Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7595/2024 15.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakları ilə, iddiaçının cavabdehə qarşı “yaşa görə əmək pensiyasının təyin olunması” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2023-cü il tarixdən, 65 yaşından yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2022-ci ildən xx.xx.2024-cü il tarixədək 3-cü qrup əlilliyə görə sosial müavinat almış, sonradan əlilliyi dayandığı üçün ona əlilliyə görə müavinat verilməmişdir. İddiaçının xx.xx.2023-cü ildə 65 yaşı tamam olmuş və həmin tarixdən ona yaşa görə sosial müavinat təyin edilmişdir. İddiaçı hesab edir ki, hərbi xidmətdə olduğu 2 il müddət nəzərə alınmaqla onun 26 il 8 ay sığorta stajı və 17945,77 manat pensiya kapitalı vardır. Beləliklə də onun ümumilikdə hərbi xidmət dövrü nəzərə alınmaqla 27 ilə yaxın iş stajının olmasını təsdiq edən əmək kitabçası olmasına baxımayaraq cavabdeh əsassız olaraq onun əmək stajını nəzərə almayaraq ona yaşa görə əmək pensiyası təyin etməmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaçının tələbinə etiraz edilərək bildirilmişdir ki, İddiaçı tələb olunan 25 il sosial sığorta stajı və pensiya kapitalı olmadığına görə müraciətinin müsbət həlli mümkün olmamışdır. İş materiallarından aydın olur ki, iddiaçının sənədlərinin surətlərinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən (xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olduğu müddətdə nəzərə alınmaqla) ümumi sığorta stajı 16 il 6 ay 14 gün təşkil edir. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 13 il 11 ay 14 gün sığorta stajına uyğun olaraq 12924,89 manat, xx.xx.2019-cu il tarixdən 01,03.2022-ci il tarixədək 5020,88 manat olmaqla ümumilikdə 17945,77 manat təşkil edir ki, bu məbləğ pensiya yaşı tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 40320,00 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280,00 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin bildirilmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1992-ci il tarixdən xx.xx.2001-ci il tarixədək "xxxx" sığorta kompaniyasında və xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixədək BƏSMİ 3 saylı internat evində əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli aktına əsasən "xxxx" sığorta kompaniyasının hüquqi və faktiki ünvanı, o cümlədən arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün xx.xx.1992-ci il tarixdən xx.xx.2001-ci il tarixədək olan dövr üzrə iddiaçının əmək haqqı alıb-almadığını müəyyənləşdirmək mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən təqdim etdiyi əmək kitabçanın surətində qeyd edilmiş xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək (işə daxilolma və işdən çıxma əmri yoxdur) və xx.xx.1992-ci il tarixdən xx.xx.2001-ci il tarixədək (işdən çıxma zamanı qeydlər rus dilində yazılıb) olan dövrlərin doldurulma qaydası pozulduğu üçün sözügedən dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Əiavə olaraq bildirilir ki, sözügedən dövrlər üzrə əmək fəaliyyətini təsdiq edən zəruri sənədiəri (əmək haqqı cədvəlləri və əmr kitablarından çıxarış) DOST Mərkəzlərinə təqdim etməklə təkrar müraciəti əsasında həmin dövrlərin sığorta stajına daxil edilməsinə qanunvericiliyə uyğun olaraq baxılacaqdır. Qeyd olunanları nəzərə alaraq, qanunla nəzərdə tutulan (25 il) sığorta stajı olmadığı üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bildirilmişdir ki, istər hazırda qüvvədə olan, istərsə də mübahisəli dövrlər üzrə qüvvədə olmuş pensiya qanunvericiliyinə görə işçiyə pensiya ödənilməsi üçün müəssisə tərəfindən müvafiq sosial sığorta ödənişi aparılması mütləqdir və yalnız bu halda iş müddəti sosial sığorta stajına daxil edilir. Hazırkı işlə əlaqədar müəssisənin MDSS üzrə hesabatları aşkarlanmadığından həmin illər sosial sığorta stajına daxil edilməmişdir. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə edərək tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri etirazda göstərilən əsasları müdafiə edərək tələbin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023 və xx.xx.2024-cü il tarixli məktublarının surətindən görünür ki, iddiaçının müraciətinə baxılaraq etirazdakı dəlillərə uyğun məzmunda imtina verilmişdir. -AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır. -xx.xx.1976-cı il tarixdən doldurulmağa başlamış 3Т-İ ******* nömrəli əmək kitabçasının tərcümə edilmiş və notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1976-cı il tarixədək Gürcüstan SSR Bolnisi rayonu Musoprnansk 8 illik məktəbində kargüzar katib, xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək Bolnisi Təmir Tikinti İdarəsində, xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək “Yubileynoe“ müəssisəsində bənna, xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Gürcüstan SSR KTN Tİİ-nin 66 nömrəli trestində fəhlə, xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Jdanov adına kolxozda, xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixədək Maddi –texniki xidmət və təminat sexinə yükləyici stropçu, xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixədək “Perepeşinskoye” İBH bəslənməsi və kökəldilməsi üzrə təsərrüfatlararası müəssisədə mərkəzi şöbənin tikinti briqadasında fəhlə, xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək Gürcüstan SSR KTİN Tİİ-nin 66 nömrəli trestində fəhlə, xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək Darvaz MKS-də avtoparkın təmirçisi, xx.xx.1987-ci il tarixdən xx.xx.1987-ci il tarixədək müqavilə üzrə inşaat sahəsində fəhlə, xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək Krasnoqvardeysk rayon Lenin adına kolxoza üzv, xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixədək Çambeçiy 7 saylı orta məktəbdə ocaqçı, xx.xx.1991-ci il tarixdən xx.xx.1991-ci il tarixədək “Kerqal” Kooperativində fəhlə, xx.xx.1992-ci il tarixdən xx.xx.2001-ci il tarixədək AC&CO sığorta şirkətində ekspert (xx.xx.1992-ci il tarixdə şirkətin adı dəyişdirilərək "xxxx" SŞ olmuşdur), xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixədək BƏSMİ 3 saylı İnternat evində fəhlə, xx.xx.2019-cu ildən xx.xx.2022-ci il tarixədək “Azərsığorta” DSŞ-nin Qaradağ rayon filialında mütəxəssis işləmişdir. -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsi publik hüquqi şəxs tərəfindən iddiaçıya verilmiş xx.xx.2024-cü il tarixli arayışa əsasən, əməkdaş İddiaçı xx.xx.2001-ci il tarixdən fəhlə vəzifəsinə işə təyin edilmişdir. (Əmr №17 §1 xx.xx.2001) Müəssisədə işçilərinin davamiyyət jurnalında əməkdaşın soyadı, xx.xx.2003-cü tarixdən xx.xx.2004-cü il tarixədək texniki səhv olaraq, Qulamov kimi qeyd edilmişdir. Əmək kitabçasında işdən çıxma ilə bağlı №13 §1 əmrdə xx.xx.2004-cü il tarixli qeyd müəssisənin əmrlər kitabında eyni nömrəli və tarixli qeydi ilə üst-üstə düşmür. Lakin əmr kitabına nəzər saldıqda, əməkdaşla əlaqədar verilən son əmr №8 §5 xx.xx.2004-cü il tarixli əmrdə məzuniyyət əmri verilmişdir. İş vaxtının uçotu tabellərinə əsasən 2004-cü il Aprel, May ayları tabellərində İddiaçı məzuniyyətdə olmuş sonradan işdən azad edilmiş kimi qeyd olunmuşdur. -İddiaçı tərəfindən 3 saylı internat evinin direktoruna ünvanlanan 30 may 2001-ci il tarixli ərizədən görünür ki, İddiaçı onu internat evinə fəhlə vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir. -Əmrlər kitabından çıxarışdan görünür ki, İddiaçı 30 may 2001-ci il tarixli 17 saylı əmrə əsasən xx.xx.2001-ci il tarixdən 3 saylı İnternat Evinə fəhlə vəzifəsinə qəbul edilmişdir. -BƏSMİ 3 saylı İnternat Evi üzrə 01 aprel 2004-cü il tarixli, 8 saylı əmrdən şıxarışdan görünür ki, X1 nasosxana qurğuları üzrə maşinist- xx.xx.2004-cü il tarixdən 25 təqvim günü hesabı ilə (21 təqvim günü. Əsas 4 təqvim günü əlavə və 25 təqvim günü , 2003-cü il gün üçün) məzuniyyətə buraxılsın. Əsas: Z.Q.Qulamovun ərizəsi. -BƏSMİ 3 saylı İnternat evi üzrə 25 may 2004-cü il tarixli, 13 saylı Əmrdən Çıxarışdan görünür ki, X1 nasosxana qurğuları maşinisti xx.xx.2004-cü il tarixdən işdən azad edilmişdir. Əsas: Z.Q.Qulamovun ərizəsi. -AR Milli Arxiv İdarəsinin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, AC&CO şirkətinin və "xxxx" sığorta şirkətinin arxiv sənədləri Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubunda "xxxx" Sığorta Şirkəti adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. Beləliklə, işin faktiki hallarından görünür ki, xx.xx.1958-ci il təvəllüdlü iddiaçı 65 yaçının tamam olduğu xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh quruma müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Cavabdeh hesab etmişdir ki, iddiaçının pensiya təyin edilməsi üçün qanunla tələb olunan sosial sığorta stajı (25 il) və pensiya kapitalı tələb olunan həddən (28800 manat) azdır. İddiaçı işlədiyi illərin sığorta stajına daxil edilməməsindən narazıdır və hazırkı ilə iddia ilə cavabdehin imtinasını mübahisələndirir. Cavabdeh iddiaçıya 16 il, 6 ay, 14 gün əmək stajı hesablamış və onun əmək kitabçasında qeyd olunmuş xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Jdanov adına Kolxozda, xx.xx.1992-ci il tarixdən xx.xx.2001-ci il tarixədək “AC and CO” sığorta şirkətində, (xx.xx.1992-ci il tarixdən həmin şirkətin adı dəyişdirildikdən sonra "xxxx" Sığorta Şirkətində) və xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixədək BƏSMİ 3 saylı İnternat evində olan əmək fəaliyyəti dövrünü nəzərə almamışdır. Cavabdeh bu qənaətini "xxxx" Sığorta Şirkətinin hüquqi və faktiki ünvanının, habelə arxiv sənədlərinin saxlanıldığı ünvanın məlum olmaması ilə əlaqədar iddiaçının həmin dövrlərdə əmək haqqı alıbalmadığının müəyyənləşdirilə bilinməməsi ilə, digər mübahisəli əmək fəaliyyəti dövrü ilə bağlı isə əmək kitabçasının doldurulması qaydalarının pozulması ilə əsaslandırmışdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (İİİ hissə). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun: -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. -Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. -Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi, qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur, şəxsin: -qanunla müəyyən edilmiş pensiya yaşına çatması; -fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olması. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası” 5.2-ci bəndinə əsasən, 1 iyul 2023 - 30 iyun 2024-cü illər dövrü üzrə kişilərin yaşa görə əmək pensiyası təyin edilməsi üçün yaş həddi 65 yaş müəyyən edilmişdir. İddiaçının müəyyən olunmuş yaş həddinə çatması və qanunla tələb olunan pensiya kapitalının yığılmaması tərəflər arasında mübahisələndirilmir. İş materiallarından da görünür ki, İddiaçı xx.xx.1958-ci il tarixdə doğulmuşdur. İddiaçının 65 yaşı xx.xx.2023-cü ildə tamam olmuşdur. İddiaçı mübahisə açmasa belə, məhkəmə araşdırması ilə iddiaçının fərdi hesabının sığorta hissəsində minimum əmək pensiyasının təyin edilməsinə imkan verən pensiya kapitalının da toplanmadığı müəyyən edilmişdir. İşin yeganə mübahisələndirilən məsələsi iddiaçının sosial sığorta stajı ilə bağlıdır. Bununla əlaqədar məhkəmə bildirir ki, istinad olunan Qaydanın 4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə qeyd edir ki, mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin maddənin 8-ci hissəsinə əsasən, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69.1-ci maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Həmçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən də işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları”nın 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 4.1.3-cü bəndinə əsasən Qanunun 7-ci maddəsinə uyğun olaraq yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: -Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;... Normaların tələblərindən göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alındığı halda, 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün onların ümumi iş stajı əsas götürülür və həmin iş stajı işçinin əmək kitabçasının məlumatlarına əsasən müəyyən edilir. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halların (inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunun) təsdiqi üçün sübut qismində əmək kitabçasını təqdim etmişdir. Göstərilənləri hazırkı işin hallarına tətbiq edərək məhkəmə hesab edir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasının surətinə əsasən iddiaçı xx.xx.2023-cü il tarixə tələb olunan 25 ildən də artıq ümumi iş stajını toplamışdır. Belə ki, iddiaçının əmək kitabçasında qeyd olunan xx.xx.1992-ci il tarixdən xx.xx.2001-ci il tarixədək “AC and CO” və "xxxx" Sığorta Şirkətində (09 il, 04 ay, 26 gün) əmək fəaliyyəti dövrü barədə onun əmək kitabçasında müvafiq qeydlər aparıldığından, həmin qeydlər müəssisəsinin möhürü və vəzifəli şəxsin imzası ilə təsdiqləndiyindən və cavabdeh tərəfindən həmin qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı tutarlı dəlil təqdim edilmədiyindən həmin dövr iddiaçının ümumi əmək stajına daxil edilməlidir. Ona görə də sözügedən müəssisənin arxiv sənədlərinin təhvil verilməməsi və onun əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından, bu, onun pensiya hüquqlarını məhdudlaşdıran nəticələr doğurmamalı və iddiaçının qazandığı iş stajına dair əmək kitabçasındakı qeydlərin mötəbərliyinə təsir etməməlidir. Çünki arxiv sənədlərinin saxlanılması iddiaçının deyil, işlədiyi müəssisənin rəhbərliyinin səlahiyyətində olmuşdur. Əgər məsələ sosial sığorta ödənişlərinin həyata keçirilməməsi ilə əlaqələndirilirsə, iddiaçının mübahisələndirilən xx.xx.1992-xx.xx.2001-ci illərdəki əmək fəaliyyəti 1 yanvar 2002-ci il tarixədək dövrə aid olduğundan, bu dövrün sığorta stajı kimi hesablanması üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti qoyula bilməz. Bu baxımdan da, iddiaçının əmək kitabçasında qeydiyyat aparılmış xx.xx.1992-xx.xx.2001-ci illər üzrə nəzərə alınmayan 9 il, 4 ay, 26 gün, ümumi iş stajına daxil edildikdə və cavabdeh tərəfindən mübahisələndirilməyən 16 il 6 ay 14 gün sosial sığorta stajı ilə toplandıqda iddiaçıya qanunla tələb olunan 25 ildən artıq sığorta stajı yığmağa kifayət edir (16 il 6 ay,14 gün + 09 il, 04 ay, 26 gün = 25 il, 11 ay 10 gün). Beləliklə, məhkəmənin gəldiyi nəticə belədir ki, iddiaçının əmək kitabçasında qeyd olunmuş mübahisəli xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Jdanov adına Kolxozda, xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixədək BƏSMİ 3 saylı İnternat evindəki əmək fəaliyyəti dövrü üzrə stajı nəzərə alınmasa belə, 25 il sığorta stajına malik olduğu müəyyən edildiyindən ona yaşa görə əmək pensiyası təyin edilməsindən cavabdehin imtinası qanunazidd olmuşdur. Odur ki, iddia əsaslı olduğundan təmin edilməli və İddiaçı 65 yaşının tamam olduğu 10 oktyabr 2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. «İnzibati icraat haqqında» Qanununun: -15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. -17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. -19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. -19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İPM-in: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. İddiaçı 65 yaşının tamam olduğu 10 oktyabr 2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Tural Məlikov