Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7576/2024 27.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin X4 Qeydiyyatı İdarəsinə qarşı “kommersiya qurumunun reyestrdə qeydə alınmış faktlarının sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin X4 Qeydiyyat İdarəsinə qarşı “kommersiya qurumunun reyestrdə qeydə alınmış faktlarının sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınması” tələbinə dair iddiası üzrə inzibati işə 27 avqust 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin X4 Qeydiyyat İdarəsinə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixli, **********038700№-li qərarının qismən ləğv edilməsi, İddiaçı saat 09:30 xx.xx.2023-cü il tarixdən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) qanuni təmsilçiliyindən azad olunmuş hesab edilməsi və bu barədə Kommersiya X4 reyestrində müvafiq dəyişikliyin edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanı olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) (Bakı şəhəri 6 saylı Cəzaçəkmə müəssisəsində cəza şəkən) təsisçisi X2 03 iyul 2023-cü il tarixli qərarına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru (qanuni təmsilçi) vəzifəsinə təyin olunmuşdur. 03 iyul 2023-cü il tarixli qərarın 3-cü bəndinə əsasən MMC-nin həmin tarixə kimi olan (bank, DSMF, Vergi Xidmətinə, digər hüquqi və fiziki şəxslər qarşısındakı) öhdəliklərini təsisçi öz üzərinə götürmək şərti ilə direktor təyin olunmağına razılığını vermişdir. Lakin 42 gün keçən kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər İdarəsi MMC-nin xx.xx.2022-ci tarixə kimi DSMF, İcbari Tibbi Sığorta Fonduna və İşsizlikdən sığorta fonduna ödənilməyən 18136,13 manat məbləğdə vəsaiti məndən tələb etməsinə dair qeydiyyatda olduğu ünvana poçt vasitəsi ilə xx.xx.2023-cü il tarixli **********7 nömrəli bildiriş göndərmişdir. 19 sentyabr 2023-cü il tarixində isə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər İdarəsi “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Bundan sonra "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi X6 ilə mübahisəsi yaranmışdır və onun MMC-nin direktoru vəzifəsindən çıxarılmağına dair qərar qəbul etməsini təkidlə tələb etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-4985/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən məhkəmə baxış iclası xx.xx.2023-cü il tarixinə saat 09:30-a təyin edilmişdir, baxış iclası səhər tezdən olduğuna görə direktor vəzifəsindən azad olunmağına dair xx.xx.2023-cü il tarixli qərarı təsisçi X3 Məmmədov xx.xx.2023-cü il tarixdə səhər saat 09:25-də Bakı Kommersiya Məhkəməsinin qarşısında ona təqdim etmişdir. Yəni xx.xx.2023-cü il tarixdə saat 09:30-da iddiaçı artıq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsindən azad olmuşdur. Bu qərara əsasən Bakı şəhəri Lokal Gəlirlər İdarəsinin ərizəsi məhkəmə tərəfindən təmin olunmamışdır. Qətnamədən narazı qalan ərizəçinin apellyasiya şikayəti də təmin olunmamışdır, çünki xx.xx.2023-cü il tarixində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin yeni qanuni təmsilçisi ilə bağlı reyestrdə müvafiq dəyişikliyin aparılması üçün cavabdehə məktubla (şəxsi ərizəsi, kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizə və təsisçinin xx.xx.2023-cü il tarixli qərarı ilə) müraciət olunmuşdur. Ərizədə faktiki yaşadığı ünvanı və mobil telefon nömrəni göstərməyinə baxmayaraq cavabdeh xx.xx.2024-cü il tarixli, **********038700№-li qərarını "xxxx" MMC-nin hüquqi ünvanına göndərmişdir. Ərizəsinə xeyli müddət cavab gəlmədiyinə görə cavabdehə müraciət etmişdir. MMC-nin hüquqi ünvanına göndərilmiş məktubun geri qaytarıldığı bəlli oldu, xx.xx.2024-cü il tarixli, **********038700№-li qərarı xx.xx.2024-cü il tarixdə reyestr kitabında imza etməklə əlbəəl almışdır. Qərardan bəlli oldu ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin reyestrdə qeydə alınmış faktlarının sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından imtina edilmişdir, bir neçə əsas göstərilsə də, başlıcası təsisçi X2 məhkum olduğuna görə direktor təyin edilməsinin mümkün olmaması qeyd olunmuşdur, bununla yanaşı onu da qanuni təmsilçilikdən çıxarmamışlar. O, buna yerində etirazını bildirmişdir, belə ki, MMC-nin direktoru vəzifəsinə formal olaraq təyin olunmuşdur, onunla əmək müqaviləsi bağlanmamış və əmək haqqı belə bəlli olmamış və ödənilməmişdir, direktor kimi imzası notariusda təsdiq edilməmiş və MMC-nin möhürü ona təhvil verilməmişdir. Sadaladıqlarına baxmayaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər İdarəsinin X4 Qeydiyyatı İdarəsi onu MMC-nin qanuni təmsilçiliyində saxlamaqla konstitusion hüquqlarını pozmaqdadır. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) Ümumi Yığıncağının təsisçisinin xx.xx.2023-cü il tarixli qərarı ilə Cəmiyyətin qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə təyin edilmiş və bu barədə fakt xx.xx.2023-cü il tarixdən dövlət reyestrinə daxil edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçi dəyişikliyi faktının dövlət qeydiyyatına alınması ilə əlaqədar xx.xx.2024-cü il tarixdə X4 qeydiyyatı idarəsinə ərizə ilə müraciət edilmişdir. Təqdim edilən sənədlərin araşdırılması zamanı Cəmiyyətin yeni direktoru təyin edilən təsisçisi X2 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(101)-150/2018 saylı hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyi aşkar edilmişdir. Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxsin direktor təyin edilməsi mümkün olmamaqla onunla əmək müqaviləsi bağlanması da əmək qanunvericiliyinin tələbinə əsasən etibarsızdır. Eyni zamanda, direktor dəyişikliyi faktının dövlət qeydiyyatına alınması məqsədi ilə təqdim edilən ərizəyə Cəmiyyətin yeni direktorunun şəxsiyyətini təsdiq edən sənədin surəti əlavə edilməmiş, ərizədə direktorun əlaqə məlumatları düzgün göstərilməmişdir. Keçirilmiş ümumi yığıncağın qərarına əsasən yeni təyin edilən icra orqanının rəhbərinin cəzaçəkmə müəssisəsində olması və belə olan halda onun tərəfindən xx.xx.2023-cü il tarixində ümumi yığıncağın qərarının qəbul edilməsi və özünü rəhbər olaraq cəmiyyətə təyin etməsi əmək qanunvericiliyin tələbləri baxımından etibarsız olduğundan, həmçinin sənədlərin tam və düzgün olmaması səbəbindən cavabdeh inzibati orqanın imtinası tam əsaslı olmuşdur. Həmçinin, direktor dəyişikliyi ilə bağlı təsisçi qərarının xx.xx.2023-cü il tarixində qəbul edildiyi halda, 40 iş günü müddətində qeydiyyat orqanına məlumat verilmədiyi aşkar edilmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İşin faktiki hallarından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ümumi yığıncağının xx.xx.2023-cü il il tarixli qərarı ilə İddiaçı Cəmiyyətin direktoru təyin edilmişdir. “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında” ərizə ilə X4 reyestrini aparan quruma müraciət olunmuş və həmin ərizə və qərar əsasında xx.xx.2023-cü il tarixdə dəyişiklik dövlət reyestrinə daxil edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisinin xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı MMC-nin direktoru vəzifəsindən azad olmuşdur. İddiaçı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçi dəyişikliyi faktının dövlət qeydiyyatına alınması ilə əlaqədar xx.xx.2024-cü il tarixdə X4 qeydiyyatı idarəsinə ərizə ilə müraciət edilmişdir. Lakin cavabdeh tərəfindən təsisçi X2 məhkum olduğuna görə direktor təyin edilməsinin mümkün olmaması əsası ilə iddiaçının ərizəsi təmin edilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 91.1. Məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri iştirakçı tərəfindən təkbaşına həyata keçirilir. Cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda, habelə ictimai əhəmiyyətli qurumlarda cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya) təftiş komissiyası (müfəttiş) yaradılır. Məhdud məsuliyyətli cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və iştirakçılarının ümumi yığıncağına hesabat verən icra orqanı (kollegial və ya təkbaşçı) yaradılır. Cəmiyyətin kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri onun iştirakçıları olmayanların sırasından da seçilə bilər; 91.1-1. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər. Hər bir iştirakçının cəmiyyətin iştirakçılarının ümumi yığıncağında iştirak etmək, cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla), şəxsən iştirak etmək və ya bu Məcəllə ilə müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq, ümumi yığıncağın gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək hüququ vardır. İştirakçıların həmin hüquqlarını məhdudlaşdıran hər hansı razılaşma və ya hərəkət etibarsızdır. Cəmiyyətin iştirakçılarının ümumi yığıncaqda hər bir iştirakçının onun nizamnamə kapitalındakı payına mütənasib səsi vardır. Cəmiyyətin iştirakçısı olmayan kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri ümumi yığıncaqda məşvərətçi səs hüququ ilə iştirak edə bilər. Bu Məcəllə ilə cəmiyyətin iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid edilən məsələlərdən başqa, cəmiyyətin nizamnaməsinə uyğun olaraq cəmiyyətin iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə digər məsələlər də aid edilə bilər. Nizamnamədə müəyyən edilib-edilməməsindən asılı olmayaraq, ümumi yığıncaq cəmiyyətin fəaliyyəti ilə əlaqədar istənilən məsələni müzakirə edə bilər; 91.1-4. Cəmiyyətin iştirakçılarının ümumi yığıncağında cəmiyyətin paylarının əlli faizindən artıq hissəsinə malik olan iştirakçıları iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir; 91.1-5. Cəmiyyətin iştirakçılarının ümumi yığıncağında yetərsay olmadıqda, ümumi yığıncaq cəmiyyətin icra orqanı tərəfindən cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada, ümumi yığıncağın gündəliyi dəyişdirilmədən çağırılmalıdır. Yenidən çağırılan ümumi yığıncaq cəmiyyətin paylarının əlli faizinə malik olan iştirakçıları iştirak etdikdə səlahiyyətlidir; 91.3. Məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir: 91.3.1. cəmiyyətin nizamnaməsini və onun nizamnamə kapitalının miqdarını dəyişdirmək; 91.3.2. cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək; 91.3.3. cəmiyyətin illik hesabatlarını və maliyyə hesabatlarını təsdiq etmək, onun mənfəətini və zərərini bölüşdürmək; 91.3.4. cəmiyyətin yenidən təşkili və ya ləğvi haqqında qərar qəbul etmək; 91.3.5. cəmiyyətin cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya təftiş komissiyasını (müfəttişini) seçmək və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək; 91.3.6. bu Məcəllənin 49-1.2-ci və 87.10-cu maddələrində nəzərdə tutulmuş əqdlərin bağlanması haqqında qərar qəbul etmək. “X4 qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 9.1. Hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır; 9.2. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11.3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. 9-1.1. Məhdud məsuliyyətli cəmiyyətin təsis sənədlərində edilən hər bir dəyişiklik (yenidən təşkil nəticəsində dəyişiklik halları istisna olmaqla), eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin elektron qaydada dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət edilə bilər. Dəyişiklik bu Qanunun 5-1.5-ci və 11.3-cü maddələrinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 3 gün müddətində dəyişikliyi qeydiyyata alır. 9-1.2. Müraciət zamanı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının internet informasiya ehtiyatında yerləşdirilmiş elektron ərizə forması doldurularaq, dəyişikliyi təsdiq edən sənədlərin skan olunmuş surəti ərizəyə əlavə edilərək gücləndirilmiş elektron imza ilə təsdiq edilməlidir. 9-1.3. Qanuni təmsilçi (qanuni təmsilçilər) dəyişikliyinin qeydiyyata alınması zamanı ərizə həm təsisçi (təsisçilər), həm də qanuni təmsilçinin (qanuni təmsilçilərin) gücləndirilmiş elektron imzası ilə təsdiq edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə ilk növbədə qeyd edir ki, X4 reyestri dedikdə, Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınmış hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları, eləcə də Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin nümayəndəlik və filialları və digər qurumları barəsində məlumatlar (qeydlər) məcmusu başa düşülür. Hüquqi şəxsə dair qeydə alınmış hər hansı məlumatların dəyişməsi, bu dəyişikliyin qeydiyyata alınmasına səbəb olan hüquqi faktdır. Hüquqda faktlar dedikdə, hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ümumi yığıncağının xx.xx.2023-cü il il tarixli qərarı ilə İddiaçı Cəmiyyətin direktoru təyin edilmişdir. “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında” ərizə ilə X4 reyestrini aparan quruma müraciət olunmuş və həmin ərizə və qərar əsasında xx.xx.2023-cü il tarixdə dəyişiklik dövlət reyestrinə daxil edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisinin xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı MMC-nin direktoru vəzifəsindən azad olmuşdur. İddiaçı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçi dəyişikliyi faktının dövlət qeydiyyatına alınması ilə əlaqədar xx.xx.2024-cü il tarixdə X4 qeydiyyatı idarəsinə ərizə ilə müraciət edilmişdir. Lakin cavabdeh tərəfindən təsisçi X2 məhkum olduğuna görə direktor təyin edilməsinin mümkün olmaması əsası ilə iddiaçının ərizəsi təmin edilməmişdir. X2 məhkəmənin müvafiq hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi və hazırda cəzaçəkmə müəssisəsində cəza çəkməsi faktı onun qanunla müəyyən edilmiş təsisçilik hüquqlarının həyata keçirilməsi imkanından məhrum edilməsi üçün hüquqi əsas ola bilməz. Çünki qanunda belə bir əsas nəzərdə tutulmamışdır. Beləliklə, MMC-nin yeganə təsisçi olan X2 hazırda cəzaçəkmə müəssisəsində cəza çəkməsi onun təsisçilik funksiyalarını yerinə yetirməsi üçün hüquqi baxımdan heç bir maneə yaratmır. Bu baxımdan, ərizəçinin cəzaçəkmə müəssisəsində olan tək təsisçi tərəfindən imzalanmış və rəsmiləşdirilmiş ümumi yığıncağın qərarının etibarsız olmasına dair dəlili əsassızdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) direktoru olması barədə qeydin X4 reyestrindən ləğv edilməsi və qanuni təmsilçi kimi onun adının kommersiya qurumlarının dövlət reyestri məlumatlarından çıxarılması öhdəliyi Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin X4 Qeydiyyatı İdarəsinə həvalə edilməlidir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) direktoru olması barədə qeydin X4 reyestrindən ləğv edilməsi və qanuni təmsilçi kimi onun adının kommersiya qurumlarının dövlət reyestri məlumatlarından çıxarılması öhdəliyi Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin X4 Qeydiyyatı İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-7576/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7576/2024
27.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver