Məhkəmə qərarları › İş №2-1(112)-7576/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7576/2025

08.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7576/2025 08.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs "xxxx" ASC) qarşı “fərdi yaşayış evinə mülkiyyət hüququnun qeydə alınması” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.2024-cü il tarixdə ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – Cavabdeh) müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi (Yeni qaydalarla: ünvan 1 ünvanında inşa edilmiş fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, elektron kadastr məlumatına əsasən göstərilən fərdi yaşayış evi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Ərizənin icrası zamanı yaranmış zərurətlə əlaqədar "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ünvanlanmış sorğuya cavab olaraq 13-13/2-1/15-18225/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli, 261 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair” Tələblərin 2.2 saylı bəndinə əsasən sözügedən ünvan 6 kV-luq hava elektrik veriliş xətlərinin mühafizə zonasında yerləşir. Cavabdehin imtinasını qanunsuz hesab edən iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən 118 kv.m torpaq sahəsində layihə əsasında inşa edilmiş fərdi yaşayış evinin Dövlət Reyestrində qeydiyyata almaqla çıxarışın verilməsi vəzifəsini cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə "xxxx" ASC hazırki inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. İİ. Tərəflərin əsaslandırması: İddia tələbi bununla əsaslandırılmışdır ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X5 Şəxsinin xx.xx.2024-cü il tarixli, **********26 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışına əsasən ünvan 3 ünvanında yerləşən 118 kv.m torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətinə verilmişdir. "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Qanunun 8-ci maddəsinin tələbinə uyğun olaraq qeyd olunan torpaq sahəsində layihə əsasında inşa edilmiş hündürlüyü 2,9 metr, ümumi sahəsi 64.3 kv.m olan 1 mərtəbəli fərdi yaşayış evini Dövlət Reyestrində qeydiyyatdan keçirərək vahid çıxarışın verilməsi üçün xx.xx.2024-cü ildə cavabdehə müraciət etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli, **********30 saylı bildirişi ilə imtina etmişdir. Cavabdeh torpaq sahəsinə dair çıxarışın hal-hazırda qüvvədə olduğunu nəzərə almadan yalnız formal əsaslara istinad edərək Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Bayram kiiçəsi, giriş 159 "A” ünvanında yerləşən fərdi yaşayış evini Dövlət Reyestrində qeydiyyata almamaqla iddiaçının mülkiyyət hüquqlarının reallaşdırılmasına maneəçilik törədir. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında imtina məktubundan göstərilənlərə istinad edilərək bildirmişdir ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, elektron kadastr məlumatına əsasən göstərilən fərdi yaşayış evi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Ərizənin icrası zamanı yaranmış zərurətlə əlaqədar "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ünvanlanmış sorğuya cavab olaraq 13- 13/2-1/15-18225/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli, 261 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair” Tələblərin 2.2 saylı bəndinə əsasən sözügedən ünvan 6 kV-luq hava elektrik veriliş xətlərinin mühafizə zonasında yerləşir. Həmçinin elektron kadastr baza məlumatına əsasən torpaq sahəsinin cənubundan sərhədboyu 325 mm-lik və 159 mm-lik orta təzyiqli qaz xətləri keçir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, onun təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddianın təmin olunmamasını xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia fərdi yaşayış evinə mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia həm də əsaslıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: - xx.xx.2024-cü il tarixli, ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən 0,0118 ha torpaq sahəsi X2 xüsusi mülkiyyətindədir. - Satıcı – X3 ilə alıcı – İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.0118 ha olan torpaq sahəsinin tam hissəsini satıcı alıcının mülkiyyətinə vermişdir. - xx.xx.2024-cü il tarixli, ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən 0,0118 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. - İddiaçı tərəfindən xx.xx.2024-cü ildə Suraxanı Rayon İcra Hakimiyyətinə ünvanlanmış ərizədən görünür ki, mülkiyyətində olan ünvan 7 ünvanında yerləşən layihə əsasında hündürlüyü 2,9 m, mərtəbəliliyi 1 olan fərdi yaşayış evini inşa etmişdir. -İşdən görünür ki, "xxxx" MMC tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Bayram küçəsi, giriş 159A ünvanında yerləşən iddiaçıya məxsus mövcud fərdi yaşayış evinin memarlıq planlaşdırma həlli tərtib edilmişdir. - Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə aktından görünür ki, torpaq sahəsi mişar daşı ilə hasarlanmışdır. 2.20 m aralı məsafədə 6 kVa YGEX dirəyi yerləşir. Layihədə otağı mətbəx kimi qeyd etmişlər. A fye köhnə tikilidir və yaşayış var. Sənəd üzrə ümumi sahəsi 49.10 kv.m, faktiki sahəsi 50.10 kv.m təşkil edir. İddiaçı hazırda sadalanan sübutlara istinad edərək, mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 135.4-cü maddəsinə əsasən torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd;... 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) göndərilən məlumat; Göründüyü kimi, qanunverici hündürlüyü 12 metrədək olan yaşayış evlərinə mülkiyyət hüququnun qeydə alınması üçün əgər ev xx.xx.2013-cü il tarixədək inşa edilmişsə, yalınız torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin, xx.xx.2013-cü ildən sonra inşa edilmişsə, mülkiyyət hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) göndərilən məlumatın təqdim edilməsini kifayət hesab etmişdir. Mübahisəli fərdi yaşayış evinin hansı tarixdə inşa edilməsi müəyyən edilməsə də, iddiaçı həm xx.xx.2013-cü il tarixədək, həm də həmin tarixdən sonra inşa edilmiş evlər üçün tələb olunan bütün sənədləri cavabdehə təqdim etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı hündürlüyü 12 metrədək olan yaşayış evi ilə bağlı hüquqlarının qeydə alınmasını tələb etməkdə haqlı olmuşdur. İş materiallarından görünür ki, cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərkən yalnız fərdi yaşayış evinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməsinə istinad etmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-16221/2025 nömrəli sorğuya cavab məktubundan da görünür ki, idarənin mütəxəssisi tərəfindən sözügedən ünvana yerli baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evinin ümumi sahəsi 50.10 kv.m, köməkçi sahə 10.9 kv.m olmaqla 2 (iki) otaqdan ibarətdir. Vahid elektron kadastr baza məlumatına əsasən göstərilən fərdi yaşayış evi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Həmçinin "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli, 13-13/2-1/16-11477/2025 nömrəli sorğuya cavab məktubunda göstərilmişdir ki, qeyd olunan fərdi yaşayış evi 1969-cu ildə istismara verilmiş 6 kV-luq elektrik verilişi xəttinin mühafizə zonasında yerləşir. Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin2024-cü il 16 may tarixli 261 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər”ə əsasən: - bənd 1.2. Elektrik şəbəkələrinin mühafizəsinin təmin olunması, istismarı üçün normal şəraitin yaradılmasının və zədələnməsinin qarşısının alınması, həmçinin insanların həyat və sağlamlığının, təhlükəsizliyinin təmin edilməsi məqsədilə elektrik şəbəkələri ətrafında mühafizə zonaları (torpaq sahələri, su və hava məkanı) müəyyənləşdirilir. -bənd 1.5. Elektrik şəbəkələrinin mühafizəsi ötürücü şəbəkəyə münasibətdə ötürücü sistem operatoru tərəfindən, paylayıcı şəbəkəyə münasibətdə isə paylayıcı sistem operatoru (bundan sonra – sistem operatoru) tərəfindən təmin edilir. - bənd 2.2. Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri elektrik verilişi xətlərinə münasibətdə izolyasiyasız naqilli hava elektrik verilişi xətləri üçün aşağıdakı kimi müəyyən edilir: 2.2.2. 1-20 kV-luq hava elektrik verilişi xətləri üçün – 10 metr; 2.3. Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri elektrik verilişi xətlərinə münasibətdə özünüdaşıyan izolyasiyalı naqilli hava elektrik verilişi xətləri üçün aşağıdakı kimi müəyyən edilir: 2.3.2. 1-20 kV-luq hava elektrik verilişi xətləri üçün – 2 metr; - bənd 3.1. Bu Tələblərin 2-ci hissəsi ilə müəyyən edilmiş mühafizə zonalarının altındakı torpaq sahələrində sistem operatoru ilə əvvəlcədən razılaşdırılmaqla aşağıdakı təsərrüfat işləri aparıla bilər: 3.1.1. gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizə zonalarında tikinti və ya quraşdırma işlərinin aparılması; -bənd 3.5. Bu Tələblərin 3.1-ci bəndinə uyğun olaraq, elektrik şəbəkələrinin mühafizə zonalarında təsərrüfat işlərinin aparılması məqsədilə sistem operatorundan razılıq almaq üçün ərizəçi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30cu maddələrinə uyğun olaraq, sistem operatoruna ərizə ilə (elektron və ya yazılı formada) müraciət edir. Ərizənin qəbul edilməsi, qeydiyyata alınması, habelə əlavə sənədlərin və ya məlumatların tələb olunması “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci və 32-ci maddələrinə uyğun olaraq həyata keçirilir. -bənd 3.6. Sistem operatoru təqdim olunmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə və ya məlumatlara Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi ilə müəyyən edilmiş ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydaları və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərini, habelə “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinə uyğun olaraq, elektrik qurğularının istismarında təhlükəsizlik texnikası qaydalarının və bu Tələblərin 3.5-ci bəndinin tələblərini nəzərə almaqla, ərizənin qeydiyyata alındığı tarixdən 3 (üç) iş günündən gec olmayaraq elektrik şəbəkələrinin mühafizə zonalarında təsərrüfat işlərinin aparılmasına razılıq verir və ya verilməsindən imtina haqqında inzibati akt qəbul edir. Məhkəmə qeyd edir ki, birincisi, mübahisəli ünvanda yerləşən elektrik şəbəkələrinin izolyasiyasız naqilli hava elektrik verilişi xətləri, yaxud özünüdaşıyan izolyasiyalı naqilli hava elektrik verilişi xətləri olması müəyyən edilmir. İkincisi, mübahisəli fərdi yaşayış evinin tikilməsinin sistem operatoru ilə əvvəlcədən razılaşdırılmaması işin mübahisələndirilməyən halıdır. Məhkəmə icraatı gedişində məsələyə münasibət bildirilməsi (sonradan bəyənilmə halının müəyyən edilməsi) üçün "xxxx" ASC-yə dəfələrlə müvafiq sorğu göndərilmiş, lakin həmin qurum məsələ ilə bağlı hər hansı bir münasibət bildirməmişdir. Məhkəmə vurğulayır ki, elektrik şəbəkələri ətrafında mühafizə zonalarının müəyyənləşdirilməsi elektrik şəbəkələrinin mühafizəsinin təmin olunması, istismarı üçün normal şəraitin yaradılmasının və zədələnməsinin qarşısının alınması, həmçinin insanların həyat və sağlamlığının, təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır. Elektrik qurğularının texniki təhlükəsizliyinin, həmçinin elektrik şəbəkəsinin fəaliyyətini təmin edən proqram və texniki vasitələrin təhlükəsizliyinin təmin oluması üçün tədbirlərin görülməsi sistem operatorunun vəzifəsidir. Elektrik xəttinin mühafizə zolağında iddiaçı tərəfindən görülmüş işlərdən xəbərdar olan sistem opratoru bu işlərin həyata keçirilməsinə göz yummaqla onların yerinə yetirilməsinə şərait yaradırsa, bu artıq həmin qurumun razılığını ehtiva edir. Belə bir halda, məhkəmə həmin qurumun mübahisəli tikiliyə razılıq verməsə də, hər hansı bir irad bildirməməsini, həmin qurumun razılıq verilməsindən imtinaya səbəb olan hər hansı bir sübutu təqdim etməməsini nəzərə alaraq hesab edir ki, bu hal işin hazırkı vəziyyətində iddianın təmin edilməsindən imtina üçün əsas təşkil etməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. İşin yuxarıda istinad olunan hallarından isə müəyyən olunur ki, iddiaçı bu əsası cavabdehə təqdim etmişdir. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən 0,0118 ha torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 50.10 kv.metr olan fərdi yaşayış evinə iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə ona dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Qənbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar