Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7585/2024 12.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “mənəvi zərərin və əldən çıxmış fayda kimi maddi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi X2, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “əldən çıxmış fayda kimi maddi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (bundan sonra mətndə Dövlət Vergi Xidməti) qarşı, сavabdehin üzərinə İddiaçı MMC-nin ƏDV sub-hesabında əməliyyatların aparılmasına yaradılmış məhdudiyyətin aradan qaldırılması, həmçinin digər şəxslər tərəfindən İddiaçı MMC-nin ƏDV sub-hesabına ödəniş edilən zaman elektron sistemdə qeyd edilən “Bu vergi ödəyicisi İddiaçı MMC VÖEN “**********” əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunur.” yazısının silinməsi və müəssisənin işləyə bilmədiyi müddətdən hazırkı dövrədək-10 mart 2020-ci ilədək əldən çıxmış faydaya görə 110809.13 manat, o cümlədən işgüzar nüfuza dəymiş ziyana görə 50000 (əlli min) manat məbləğində vəsaitlərin (ümumilikdə 160 809.13 manatın) İddiaçı MMC-nin bank hesabına köçürülməsi öhdəliklərinin qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC Azərbaycan Respublikası Vergilər Nazirliyində dövlət qeydiyyatına alınmaqla hüquqi şəxs kimi, öz nizamnaməsinə və qüvvədə olan qanunvericiliyə əsasən tikinti fəaliyyəti ilə məşğul olur. 30 dekabr 2018-ci il tarixdən digər müəssisələr müvafiq olaraq ƏDV depozit hesabına köçürmə edən zaman İnternet Vergi İdarəsində “Bu vergi ödəyicisi "xxxx" MMC VÖEN “**********” əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunur.” yazısı qeyd edildiyi müəssisəyə bildirildi. Yazı hələdə olduğu kimi sistemdə ortaya çıxır və işgüzar nüfuzuna ciddi ziyan dəyir. Maliyyə itkilərinə məruz qalır. Qanunvericiliyə əsasən İnternet Vergi İdarəsinin fəaliyyətini Dövlət Vergi Xidməti həyata keçirir və cavabdehlik daşıyır. "MANAR-QALA” MMC-nin əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlarla məşğul olan şəxs olması faktının sübuta yetirilmədən və ya bu cür şübhənin olduğu təqdirdə müvafiq araşdırmanın aparımaması, cinayət işinin başlanmaması bu cür məlumatın qeyd edilməsini qanunvericiliyə əsasən tamamilə yalnışdır və böhtan xarakeri daşıyır. Çünki, əmtəəsiz maliyyə əməliyyatları aparılması ARnın Cinayət Məcəlləsinə əsasən cinayət məsuliyyətinə səbəb olur və bu faktın olması ehtimalı varsa, müvafiq qaydada cinayət işi başlanılmalı və araşdırılmalıdır. Lakin bu barədə heç bir qərar və sübut olmadığı halda vergi orqanı tərəfindən bu cür ittihamla təqsirləndirilmək özü məsuliyyətə səbəb olan haldır, qanunvericiliyin tələblərinin pozulmasını və qərəzli yanaşmanı sübut edir. Həmçinin “MANAR-QALA" MMC-nin ƏDV sub-hesabında olan vəsaitin hərəkəti də qanunsuz olaraq məhdudlaşdırılmışdır ki, bu da qanunvericiliyə əsasən tamamilə qanunsuzdur. Müəssisənin ƏDV sub-hesabına məhdudiyyət yalnız qanunvericilikdə nəzərdə tutulduğu halların mövcud olması ilə həyata keçirilə bilər ki, bu da müvafiq qərar əsasında həyata keçirilir. Halbuki, bu cür qərar qəbul edilmədən müəssisənin ƏDV sub-hesabına məhdudiyyət qoyulmuşdur ki, bu da Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2007-ci il tarixli 219 saylı qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron vergi hesab fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi qaydaları”na tamamilə ziddir. Bütün bunlar müəssisənin işgüzar nüfuzuna, fəaliyyətinə ciddi şəkildə ziyan vurur. Beləki, hal-hazırda alğı-satqı etdiyi müəssisələr ƏDV sub-hesabına köçürmələr həyata keçirməkdən imtina edir, müəssisə ilə əməkdaşlıq etmək istəmirlər. Müəssisəni fəaliyyətində yaranmış bu problemlərə görə müəssisə əldə edə biləcəyi gəlirdən məhrum olur. Belə ki, müəssisənin 2018-ci il tarixində mənfəəti 92770.48 manat olmuşdur. Qeyd olunan qanunsuz əməllərdən sonra müəssisənin fəaliyyəti dayanmış, mənfəət əldə edə bilməmişdir və ƏDV sub-hesaba qoyulmuş məhdudiyyət və sistemdə ortaya çıxan əsassız yazının qeyd olunduğu 2018-ci ilin 30 dekabr tarixindən hazırkı dövrədək - 1 il 2 ay 10 gün müddətində müəssisə (14x7730.87) + 2576.95 = 110 809.13 manat əldə edə biləcəyi mənfəətdən məhrum edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2020-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh Dövlət Vergi Xidmətinin iddia tələbinə dair yazılı mülahizəsi məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizələri (etirazı): Cavabdeh Dövlət Vergi Xidmətinin iddia tələbinə dair yazılı mülahizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ƏDV sub-hesabına əməliyyatların aparılmasında yaradılmış məhdudiyyətin aradan qaldırılması, həmçinin digər şəxslər tərəfindən İddiaçı MMC-nin sub-hesabına ödəniş edilən zaman elektron sistemdə qeyd edilən “Bu vergi ödəyicisi İddiaçı (VÖEN: **********) əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunur” yazısının silinməsi və müəssisənin işləyə bilmədiyi müddətdən hazırkı dövrədək - 10 mart 2020-ci ilədək, əldən çıxmış faydaya görə 110.809,13 manat, o cümlədən işgüzar nüfuza dəymiş ziyana görə 50.000,0 manat məbləğində vəsaitin (ümumilikdə 160.809,13 manat) iddiaçının bank hesabına köçürülməsi öhdəliklərinin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-254/2022 nömrəli qərarı ilə iddia tələbi ƏDV sub-hesabında əməliyyatların aparılmasına yaradılmış məhdudiyyətin aradan qaldırılaraq, iddiaçı “MANAR-QALA" MMC-nin riskli vergi ödəyiciləri siyahısından çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində təmin edilmişdir. Lakin həmin qərardan cavabdehin verdiyi apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılmış və həmin məhkəmənin xx.xx.2022-ci il tarixli 2- 1(103)-2087/2022 qərarı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı “iddiaçı "xxxx" MMC-nin riskli vergi ödəyiciləri siyahısından çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsində ləğv edilmiş, digər şəxslər tərəfindən "xxxx" MMC-nin ƏDV sub-hesabına ödəniş edilən zaman elektron sistemdə qeyd edilən “Bu vergi ödəyicisi İddiaçı (VÖEN: **********) əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunur” yazısının silinməsi vəzifəsi cavabdeh üzərinə qoyulmuş və qalan hissədə qərar dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan cavabdeh və ya iddiaçı tərəfindən kassasiya şikayəti verilməmiş və qərar qanuni qüvvəsini almışdır. Həmçinin Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə iddiaçının “müəssisənin işləyə bilmədiyi müddətdən hazırkı dövrədək -10 mart 2020-ci ilədək, əldən çıxmış faydaya görə 110.809,13 manat, o cümlədən işgüzar nüfuza dəymiş ziyana görə 50.000,0 manat məbləğində vəsaitin (ümumilikdə 160.809,13 manat) iddiaçının bank hesabına köçürülməsi öhdəliyinin cavabdehin üzərinə” qoyulması hissəsində iddia tələbi mümkün sayılmamışdır. İddiaçının həmin qərardaddan verdiyi apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılaraq xx.xx.2023-cü il tarixli 2-1(103)-638/2023 nömrəli qərardad qəbul edərək şikayəti təmin etməmiş və Bakı İnzibati Məhkəməsinin xx.xx.2022ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin qərardaddan iddiaçı kassasiya şikayəti vermiş və Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)2522/2023 nömrəli qərardadı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilərək işə təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi xx.xx.2024-cü il tarixli 2-1(103)- 1440/2024 nömrəli qərardadla iddiaçının apellyasiya şikayətini qismən təmin edərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadını ləğv etmiş və işə təkrar baxılması üçün birinci instansiya məhkəməsinə qaytarmışdır. Hazırda iddiaçının tələbinə Bakı İnzibati Məhkəməsi tərəfindən “müəssisənin işləyə bilmədiyi müddətdən hazırkı dövrədək (xx.xx.2020-ci ilədək) əldən çıxmış faydaya görə 110.809,13 manat, o cümlədən işgüzar nüfuza görə dəymiş ziyana görə 50.000 manat məbləğində vəsaitlərin İddiaçı MMC-nin bank hesabına köçürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına” dair hissəsində baxılır. İddiaçı həmin tələbi ilə bağlı, yəni dəymiş zərərlə bağlı uzunmüddətli məhkəmə baxışları zamanı heç bir sübut təqdim edə bilməmiş, iddiaya dair qanunvericiliklə əsaslandırılmış dəlillər gətirə bilməmişdir. İndiyədək istinad etdiyi gəlir sənədləri ilə ona dəymiş ziyan arasında olan əlaqənin nədən ibarət olmasını, belə bir zərər dəydiyi halda cavabdehin hansı hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verdiyini sübut edə bilməmişdir. Belə ki, iddiaçı öz şikayətində müəssisənin fəaliyyətinin dayandırıldığını və bu səbəbdən xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əldən çıxmış faydaya görə 110.809,13 manat, o cümlədən işgüzar nüfuza dəymiş ziyana görə 50.000,0 manat məbləğində kompensasiyanın ödənilməsini Dövlət Vergi Xidmətinin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Lakin qeyd etməliyik ki, uçot baza məlumatlarına əsasən vergi ödəyicisinin fəaliyyəti xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək aktiv olmuş, xx.xx.2019-cu il tarixdə təqdim etdiyi arayış əsasında fəaliyyəti dayandırılmış, lakin xx.xx.2019-cu il tarixdə bəyannamə təqdim etdiyinə görə fəaliyyəti yenidən aktivləşdirilmiş və xx.xx.2020-ci ilədək aktiv olaraq qalmışdır. Bu isə öz növbəsində vergi ödəyicisinin məhkəməyə yanlış məlumat təqdim etdiyini və onun iddiasının əsassız olaraq maddi mənfəət əldə etmək məqsədi daşıdığını göstərir. Həmçinin iddiaçının dəymiş ziyanın əvəzi olaraq 160.809,13 manat pulun ödənilməsi tələbi barədə təkrar olaraq bildiririk ki, öz iddia tələbində, o cümlədən apellyasiya şikayətində də iddiaçı hansı hərəkətlər nəticəsində zərərin dəyməsi, bu hərəkətlərlə dəymiş zərər arasında səbəbli əlaqə, habelə zərərin dəyməsini əsaslandıran dəlillər və sübutlar qeyd edilməmişdir. Bundan başqa, Ali Məhkəmə tərəfindən işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasına, o cümlədən Bakı Apellyasiya Məhkəməsi tərəfindən işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasına əsas olan hal prosessual qanunvericiliyin normalarının yanlış tətbiqi olmuşdur. Yuxarı instansiya məhkəmələri tərəfindən iddia tələbinin hazırda baxılan hissədə əsaslılığı barədə hər hansı mülahizələri olmamışdır. Göründüyü kimi, İddiaçı MMC-nin iddia tələbi baxılan hissədə əsassız və qanunvericiliyinin tələblərinə tamamilə zidd olduğundan rədd edilməlidir. Tərəflərin iştirakı və izahatları: İddiaçı -nin nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Dövlət Vergi Xidmətinin nümayəndəsi X4 iddianı qəbul etməyərək və iddia tələbinə dair yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş üzrə qəbul edilmiş məhkəmə aktları: Bakı İnzibati Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2-1(112)-254/2022 nömrəli qərarı ilə iddia təmin edilərək, İddiaçı MMC-nin ƏDV sub-hesabında əməliyyatların aparılmasına yaradılmış məhdudiyyətin aradan qaldırılaraq, İddiaçı MMC-nin riskli vergi ödəyiciləri siyahısından çıxarılması vəzifəsinin cavabdeh Dövlət Vergi Xidmətinin üzərinə qoyulması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2-1(112)-254/2022 nömrəli qərardadı ilə “müəssisənin işləyə bilmədiyi müddətdən hazırkı dövrədək-10 mart 2020-ci ilədək əldən çıxmış faydaya görə 110809.13 manat, o cümlədən işgüzar nüfuza dəymiş ziyana görə 50000 (əlli min) manat məbləğində vəsaitlərin (ümumilikdə 160809.13 manatın) İddiaçı MMC-nin bank hesabına köçürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində mümkün sayılmamışdır. Həmin qərardan narazı qalan cavabdeh inzibati orqan tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2087/2022 saylı, 21 sentyabr 2022-ci il tarixli qərarı ilə cavabdeh Dövlət Vergi Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-254/2022 saylı 03 mart 2022-ci il tarixli qərarı qismən, “iddiaçı “Manar-Qala MMC”-nin riskli vergi ödəyiciləri siyahısından çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsində ləğv edilməsi, həmin hissədə iddianın iddiaçının hüquqi marağı və tələbinə uyğun olaraq təmin edilməsi, digər şəxslər tərəfindən “Manar-Qala MMC”-nin ƏDV sub-hesabına ödəniş edilən zaman elektron sistemdə qeyd edilən “Bu vergi ödəyicisi “Manar-Qala MMC” VÖEN “**********” əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunur” yazısının silinməsi vəzifəsinin cavabdeh Dövlət Vergi Xidmətinin üzərinə qoyulması, qərarın qalan hissədə (birinci tələbə münasibətdə) dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, № 2- 1(103)-638/2023 saylı qərardadı ilə apellyasiya şikayətinin təmin edilməməsi və Bakı İnzibati Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2-1(112)-254/2022 saylı qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, № 2-1(102)-2522/2023 saylı qərarı ilə iddiaçının kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 iyun 2023-cü il tarixli, 2- 1(103)-638/2023 nömrəli qərardadının ləğv edilməsi və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, № 2- 1(103)-1440/2024 qərardadı ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2-1(112)-254/2022 saylı qərardadının ləğv edilməsi və işin sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, № 2- 1(103)-1440/2024 qərardadında göstərilmişdir ki; - Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(103)- 2522/2023 nömrəli qərarında qeyd edilmişdir ki, iddiaçının tələbi iki hissədən ibarətdir: 1) İddiaçı MMC-nin ƏDV sub-hesabında əməliyyatların aparılmasına yaradılmış məhdudiyyətin aradan qaldırılması, həmçinin digər şəxslər tərəfindən "xxxx" MMC-nin ƏDV sub-hesabına ödəniş edilən zaman elektron sistemdə qeyd edilən “Bu vergi ödəyicisi İddiaçı MMC VÖEN “**********” əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunur.” yazısının silinməsi - öhdəliyin icrası haqqında iddia növünə aid, 2) Müəssisənin işləyə bilmədiyi müddətdən hazırkı dövrədək 10 mart 2020-ci ilədək əldən çıxmış faydaya görə 110 809.13 manat, o cümlədən işgüzar nüfuza dəymiş ziyana görə 50 000 (əlli min) manat məbləğində vəsaitlərin (ümumilikdə 160 809.13 manatın) İddiaçı MMC-nin bank hesabına köçürülməsi - inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı iddia növünə aiddir - İddia tələbinin birinci hissəsi birinci instansiya məhkəməsi tərəfindən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsi isə qərarı qismən, “iddiaçı “Manar-Qala MMC”-nin riskli vergi ödəyiciləri siyahısından çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsində ləğv etmiş, həmin hissədə iddianın iddiaçının hüquqi marağı və tələbinə uyğun olaraq təmin etmiş, digər şəxslər tərəfindən “Manar-Qala MMC”-nin ƏDV sub-hesabına ödəniş edilən zaman elektron sistemdə qeyd edilən “Bu vergi ödəyicisi “Manar-Qala MMC” VÖEN “**********” əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunur” yazısının silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmuşdur - Göründüyü kimi iddianın birinci hissəsi iddiaçının hüquqi marağı və tələbinə uyğun olaraq təmin edilmişdir. - Apellyasiya məhkəməsi iddianın ikinci hissəsini mümkün saymamışdır.Həmin nəticəyə gələrkən mövqeyini onunla əsaslandırmışdır ki, subsidiarlıq yalnız İPM-in 36.4-cü maddəsinə uyğun olaraq müəyyən etmə və ya tanınma haqqında iddia növü üçün nəzərdə tutulmuşdur. - Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin həmin mövqeyini əsaslı hesab etmir. Belə ki, iddianın birinci hissəsinin öhdəliyin icrası haqqında iddia növünə aid olması işin mübahisəsiz halıdır. - İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - Eyni zamanda həmin Məcəllənin 37-ci maddəsində göstərilib ki, bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. - Göründüyü kimi, hazırkı halda iddiaçının tələbi bir-biri ilə əlaqəlidir və bir cavabdehə qarşı yönəlib. Həmçinin prosessual qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına görə, öhdəliyin icrası haqqında iddialarda iddiaçı əsas tələbi ilə yanaşı vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, hər iki tələbin bir icraat çərçivəsində baxılmasında hər hansısa bir prosessual maneə yoxdur. - Məhkəmə Kollegiyası hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(103)-2522/2023 nömrəli qərarında iddianın mümkünlüyü ilə bağlı hüquqi mövqeyini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2- 1(112)-254/2022 saylı qərardadı ləğv edilərək iş sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. İPM-nin 87.9-cu maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Dövlət Vergi Xidməti tərəfindən verilmiş 14 noyabr 2024-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, № 2-1(103)-2087/2024 qərarının icrası ilə bağlı digər şəxslər tərəfindən "xxxx" MMC-nin ƏDV sub-hesabına ödəniş edilən zaman elektron sistemdə qeyd edilən “Bu vergi ödəyicisi “Manar Qala MMC” VÖEN “**********1” əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunur” yazısının silinməsi təmin edilmişdir. "xxxx" MMC-nin ƏDV sub – hesabında əməliyyatlar aparılması ilə bağlı məhdudiyyətin mövcudluğu müəyyən edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi ... Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. ... Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. … Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu ... Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. ... Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maddə 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Məhkəmənin mövqeyi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı və məqsədi müəssisənin işləyə bilmədiyi müddətdən hazırkı dövrədək-10 mart 2020-ci ilədək əldən çıxmış faydaya görə 110809.13 manat, o cümlədən işgüzar nüfuza dəymiş ziyana görə 50000 (əlli min) manat məbləğində vəsaitlərin (ümumilikdə 160809.13 manatın) ödənilməsinə nail olmaqdan ibarətdir. Başqa sözlə desək, iddiaçı onun işgüzar nüfuza dəymiş ziyana görə 50000 (əlli min) manat məbləğində zərərin və əldən çıxmış faydaya görə 110809.13 manat məbləğində maddi ziyanın ödənilməsinə nail olmaqdan ibarətdir. Məhkəmə ilkin olaraq iddia tələbinin hüquqi əsası ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, şəxsin ona vurulmuş ziyanın əvəzinin ödənilməsini tələb hüququ onun qanuni mülkiyyət və ya istifadə hüququndan irəli gəlməlidir. Yalnız mülkiyyət və ya qanuni istifadə hüququna müdaxilə nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsi tələb oluna bilər. Belə ki, yuxarıda istinad olunan normaya görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda istinad olunan istinad olunan maddəyə əsasən,inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə əsasən zərər dedikdə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Başqa sözlə desək, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Vurulmuş maddi zərərlə bağlı məhkəmə qeyd edir ki, yuxarıda istinad olunmuş normaya əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Bundan başqa, mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla, hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; 2) törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; 3) zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir. İstinad olunan norma anlamında inzibati orqanın mülki məsuliyyətinin yaranması üçün aşağıdakı şərtlərin birlikdə və eyni zamanda mövcud olması tələb olunur: inzibati orqan tərəfindən şəxsə münasibətdə qərarın (inzibati aktın) qəbul olunması (yaxud da hərəkət və ya hərəkətsizlik edilməsi); həmin qərarın (inzibati aktın, yaxud da hərəkət və ya hərəkətsizliyin) qanunsuz olması; inzibati orqanın qanunsuz inzibat aktı (hərəkət və ya hərəkətsizliyi) nəticəsində şəxsə ziyan vurulması. Məhkəmə diqqətə çatdırır ki, maddi və mənəvi zərərin tutulmasının əsasları bir birindən fərqlidir. Belə ki, qanunvericiliyin tələbi baxımından maddi zərərin ödənilməsi barədə iddianın təmin edilməsi üçün məhkəmələr tərəfindən cavabdehin əməli nəticəsində maddi zərər tələb edən şəxsin qanunla qorunan hüququnun pozulması, ona real zərər və ya əldən çıxmış fayda formasında maddi zərər dəyməsi, həmin zərərin məbləği və eyni zamanda onun hüquqlarının pozulması nəticəsində maddi zərərin yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Başqa sözlə desək, maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün həmin zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir. Eyni zamanda, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün də qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxs mülki məsuliyyətə cəlb edilə bilməz. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olubolmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə iddia tələbininin dəlillərini cavabdehin qanunsuz hərəkətləri nəticəsində maddi ziyanın tutulması hissəsində əsassız hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya maddi zərər dəyməsi sübuta yetmir. Belə olduqda, iddiaçı zərərin əvəzini tələb etmək hüququna malik olmur. İddiaçının cavabdehin qanunsuz hərəkətinə görə hüququnun pozulması, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər də öz təsdiqini tapmır. Məhkəmə qeyd edir ki, iddia ərizəsində vurulduğu irəli sürülən maddi zərərin cavabdehin hərəkət, yaxud hərəkətsizliyi nəticəsində vurulması, cavabdehin hərəkəti (hərəkətsizliyi) ilə vurulduğu güman edilən zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olması, sübut olunmur. Lakin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər bir halda maddi məsuliyyətin mövcudluğu üçün yuxarıda adıçəkilən müddəalardan da göründüyü kimi maddi zərərin mövcudluğu, yəni iddiaçının istinad etdiyi məbləğin maddi zərər altında vurulması real olaraq təqdim edilən sübutlarda öz əksini tapmalıdır. İddiaçı isə həmin halları sübut edə bilməmişdir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə əsas kimi gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2076/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “İddia tələbinin maddi zərərin ödənilməsi ilə bağlı hissəsinə münasibətdə qeyd olunmalıdır ki, hazırkı qərarın 26-cı bəndində göstərilən Konstitusiya Məhkəməsi Plenumunun mövqeyindən göründüyü kimi, Mülki Məcəllənin 21 və 23-cü maddələri yalnız real zərərin əvəzinin ödənilməsini nəzərdə tutur. 39. İşə apellyasiya instansiyası məhkəməsində baxılarkən iddiaçı ona vurulmuş maddi zərər və əldən çıxmış fayda barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, beləliklə real zərərin mövcudluğu öz təsdiqini tapmamışdır.” Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2076/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarında da göstərilmişdir ki, “Cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya zərər dəyməsi sübuta yetmir. Belə olduqda, iddiaçı zərərin əvəzini tələb etmək hüququna malik olmur. İddiaçının cavabdehin qanunsuz hərəkətinə görə hüququnun pozulması, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər də öz təsdiqini tapmır.” Məhkəmə diqqətə çatdırır ki, Ali Məhkəmənin formalaşmış təcrübəsindən də göründüyü kimi, qanunvericilik yalnız real zərərin əvəzinin ödənilməsini nəzərdə tutur ki, real zərərinin mövcudluğunu sübut etmək zərərin yaranmasını iddia edən şəxsin (iddiaçının) üzərinə düşür. İddiaçı isə heç bir sübut təqdim etmədən əldən çıxmış faydaya görə 110809.13 manat məbləğində zərərin ona vurulduğunu qeyd edir ki, həmin məbləğin necə yarandığını sübut etmək iddiaçının vəzifəsi olmuşdur. Məhkəmə iddia tələbinin işgüzar nüfuzuna dəymiş zərərin yəni, mənəvi zərər hissəsinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsi barədə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında göstərilmişdir ki: “Mülki Məcəllənin 23-cü maddəsində mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Qərardan göründüyü kimi, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Bundan başqa, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “mənəvi zərərin ödənilməsi” barədə hüquqi mövqeyindən göründüyü kimi, sözügedən iddia o zaman təmin edilə bilər ki, cavabdehi hərəkət və ya hərəkətsizliyi ilə iddiaçıya vurulmuş mənəvi zərər arasında səbəbli əlaqə müəyyən edilmiş olsun. İşə məhkəmədə baxılarkən isə belə əlaqə müəyyən edilməmişdir. İddiaçı cavabdehin hərəkətləri nəticəsində iztirab keçirdiyini, bu səbəbdən mənəvi zərər tələbinin əsaslı olduğunu qeyd etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Ali Məhkəmə Plenumunun göstərilən qərarında qeyd edilmişdir ki, şəxsin iztirab keçirməsi dedikdə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. İşin məhkəmədə araşdırılan hallarından isə cavabdehin hərəkət və ya hərəkətsizliyi səbəbindən iddiaçının sağlamlığının pozulması, bunun nəticəsində fiziki əzab çəkməsi öz təsdiqini tapmamışdır. İşdə olan tibbi müayinə sənədləri iddiaçının məhz cavabdehin hərəkət və ya hərəkətsizliyi səbəbindən sağlamlığının pozulması ilə səbəbli əlaqəni sübut etməyə kifayət etmir. Mənəvi zərərin məbləğinə təsir edən elementlərdən biri də zərərçəkənin iqtisadi vəziyyətidir. Çünki qane olma səviyyəsi hamıda eyni deyil. Təqsirli tərəfin maddi vəziyyəti də mənəvi zərərin müəyyən edilməsində əhəmiyyətli faktorlardan biridir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində də mənəvi zərərin məbləği məsələsi həll edilərkən ölkələrin sosial-iqtisadi durumu, insanların yaşayış səviyyəsi nəzərə alınır. Həmçinin, mənəvi zərər bilavasitə zərərvuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə, mənfi psixoloji reaksiyaya səbəb olduğu üçün, hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin təsirinin azalması da labüddür. Hazırki iş üzrə cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya mənəvi zərər dəyməsi sübuta yetirilmir. Belə olduqda, iddiaçı mənəvi zərərin əvəzini tələb etmək hüququna malik olmur. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-7585/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7585/2024
12.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver