Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-758/2024 16.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 və üçüncü şəxsin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxs qismində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi cəlb edilməklə “Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin Başçısının 09 mart 1999-cu il tarixli, 514 saylı Sərəncamı əsasında fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya ayrılmış Zığ qəsəbəsində qərb hissəsində yerləşən 600 kv.m torpaq sahəsinə dair hüquqlarını daşınmaz əmlakın Dövlət reyestrində Dövlət qeydiyyatına alınması, bununla bağlı müvafiq çıxarışın və torpaq sahəsinin planı-sxeminin təqdim edilməsi” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Mübahisənin predmeti
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxs qismində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi cəlb edilməklə “Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin Başçısının 09 mart 1999-cu il tarixli, 514 saylı Sərəncamı əsasında fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya ayrılmış Zığ qəsəbəsində qərb hissəsində yerləşən 600 kv.m torpaq sahəsinə dair hüquqlarını daşınmaz əmlakın Dövlət reyestrində Dövlət qeydiyyatına alınması, bununla bağlı müvafiq çıxarışın və torpaq sahəsinin planı-sxeminin təqdim edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1999-cu ildə fərdi yaşayış evi tikmək üçün torpaq sahəsinin ayrılması barədə Bakı səhəri Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət etmiş, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin Başçısının 09 mart 1999cu il tarixli, 514 saylı Sərəncamı ilə fərdi yaşayış evinin tikilməsi üçün ona Zığ qəsəbəsinin qərb hissəsində 600 (altı yüz) m2 torpaq sahəsi ayrıldı. Həmçinin Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya ayrılmış torpaq sahəsinin ilkin cizgi-sxemi də tərtib edilərək təqdim edildi. Hazırda ona ayrılmış torpaq sahəsinin ətrafı müxtəlif vətəndaşlar tərəfindən inşa edilmiş fərdi yaşayış evləri ilə əhatələnib, bu illər ərzində həmin ərazi çox sayda insanın yaşadığı böyük bir məhəlləyə çevrilib. Bu səbəbdən insanların rahat yaşayışının təmin edilməsi üçün ərazi elektrik, qaz, su və kanalizasiya xətləri ilə tam təchiz edilib. Hətta qonşuluqda yaşayan bir neçə şəxs fərdi yaşayış evlərini və torpaq sahələrini rəsmiləşdirərək həmin əmlaklara dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın Dövlət reyestrində Dövlət qeydiyyatına alınmasına nail olublar. Torpaq sahəsinin ona qanuni əsaslarla, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin Başçısının 23 ildən artıq müddətdir ki, torpaq sahəsinə dair mülkiyyət hüququ daşınmaz əmlakın Dövlət reyestrində Dövlət qeydiyyatına alınmayıb, müvafiq çıxarış və plan-ölçü verilməyib. Bununla bağlı dəfələrlə müvafiq dövlət orqanlarına müraciətlər etsə də heç bir nəticə əldə edə bilməmişdir. Belə ki, cavabdeh 28 aprel 2021-ci il tarixli cavabı ilə qeyd edib ki, torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdeh orqana Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin Başçısı 09 mart 1999cu il tarixli, 514 saylı Sərəncamı və müvafiq sxemi təqdim etməlidir. Tələb olunan sənədləri həmin orqana təqdim etdikdən sonra cavabdeh 18 iyun 2021-ci il tarixli məktubu ilə yenidən müraciətinə imtina cavabı verərək cavabını ona ayrılmış torpaq sahəsinin AR Dövlət Neft Şirkətinin istifadəsinə ayrılması və torpaq sahənin yaxınlığından çirkab sularının axıdılması üçün borunun keçdiyini əsas göstərib. İddiaçıya qeyd edilən torpaq sahəsi ayrılarkən həmin torpaq sahəsi üzərində sərəncam vermək hüququ dövlət orqanı olaraq Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə məxsus olub. İmtinada qeyd edildiyi kimi torpaq sahəsi ona ayrılarkən həmin ərazi həqiqətən AR Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş olsaydı Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti həmin torpaq sahəsinin iddiaçıya ayrılmasından imtina edərdi. İkincisi, torpaq sahənin yerləşdiyi ərazi həqiqətən AR Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş olsaydı uzun illərdir müxtəlif şəxslər tərəfindən həmin ərazidə fərdi yaşayış evlərinin inşasına imkan verilməz, müxtəlif dövlət orqanları tərəfindən həmin əraziyə komunikasiya "xətləri çəkilməz, bu gün bu qədər vətəndaşın orada yaşamasına imkan verilməzdi. Torpaq sahəsi ayrılarkən qaz, su və elektrik təchizatı üzrə səlahiyyətli müvafiq dövlət orqanlarının razılığı alınıb və həmin dövlət orqanlarının səlahiyyətli şəxsləri bu razılıqlarını imzaları ilə təsdiq ediblər. İmtinada əsas göstərilən borunun mövcudluğu ilə bağlı məsələ "xxxx" ASC tərəfindən araşdırılıb və həmin dövlət orqanı bununla bağlı iddiaçıya rəsmi sənəd təqdim edilib. Sənəddə qeyd edilib: “Vətəndaşa məxsus torpaq sahəsindən Azərsu ASC-nin balans mənsubiyyətinə aid su və kanalizasiya xətti keçmir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
2. Cavabdeh Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərdə yerləşir. Həmçinin torpaq sahəsinin yaxınlığından çirkab suların axıdılması borusu keçir. Bundan əlavə, sərəncama ilkin yerləşmə cizgisi əlavə edilməmişdir. Eyni zamanda sənədlərə əlavə edilən yerləşmə cizgisi möhür və imza ilə təsdiq edilməmişdir. Həmçinin, qeyd olunan əmlaka dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4990/2020 saylı bildirişi daxil olmuş, lakin müvafiq məhkəmə mübahisəsinin yekunlaşması barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı İdarəyə daxil olmamışdır. Qeyd olunan səbəblərə görə ərizənin icrası mümkün olmamış, bununla bağlı iddiaçıya **********06 saylı, xx.xx.2021-ci il tarixli və **********92 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubları ünvanlanmışdır.
İİ. İddianın növü və mümkünlüyü
3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab verilməmişdir. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi öz izahatında mübahisəli ərazinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə ayrılmış torpaq sahəsi olduğunu bildirmişdir.
İİİ. Tədqiq edilmiş sənədlər
AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, iddiaçı xx.xx.1961-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının 514 nömrəli, 09 mart 1999-cu il tarixli Sərəncamına əsasən, İddiaçı fərdi yaşayış evi tikmək üçün Zığ qəsəbəsinin qərb hissəsində 600 (altı yüz) kv.m torpaq sahəsi ayrılmışdır. Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının iddiaçıya ünvanladığı 22 noyabr 2022-ci il tarixli, BA-07541-2022 saylı məktubuna əsasən, iddiaçıya Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının 514 nömrəli, 09 mart 1999-cu il tarixli Sərəncamının təsdiq edilmiş surəti göndərilmiş, sərəncama cizgi yerləşəmə sxeminin əlavə edilmədiyi bildirilmişdir. Məhkəmə sorğusu əsasında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli “ torpaq sahəsinə dair məlumat, müayinə aktı və koordinatların məhkəməyə göndərilməsi barədə” cavab məktubuna əsasən bildirilmişdir ki, vahid elektron kadastr məlumatlarına əsasən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərdə yerləşir. Həmçinin torpaq sahəsinin yaxınlığından çirkab suların axıdılması borusu keçir. Əlavə olaraq müayinə aktı və koordinatlar təqdim edilmişdir. Təqdim edilmiş xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktına əsasən, torpaq sahəsinin künc nöqtəsindən 14 metr aralı məsafədən 300 mm diametrli çirkab suların axıdılması boru xətti keçir, torpaq sahəsinin koordinatları əlavə olunmuş, torpaq sahəsi ilə bağlı ********** nömrəli ərizə ilə müraciət olunub. Məhkəmə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə 17 aprel 2023-cü il tarixdə sorğu ünvanlayaraq, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin Başçısının 09 mart 1999-cu il tarixli, 514 saylı Sərəncamı əsasında fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya ayrılmış Zığ qəsəbəsində qərb hissəsində yerləşən 600 kv.m torpaq sahəsinin Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş əraziyə aid olub- olmaması barədə məlumatın, aid olduğu halda bunu sübut edən sənədlərin surətlərinin məhkəməyə təqdim edilməsini xahiş etmişdir. AR Dövlət Neft Şirkətinin (SOCAR) 31 may 2023-cü il tarixli, 14-2/2-2068/2023 nömrəli məkubu ilə məhkəməyə bildirilmişdir ki, həmin koordinatlarda yerləşən torpaq sahəsi neftqaz əməliyyatlarının aparılması üçün SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin hüdudlar daxilində yerləşir. Bu səbəbdən, həmçinin qanunvericiliyin aşağıda göstərilən tələblərinə əsasən, eləcə də istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər, iş üzrə cavabdehin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydiyyata almaqdan imtinası əsaslı olmuşdur. SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin, saziş ərazilərinin hüdudları və eləcə də neft-qaz boru kəmərlərinin mühafizə zonası daxilində yerləşən ərazilərin bu və ya digər formada ayrı-ayrı fiziki və ya hüquqi şəxslərin adına özgəninkiləşdirilməsi halları, həmin ərazidə nəzərdə tutulmuş neft-qaz əməliyyatlarının aparılması işlərinə, bu da öz növbəsində Azərbaycan Respublikası Hökumətinin, eləcə də SOCAR-ın xarici investorlar qarşısında qanun əsasında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə, eyni zamanda SOCAR-ın Nizamnaməsi ilə əmlakı üzərində müəyyən olunmuş sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsinə ciddi şəkildə maneələr yaratmaqla bərabər, Konstitusiyanın və Mülki Məcəllənin qeyd olunan normalarına əsasən, vətəndaşların kompensasiya tələblərinə gətirib çıxarır və nəticə etibarı ilə Dövlətə əsaslı şəkildə maddi ziyan dəyir. Bundan əlavə, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti(SOCAR) məhkəməyə vəsatət ilə müraciər edərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyinin üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmişdir. Vəsatətə əlavə olaraq, “Azneft” İB-nin X1 Mədəninin daimi istifadəsində olan torpaq sahələrinin 1:5000 miqyasda topoqrafik planını təqdim etmişdir.
İV. Məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahat və çıxışlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. 4.Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Azərbaycan Respublikasında torpaq üzərində mülkiyyətin müxtəlif növlərinin tətbiqi əsasında yaranan torpaq münasibətlərinin tənzimlənməsinə, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsinə və torpaq üzərində hüquqlarının müdafiəsinə, torpaqlardan səmərəli istifadə və onların mühafizəsi üçün şərait yaradılmasına, torpağın münbitliyinin bərpasına və artırılmasına, texnogen çirklənmə və dağılmadan korlanmış torpaqların rekultivasiyasına, təbii mühitin qorunub saxlanmasına və yaxşılaşdırılmasına yönəlmişdir. Torpaq Məcəlləsinə görə, torpaq münasibətləri — dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslər arasında torpağa sahiblik, torpaqdan istifadə və torpaq barəsində sərəncam vermək sahəsində, habelə torpaq resurslarından istifadənin dövlət tərəfindən idarəedilməsi sahəsində ictimai münasibətlərdir; torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. . Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrinin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollar fiziki və hüquqi şəxslərin torpaq sahəsi üzərində hüquqlarının yaranmasının əsaslarından hesab olunur. Həmin Məcəllənin 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Həmin Məcəllənin 66-ci maddəsinə əsasən, 1.dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.2.Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
5. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddələrində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;
6. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. “ Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar.
7. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir.
8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1-ci bəndində göstərilmişdir: “Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.22. daşınmaz əmlakla bağlı inventarlaşdırma işləri və texniki sənədlərin tərtibi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastr məqsədləri üçün mərzçəkmə işlərini özəl hüquqi və fiziki şəxslərin həyata keçirməsini təşkil etmək və “Uyğunluğun qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditə olunmuş qurum qismində bu fəaliyyəti həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsini həyata keçirmək;...”
9. İddiaçıya 0,12 ha torpaq sahəsinin ayrılması faktı Bakı şəhəri Suraxanı Rayon icra Hakimiyyətinin Başçısının 09 mart 1999-cu il tarixli, 514 saylı Sərəncamında göstərilənlərlə təsdiqlənir, belə ki, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının 514 nömrəli, 09 mart 1999-cu il tarixli Sərəncamına əsasən, İddiaçı fərdi yaşayış evi tikmək üçün Zığ qəsəbəsinin qərb hissəsində 600 (altı yüz) kv.m torpaq sahəsi ayrılmışdır. Göründüyü kimi iddiaçıya torpaq sahəsi, həmin zaman torpaq ayırmaq səlahiyyəti olan dövlət orqanı tərəfindən verilmişdir. Dövlət orqanı olan Suraxanı rayon İcra Hakimiyyətinin sözügedən sərəncamı (inzibati akt) hal-hazırda da qüvvədədir.
10. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11-ci maddəsinə görə, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1 -ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə (15.1.1); hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə (15.1.2); hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə (15.1.3); daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda (15.1.4);daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda (15.1.5); Bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (15.1.6). Hazırda qeyd edilən hallar iddiaçıya münasibətdə müəyyən edilməmişdir.
11. Cavabdehin etirazında göstərilənləri isə (mübahisəli torpaq sahəsinin Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərdə yerləşməklə sənaye təyinatlı torpaq sahəsinin olması, yaxınlığından çirkab suların axıdılması borunun keçməsi, yerləşmə cizgisi möhür və imza ilə təsdiq edilməməsi, əmlaka dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4990/2020 saylı bildirişi daxil olmuş, lakin müvafiq məhkəmə mübahisəsinin yekunlaşması barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı İdarəyə daxil olmaması ) məhkəmə iddianın təmin edilməməsi üçün əsas hesab etmir. Belə ki, məhkəmə tərəfindən yerində müayinə aparılmış və mübahisəli torpaq sahəsinə baxış zamanı müəyyən olunmuşdur ki, torpaq sahəsinin yerləşdiyi ərazidə artıq qəsəbə salınıb, burada sosial infrastruktur obyektləri: əhaliyə xidmət edən sosial- məişət və mədəniyyət obyektləri mövcuddur. İş materiallarına iddiaçıya Suraxanı RİHB-nın xx.xx.1999-cu il tarixli,514 nömrəli sərəncamına əsasən Zığ qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600,0 kv.m torpaq sahəsinin çızqisinin tərtib edilməsi barədə Suraxanı rayon İcra Hakimiyyətinin başçısının aparatının rayon təsərrüfat şöbəsi, Zığ qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən tərtib və təsdiq edilmiş akt əlavə edilmişdir. Həmin aktın üzərində onun "xxxx" ASC, "xxxx" ASC ilə razılaşdırıldığı barədə müvafiq qeydlər mövcuddur.
12. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 24-cü maddəsində göstərilir: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
13. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin Başçısının 09 mart 1999-cu il tarixli, 514 saylı Sərəncamı əsasında fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya ayrılmış Zığ qəsəbəsində qərb hissəsində yerləşən 600 kv.m torpaq sahəsinə dair hüquqlarını daşınmaz əmlakın Dövlət reyestrində Dövlət qeydiyyatına alınması, bununla bağlı müvafiq çıxarışın və torpaq sahəsinin planı-sxeminin təqdim edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetsri publik şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır.
14. Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər, dövlət rüsumu ödəməkdən azad olunurlar.
15. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2,34, 68,69, 85,110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin Başçısının 09 mart 1999-cu il tarixli, 514 saylı Sərəncamı əsasında fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya ayrılmış Zığ qəsəbəsində qərb hissəsində yerləşən 600 kv.m torpaq sahəsinə dair hüquqlarını daşınmaz əmlakın Dövlət reyestrində Dövlət qeydiyyatına alınması, bununla bağlı müvafiq çıxarışın və torpaq sahəsinin planı-sxeminin təqdim edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetsri publik şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova