Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7596/2020 24.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadə, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçılar İddiaçı və X1 iştirakları ilə, İddiaçılar İddiaçı və X1 cavabdeh Binəqədi rayon İcra və Probasiya Şöbəsinə qarşı “icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi və icra işi üzrə qəbul edilmiş qərarların ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı və X2 cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-14167/2019№-li icra vərəqəsi üzrə aparılan icra hərəkətləri üzrə Binəqədi rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi və həmin icra işi üzrə qəbul edilmiş qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş üzrə iddianın mümkünlük məsələsinin həlli ilə əlaqədar məhkəmə iclası xx xxxxxx 2020-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdin nümayəndəsi nin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin mümkün sayılaraq, mülki məhkəmə mübahisəsi davam etdiyi üçün icra sənədi üzrə icraatın kassasiya instansiya məhkəməsinin yeni qərarı çıxarılana və qətnamə qanuni qüvvəsini alanadək məcburi olaraq dayandırılmasını, Bakı Apelyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-14167/2019 saylı icra vərəqəsi üzrə aparılan icra hərəkətləri üzrə Binəqədi rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi və həmin icra işi üzrə qəbul edilmiş qərarların ləğv edilməsi xahiş etdilər. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçıların izahatlarını dinləyərək, aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Kassasiya şikayətinin surətindən görünür ki, iddiaçı X5 cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “bağ evindən çıxarılma tələbinə dair” qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(001)-4496/2019 №-li qətnaməsinə əsasən (hakim N.Nəbizadə) iddia təmin edilmiş, cavabdeh İddiaçı ailə üzvləri və onlara məxsus əşyalarla birlikdə “Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin inzibati ərazisində olan torpaq sahəsinin bağ sahəsi kimi abadlaşdırmaq və yaşıllaşdırmaq üçün icarəyə verilməsi haqqında” xx xxxxxx 2006-cı il tarixli, 678 №-li müqaviləyə əsasən X4 ayrılmış Novxanı bağ massivində yerləşən 412 saylı bağ-torpaq sahəsi üzərində tikilmiş bağ evindən çıxarılması qət edilmişdir. Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(001)-4496/2019 №-li qətnaməsindən iş üzrə cavabdeh İddiaçı və iş üzrə maraqlarına toxunulan şəxs X2 hər biri ayrı-ayrılıqda ondan apellyasiya şikayəti vermişlər. Bakı Apelyasiya Məhkəməsi mülki kollegiyasınınxx xxxxxx 2019-cu il tarixli, 2(103)-14167/2019 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25iyun 2019-cu il tarixli, 2(001)-4496/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, X3 iddia tələbi təmin edilmiş, cavabdehlər İddiaçı və X1 onlara məxsus əşyalarla birlikdə X4 məxsus Novxanı bağ massivində yerləşən 412 saylı bağ sahəsində və həmin sahədə inşa edilmiş bağ evindən çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)- 14167/2019 №-li qətnaməsindən cavabdeh İddiaçı, iş üzrə maraqlarına toxunan şəxs X2 ilə birgə kassasiya şikayəti vermişlər. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli, xx/xx-35520-16saylı xəbərdarlığın surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-14167/2019-003 nömrəli xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən İddiaçı və X2 onlara məxsus əşyalarla birlikdə Novxanı bağ massivində yerləşən 412 saylı bağ sahəsi və həmin sahədə inşa edilmiş bağ evi boşaldılaraq tələbkara təhvil verilmədiyi halda qanunvericilikdə nəzərdə tutulmuş qaydada məcburi qaydada boşaldılaraq tələbkara təhvil veriləcəyi bildirilmiş, odur ki, 5 (beş) gün müddətində evin boşaldılması və tələbkar X4 təhvil verilməsi tələb olunmuşdur. Həmçinin, Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli, xx/xx-35520-16 saylı məktubun surətindən görünür ki, icra vərəqəsinin icrası xx.xx.2020-ci il tarixdə saat 11:00-a təyin edilmiş, icra yeri Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən 412 saylı bağ sahəsi ünvanı qeyd edilmişdir. Qeyd olunanlardan birmənalı olaraq göründüyü kimi, hazırki işin mübahisələndirilən halları mülki icraat qaydasında baxılan iş üzrə qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən verilmiş və cavabdeh orqanın icraatında olan icra sənədləri üzrə icra məmurunun hərəkətlərinin qanunsuz sayılması və icra məmuru tərəfindən qəbul edilən qərarının ləğvi ilə bağlıdır. Belə ki, İPM-in 1.1-ci maddəsinin tələbi baxımından, inzibati qaydada qaldırılan iddianın ilkin mümkünlük şərti inzibati hüquq münasibətlərindən yaranması təşkil edir. Konkret halda isə həmin şərt ödənilmədiyindən iddiaçının tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılması istisna edilir. Yəni, mülki icraat qaydasında baxılan iş üzrə verilmiş icra sənədi ilə başlanmış icra icraat zamanı həmin icraatın iştirakçıları tərəfindən qaldırılan hər bir məsələyə inzibati icraat çərçivəsində baxılması mümkün sayıla bilməz. İcra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən məhkəməyə şikayət verilməsi “İcra haqqında” Qanunun 87.1-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddədə göstərilir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati-iqtisadi məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair xx xxxxxxxx 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair xx xxxxxxx 2017-ci il tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi özünün aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. İddia ərizəsinin mahiyyətindən görünür ki, iddiaçılar icra məmuru tərəfindən qəbul edilən icraata başlamaq haqqında qərardan, icra məmurunun hərəkətlərindən şikayət etsələr də, son olaraq, həmin icra məmurunun verilmiş icra sənədi üzrə həyata keçirdiyi hərəkətləri qərəzli hesab edir. Məhz, “Homsbi” Yunanıstana qarşı işdə (xx xxxx 1997 40-cı bənd) Avropa Məhkəməsi qeyd etmişdir ki, “İnsan hüquqları haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan ədalətli məhkəmə araşdırılması hüququ, dinləmədən sonrakı prosedurları, məsələn, məhkəmə qərarının icrası prosedurunu da əhatə edir” Göründüyü kimi, həm daxili, həm də beynəlxalq qanunvericiliyə görə, icra sənədlərinin icra edilməsinə nəzarəti icra qurumunun rəhbəri ilə yanaşı həmin icra sənədini verən məhkəmənin özü tərəfindən həyata keçirilməlidir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da İPM-in 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir. Sözügedən fəaliyyət zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, belə deyildir. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. MPM-in 228-232-ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir. Məhkəmə qeyd edir ki, icra sənədinin icrası zamanı icra məmurunun hərəkətləri və hərəkətsizliyi inzibati hüquq sahəsinə aid olan publik xarakterli məsələlərin tənzimlənməsinə yönəlmir, qanuni qüvvəsini almış məhkəmə qərarının (qərardadının) icrası olaraq, mülki icraatda baxılan iş üzrə onun tərəflərinin həmin icraat daxilində məhkəmə müdafiəsi hüquqlarının tərkib hissəsini təşkil edir və onun davamı kimi qəbul edilir. Bu baxımından, icra orqanına qarşı onun hərəkət və hərəkətsizliyindən şikayətlərə baxılması, məhz, icra sənədini vermiş və icraya nəzarət edən məhkəmənin səlahiyyətinə aid edilməlidir. Bu səbəbdən Məhkəmə bildirir ki, yalnız icra orqanı tərəfindən icra icraatından kənara çıxarılmaqla yol verilən, icraatdan kənar şəxslərin hüquq və azadlıqlarının pozulduğu hallarda, həmin şəxslərin icra orqanının hərəkət və hərəkətsizliyindən və ya qərarlarından verdiyi şikayətlərin ümumi (publik) hüquq sahəsinə aid edilməsi və bu qəbildən olan mübahisələrə inzibati məhkəmələrə aid edilərək inzibati məhkəmə icraatı çərçivəsində baxılması mümkündür. Qeyd edilənlərin hazırki işə tətbiqi baxımından Məhkəmə hesab edir ki, cavabdehin mübahisələndirilən hərəkəti icra sənədinin birbaşa icrasına yönəlmiş hərəkət olmuşdur. Ona görə də, həmin hərəkətin hüquqlarına və qanunla qorunan maraqlarına toxunduğunu güman etdiyi halda, iddiaçı sözügedən hərəkətin qanuniliyini icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə şikayət verməklə mübahisələndirə bilər. Yuxarıda da qeyd olunduğu kimi belə iddialar inzibati mübahisə hesab edilmədikləri üçün ona inzibati məhkəmə icraatı qaydasında baxılması yol verilməzdir. İPM-in 35.1-ci maddəsinin tələbinə görə Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normaları mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia-inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, qanunla qorunan hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırılmalıdır ki, məhkəmə icraatı mümkün sayılıb baxıla bilsin. Əks təqdirdə, məhkəmə tərəfindən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Konkret halda isə hazırki iddianın inzibati məhkəmə icraatının mümkünlüyü şərtləri öz təsdiqini tapmır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəməaidiyyətinə dair”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumununxx xxxxx 2015-ci il tarixli 4 №-li Qərarının 15-ci bəndində nəzərdə tutulmuşdur: Azərbaycan RespublikasıİPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyəbaxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəməni nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədəməhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 günmüddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçılar İddiaçı və X1 cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinə qarşı “icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi və icra işi üzrə qəbul edilmiş qərarların ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-7596/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7596/2020
24.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver