Məhkəmə qərarları › İş №2-1(112)-7598/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7598/2024

24.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7598/2024 24.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədli Səidə Səfər qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin 09 fevral 2024-cü il tarixli **********2446 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin 09 fevral 2024-cü il tarixli **********2446 Qərarı (“Qərar”) ilə "xxxx" MMC-nin 891.752,45 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Bunu aşağıdakı səbəblərdən əsassız hesab edir. Belə ki, 09 fevral 2024-cü il tarixli **********2446 Qərar cavabdeh tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi ilə bağlı olsa da, bu cür yoxlamanın cavabdeh tərəfindən keçirilməsi ilə bağlı hüquqi əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən İddiaçı MMC-yə məxsus olan ünvan 1 ünvanında yerləşən obyektdə (anbarda) malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaiməfaktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə- fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək (xx.xx.2024cü il tarixi daxil olmaqla) operativ vergi nəzarəti həyata keçirilmişdir. Operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı xx.xx.2024-cü il tarixdə saat 14:00- da Baş İdarə tərəfindən İddiaçı MMC-yə məxsus olan ünvan 1 ünvanında yerləşən obyektdə (anbarda) cəmiyyət tərəfindən idxal edilmiş və daxili bazardan alınmış mallardan 7266331,47 manat dəyərində olan hissəsi 4% ticarət əlavəsi və 18% ƏDV tətbiq edilməklə Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbləri pozularaq elektron qaimə-faktura verilmədən 8917524,51 manat məbləğində malların topdan qaydada satılması faktı aşkar olunmuş və xx.xx.2024cü il tarixli 100313 nömrəli akt tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli 100313 nömrəli akt İddiaçı MMC-nin rəhbəri X4 təqdim edilmiş, MMC-nin rəhbəri aktı qəbul etmiş və imzalamışdır. Nəticədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən İddiaçı MMC-yə məxsus olan obyektdə keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında 31.01,2024-cü il tarixli 100313 nömrəli akta, eləcə də Vergi Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərin olmaması üzrə tərtib edilmiş akta və digər sənədlərə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.3-cü, 58.13-cü və 71-1-ci maddələrinin tələblərinin pozulduğu müəyyən edilmiş və İddiaçı MMC barəsində 891752,45 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır.İddiaçı MMC-nin rəhbəri X1-ixrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə təqdim etdiyi xx.xx.2024-cü il tarixli izahatda və arayışda qeyd etmişdir ki: İddiaçı MMC-yə məxsus təsərrüfat subyektləri aşağıdakılardır: 1.ünvan 1 (17001 kodlu) - anbar; 2.Qazax rayonu (42001 kodlu) - həmişə yaşıl bitkilərin və güllərin yetişdirilməsi; 3.Bakı şəhəri, Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı-Şamaxı şosesi 15-ci kilometr - qeydiyyatsız anbar. Qeyd olunan ünvanlardan başqa digər yerdə anbarı, malı, saxlanc yeri yoxdur. Satdığı malların üzərinə 4% ticarət əlavəsi qoymaqla topdan şəkildə fəaliyyət göstərir. **********35287 nömrəli qısa idxal bəyannaməsi üzrə olan malı hal hazırda gömrük ərazisindədir. MMC-nin iş vaxtı həftənin 5 günü olmaqla saat 09:00-dan 17:00-dəkdir. Müəssisə tərəfindən 8917524,51 manat (4% ticarət əlavəsi və ƏDV daxil) dəyərində olan mallar müxtəlif vergi ödəyicilərinə e-qaimə təqdim edilmədən nağd qaydada satılmışdır. İzahatı özü yazmışdır.” İddiaçı MMC-nin rəhbəri X5 da malların müxtəlif vergi ödəyicilərinə və topdan qaydada elektron qaimə-faktura təqdim edilmədən malların satılması faktını etiraf etmişdir (Vergi məcəlləsinin 58.13-cü maddəsinə əsasən, elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə - malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir). Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.63-cü maddəsinə əsasən, topdansatış - malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Həmin Məcəllənin 13.2.62-ci maddəsinə əsasən, pərakəndə satış - malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. iddiaçı tərəfin də qeyd etdiyi kimi yoxlamanın təyin edilməsi üçün əsas Vergi Məcəlləsinin 50.2.2-ci maddəsi ilə müəyyən olunmuş vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə olunan məlumatlar göstərilmişdir. Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli **********7070 nömrəli Qərarda olan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarışda” yoxlamanın təyin edilməsi üçün əsaslar vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar (Vergi Məcəlləsi, maddə 50.2.2) kimi qeyd edilmişdir. Göstərilən məlumatlar vergi orqanlarının baza məlumatlarında olan sənədlər, iddiaçının idxalı ilə bağlı gömrük məlumatları və vergi ödəyicisi tərəfindən verilmiş hesabatlardır. İddiaçı MMC tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannamələrində və əlavə dəyər vergisi bəyannamələrində satış topdan satış olaraq qeyd edilmişdir. Həmçinin İddiaçı MMC-nin baza məlumatlarında müəssisənin əsas fəaliyyət növü kimi ixtisalaşdırılmamış geniş çeşiddə olan malların topdan satışı, digər fəaliyyət növləri kimi isə təsərrüfat mallarının topdan satışı, digər qruplara daxil edilməyən kənd təsərrüfatı bitkilərinin becərilməsi, digər qruplara daxil edilməyən sair təmizlik işləri üzrə fəaliyyət, malların saxlanması və anbarlara yığılması üzrə fəaliyyət, bunkerlərin, soyuducu anbarların, ümumi təyinatlı əmtəə və buğda anbarlarının fəaliyyəti, digər daşınmaz əmlakın (ev kirayəsi istisna olmaqla) icarəyə verilməsi üzrə fəaliyyət, sair ixtisaslaşdırılmış tikinti işləri qeyd edilmişdir. Göründüyü kimi MMC-nin əsas fəaliyyəti malların topdan satışı olmuş və müəssisənin ümümiyyətlə pərakəndə satışı olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları’nın 5.1-ci bəndinə əsasən, topdansatış ticarəti ilə məşğul olan ticarət obyektlərində malların pərakəndə satışı qadağandır. Yoxlama dövründə MMC-nin rəhbəri X5 olsa da, yoxlamadan dərhal sonra müəssisənin rəhbəri xx.xx.2024-cü il tarixindən etibarən X6 olmuşdur. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi İddiaçı MMC tərəfindən verilmiş iddia ərizəsi əsassızdır və iddiaçı tərəfindən Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbləri pozularaq heç bir elektron qaimə-faktura təqdim edilmədən 8917524,51 manat məbləğində mal topdan şəkildə satılmışdır. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.2-ci və 48- ci maddələrini rəhbər tutaraq İddiaçı MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı qərarın ləğv edilməsinə dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili və nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********7070 nömrəli qərarına əsasən İddiaçı MMC-yə məxsus olan obyektdə müvafiq olaraq AZ 1023 ünvan 4 daxilində yerləşən Anbarda (**********-17001) malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdan satış ticarət və istehsal obyektlərindən, habelə malların vergi ödəyicinəzarət edilməsi məsələsi(ləri) üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək (xx.xx.2024 tarixi daxil olmaqla) operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2024-cü il tarixli, KY242070110 nömrəli çıxarışdan görünür ki, İddiaçı MMC-yə məxsus olan obyektdə müvafiq olaraq AZ 1023 ünvan 4 daxilində yerləşən müvafiq olaraq 17001 nömrəli anbarda plandankənar (növbədənkənar) operativ vergi nəzarəti, yoxlamanın müddəti: xx.xx.2024-xx.xx.2024-cü il, yoxlanılan dövr cari fəaliyyət, yoxlamanın predmeti və hüquqi əsasları: Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi, Vergi Məcəlləsinin 50.1.13-cü maddəsi. Yoxlamanın növü operativ vergi, yoxlamanın tipi: plandankənar (növbədənkənar), plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi üçün əsas: vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə edilən məlumatlar, Vergi Məcəlləsinin 50.2.2-ci maddəsi qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********9708 nömrəli qərarına əsasən İddiaçı MMC-yə məxsus olan obyektdə müvafiq olaraq AZ 0115 Abşeron rayonu, Hökməli ŞTQ (Bakı-Şamaxı şossesi) daxilində Anbar Hökməlidə (**********-31001) malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdan satış ticarət və istehsal obyektlərindən, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən digər təsərrüfat subyektinə göndərilməsi zamanı elektron qaimə-fakturaların tərtib edilməsinə nəzarət edilməsi məsələsi(ləri) üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək (xx.xx.2024-cü il tarixi daxil olmaqla) operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2024-cü il tarixli, KY242075507 nömrəli çıxarışdan görünür ki, İddiaçı MMC-yə məxsus olan obyektdə müvafiq olaraq AZ 0115 Abşeron rayonu, Hökməli ŞTQ (Bakı-Şamaxı şossesi) daxilində yerləşən 31001 nömrəli Hökməli anbarda plandankənar (növbədənkənar) operativ vergi nəzarəti, yoxlamanın müddəti: xx.xx.2024xx.xx.2024-cü il, yoxlanılan dövr: cari fəaliyyət, yoxlamanın predmeti və hüquqi əsasları: Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi, Vergi Məcəlləsinin 50.1.13-cü maddəsi. Yoxlamanın növü: operativ vergi, yoxlamanın tipi: plandankənar (növbədənkənar), plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi üçün əsas: vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə edilən məlumatlar, Vergi Məcəlləsinin 50.2.2-ci maddəsi qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə faktura əsasında alınmasına, topdansatış ticarət və istehsal obyektlərində, habelə anbarlarda malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilmədən təqdim edilməsinə nəzarət məsələsi üzrə keçirilən operativ vergi nəzarəti zamanı malların xx.xx.2024-cü il tarixli, DVX seriyalı 001929 nömrəli siyahısına əsasən İddiaçı MMC-yə məxsus olan obyektdə müvafiq olaraq Abşeron rayonu, Hökməli ŞTQ (Bakı-Şamaxı şossesi) daxilində yerləşən Hökməli anbarda mövcud olan malların və digər sərvətlərin yekun məbləği ********** təşkil edir. İş materiallarına əlavə edilmiş Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasənda təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında xx.xx.2024cü il tarixli, DVX seriyalı 001956 nömrəli aktda göstərilir ki, İddiaçı MMC-yə (VÖEN **********) məxsus Abşeronu rayonu, Hökməli ŞTQ (Bakı-Şamaxı şossesi) ünvanında yerləşən anbarda rəhbər X2 iştirakı ilə operativ vergi nəzarəti tədbiri keçirildi və nəticə olaraq İddiaçı MMC (VÖEN **********) operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı xx.xx.2024-cü il tarixdə keçirilmiş OVN zamanı saat 12:00-da vergi ödəyicisinə məxsus anbarda 11540727,95 manat mal qalığı aşkar olundu. İş materiallarına əlavə edilmiş Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasənda təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında xx.xx.2024cü il tarixli, DVX seriyalı 100312 nömrəli aktda göstərilir ki, İddiaçı MMC-yə (VÖEN **********) məxsus ünvan 4 ünvanında yerləşən anbarda rəhbər X2 iştirakı ilə operativ vergi nəzarəti tədbiri keçirildi və nəticə olaraq İddiaçı MMC (VÖEN **********) operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı xx.xx.2024-cü il tarixdə keçirilmiş OVN zamanı saat vergi ödəyicisinə məxsus anbarda GB əsasında idxal olunmuş dəyəri 1197251,81 manat dəyərində olan məhsullar aşkar olundu. İş materiallarına əlavə edilmiş Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasənda təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında xx.xx.2024cü il tarixli, DVX seriyalı 100313 nömrəli aktda göstərilir ki, İddiaçı MMC-yə (VÖEN **********) məxsus ünvan 4 ünvanında yerləşən anbarda rəhbər X2 iştirakı ilə operativ vergi nəzarəti tədbiri keçirildi və nəticə olaraq İddiaçı MMC (VÖEN **********) operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı xx.xx.2024-cü il tarixdə keçirilmiş OVN zamanı saat 14:00-da vergi ödəyicisi tərəfindən idxal və daxili bazardanalınmış mallardan 7266331,47 manat dəyərində olan hissəsi 4% ticarət əlavəsi və 18% ƏDV tətbiq edilməklə VM-nin 58.13-ci maddəsinin tələbləri pozulmaqla e-qaimə tətbiq edilmədən 8917524,51 manata topdan qaydada müxtəlif vergi ödəyicilərinə təqdim edilməsi faktı aşkar olundu. İş materiallarına əlavə edilmiş Malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə faktura əsasında alınmasına, topdansatış ticarət və istehsal obyektlərində, habelə anbarlarda malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilmədən təqdim edilməsinə nəzarət məsələsi üzrə keçirilən operativ vergi nəzarəti zamanı malların xx.xx.2024-cü il tarixli, DVX seriyalı 000570 nömrəli siyahısına əsasən İddiaçı MMC-yə məxsus olan obyektdə müvafiq olaraq ünvan 4 daxilində yerləşən anbarda mövcud olan malların yekun məbləği 8917524,51 təşkil edir. İş materiallarına əlavə edilmiş Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2024-cü il tarixli **********2446 nömrəli qərarına əsasən İddiaçı (Ünvanı: Az 1075, Bakı Şəhəri Nərimanov Rayonu, Əhməd Rəcəbli 3, Ev.Tech Plaza, m. 106, VÖEN: **********) keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında xx.xx.2024-cü il tarixli 100313 nömrəli akt(İar)ına, eləcə də Vergi Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərin olmaması üzrə tərtib edilmiş akta və digər sənədlərə baxlaraq Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.3-cü, 58.13-cü və 71-1-ci maddələrinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü və 49-cu maddələrini əsas tutaraq İddiaçı (Ünvanı: Az 1075, Bakı Şəhəri Nərimanov Rayonu, Əhməd Rəcəbli 3, Ev.Tech Plaza, m. 106, VÖEN: **********) Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaiməfaktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 891752.45 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi və xx.xx.2024 tarixədək 891752.45 manat məbləğin büdcəyə ödənilməsi təmin edilməsi qərara alınmışdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Hazırkı iş üzrə iddiaçı cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin 09 fevral 2024-cü il tarixli **********2446 nömrəli qərarını xx.xx.2024-cü il tarixdə məhkəmədə mübahisələndirməklə 30 günlük iddia müddətini ötürməmişdir. İddianın mahiyyətinə gəlincə məhkəmə hesab edir ki, iddia əsaslıdır. İş materialları ilə müəyyən olunur ki, Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********7070 nömrəli, xx.xx.2024-cü il tarixli **********9708 nömrəli qərarları əsasında İddiaçı MMC-nin sahibkarlıq fəaliyyəti göstərdiyi obyektlərdə Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi” məsələləri üzrə xx.xx.2024-xx.xx.2024-cü il tarixədək operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. Keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı malların elektron qaimə-faktura verilmədən təqdim edilməsi faktı aşkar edilərək xx.xx.2024-cü il tarixli, DVX seriyalı 100313 nömrəli akt tərtib edilmiş, tərtib edilmiş akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********2446 nömrəli qərarı ilə İddiaçı MMC-yə 891752.45 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: - 50.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan, Vergi Məcəllənin 33.2-ci maddəsinə uyğun olaraq təsərrüfat subyekti (obyekti) vergi orqanlarında uçotda olmayan və ya Vergi Məcəllənin 221.4.7-ci maddəsinə əsasən "Fərqlənmə nişanı"nı almayan vergi ödəyicilərinin aşkar edilməsi; - 50.1.2. aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi; - 50.1.2-1. nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyriqanuni yolla hazırlanması, istifadəsi və satışının qarşısının alınması sahəsində nəzarət edilməsi; - 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; - 50.1.4. valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktlarının aşkar edilməsi; - 50.1.6. lisenziya tələb olunan fəaliyyət növləri ilə lisenziya olmadan məşğul olan şəxslərin aşkar edilməsi; - 50.1.6-1. qeydiyyata alınmadan tütün məmulatının istehsalı fəaliyyətinin həyata keçirilməsi, habelə “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qeydiyyat şərtlərinin pozulması faktlarının aşkar edilməsi; - 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; - 50.1.8. istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi; - 50.1.9. Vergi Məcəlləsinin 50-2.1-ci və 194.1-ci maddələrində nəzərdə tutulan qaydaların aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı tələblərinə əməl edilməsinə nəzarət edilməsi. - 50.1.10. bu Məcəllənin 221.8-ci maddəsinə əsasən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almayan vergi ödəyicilərinin aşkar edilməsi; - 50.1.11. nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi; - 50.1.12. pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına nəzarət edilməsi; - 50.1.13. malların Vergi Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi; - 50.1.13-1. Vergi Məcəlləsinin 16.1.11-11-ci maddəsinə əsasən vergi ödəyicisinin idxal olunmuş mallarının saxlanıldığı (boşaldıldığı) yerə baxış keçirilməsi; - 50.1.14. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi. 50.2-ci maddəsinə əsasən operativ vergi nəzarətinin həyata kecirilməsi üçün əsaslar aşağıdakılardır: - 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; - 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; - 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; - 50.2.4. vergi orqanlarının Vergi Məcəlləsinin 50.1-ci maddəsində göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; - 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Məhkəmə qeyd edir ki, operativ vergi nəzarətinin həyata keçirilməsi üçün Vergi Məcəlləsinin 50.2-ci maddəsi ilə müəyyən olunan əsaslardan birinin olması zəruridir. Cavabdehin həyata keçirdiyi operativ nəzarət tədbiri üzrə yoxlamaların vahid məlumat reyestrindən çıxarışda həmin tədbirin əsası kimi Vergi Məcəllənin 50.2.2-ci maddəsi, yəni vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar göstərilsə də, iş materiallarında həmin mənbəyi bəlli məlumatı təsdiq edən hər hansı sübut yoxdur. Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. İş materiallarından müəyyən olunur ki, cavabdeh iddiaçıya məxsus obyektlərdə operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı 8917524,51 manat dəyərində olan malların topdan şəkildə elektron qaimə-faktura təqdim edilmədən digər vergi ödəyicilərə satması faktları aşkar etdiyini bununla da Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbini pozduğu qənaətinə gələrək 891752.45 manat məbləğində maliyyə sanksiyası tətbiq etmişdir Halbuki, məhkəmə qeyd edir ki, cavabdeh qeyd olunan satış həcmini operativ vergi nəzarəti tədbiri zamanı müəyyən etməmiş, əvvəlki dövrlərdə aparılan satış əməliyyatlarının topdansatış ticarət qaydasında iddiaçı ilə ayrı-ayrı vergi ödəyiciləri arasında həyata keçirildiyini ehtimal edərək maliyyə sanksiyasını tətbiq etmişdir. Bu isə vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları ilə uzlaşmır. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur (Vergi Məcəlləsinin 53.3-cü maddəsi). Məhkəmə həmçinin qeyd edir ki, operativ vergi nəzarətinin mahiyyəti məhz vergi ödəyicilərində operativ şəkildə həmin anda aşkar edilən pozuntuları üzə çıxarmaq və onlara görə maliyyə sanksiyası tətbiq etməkdir. İş materiallarında olan yoxlamaların vahid məlumat reyestrindən çıxarışda operativ vergi nəzarəti tədbirinin yoxlanılan dövrü vergi qanunvericiliyinə uyğun olaraq “cari fəaliyyət” kimi əks olunmuşdur. Cavabdeh isə iddaçının cari fəaliyyətini deyil, yoxlamadan əvvəlki dövrü operativ vergi nəzarəti tədbiri ilə əhatə etməklə faktiki olaraq səyyar vergi yoxlaması aparmış, bununla da vergi qanunvericiliyinin tələblərini pozmuşdur. Cavabdeh operativ vergi nəzarəti gedişində iddiaçının e-qaimə olmadan mal təqdim etdiyini sübuta yetirə bilməmişdir. Cavabdeh operativ nəzarəti tədbirindən əvvəlki dövrdə həyata keçirilən satış dövriyyələrini nəzərə almaqla operativ vergi nəzarəti tədbirinin Vergi Məcəlləsi ilə müəyyən olunan mahiyyətinə zidd olan xx.xx.2024-cü il tarixli qərar qəbul etmişdir. (Oxşar hüquqi mövqe Ali Məhkəmənin 2-1(102)-740/2022 saylı xx.xx.2022-ci il tarixli, 2-1(102)-436/2022 saylı xx.xx.2022-ci il tarixli, 2-1(102)-330/2022 saylı xx.xx.2022ci il tarixli qərarlarında da ifadə olunmuşdur.) Cavabdeh inzibati orqan inzibati fəaliyyətinin hüquqi əsası kimi Vergi Məcəlləsinin 50.4-1-ci maddəsinə istinad edərək operativ yoxlama nətiəsində vergi ödəyicisinin yoxlamadan əvvəlki 3 il üzrə fəaliyyətini yoxlanılmasına səlahiyyətli olduğu bildirsə də məhkəmə cavabdehin mövqeyi ilə razılaşmır. Belə ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 5 dekabr 2023-cü il tarixli 1033-VİQD nömrəli Qanununun 1.11.1-ci madəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə “50.4-1. Bu Məcəllənin 50.1-ci maddəsi üzrə operativ vergi nəzarəti bu Məcəllənin 56.1-ci və 85.4-cü maddələrində nəzərdə tutulan dövr üzrə həyata keçirilir.” məzmununda yeni maddə əlavə edilmiş və həmin maddə 2024-cü il yanvarın 1-dən qüvvəyə minmişdir. Həmin dəyişikliyin (əlavənin) qüvvəyə minməsinədək Azərbaycan Respublikasının Vergi Məcəlləsində müvafiq məsələ (müddət) ilə bağlı tənzimləmə olmamışdır. Vergi Məcəlləsinə əlavə edilən 50.4-1-ci maddəyə əsasən, bu Məcəllənin 50.1-ci maddəsi üzrə operativ vergi nəzarəti bu Məcəllənin 56.1-ci və 85.4-cü maddələrində nəzərdə tutulan dövr üzrə həyata keçirilir. Vergi Məcəlləsinin 56-cı maddəsi vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusuna görə məsuliyyətə cəlb etmənin və maliyyə sanksiyalarının alınmasının müddətini tənzimləyir. Məcəllənin 85.4-cü maddəsinə əsasən, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Beləliklə, yeni tənzimləməyə görə vergi orqanı operativ vergi nəzarəti zamanı həmin tədbirinin keçirildiyi anda deyil, həmçinin 3 illik dövrü nəzərə almaqla əvvəlki dövrü yoxlamaq hüququna malikdir və buna görə də maliyyə sanksiyası tətbiq edə bilər. Konstitusiyanın 147-ci maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir. Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikasinin Konstitusiyasının 156-cı maddəsinin V hissəsinə əsasən konstitusiya qanunları Azərbaycan Respublikası Konstitusiyasının ayrılmaz hissəsidir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 87.3-cü maddəsinə əsasən törədilməsi anında məsuliyyətə səbəb olmayan və ya daha yüngül məsuliyyətə səbəb olan əməllərə görə fiziki və hüquqi şəxslərin məsuliyyətinin yaranmasını və ya ağırlaşdırılmasını nəzərdə tutan normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsinə yol verilmir. Operativ vergi nəzarəti tədbirlərinin Vergi Məcəlləsinin məqsədləri üçün tətbiqinə, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul edilməsinə münasibətdə cavabdeh nəzərə almalı idi ki, o, iddiaçının vəziyyətini ağırlaşdıran və onun üçün vergi məsuliyyəti yaradan qanunu geriyə tətbiq edə, iddiaçıya hazırki məzmunda maliyə sanksiyası tətbiq edə bilməzdi. Çünki Vergi Məcəlləsinin xx.xx.2024-cü il tarixədək qüvvədə olan 50-ci maddəsinin redaksiyasına görə operativ vergi nəzarəti tədbirlərinin əvvəlki illər üzrə həyata keçirilməsi və bunun nəticəsində vergi ödəyicisinə maliyyə sanksiyasının tətbiq edilməsi nəzərdə tutulmamışdır. Qeyd edilməlidir ki, maddi hüquq normaları hüquq münasibəti subyektlərinin hüquq və vəzifələrinin məzmununu müəyyən edir, prosessual hüquq normaları isə maddi hüquq normalarının realizasiyası prosedurunu və qaydasını tənzimləyir. Beləliklə, maddi və prosessual hüquq hüquqi tənzimləmənin forma və məzmununun dialektik vəhdətini əks etdirən hüquqi kateqoriyalar kimi nəzərdən keçirilməli və fərqləndirmə bunun üzərindən aparılmalıdır. Fərqləndirmə zamanı həmçinin prosessual normaların qərarın (hazırkı mübahisəyə münasibətdə vergi öhdəliyi barədə qərarın) məzmununa deyil, onun qəbulu kontekstinə təsir etdiyi də nəzərə alınmalıdır. Xüsusilə qyd edilməlidir ki, vergi orqanı tərəfindən 2020-2023-cü illər ərzində operativ vergi yoxlamaları nəticəsində əvvəlki 3 illik dövrü nəzərə almaqla tətbiq edilmiş maliyyə sanksiyaları barədə qərarlar ləğv edilmiş və məhkəmələr öz mövqeyini onunla əsaslandırmışlar ki, vergi orqanların operativ vergi nəzarət tədbiri ilə nəzarətin keçirildiyi anda deyil, əvvəlki dövrlərə görə maliyyə sanksiyaların tətbiq edilməsinin əsassız və qanunsuz olmuşdur. Odur ki, həmin dövr üzrə cavabdehin 3 illik dövrlə bağlı tətbiq etdiyi maliyyə sanksiyaları məhkəmələr tərəfindən ləğv edildiyi halda iddiaçının xx.xx.2020xx.xx.2022-ci illər üzrə e-qaimə olmadan təqdim etdiyi mallara görə maliyyə sanksiyasının yeni maddəyə istinadən hesablanması həmin dövr üzrə təşəkkül tapmış analoji işlər üzrə praktikaya zidd olmaqla yanaşı iddiaçıya münasibətdə bərabərlik prinsipinin pozulmasına əsas verə bilər. İddiaçıya münasibətdə Vergi Məcəlləsinin qeyd edilən 50.4-1-ci maddəsi iddiaçının yalnız xx.xx.2024-cü il tarixdən sonra təqdim etdiyi mallarla bağlı tətbiq edilə bilərdi ki, hazırkı iş üzrə vergi ödəyicisinin xx.xx.2024-cü il tarixdən etibarən e-qaiməsiz mal təqdim etdiyi barədə cavabdeh sübut təqdim etməmişdir. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd еdilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin 09 fevral 2024-cü il tarixli **********2446 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ləğv edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin 09 fevral 2024-cü il tarixli **********2446 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar