi, onların nəticələrinin aradan qaldırılaraq müvafiq olaraq 193120,66 manatın, 78516,14 manatın, 179062,45 manatın üzərinə penya hesablamaqla cəmi 450699,25 manatın və penya məbləğinin iddiaçının bank hesabına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı Birgə Azərbaycan-İngiltərə Məhdud Məsuliyyətli Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 2020-ci ilin ikinci rübünə, 2020-ci ilin dördüncü rübünə, 2021-ci ilin birinci rübünə müvafiq olaraq 25 yanvar 2021-ci il, 08 fevral 2021-ci il, 20 aprel 2021-ci ildə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi” üzrə cavabdeh vergi orqanı tərəfindən kameral yoxlamalar nəticəsində qəbul edilmiş 05 mart 2021-ci il tarixli, **********456400 nömrəli qərarla 193120,66 manat, 12 mart 2021-ci il tarixli, **********561700 nömrəli qərarla 78516,14 manat, 24 may 2021-ci il tarixli, **********296200 nömrəli qərarla 179062,45 manat əlavə vergi hesablanmışdır. Göstərilən qərarlarda əlavə verginin hesablanmasının əsası kimi müvafiq olaraq 2020-ci ilin 2–ci rübü üzrə təqdim edilmiş ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin 2 nömrəli əlavəsinə əsasən Alia İnternational Limited Şirkətinə (rezident olduğu ölkənin adı Britaniya Virgin adaları) 1553428,84 manat, Alaris Corporation Şirkətinə (rezident olduğu ölkənin adı Dominikan Respublikası) 377777,78 manat, 2020-ci ilin 4 rübü üzrə təqdim edilmiş ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin 2 nömrəli əlavəsinə əsasən Alia İnternational Limited Şirkətinə (rezident olduğu ölkənin adı Britaniya Virgin adaları) 596272,55 manat, Alaris Corporation Şirkətinə (rezident olduğu ölkənin adı Dominikan Respublikası) 188888,89 manat, 2021-ci ilin 1-cü rübü üzrə təqdim edilmiş ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin 2 nömrəli əlavəsinə əsasən Alia İnternational Limited Şirkətinə (rezident olduğu ölkənin adı Britaniya Virgin adaları) 1581683,65 manat, Alaris Corporation Şirkətinə (rezident olduğu ölkənin adı Dominikan Respublikası) 208940,88 manat ödəniş edildiyi, 1603-cü Təsisçiyə ödənişlər üzrə gəlirin məbləği sətirdə göstərildiyi, lakin həmin ödənişlərin 1608.5-ci sətir üzrə vergiyə cəlb edilmədiyi müəyyən edilmişdir. Əlavə hesablamanın hüquqi əsası göstərilməmişdir. Hesablanmış əlavə vergi məbləğləri qərarların çıxarıldığı gün iddiaçının hesabından silinmişdir.İddiaçı cavabdehə 11 mart 2021-ci il, 21 may 2021-ci il tarixli yazılı etirazlarını təqdim etsə də cavabdeh tərəfindən etirazlara heç bir münasibət bildirilməmişdir. İddiaçı cavabdehin qeyd edilən qərarları ilə əlaqədar və əlavə vergi hesablamalarından 25 may 2021-ci ildə cavabdehin yuxarı orqanı Dövlət Vergi Xidmətinə şikayət versə də həmin şikayətə baxılması barədə bu günə qədər məlumat yoxdur. İddiaçı Azərbaycan Respublikasının xarici investisiyalı hüquqi şəxsi və vergiqoyma baxımından rezident müəssisədir. Təsisçiləri 81% payla X5 qeydiyyatda olan Alia İnternational Limited Şirkəti, 19% payla Dominikan Respublikasında qeydiyyatda olan "xxxx" Şirkətidir. Təsisçilərin heç birinin Azərbaycan Respublikasında nümayəndəliyi və filialı olmamışdır.Təsisçilərin ümumi yığlncağının 12 mart 2020-ci il tarixli, 12 fevral 2021-ci il tarixli qərarlarına əsasən müvafiq olaraq 2019-cu ilin yekunlarına görə bölüşdürülən xalis mənfəət 4015817,97 manat, dividenddən 10% vergi 401581,80 manat, "xxxx" Şirkətinə çatacaq məbləğ 1722077,23 ABŞ dolları, "xxxx" Şirkətinə çatacaq məbləğ 403944,04 ABŞ dolları, 2020-ci ilin yekunlarına görə bölüşdürülən xalis mənfəət 3585068,68 manat, dividenddən 110% vergi 358506,90 manat, "xxxx" Şirkətinə çatacaq məbləğ 1537361,93 ABŞ dolları, "xxxx" Şirkətinə çatacaq məbləğ 360615,76 ABŞ dolları müəyyən olunmuşdur, 2019-cu ilin dividendləri tam ödənilmiş və hər bir ödəniş məbləğinə uyğun olaraq mənbədən vergi hesablanmış və ödənilməsi təmin edilmişdir.2020-ci ilin dividendləri qismən, yəni 1790624,53 manat, dividenddən 10% vergi 179062,46 manat, "xxxx" Şirkətinə çatacaq məbləğ – 837361,93 ABŞ dolları, "xxxx" Şirkətinə çatacaq məbləğ 110615,87 ABŞ dolları ödənilmişdir. Təsisçilərə çatacaq dividend məbləğləri onların hesabına tam ödənilmişdir.Ödəniş günü ödənilən məbəğə uyğun olaraq Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 122-ci maddəsinə əsasən 10% dividend məbləğinin, cəmi 2020-ci ilin 2-ci və 4-cü rüb mənbədən vergi bəyannamələri üzrə 347192,36 manat, 2021-ci ilin İ rübü üzrə mənbədən vergi bəyannaməsi üzrə 179062,46 manatın mənbədən vergi kimi tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinin hesabına ödənilməsi təmin olunmuşdur. Cavabdeh öz tələblərini hüquqi cəhətdən əsaslandırmamış, hər hansı hüquq normasına istinad etməmiş, aydın olmayan bir tərzdə bəyannamənin sətir nömrələrini göstərmişdir.Təsisçi şirkətlər Azərbaycan Respublikası ilə bağlı yalnız dividend kimi və yalnız iddiaçı mənbə olmaqla gəlir əldə edirlər və Vergi Məcəlləsinin 13.2,16.6 və 122-ci maddələrinə əsasən hər bir dividend məbləğin ödənişindən iddiaçı tərəfindən 10% məbləğ tutularaq büdcəyə ödənilmişdir.Həmin ödənişlər Vergi Məcəlləsinin 122,125.1.1 və 150.1-ci maddələrinin tələblərinə riayət etməklə ödəmə mənbəyi vergi bəyannaməsinin 1603-cü - Təsisçiyə ödənişlər üzrə gəlirin məbləği sətirində öz əksini tapır. Bununla da iddiaçı vergi ödəyəcisi kimi tam qanunauyğun hərəkət etmiş olur.Bundan başqa cavabdeh kameral vergi yoxlamasının aparılması müddətlərinə də riayət etməmişdir.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, aparılmış araşdırma zamanı 2020-ci ilin 2-ci rübü, 4-cü rübü, 2021-ci ilin 1-ci rübləri üzrə təqdim edilmiş ödəmə mənbəyində tutulan vergi bəyannamələrinin 2 nömrəli əlavəsinə əsasən "xxxx" Şirkətinə 3731385,04 manat, "xxxx" Şirkətinə 775607,55 manat məbləğində ödənişlərin aparıldığı, 1603-cü “Təsisçiyə ödənişlər üzrə gəlirin məbləği” sətirində göstərildiyi, lakin həmin ödənişlərin 1608.5-ci sətir üzrə vergiyə cəlb edilmədiyi müəyyən edilmişdir.Qeyd edilən kənarlaşmalar üzrə iddiaçıya 08.02.2021-ci il, 01.03.2021ci il, 03.05.2021-ci il tarixli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktublar göndərilərək araşdırma üçün zəruri olan sənədlərin, dəqiqləşdirilmiş vergi bəyannamələrinin vergi orqanına təqdim edilməsi bildirilmişdir. Lakin məktublarda qeyd edilən müddət ərzində əsaslandırılmış izahat, zəruri sənədlər və mövcud uyğunsuzluqların aradan qaldırılmaqla bəyannamələr təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37,67,83-cü maddələrinə əsasən ödəmə mənbəyində tutulan vergi üzrə 2020-ci ilin 2-cü rübü üçün 193120,66 manat, 2020-ci ilin 4-cü rübü üçün 78516,14 manat və 2021-ci ilin 1-cü rübü üçün 179062,45 manat, ümumilikdə 450699,25 manat əlavə vergi məbləği hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 05.03.2021-ci il tarixli, **********456400 nömrəli, 12.03.2021-ci il tarixli, **********561700 nömrəli, 24.05.2021-ci il tarixli **********296200 nömrəli qərarlar göndərilmişdir.İlk növbədə o qeyd olunur ki, vergi orqanı tərəfindən eyni növ vergi iddiaçıya tətbiq edilməmişdir.Təqdim edilən bəyannamə məlumatlarına əsasən ödənişlərin aparıldığı qeyri-rezidentlər "xxxx" Şirkətinin rezident olduğu ölkə Britaniya Virgin Adaları, "xxxx" Şirkətinin rezident olduğu ölkə Dominikan Respublikası “Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 11.07.2017-ci il tarixli, 1505 nömrəli Fərmanına əsasən güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısına daxil edilmiş ölkələrdir.Göründüyü kimi güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş qeyri-rezident şəxslərə ödəniş aparan zaman vergitutma öhdəliyi müəyyən edilmişdir.İddiaçı isə bu tələbi yerinə yetirməyərək dividenddən vergitutma öhdəliyini yerinə yetirdiyindən digər müddəa üzrə verginin tutulmalı olmaması qərarına gəlmişdir.İddiaçının iddiasında adı çəkilən ölkələrlə Azərbaycan Respublikası arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair sazişlər mövcud deyildir. Dövlət Vergi Xidmətinə edilmiş inzibati şikayət üzrə isə iddiaçıya 06.07.2021-ci ildə cavab verilmiş, şikayətə məhkəmə qaydasında baxıldığından həmin şikayət üzrə başlanılmış icraata xitam verilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:.. 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt);32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmişdir, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmişdir. İddiaçının nümayəndəsi, vəkili Atakişi Abbas Musa oğlu iddia tələbində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi Əsgərova Təhminə Allahverdi qızı iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini, vəkilini, cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən iddia tələbini təsdiq edən sübut qismində iddia ərizəsinə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə“ cavabdehin **********296200 nömrəli, 24.05.2021-ci il tarixli, **********561700 nömrəli, 12.03.2021-ci il tarixli, **********456400 nömrəli, 05.03.2021-ci il tarixli qərarları, iddiaçının cavabdehə ünvanlanmış müraciətinin qeydə alınması barədə 11.03.2021-ci il tarixli, 24.05.2021-ci il tarixli bildirişlər, iddiaçının cavabdehə ünvanlanmış 11.03.2021-ci il tarixli, 07 nömrəli, 21.05.2021-ci il tarixli, 10 nömrəli, 24.05.2021-ci il tarixli, 11 nömrəli müraciətləri, cavabdehin iddiaçıya ünvanlanmış 25.05.2021-ci il tarixli cavabı, iddiaçının təsisçilərinin növbəti ümumi yığıncağının 01-20 nömrəli, 12.03.2020-ci il tarixli, 01-21 nömrəli, 12.02.2021-ci il tarixli protokolları, ödəniş tapşırıqları təqdim edilmişdir. Cavabdeh isə iddia tələbinə etirazına iddiaçının şəxsi hesab vərəqini, iddiaçıya ünvanlanmış “Məlumatların tələb edilməsi barədə” **********221300, **********916000, **********920800 nömrəli məktubarı, vergi bəyannamələrini və iddiaçının mübahisələndirdiyi qərarları əlavə etmişdir. Məhkəmə təqdim edilmiş iş materiallarından müəyyən etmişdir ki, iddiaçının 2020ci ilin ikinci rübü, 2020-ci ilin dördüncü rübü, 2021-ci ilin birinci rübü üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi” üzrə cavabdeh vergi orqanı tərəfindən kameral yoxlamalar aparılmış, həmin kameral vergi yoxlamalarının nəticələrinə əsasən iddiaçı tərəfindən mübahisələndirilən qərarlar qəbul edilmişdir.Qeyd edilən qərarlardan 05 mart 2021-ci il tarixli, **********456400 nömrəli qərarla 193120,66 manat, 12 mart 2021-ci il tarixli, **********561700 saylı qərarla 78516,14 manat, 24 may 2021-ci il tarixli, **********296200 saylı qərarla 179062,45 manat əlavə vergi iddiaçıya hesablanmış, həmin vergi məbləğləri iddiaçının bank hesabından silinmişdir.İddiaçı qeyd edilən əlavə vergi hesablamalarını əsassız, qəbul edilmiş qərarları qanunsuz hesab etdiyindən bu barədə vergi orqanına müraciət etsə də müraciəti təmin edilməmişdir.Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət elmək hüququ vardır. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Həmin Məcəllənin 64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. Həmin Məcəllənin 15.1.8-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək hüququ var. Həmin Məcəllənin 15.1.9-cu maddəsinə əsasən müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət elmək vergi ödəyicisinin hüququdur. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 64.2-cü maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İşin faktiki hallarına əsasən hazırda iddiaçının mübahisələndirdiyi inzibati aktlar olan cavabdehin 05 mart 2021-ci il tarixli, **********456400 nömrəli, 12 mart 2021-ci il tarixli, **********561700 nömrəli, 24 may 2021-ci il tarixli, **********296200 nömrəli qərarları ilə iddiaçıya müvafiq olaraq 193129,66 manat, 78516,14 manat və 179062,45 manat əlavə vergi hesablanmışdır və iddiaçının bildirdiyinə görə hesablanmış əlavə vergi məbləğləri iddiaçının hesabından silinmişdir, cavabdeh də işin bu halını təkzib etməmişdir.İddiaçının mübahisələndirdiyi cavabdeh tərəfindən əlavə verginin hesablanmasının əsası kimi qərarlarda iddiaçının təsisçilərinə ödənişlərin aparılması, 1603-cü sətirdə Təsisçiyə ödənişlər üzrə gəlirin məbləğinin sətirdə göstərilməsi, lakin həmin ödənişlərin 1608.5-ci sətir üzrə vergiyə cəlb edilmədiyi göstərilmişdir. İş materallarında olan ödəmə mənbəyində tutulan vergi bəyannaməsin 1608.5-ci sətirində “Vergi Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən digər ölkələrdə olan filial və nümayəndəliklərinə, güzəştli vergi tutulan ölkələrdə olan bank hesablarına rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər” (1608.5.1 - alınmış mallara görə ödənişlər, 1608.5.2 – göstərilmiş iş və xidmətlərə görə ödənişlər) göstərilməlidir.Həmin bəyannamənin 1603-cü sətirində isə təsisçiyə ödənişlər üzrə məlumat (dividend gəlirləri və s.) göstərilir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.16.6.6-cı maddəsinə əsasən Azərbaycan mənbəyindən gəlir rezident hüquqi şəxsdən dividend şəklində əldə edilən gəlir, həmçinin bu hüquqi şəxsdə iştirak payının satılmasından və ya başqasına verilməsindən əldə edilən gəlirdir. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən dividendin faktiki sahibi olan fiziki və hüquqi şəxslərdən bu Məcəllənin 122.1-ci maddəsinə uyğun olaraq vergi tutulmuşdursa, dividendi alan fiziki və hüquqi şəxslərin həmin gəlirindən bir daha vergi tutulmur.Həmin gəlir yenidən dividend şəklində verilən zaman vergiyə cəlb olunmur. İşin faktiki hallarına əsasən iddiaçı tərəfindən hər bir dividend məbləği ödənişindən 10% məbləğ vergi tutularaq büdcəyə ödənildiyi halda cavabdeh tərəfindən ona əlavə vergi hesablanması əsassız və Azərbaycan Respublikasının Vergi Məcəlləsiin 122-ci maddəsinin tələblərinə zidd olmuşdur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 3.1-ci maddəsinə əsasən vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. Həmin Məcəllənin 3.5-ci maddəsinə əsasən heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Göründüyü kimi konseptual, qanunvericiliklə təsbit olunmuş yanaşmaya görə heç kəs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz, halbuki cavabdeh vergi orqanı artıq vergisi bir dəfə ödənilmiş dividend məbləğinə görə iddiaçıya iknci dəfə də vergi hesablamışdır. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 6-cı maddəsində dövlət vergilərinin siyahısı tam sadalanmışdır və burada hüquqi şəxslərin mənfəət vergisi nəzərdə tutulmuşdur, həmin siyahıda rezidentin qeyri-rezidentə ödənişlərindən mənbədən vergi tutulması nəzərdə tutulmamışdır. Bundan başqa Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Cavabdeh qeyd edilən müddətlər keçdikdən sonra kameral qaydada yoxlama apararaq əlavə vergi hesablamışdır ki, bununla da yenə də qanunvericilik normalarını pozmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin iddiaçı “Ekizlər Group” MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı işi üzrə 2-1(102)-3009/2019 nömrəli, 11.12.2019-cu il tarixli qərarında əks olunduğu mövqeyində göstərilmişdir ki, “Azərbaycan Respublikası Prezidentinin 04 avqust 2016-cı il tarixli sərəncamı ilə “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri” təsdiq edilmişdir. Həmin sənədin 7-ci bəndində göstərilmişdir ki, kameral vergi yoxlamaları zamanı aydın, şəffaf və ədalətli hesablama metodologiyasının tətbiqi və kameral vergi yoxlamalarının həyata keçirilməsinin vergi bəyannamələrinin təqdim edildiyi gündən sonrakı 30 gün müddəti ilə məhdudlaşdırılmışdır (müəyyən edilmişdir ki, kameral vergi yoxlamaları vergi bəyannamələri təqdim edildikdən sonra növbəti 30 gün müddətində həyata keçirilməlidir və bu müddət başa çatdıqda həmin bəyannamələr üzrə kameral vergi yoxlamaları həyata keçirilə bilməz). Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən maddələrin mənasına görə, kameral vergi yoxlaması, verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin, yəni bəyannamənin təqdim edildiyi gündən 30 gün müddətində həyata keçirilməlidir. Bu məntiqi nəticə müddəaların ardıcıllığından irəli gəlmişdir. Çünki ilk olaraq vergi ödəyicisi bəyannaməsini və orada əks edilmiş göstəricilərlə bağlı digər sənədlərini təqdim etməlidir ki, məhz bu sənədlərdə vergi orqanı ziddiyyət və ya səhv aşkar etdikdə əlavə sənədləri tələb edə bilsin. Müddəaların tələblərinin işin hallarına münasibətdə tətbiqi isə onunla bağlıdır ki, vergi orqanı ilk olaraq hansı əsasdan çıxış etməklə iddiaçı tərəfindən vergilərin az göstərildiyini mənbəyi məlum olan məlumatlara istinadən, yerlərə getmədən aşkar etdiyini bildirməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın qərarları da, 30 günlük müddət başa çatdıqdan sonra qəbul edildiyindən qanuni hesab edilə bilməz. Belə ki, kameral vergi yoxlamasının nəticələrinə dair qərarın qəbul edilməsi üçün Vergi Məcəlləsində ayrıca müddət müəyyən edilmədiyindən (qərarın vergi ödəyicisinə göndərilməsi üçün Vergi Məcəlləsinin 37.4-cü maddəsində müəyyən edilmiş 5 günlük müddət istisna edilməklə) həmin qərar da kameral vergi yoxlaması üçün müəyyən edilmiş 30 günlük müddət daxilində qəbul edilməli idi.” “İnzibati icraat haqqında” Azərbaycan Respublikası qanununun 67.1.-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2.-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 71.1-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Həmin Qanunun 72.1-ci maddəsinə əsasən inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı və qanunauyğun olduğu üçün təmin edilməli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin 05 mart 2021-ci il tarixli, **********456400 nömrəli, 12 mart 2021-ci il tarixli, **********561700 nömrəli, 24 may 2021-ci il tarixli, **********296200 nömrəli qərarları qanunsuz hesab edilərək ləğv edilməli, onların nəticələrinin aradan qaldırılaraq müvafiq olaraq 193120,66 manatın, 78516,14 manatın, 179062,45 manatın üzərinə penya hesablamaqla cəmi 450699,25 manatın və penya məbləğinin iddiaçının bank hesabına qaytarılması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə-vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2-ci, 32-ci, 35-ci, 68-ci, 69-cü, 85-ci, 110-cu mаddələrini rəhbər tutаrаq QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin 05 mart 2021-ci il tarixli, **********456400 nömrəli, 12 mart 2021-ci il tarixli, **********561700 nömrəli, 24 may 2021-ci il tarixli, **********296200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə“ qərarları qanunsuz hesab edilərək ləğv edilsin, onların nəticələrinin aradan qaldırılaraq müvafiq olaraq 193120,66 manatın, 78516,14 manatın, 179062,45 manatın üzərinə penya hesablamaqla cəmi 450699,25 manatın və penya məbləğinin İddiaçı Birgə Azərbaycan-İngiltərə Məhdud Məsuliyyətli Cəmiyyətinin ank hesabına qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar