Məhkəmə qərarları › İş №2-1(112)-7580/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7580/2024

12.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7580/2024 12.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “xəstəliyin səbəb əlaqəsinin dəyişdirilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “İnsanın immun çatışmazlığı virusu ilə yoluxma” diaqnozunun “Ümumi xəstəlik” səbəb əlaqəsinin dəyişdirilərək “Xəstəlikdir, hərbi xidmət dövründə almışdır” kimi qeyd edilərək yenidən şəhadətləndirilməsi öhdəliyinin Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2009-cu ildən Müdafiə Nazirliyinin tərkibində həqiqi hərbi xidmət keçir. Həqiqi hərbi xidmətə daxil olandan xx.xx.2024-cü ilədək hər il tibbi müayinələrdən keçmiş və daim hərbi xidmətə yararlı olaraq heç bir xəstəliyi olmamışdır. xx.xx.2024-cü ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilən zaman onda müəyyən olunmuş “İnsanın immun çatışmazlığı virusu ilə yoluxma” diaqnozu ilə “Ümumi xəstəlik” kimi qeyd edilmişdir. Lakin Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli 1210 nömrəli şəhadətnaməsi ilə razı deyil. Hesab edir ki, əvvələr xidmət dövründə onda bu xəstəliklər olmamışdır. Necə ola bilər ki, hal-hazırda “İnsanın immun çatışmazlığı virusu ilə yoluxma” diaqnozu ilə “Ümumi xəstəlik ” kimi qeyd edilsin. Onun yenidən məhkəmə qaydasında obyektiv şəhadətləndirilməsinə ehtiyac vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən iddiaya dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim edilmişdir. Etirazda bildirilmişdir ki, Beyləqan RHK tərəfindən 2009-cu ildə hərbi xidmətə çağırılmış İddiaçı xx.xx.2024-cü ildə MN Mərkəzi Hərbi Poliklinikasında hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və onda təyin olunmuş “İnsanın immun çatışmazlığı virusu ilə yoluxma” diaqnozuna əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 5“b” maddəsinin İİİ qrafasına əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” sayılmış və ya xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2 bəndinin e) yarımbəndinə əsasən “Ümumi xəstəlikdir” kimi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 1.8-ci bəndinə əsasən, “şəhadətləndirilən şəxsin müayinələrinin vaxtında və tam aparılmasına, müayinələrin nəticələrinə görə həkim-ekspert sənədlərinin hazırlanmasına, rəsmiləşdirilməsinə və hərbihəkim komissiyasına təqdim edilməsinə görə məsuliyyət müayinə aparılan tibb bölməsinin rəisinin üzərinə düşür. Hər bir həkim-mütəxəssis hərbi-həkim ekspertizası ilə əlaqədar verdiyi rəyin əsaslılığına və obyektivliyinə görə məsuliyyət daşıyır”. Xəstəlik ilk dəfə xx.xx.2023-cü ildə İddiaçı MN MHHK-da “Sol diz oynağının şişkinliyi, qançırı və çatı” diaqnozu ilə müayinədə olan zaman aşkar olunmuşdur. N nömrəli hərbi hissədə, müayinə zamanı aşkar edilmişdir. Bununla əlaqədar olaraq xx.xx.2024-cü il tarixdə o, Respublika QİÇS-lə Mübarizə Mərkəzində müayinədə olmuş və diaqnoz təsdiq olunmuşdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli 5 nömrəli göndərişi ilə MN MHP-da tibbi şəhadətləndirilmiş, MN BKH-da infeksionist tərəfindən konsultasiya olunmuşdur. İddiaçı aid tibbi sənədlər Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının həkimmütəxəssisi-terapevt tərəfindən araşdırılmış və İddiaçı yoluxma olduğu nəzərə alınmış və MN Mərkəzi Hərbi Poliklinikasında hərbi-həkim komissiyasının qərarı MN MHHK-sı tərəfindən təsdiq edilmişdir. Yekunda cavabdeh tərəfindən məsələnin həllini məhkəmənin mülahizəsinə buraxıldığı bildirilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddianın təmin edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia məcburetmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı iddia ərizəsindəki tələblə bağlı əvvəlcə xx.xx.2024-cü il tarixli məktubla cavabdeh inzibati orqana müraciət etmiş, lakin 35 gün ərzində cavabdeh tərəfindən arzuladığı inzibati akt qəbul edilmədiyindən xx.xx.2024-cü il tarixdə məhkəmədə iddia irəli sürmüşdür. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -AR Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən iddiaçıya verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, iddiaçının hazırkı tələbi üzrə müraciəti təmin edilməmişdir. -Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının xx.xx.2023-cü il tarixli göndərişi ilə İddiaçı müayinə üçün sol diz oynağının şişkinliyi, qançırı və qamış sümüyünün çatı diaqnozu ilə HHK-na müayinəyə göndərilmişdir. -Mərkəzi Hərbi Poliklinikasının Labaratoriya Bölməsinin xx.xx.2023-cü il tarixli analiz nəticələrinə görə İddiaçı QİÇS-1HİV 1+2-(Human) pozitivdir. -Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən MN-nin Baş Klinik Hospitalına göndərilən xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı qan nümunəsinin müayinə edildiyi və müsbət (pozitiv) nəticə verməsi ilə əlaqədar İİV-infeksiya xəstəliyinə yoluxma halı təsdiq olunduğu və Respublika QİÇS-lə mübarizə Mərkəzində dispanser müşahidə qeydiyyatına götürüldüyü bildirilmişdir. -Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının xx.xx.2024-cü il tarixli göndərişi ilə İddiaçı müayinə üçün QİÇV diaqnozu ilə HHK-na müayinəyə göndərilmişdir. -Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının xx.xx.2024-cu il tarixli, 9465 nömrəli göndərişi ilə İddiaçı müayinə üçün baş infeksionistin konsultasiyasına göndərilmişdir. -Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1210 nömrəli xəstəlik haqqında şəhadətnamədən görünür ki, xx.xx.1988-ci il təvəllüdlü İddiaçı xəstəlik diaqnozu - Anamnezi: xəstəlik ilk dəfə xx.xx.2023-cü ildə “Sol diz oynağının şişkinliyi, qançırı və çatı” diaqnozu ilə müayinədə olan zaman aşkar olunmuşdur. xx.xx.2024-cü il tarixdə Respublika QİÇS-lə Mübarizə Mərkəzində qan nümunəsi müayinə edilmiş, müsbət (pozitiv) nəticə verməsi ilə əlaqədar onun İİV–infeksiya xəstəliyinə yoluxma halı təsdiq olunmu. Və dispanser müşahidə qeydiyyatına götürülmüşdür. N nömrəli hərbi hissənin komandiri tərəfindən hərbi xidmətə yararlığının təyini üçün hərbi həkim komissiyasına göndərilmişdir. MN BKH-da infeksionist tərəfindən konsultasiya olunmuşdur. xx.xx.2024xx.xx.2024-cü il tarixdə MN MHP-da müayinə və müalicə olunmuşdur. Diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında hhknın qərarı: İnsanın immunçatışmazlığı virusu ilə yoluxma. Ümumi xəstəlikdir. HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarı: “Xəstəliklər cədvəli”nin 5b maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharbə dövründə məhdud yararlıdır”. -N nömrəli Hərbi Hissə Komandirinin 15 aprel 2024-cü il tarixli 110 nömrəli Əmrindən çıxarışda qeyd olunmuşdur: maddi-texniki təminat bölüyünün avtomobil taqımının 2-ci avtomobil manqasının komandiri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İddiaçı, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə, 15 aprel 2024-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılsın və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinə göndərilsin....Əsas: Müdafiə nazirinin Müavini - Baş Direktorun xx.xx.2024-cü il tarixli 023əç nömrəli əmrindən çıxarış. Məhkəmə aşağıda göstərilənlərə əsasən tələbin əsaslı olduğu nəticəsinə gəlmişdir. Belə ki, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1-ci hissəsinə görə bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli Qərarı ilə «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin: -1.1-ci bəndinə əsasən bu Əsasnamə «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin Fərmanına, «Hərbi vəzifə və hərbi xidmət haqqında» və «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının qanunlarına əsasən hazırlanmışdır və müvafiq olaraq hərbi-həkim ekspertizasının təşkili və aparılması qaydalarını, hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələbləri müəyyən edir. -1.3-cü bəndinə görə Hərbi-həkim ekspertizasını və tibbi şəhadətləndirilməni (bundan sonra - şəhadətləndirilmə) keçirmək üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, digər qoşunlarda və orqanlarda ştatlı və ştatdankənar hərbi-həkim komissiyaları (həkim-uçuş komissiyaları) yaradılır. -1.5-ci bəndinə əsasən, tibbi şəhadətləndirilmə dedikdə, hərbi xidmətə, ayrı-ayrı hərbi-uçot ixtisasları (ixtisaslar) üzrə təhsilə (xidmətə), orqanlarda xidmətə yararlılığın təyin edilməsi, bu Əsasnamədə nəzərdə tutulmuş digər məsələlərin yazılı qərar çıxarılmaqla həll edilməsi məqsədi ilə vətəndaşların şəhadətləndirilmə anında sağlamlıq vəziyyətinin və fiziki inkişafının öyrənilməsi və qiymətləndirilməsi başa düşülür. -1.7-ci bədinə əsasən Hərbi-həkim komissiyalarının (həkim-uçuş komissiyalarının) qərarları «Xəstəliklər cədvəli»nə və vətəndaşların sağlamlıq vəziyyətinə əlavə tələblər cədvəlinə uyğun olaraq, hərbi-həkim komissiyalarının (həkim-uçuş komissiyalarının) iclasda iştirak edən üzvlərinin səs çoxluğu ilə qəbul olunur. -5.1-ci bəndinə əsasən hərbi qulluqçuların şəhadətləndirilməsinin təşkili və keçirilməsi hərbi-həkim komissiyasına həvalə olunur. -7.1-ci bəndinə əsasən hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. Hərbi-həkim komissiyası hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçən, hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət keçmiş vətəndaşlarda xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini o halda qiyabi (sənədlər üzrə) müəyyən edir ki: a) vətəndaş hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və ya müalicə almış olsun, yaxud hərbi xidmətdən (orqanlarda xidmətdən) sağlamlıq vəziyyətinə görə buraxılmış olsun; b) vətəndaşda döyüş əməliyyatlarında iştirak etdiyi dövrdə almış olduğu bədən zədələnmələrinin aşkar nəticələri olsun; c) hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə alınmış xəsarət, xəstəlik nəticəsində, yaxud hərbi xidmətdən (hərbi toplanışın qurtarmasından), orqanlarda xidmətdən buraxıldıqdan sonra 3 (üç) ay ərzində vətəndaşın əlilliyi müəyyən edilmiş olsun, yaxud o, vəfat etsin. -7.2-ci bəndinə əsasən hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır»; b) «Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır»; c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır»; ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır»; d) «Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır»; e) «Ümumi xəstəlikdir». ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır» qərarına aşağıdakılar aiddir: -əgər xəstəlik şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış) keçməsi, orqanlarda xidmət keçməsi dövründə yaranmışsa, yaxud şəhadətləndirilən şəxsin hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına və ya hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmış xəstəliyi hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət dövründə onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra bir il keçənədək təyin edilmiş xroniki, tədricən proqressivləşən xəstəliklər olduqda, həmin xəstəliklərin başlanğıcını hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövrünə aid etmək mümkündürsə; -əgər xəstəlik şəhadətləndirilən şəxsin döyüşən ordunun tərkibinə daxil olmayan hərbi hissədə hərbi xidmət (hərbi toplanış) keçməsi dövründə və ya döyüşən ordunun tərkibinə daxil olmayan orqanlarda xidmət keçməsi dövründə, yaxud onun xaricə, döyüş əməliyyatları aparılan dövlətə getməsinə qədər yaranmışsa və bu dövlətdə xidmətkeçmə onda olan xəstəliyə və onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasına təsir etməmişsə; -əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə bağlı olmayan bədbəxt hadisə nəticəsində almışsa; -əgər xəsarət hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə alınmışsa, lakin şəhadətləndirilmə anında xəsarətin alınma şəraiti haqqında sənədlər yoxdursa. e) «Ümumi xəstəlikdir» qərarı aşağıdakı hallarda çıxarılır: -əgər şəhadətləndirilən şəxsdə xəsarət, xəstəlik onun hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına, hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmışsa və hərbi xidmətkeçmə (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən dərəcəyə çatmamışsa; -əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi hərbi xidmətdən yayınmaq məqsədi ilə özünə yetirmişsə; -əgər şəhadətləndirilən şəxsin xəstəliyi hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra yaranmışsa və xəstəliyin başlanğıcını hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət dövrünə aid etməyə əsas yoxdursa. Yuxarıda qeyd olunan normaların məzmunundan aydın olur ki, hərbi qulluqçuların şəhadətləndirilməsi üzrə müvafiq qərarın qəbul olunması hərbi-həkim komissiyasının səlahiyyətindədir. Xəstəliyin səbəbli əlaqəsi ç) «Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır» qərarı əsasən xəstəlik: 1. hərbi xidmət keçmə dövründə yarandığı, 2. hərbi xidmətə daxil olana qədər yaransa da xəstəlik hərbi xidmət dövründə xidmətə yaralılıq kateqoriyasını dəyişən dərəcəyə çatdığı, 3. xəstəliyin başlanğıcının hərbi xidmət dövründə yaranmaqla hərbi xidmət başa çatdıqdan 1 il ərzində təyin edilmiş xəstəlik olduğu halda qəbul edilir. Xəstəliyin səbəbli əlaqəsi e) «Ümumi xəstəlikdir» qərarının təyin edilməsi üçün xəsətlik: 1. hərbi xidmətə daxil olana qədər yaranmalı, hərbi xidmət dövründə xidmətə yararlılığın dəyişən dərəcəyə çatmamalı, 2. şəxs hərbi xidmətdən yayınmaq məqsədilə özünə xəsarət yetirməli; 3. başlanğıcı hərbi xidmət dövrünə aid edilməyən, hərbi xidmət başa çatdıqdan sonra aşkar olunan xəstəlik olmalıdır. Hazırkı işin faktiki hallarından müəyyən olunur ki, iddiaçı xx.xx.2009-cu ildən müddətdən artıq hərbi xidmətdə olmuşdur. Xəstəlik ilk dəfə 2023-cü ilin dekabr ayında hərbi hissədə “Sol diz qapağının şişkinliyi, qançırı və çatı” diaqnozu ilə müayinə zamanı aşkar edilmişdir. İddiaçıda aşkar olunmuş diaqnozun dəqiqləşdirilməsi ilə bağlı Respublika QİÇS-lə Mübarizə Mərkəzinə göndərilmiş, qan nümunəsinin nəticəsi müsbət olduğundan xx.xx.2024-cü il tarixdə qeydiyyata götürülmüşdür. Daha sonra Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Poliklinikasının xx.xx.2024-xx.xx.2024-cu il tarixlərdə müayinə və müalicədə olmuş, nəticədə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2019-cu il tarixli qərarı ilə tibbi şəhadətləndirilmiş, onda aşkar olunmuş insanın immunçatışmazlığı virusu ilə yoluxma diqanozu xəstəliyin səbəbli əlaqəsi «Ümumi xəstəlikdir» qeyd edilməklə sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmiş, xx.xx.2024-cü ildən hərbi xidmətdən ehtiyata buraxılmışdır. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, hazırkı iş üzrə iddiaçıda aşkar olunmuş xəstəliyin səbəbli əlaqəsinin e) “ümumi xəstəlik” kimi seçilməsinin yuxarıda qeyd edilən əsasları müəyyən olunmur. Belə ki, iddiaçının insanın imumunçatışmazlığı virusu ilə yoluxmasının məhz hərbi xidmət dövründə baş verməsinin sübutudur ki, iddiaçı hələ 2009-cu ildə müddətdən artıq hərbi xidmətə qəbul edilərkən tibbi müayinədən keçmiş və onda qeyd edilən xəstəlik aşkar edilməmiş, iddiaçı sağlam şəkildə hərbi xidmətə qəbul edilmişdir. Eyni zamanda təqdim olunmuş tibbi sənədlərdən də müəyyən olunur ki, iddiaçı xidmət etdiyi dövrdə səhhəti ilə bağlı xidmət etdiyi hərbi hissənin tibb məntəqəsinə müraciət etməmiş, tibbi şəhadətləndirilməmişdir. Cavabdehin xəstəlik haqqında şəhadətnaməsində də iddiaçıda xəstəliyin 2023-cü ilin dekabr ayında hərbi qulluqçunun müayinəsi zamanı aşkar olunduğu qeyd edilmişdir. İddiaçının qeyd edilən xəstəliyi hərbi xidmətə qəbul edilənədək aldığı sübut olunmur. Eyni zamanda iddiaçıda başlanğıcı hərbi xidmət dövrünə aid edilməyən və hərbi xidmət başa çatdıqdan sonra yaranmış xəstəlik aşkar olunmamışdır. Qeyd edildiyi kimi iddiaçıda xəstəlik bilavasitə hərbi xidmət dövründə aşkar edilmiş, bundan sonra iddiaçı xəstəliyə görə ehtiyata buraxılmışdır. Beləliklə, iddiaçıda aşkar olunmuş xəstəliyin hərbi xidmət keçmə dövründə yarandığının müəyyən olunması xəstəliyin səbəbli əlaqəsinin ç) «Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır» kimi qeyd olunması nəticəsinə gəlməsinə əsas verir. İPM-in 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsaəsn, iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə hesab edir ki, hazırkı mübahisə inzibati orqanın diskresion səlahiyyətlərinin qanunauyğun tətbiq edilməməsi ilə (tətbiq edilməsindən imtina ilə) bağlıdır və məhkəmə araşdırmasının nəticəsinə görə konkret qərarın qəbul edilməsi mümkündür. Göstəilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı “İnsanın immun çatışmazlığı virusu ilə yoluxma” diaqnozunun “Ümumi xəstəlik” səbəb əlaqəsinin dəyişdirilərək “Xəstəlikdir, hərbi xidmət dövründə almışdır” kimi qeyd edilərək yenidən şəhadətləndirilməsi öhdəliyi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə qoyulmalıdır. İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir (24.3). İPM-in: -52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı barəsində verilmiş xx.xx.2024-cü il tarixli, 1210 nömrəli “Xəstəlik haqqında şəhadətnamə”də göstərilən “İnsanın immun çatışmazlığı virusu ilə yoluxma” xəstəliyinin səbəb əlaqəsinin “Ümumi xəstəlik”dən dəyişdirilərək “Xəstəlikdir, hərbi xidmət dövründə almışdır” kimi göstərilməsi vəzifəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar