Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7577/2021 09.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Vəliyeva Ayla Fuad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Yasamal rayon İcra və Probasiya şöbəsinə, Cavabdeh2 MMCyə və “X4” MMC-yə qarşı “qiymətləndirmə rəyinin ləğv edilməsi və yenidən qiymətləndirmə işinin keçirilməsi” tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Yasamal rayon İcra və Probasiya şöbəsinə, Cavabdeh2 MMCyə və “X4” MMC-yə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Cavabdeh2 MMC-nin 22.12.2017-ci il tarixli, QR740 nömrəli qiymətləndirilmə rəyinin ləğv edilməsi, iş üzrə yenidən qiymətləndirmə işinin həyata keçirilməsi vəzifəsinin Cavabdeh2 MMC-nin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin 14 noyabr 2016-cı il tarixli, 2(004)-12432/2016 qətnaməsi ilə iddiaçı "xxxx" (Azərbaycan) ASC-nin cavabdeh İddiaçı qarşı “avtomobil krediti müqaviləsi üzrə borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddiası təmin edilmiş, "xxxx" (Azərbaycan) ASC ilə cavabdeh İddiaçı arasında bağlanmış 120122-CNS-2008 saylı, 10.12.2013-cü il tarixli kredit müqaviləsi ləğv edilmiş, 16965.81 AZN əsas borc, 2111.14 AZN faiz borcu, 233.89 AZN cərimə borcu, cəmi 19310.84 (on doqquz min üç yüz on manat, səksən dörd qəpik) AZN və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti cavabdeh İddiaçı tutularaq iddiaçı "xxxx" (Azərbaycan) ASC-yə ödənilməsi, tutmanın İddiaçı məxsus olan “Chevrolet Orlando” markalı, ** GH *** dövlət nömrə nişanlı avtomobilə yönəldilərək, həmin avtomobilin açıq hərracdan satılması və onun dəyərindən 16965.81 AZN əsas borc, 2111.14 AZN faiz borcu, 233.89 AZN cərimə borcu, cəmi 19310.84 (on doqquz min üç yüz on manat, səksən dörd qəpik) AZN və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti "xxxx" (Azərbaycan) ASC-yə ödənilməsi qət edilmişdir. İş üzrə icra tədbirləri həyata keçirilmiş, 05.11.2018-ci il tarixdə Yasamal rayon İcra və Probasiya şöbəsi tərəfindən icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilmişdir. İş üzrə icra hərəkətləri zamanı avtomobillə bağlı qiymətləndirilmə rəyi alınmış və yekun hərrac protokolu tərtib edilmişdir. Qiymətləndirilmə rəyinin və yekun hərrac protokolunun ona rəsmi qaydada verilməsi barədə iddiaçı tərəfindən 28.01.2021-ci il tarixdə Yasamal rayon İcra və Probasiya şöbəsinə poçt vasitəsilə müraciət olunmuş, Yasamal rayon İcra və Probasiya şöbəsi tələb olunan sənədləri ona 10.06.2021-ci il tarixdə vermişdir. Cavabdeh "xxxx" MMC-nin iddiaçıya məxsus “Chevrolet Orlando” markalı, ** GH *** dövlət nömrə nişanlı avtomobilə dair tərtib etdiyi 22.12.2017-ci il tarixli, 740 nömrəli əmlakın qiymətləndirmə rəyində minik avtomobilinin 22.12.2017-ci il tarixə bazar dəyəri 9 500 (doqquz min beş yüz) manat müəyyən edilmişdir. İddiaçı hesab edir ki, avtomobilin həmin tarixə bazar dəyəri iki dəfədən çox azaldılmış və qiymətləndirmə düzgün həyata keçirilməmişdir. Belə ki, həmin tarixə eyni markalı, eyni modelli avtomobilin bazar dəyəti 24.000 manat civarında olmuşdur ki, bu hal internet saytında göstərilən avtomobil satış markaları barədə məlumatlarda qeyd olunur. Nəzərə almaq lazımdır ki, Yasamal Rayon Məhkəməsinin 14 noyabr 2016-cı il tarixli, 2(004)-12432/2016 saylı qətnaməsi ilə təsbit olunmuşdur ki, cavabdeh İddiaçı Agakamil oğlundan cəmi 19310.84 (on doqquz min üç yüz on manat, səksən dörd qəpik) AZN və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" (Azərbaycan) ASC-nin xeyrinə tutulmalı, İddiaçı məxsus olan “Chevrolet Orlando minik” markalı, ** GH *** dövlət nömrə nişanlı avtomobil açıq hərracdan satılmalı və onun dəyərindən cəmi 19310.84 (on doqquz min üç yüz on manat, səksən dörd qəpik) AZN və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" (Azərbaycan) ASC-nin xeyrinə tutulmalıdır. İş üzrə icraata xitam verildiyi halda cavabdeh Yasamal rayon İcra və Probasiya şöbəsi 27.04.2021-ci il tarixdə "xxxx" (Azərbaycan) ASC-nin 04.05.2021-ci il tarixli, 1873 saylı məktubu əsasında ondan əsassız olaraq 9340.84 manat məbləğində pul tələb etmişdir. Yasamal Rayon Məhkəməsinin 14 noyabr 2016-cı il tarixli, 2(004)-12432/2016 saylı qətnaməsinin tələbi əsasında keçirilən icra hərəkətləri, qiymətləndirmə işi və hərrac qanunsuz şəkildə həyata keçirilmiş, iddiaçının hüquqları kobud surətdə pozulmuş, əsassız olaraq ondan yenidən pul tələb olunmaqdadır. İddiaçə hesab edir ki, cavabdeh “Qiymətləndirmə Xidməti MMC”nin 22.12.2017-ci il tarixli, QR740 nömrəli Qiymətləndirmə Rəyi ləğv olunmalı və iş üzrə yenidən qiymətləndirmə işinin həyata keçirilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddianın mümkünlüyü məsələsinin həlli ilə əlaqədar 09 iyul 2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən iddiaçı hazırkı mübahisəyə inzibati məhkəmə icraatında baxılaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehlər nümayəndələri vasitəsilə məhkəmə iclasında təmsil olunmamış, məhkəmə cavabdehlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-12432/2016 saylı, 14 noyabr 2016-cı il tarixli icra sənədinə əsasən "xxxx" (Azərbaycan) ASC ilə cavabdeh İddiaçı arasında bağlanmış 120122-CNS-2068 saylı, 10.12.2013-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, 16965.81 AZN əsas borc, 2111.14 AZN faiz borcu, 233.89 AZN cərimə borcu, cəmi 19310.84 AZN və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaitinin cavabdeh İddiaçı tutularaq iddiaçı "xxxx" (Azərbaycan) ASC-yə ödənilməsi, tutmanın İddiaçı məxsus olan “Chevrolet Orlando minik” markalı ** GH *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilərək, həmin avtomobilin açıq hərracdan satılması və onun dəyərindən 16965.81 AZN əsas borc, 2111.14 AZN faiz borcu, 233.89 AZN cərimə borcu, cəmi 19310.84 AZN və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaitinin "xxxx" (Azərbaycan) ASC-yə ödənilməsi qərara alınmışdır. Qeyd edilən icra sənədi icra olunması üçün Yasamal rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, "xxxx" MMC tərəfindən Yasamal rayon İcra şöbəsinin 15.12.2017ci il tarixli qərarı və 17/72-39763/5-36281 saylı 15.12.2017-ci il tarixli müraciətinə əsasən İddiaçı məxsus “Chevrolet Orlando” markalı, ** GH *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin bazar dəyəri 9500 manat müəyyən edilmişdir. Hərrac təşkilatı olan “X4” MMC-nin hərracın yekunları haqqında 209 nömrəli, 16.07.2018-ci il tarixli protokoluna əsasən qeyd edilən avtomobil 16.07.2018-ci il tarixdə hərracın qalibi fiziki şəxs X1. Yasamal rayon İcra və Probasiya şöbəsinin 05.11.2018-ci il tarixli qərarı ilə icra hərəkətləri nəticəsində Bakı şəhər Yasamal rayon İcra şöbəsinə təqdim olunmuş 16.07.2018-ci il tarixli 209 saylı hərrac protokoluna əsasən icra vərəqəsindəki göstərilən tələb təmin olunduğu əsas gəirilərək icra sənədi üzrə icraata xitam verilmişdir. Yasamal rayon İcra və Probasiya şöbəsinin 27.04.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinə ünvanladığı 91999/5 saylı məktubda borclu X2 "xxxx" (Azərbaycan) ASC-nin xeyrinə 19340.84 manat tutulmasına dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-12432/2016 saylı, 14.11.2016-cı il tarixli icra sənədi borclu İddiaçı əmək haqqısından hər ay 50 faiz tutulması üçün göndərilmişdir. Hazırkı tələbində iddiaçı avtomobilin həmin tarixə bazar dəyərinin azaldıldığını və qiymətləndirmə rəyinin düzgün tərtib edilmədiyini, icra şöbəsi tərəfindən yenidən 9340.84 manat məbləğində pul vəsaitinin tələb olunduğunu əsas gətirərək qiymətləndirmə rəyinin ləğv edilməsini və iş üzrə yenidən qiymətləndirmənin həyata keçirilməsini inzibati məhkəmə icraatında mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, hazırkı işə iddia və inzibati məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri). Məhkəmə qeyd edir ki, iddiaçının tələbinin yönəldiyi cavabdehlərdən Cavabdeh2 MMC və “X4” MMC inzibati icraat qanunvericiliyinə əsasən inzibati orqan deyildirlər və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nda inzibati orqan və ya Qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hüquqi şəxs kimi nəzərdə tutulmamışdırlar. Bu əsasdan həmin hüquqi şəxslərə qarşı mübahisə inzibati mübahisə kimi qiymətləndirilib inzibati məhkəmə icraatında baxıla bilməz. İddiaçı cavabdeh qismində Yasamal rayon İcra və Probasiya şöbəsini qoysa da tələbin “xahiş etdi” hissəsində qiymətləndirmə rəyinin ləğv edilməsi və qiymətləndirmə işinin həyata keçirilməsi vəzifəsinin Cavabdeh2 MMC-nin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə hazırkı mübahisənin icra predmetinin qiymətləndirməsinin nəticələri ilə razı olmaması ilə bağlı olduğunu nəzərə alaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 51.1-ci maddəsinə görə borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. Həmin Qanunun 61.1-ci maddəsinə əsasən borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır. Həmin Qanunun 6-cı maddəsinə görə qiymətləndirici tərəfindən obyektin qiymətləndirilməsi üçün əsas sifarişçi ilə bağladığı müqavilədir. Həmin Qanunun 7-ci maddəsinə müvafiq olaraq qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Həmin Qanunun 8-ci maddəsinə görə qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Eyni Qanunun 12-ci maddəsinə əsasən bu Qanunun 5-ci maddəsinin səkkizinci abzasında nəzərdə tutulan məcburi qiymətləndirmə icra məmurunun sifarişi ilə həyata keçirildiyi halda, icra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. Göründüyü kimi məhkəmə qərarının icrasının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda qiymətləndirmə icra məmurunun sifarişinə əsasən məcburi qaydada həyata keçirildiyindən belə qiymətləndirilmənin keçirilməsi ilə bağlı icra məmurunun hərəkət və qərarları məhkəmə qətnaməsinin icra edilməsinə yönəldilmiş hakimiyyət xarakterli tədbirlərdir. Belə olan halda isə borclunun icra məmurunun sifarişi əsasında keçirilmiş qiymətləndirmə nəticəsində müəyyən olunmuş qiymətlə razılaşmamasından irəli gələn mübahisə borclu ilə qiymətləndirməni aparan şirkət arasında deyil, borclu ilə icra məmuru arasında yaranmış mübahisədir. Belə mübahisə yarandıqda qiymətləndirmənin nəticəsindən narazı qalan tələbkar və ya borclu qiymətləndiricinin hesabatının nəzərə alınmaması, yenidən qiymətləndirmənin həyata keçirilməsi və bu kimi məsələlərlə bağlı icra məmurunun qarşısında vəsatət qaldırmaq hüququna malikdir. Vəsatətləri təmin edilmədikdə isə borclu və ya tələbkar icra məmurunun qərarı, hərəkət və ya hərəkətsizliyi bağlı mübahisə qaldıra bilər. İcra icraatında icra məmurunun qərar, hərəkət və ya hərəkətsizliyi bağlı mübahisənin məhkəmə aidiyyəti məsələsinə gəlincə isə qeyd edilməlidir ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə müvafiq olaraq icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. Həmin Qanunun 87.1-ci maddəsinə görə icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə İnzibati Məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli Qərarında qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Beləliklə, yekunda Konstitusiya Məhkəməsi bu nəticəyə gəlmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər”. Yuxarıda adıçəkilən normalardan, Konstitusiya Məhkəməsinin, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən müəyyən olunur ki, icra sənədinin düzgün icra olunmasının təşkili və bununla bağlı icra məmurunun qərar, hərəkət və hərəkətsizliyi həmin mülki işin bilavasitə davamıdır və icra məmurunun həmin qərar, hərəkət və hərəkətsizliyindən verilmiş şikayətlərə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir. Məhkəmə qeyd edir ki, “İcra haqqında” Qanun özü də icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qərar, hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Bu həm də ondan irəli gəlir ki, qanuni qüvvəsini almış məhkəmə qərarının (qətnaməsinin, əmrinin) icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edilir. Təşəkkül tapmış məhkəmə təcrübəsində də icra məmurunun icra icraatında qərar, hərəkət və hərəkətsizliyindən verilmiş şikayətlərə icra sənədini vermiş məhkəmə tərəfindən baxılır. İcra sənədini vermiş məhkəmədə işlərə baxılması bir tərəfdən hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edirsə, digər tərəfdən məhkəmənin verdiyi icra sənədinin icrasına bilavasitə nəzarət etmək imkanını təmin edir. Hazırkı iş üzrə iddiaçının tələbi bilavasitə icra sənədinin cavabdeh icra qurumu tərəfindən icra icraatı çərçivəsində icrası ilə bağlıdır. Belə ki, iddiaçı icra sənədi üzrə tələbin yönəldiyi avtomobillə bağlı icra məmurunun sifarişi əsasında keçirilmiş qiymətləndirmənin ləğv edilməsini və yenidən qiymətləndirmə aparılmasını mübahisələndirir. Bu tələblə inzibati məhkəmə icraatında müstəqil inzibati iddia qaldırmışdır. Halbuki, yuxarıda da qeyd edildiyi kimi icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar, hərəkət və ya hərəkətsizliklər inzibati hüquq sahəsinə aid olan publik xarakterli məsələlərin tənzimlənməsinə yönəlmədiyindən, ayrıca iddia qaldırılmaqla həmin qərarların, hərəkət və hərəkətsizliklərin inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün hesab olunmur. Qanuni qüvvəsini almış məhkəmə qərarının (qətnaməsinin, əmrinin) icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edilir. Bu əsasdan icra icraatı gedişində icra məmurunun sifarişi əsasında keçirilmiş qiymətləndirmə rəyinin ləğvi və yenidən qiymətləndirmənin keçirilməsi tələbi inzibati iddia kimi inzibati məhkəmə icraatı qaydasında deyil, qanuni qüvvəsini almış məhkəmə aktının icrasının davamı olaraq icra sənədini vermiş və icraya nəzarət edən məhkəmədə icra qurumunun hərəkətlərindən şikayət verilməklə mübahisələndirilə bilər. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə, hazırkı iş üzrə iddiaya inzibati məhkəmə icraatında baxılması mümkün hesab olunmur. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdehlər Yasamal rayon İcra və Probasiya şöbəsinə, Cavabdeh2 MMCyə və “X4” MMC-yə qarşı “qiymətləndirmə rəyinin ləğv edilməsi və yenidən qiymətləndirmə işinin keçirilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-7577/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7577/2021
09.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver