Məhkəmə qərarları › İş №2-1(112)-7576/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7576/2022

03.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7576/2022 03.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “ehtiyatda olan hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınma və mənzillə təmin olunana qədər kirayə haqqının ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək “Hərbi Qulluqçuların Statusu Haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin tələblərinə uyğun olaraq 15 il və daha çox təqvim hesabı ilə xidmət etmiş və ehtiyata (istefaya) buraxı’mış hərbi qulluqçu kimi mənzil növbəsinə qəbul edilməyim və mənzillə (yaşayış sahəsilə) təmin olunanadək müvəqqəti mənzilin kirayəsi üçün kirayə haqqı ilə təmin edilməyim barədə sərəncam verilməsi vəzifəsinin cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə həvalə olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.1989-cu il tarixdən xx.xx.1999- cu il tarixədək keçmiş Sovet Ordusunda və Rusiya Federasiyası Silahlı Qüvvələrində, xx.xx.2000-ci il tarixdən xx.xx.2021-ci il tarixədək AR Silahlı Qüvvələrində zabit kimi həqiqi hərbi xidmət keçmiş, AR Müdafiə Nazirinin xx.xx.2021-ci il tarixli müvafiq əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə əsasən (yaşa görə) polkovnikleytenant hərbi rütbəsində ehtiyata buraxılıb. O, hərbi xidmət dövrü yaşayış sahəsi ilə təmin olunmayıb. Hazırda ailəsi ilə birlikdə kirayədə yaşayır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin tələblərinə uyğun olaraq 15 il və daha çox təqvim hesabı ilə xidmət etmiş və ehtiyata (istefaya) buraxılmış hərbi qulluqçu kimi 3 nəfər ailə tərkibi ilə (özüm, həyat yoldaşım və 1 uşağım) mənzil növbəsinə qəbul edilməyi və mənzillə (yaşayış sahəsilə) təmin olunanadək müvəqqəti mənzilin kirayəsi üçün kirayə haqqı ilə təmin edilməyimə dair sərəncam verilməsi xahişi ilə cavabdehə ərizə ilə müraciət edib. Ərizəsinə cavabdeh tərəfindən mənzil növbəsinə dayanmaq üçün tələb olunan bütün sənədləri (cavabdeh tərəfindən mənə verilmiş sənədlərin siyahısına uyğun olaraq) əlavə edib. Lakin cavabdeh tərəfindən ona xx.xx.2022-ci il tarixli məktubla imtina cavabı verilmişdir. İmtinanı əsassız və qanunsuz hesab edir.

3. İddiaçının müraciətinə cavab olaraq cavabdeh qurumun xx.xx.2022-ci il tarixli məktubuna əsasən bildirilmişdir ki, ehtiyata buraxılmış hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınmağınıza və mənzillə təmin olunana qədər kirayə haqqının ödənilməsinə köməklik göstərilməsi haqqında ərizənizə Suraxanı Rayon İcra Hakimiyyətində baxılmışdır. Həmçinin, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin 2-ci bəndinin 3-cü abzasına və həmin maddənin 7-ci bəndinə əsasən yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular yaşayış sahəsi və ya kirayə haqqı ilə seçilmiş yaşayış yerinə gəldikləri gündən sonra müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada təmin edilirlər. O isə yaşayış yeri seçmədiyin hazırda müraciətinin təmin edilməsi səlahiyyətləri xaricindədir.

4. Cavabdeh tərəfindən məhkəməyə imtinanın məzmununa uyğun olaraq iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin 2-ci bəndinin 3-cü abzasına və həmin maddənin 7-ci bəndinə əsasən yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular yaşayış sahəsi və ya kirayə haqqı ilə seçilmiş yaşayış yerinə gəldikləri gündən sonra müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada təmin edilirlər. İddiaçı isə yuxarıda qeyd olunan qanuna əsasən yaşayış sahəsi seçmədiyindən iddia tələbi əsassız hesab edilir.

5. İddiaçının ərizəsi əsasında iddia tələbi məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının xx.xx.2022-ci il tarixdən ailə üzvləri ilə birlikdə ehtiyyata buraxılmış hərbi qulluqçu kimi mənzil növbəsinə götürülməsi və mənzillə təmin olunanadək həmin tarixdən müvəqqəti mənzilin kirayəsi üçün kirayə haqqının ödənilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması kimi dəyişdirilmişdir.

6. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat vermişdir.

7. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək imtinanın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

8. İddianın növü “uçota alınma” hissəsində öhdəliyin icrasına dair, “kirayə haqqının ödənilməsi” hissəsində kompensasiyanın ödənilməsi tələbinə dair iddiadır.

9. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

10. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.

11. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

12. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

13. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.

14. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

15. Vətəndaşın həqiqi hərbi xidmət keçməsinə dair elektron arayışa əsasən İddiaçı (rütbəsi polkovnik-leytenant) həqiqətən xx.xx.1988-xx.xx.1989, xx.xx.1989-xx.xx.1994, xx.xx.1994xx.xx.2021-ci il tarixlərində həqiqi hərbi xidmət keçmişdir. Yaşa görə (həqiqi hərbi xidmətdə olmanın son yaş həddinə çatdıqda) ehtiyata buraxılmışdır. İddiaçı 33 il həqiqi hərbi xidmətdə olmuşdur.

16. 25.05.2019-cu il tarixli notariat qaydasında təsdiq olunmuş mənzil kirayə müqaviləsinə əsasən iddiaçı ünvan 1 ünvanında yerləşən sahəsu 53,18 kv.m. olan mənzili kirayəyə götürmüşdür.

17. N nömtəli hərbi hissə tərəfindən verilmiş arayışa əsasən İddiaçı həqiqətən həmin hərbi hissənin Suraxanı rayonu, Hövsan-1 hərbi şəhərciyində qeydiyyatdadır (ailə tərkibi həyat yoldaşı X3 və qızı X1).

18. Suraxanı bələdiyyəsi tərəfindən verilmiş arayışa əsasən, İddiaçı və ailə üzvlərinə (həyat yoldaşı X3 və qızı X1) Hövsan Bələdiyyəsi tərəfindən torpaq sahəsi ayrılmamışdır.

19. Daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən verilmiş arayışlara əsasən, İddiaçı və ailə üzvlərinin (həyat yoldaşı X3 və qızı X1) adına daşınmaz əmlak aşkar edilməmişdir.

20. İddiaçı və X2 arasında nikah qeydiyyata alınmış, nikahdan sonra arvada “Abdullayeva” soyadı verilmişdir.

21. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş arayışa əsasən, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi publik hüquqi şəxslərinin ərazi idarələrində mövcud arxiv məlumatlarına əsasən İddiaçı və Abdullayeva (Tsiryulnikova) Natalya Nikolayevnanın son 5 ildə adlarına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir.

22. Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi tərəfindən Suraxanı Rayon İcra Hakimiyyətinə təqdim edilməsi üçün verilən arayışa əsasən, ehtiyatda olan polkovnik-leytenant İddiaçı ondan ötrü ki, o, Azərbaycan Ordusunda qulluq etdiyi müddət ərzində Müdafiə Nazirliyi tərəfindən yaşayış sahəsi ilə təmin olunmamışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 569 nömrəli Fərmanına əsasən ehtiyatda olan polkovnik-leytenant İddiaçı adı dövlət vəsaiti hesabına mənzillə təmin olunacaq hərbi qulluqçuların siyahısında qeydiyyatdan keçmir.

23. İddiaçı ailəlidir, ailə tərkibi həyat yoldaşından və qızından ibarətdir.

24. Mənzil Məcəlləsindən: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. 51.5. Uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 51.6. Uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

25. İddiaçı ehtiyatda olan hərbi qulluqçudur, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə əsasən (yaşa görə) polkovnik-leytenant hərbi rütbəsində ehtiyata buraxılıb və mənzil hüququ xüsusi qanunla tənzimlənir.

26. “Hərbi qulluqçuların statusu haqıqnda” Azərbaycan Respublikası qanununun 12-ci maddəsindən: -Hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə gəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir.... - Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər...

27. Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli Qərarından:

1. Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat.

2. Müəyyən edilsin ki, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir.

3. Azərbaycan Respublikasının şəhər və rayon icra hakimiyyəti başçıları: 3.1. bir ay müddətində bu qərarın 1-ci hissəsində göstərilən şəxslər sırasından bilavasitə mənzil uçotuna götürülənlərin sayı və onlarla birlikdə yaşayan ailə üzvlərinin sayı haqqında 2012-ci il avqustun 1-nə olan məlumatı bu qərarın əlavəsinə uyğun olaraq Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməsini təmin etsinlər; 3.2. növbəti il üçün dövlət büdcəsinin layihəsində müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi üzrə vəsaitə olan tələbatın hər il aprel ayının 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim olunmasını təmin etsinlər.

4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, 2012-ci ildən başlayaraq hər il dövlət büdcəsində yerli xərclər üzrə bu qərarda göstərilən şəxslərə mənzil alanadək müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi üçün vəsait nəzərdə tutsun.

28. Məhkəmə ilk olaraq müəyyən etməlidir ki, iddiaçının yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmasına “qanuni gözləntisi” varmı? Belə ki, X5 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

29. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic );

30. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05)

31. Məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozur. Belə ki, iddiaçı 33 il həqiqi hərbi xidmət keçmiş və yaşa görə ehtiyata buraxılmış zabitdir və Suraxanı rayonunun ərazisindəki hərbi şəhərcikdə qeydiyyatda olmaqla həmin rayonun ərazisində ailəsi ilə birlikdə 2019-cu ildən kirayədə yaşayır.

32. Azərbaycan Respublikasının şəhər və rayon icra hakimiyyəti başçıları tələbatı hər il aprel ayının 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim olunmasını təmin etməlidirlər.

33. 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından kompensasiyanın ödənilməsi təmin edilməlidir. İddiaçı xx.xx.2021-ci il tarixdən yaşa görə ehiyata buraxılmış və uzun illərdir ki, Suraxanı rayonunun ərazisində yaşayır. Odur ki, cavabdeh qurumun iddiaçının müraciətinin təmin edilməsindən imtina etdiyi xx.xx.2022-ci il tarixdən ona kompensasiyanın ödənilməsini tələbi tələbi təmin edilməlidir.

34. Odur ki, seçilmiş yaşayış yeri müəyyən olduğundan: -iddiaçının yaşa görə ehtiyata buraxılmış zabit kimi ailəsi ilə birldikdə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması; - 3 aylığından mənzillə təmin olunanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay kompensasiya ödənilməsi hüququ vardır. İddiaçı hüququ yarandıqdan sonra inzibati orqana müraciət etmiş, inzibati orqan isə xx.xx.2022-ci il tarixdə onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Qeyd edilən 3 aylıq müddət isə cavabdeh qurumun imtinası ilə eyni vaxta təsadüf edir.

35. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

36. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı ailə üzvləri ilə birlikdə yaşa görə ehtiyatda olan hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan qismində xx.xx.2022-ci il tarixdən uçota alınması və mənzil alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay kompensasiya ödənilməsi öhdəliyi cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Kompensasiyanın ödənilməsi xx.xx.2022-ci il tarixdən hesablansın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar