Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-760/2023 22.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 22 fevral 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə - DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) müraciət etmiş, lakin cavabdeh iddiaçının güzəştli iş stajının 12 il 6 aydan az (12 il 22 gün (xx.xx.1987xx.xx.1988, xx.xx.1988-xx.xx.1990, xx.xx.1990-xx.xx.1998, xx.xx.2001-xx.xx.2001, xx.xx.2006-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər və 2007-2008-ci illər üzrə cəmi 5 ay)) olduğunu və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyini əsas gətirərək, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiya hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2022-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıya 57 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi 17 iyun 2021-ci il tarixdən əvvəlki 3 il üçün 17 iyun 2018-ci il tarixdən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli iclasında protokol qaydasında qəbul etdiyi qərardadla iddiaçı tərəfindən təqdim edilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1960-cı ildə doğulmuşdur. xx.xx.1977-ci ildən əmək fəaliyyətinə başlamışdır. 16 fevral 2021-ci il tarixdə 57 yaşı tamam olmuşdur. Bu tarixədək ümumi əmək stajı 30 il 11 ay təşkil edir. Ümumi əmək stajından 18 il 6 ayını iş icraçısı işləmişdir. Güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün zəruri olan 25 illlik ümumi və 12 il 6 aydan çox güzəştli olan əmək stajı olduğunu nəzərə alaraq, pensiya hüququnun yarandığı xx.xx.2017-ci ildən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün etdiyi müraciətə cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən imtina verilmişdir. İmtina onunla əsaslandırılır ki, onun güzəştli iş stajı 12 il 6 aydan az, 12 il 22 gün təşkil edir. Ona görə də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Cavabdeh orqanın imtinası qanunsuz və əsassızdır. Belə ki, əmək kitabçasının təsdiq edilmiş surətindən də görünür ki, o, 30 il 11 ay ümumi əmək fəaliyyətinin 18 il 6 ayını bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri üzrə iş icraçısı işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu bölməsində (bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri) “tikinti və quraşdırma işləri üzrə ustalar” peşəsi və “iş icraçıları” peşəsi güzəştli iş kimi nəzərdə tutulmuşdur. Cavabdehin etirazı: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, təqdim olunmuş əmək kitabçasına əsasən İddiaçı güzəştli iş stajı 12 il 22 gün (xx.xx.1987xx.xx.1988; xx.xx.1988-xx.xx.1990; xx.xx.1990-xx.xx.1998; xx.xx.2001-xx.xx.2001; xx.xx.2006-xx.xx.2006; 2007-2008-ci illər üzrə 5 ay) təşkil edir. Bundan başqa fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 43440,00 manat hesablandığı halda, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 21684,22 manat təşkil edir. Qeyd olunanlardan göründüyü kimi qanunla tələb olunan şərtlər (3-cü və 4-cü şərtlər) ödənilmir. Bu səbəbdən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Həmçinin cavabdeh etiraza əlavəsində bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xx.xx.2017-ci il tarixli, 17 nömrəli qərarı ilə təsdiqlənmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli Əlavənin (əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı) tələblərinə uyğun olaraq “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müafiəsi Nazirliyi xx.xx.2022-ci il tarixli, 175 nömrəli qərarı ilə təsdiqlənmiş Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasının 4.1.20-ci bəndinə əsasən, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən olunur. Lakin İddiaçı tərəfindən Filiala müraciət zamanı əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işlədiyini iddia etdiyi dövrlər üzrə arayış təqdim edilməmişdir. Belə olan halda İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı il tarixdə Ermənistan, Qafan şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır; НЗ ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1979-xx.xx.1981-ci illərdə müddətli həqiqi hərbi xidmət keçmişdir; HB № 972302 nömrəli diplomun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 1982-ci ildə Azərbaycan Mühəndis İnşaat İnstitutuna daxil omuş vı 1987-ci ildə bitirmişdir; Azərbaycan Respublikasının Milli Aviadaşıyıcısı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli Arxiv arayışında qeyd edilmişdir ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı “Azərbaycan Hava Yolları Dövlət Konserninin tərkibinə daxil olan Təmir-Tikinti İdarəsində iş icraçısı və usta vəzifəsi üzrə əmək funksiyalarını yerinə yetirib, xx.xx.1990-cı il tarixdə 42/1 nömrəli əmrlə işə qəbul olunub, xx.xx.1998-ci ildə isə 44/1 nömrəli əmrlə işdən azad edilib. Beləliklə, İddiaçı iş icraçısı işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş, “əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nda XXVİİ fəsildəki bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsindəki 2290100b-24441 kodu ilə uyğunluq təşkil edir; "xxxx" MMC-nin 19 yanvar 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2008-ci ildə 40 saylı əmrlə "xxxx" MMC-də iş icraçısı vəzifəsinə işə qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən 09 saylı xx.xx.2010-cu il tarixli əmrlə öz xahişi ilə işdən azad edilmişdir (əmək stajı 01 il 03 ay 18 gün təşkil edir). İddiaçı "xxxx" MMC-də iş icraçısı işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında XXVİİ fəslindəki bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsindəki 2290100b-24441 kodu ilə uyğun təşkil edir; “X2” MMC-nin 23 yanvar 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2007-ci ildə 55 saylı Əmrlə "xxxx" MMC-də iş icraçısı vəzifəsinə işə qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən 35K saylı xx.xx.2008-ci il tarixli əmrlə öz xahişi ilə işdən azad edilmişdir. (əmək stajı 01 il 06 ay 16 gün təşkil edir). İddiaçı "xxxx" MMC-də iş icraçısı işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında XXVİİ fəslindəki bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsindəki 2290100b-24441 kodu ilə uyğunluq təşkil edir; Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 01 avqust 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.1995-ci ildə dövlət qeydiyyatına alınmış “A+A” Müstəqil Ticarət Firmasının (VÖEN **********) hüquqi varisliyi və ləğv olunması barədə məlumat müəyyən edilməmişdir. Reyestrdə "xxxx" Kiçik Müəssisəsi adlı bir neçə fərqli kommersiya hüquqi şəxs aşkar edilmişdir; Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 2 avqust 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, sorğuda qeyd olunan “Elvin kiçik müəssisəsi”nin və “A+A” Müstəqil Ticarət Firmasının arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir və mühafizə olunduğu yer haqqında heç bir məlumatları yoxdur; Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 04 avqust 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, 1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində “Elvin kiçik müəssisəsi” adı ilə 34 statistik vahidin qeydiyyatına dair məlumat mövcuddur. Onlardan 10-u xx.xx.1996-xx.xx.2005-ci il tarixləri ərzində Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdan keçmiş və hal-hazırda qeydiyyatdadırlar, 10-u xx.xx.1996-xx.xx.2001-ci il tarixləri ərzində müxtəlif dövrlərdə qeydiyyatda olmuş, 14-ü isə xx.xx.1996-xx.xx.2001-ci il tarixləri ərzində statisik vahidlərin Dövlət reyestrində qeydiyyata alınsalar da, qeydiyyat tarixindən halhazıradək Dövlət Statistika Komitəsində sözügedən müəssisələrə dair hər hansı əlavə məlumat mövcud olmamışdır. “A+A” Müstəqil Ticarət Firması 06 avqust 1996-cı il tarixindən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadır…; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 10 avqust 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, "xxxx" kiçik müəssisəsi və “A+A” Müstəqil Ticarət Firması barədə Əmlak Məsələləri Dövlət Xidmətində hər hansı məlumat yoxdur; “A+A” Müstəqil Ticarət Firmasının 24 oktyabr 2022-ci il tarixli Arayışında qeyd edilmişdir ki, xx.xx.1960-cı ildə doğulmuş İddiaçı xx.xx.2003-cü il tarixdə 1262 nömrəli əmrlə “A+A” Müstəqil Ticarət Firmasında iş icraçısı vəzifəsinə işə qəbul edilmişdir. Başqa işə keçirildiyinə görə xx.xx.2006-cı il tarixli 2(a) 3 saylı əmrlə işdən azad edilmişdir. (əmək stajı 2 il 9 ay təşkil edir) İddiaçı “A+A” Müstəqil Ticarət Firmasında iş icraçısı işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında XXVİİ fəsildəki bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsindəki 2290100b-24441 kodu ilə uyğunluq təşkil edir. Həmin arayışa müvafiq sənədlərin təsdiq olunmuş surətləri əlavə edilmişdir. İşin faktiki hallarından görünür ki, iddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür, iddiaçı 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin cavabdeh inzibati orqan tərəfindən onun güzəştli iş stajının 12 il 6 aydan az olması və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi səbəbindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. Hazırda iddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. ... “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır; (xx.xx.2017-dək, yəni mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan redaksiya) 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; ... Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. ... Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”: 1.1. Bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 5.3-cü maddəsinə əsasən hazırlanmışdır və bu Qaydanın 1.2-ci bəndi nəzərə alınmaqla, əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydasını müəyyən edir. 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;
2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;
3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;
4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;
5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;
6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən; ...
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” (xx.xx.2022-dək qüvvədə olan): 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; ... “Qaydalar”a 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir.
Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının 57 yaşı xx.xx.2017-ci il tarixdə tamam olduğundan, hazırkı iddia “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinin xx.xx.2017-dək qüvvədə olan məzmumuna uyğun həll edilməlidir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element birlikdə mövcud olmalıdır: a) İddiaçının azı 25 il sığorta stajının mövcud olması; b) İddiaçının azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Cavabdehin imtina məktubunda, etirazında yeganə mübahisə etdiyi məsələ iddiaçının güzəştli iş stajının yetərli olmaması və bu barədə arayışın təqdim edilməməsi ilə bağlıdır. İddiaçının ümumi iş stajı ilə bağlı şərti ödəməsi işin mübahisəsiz halıdır. Məhkəmə iş materiallarında olan arayışları və əmək kitabçasını tədqiq edərək iddiaçının güzəştli iş stajını (ümumilikdə 17 il 2 ay 1 gün olmaqla) aşağıdakı kimi müəyyən etmişdir: - xx.xx.1988-xx.xx.1990-cı illərdə MİMK istilik tikintidə iş icraçısı (2 il 2 ay 22 gün); - xx.xx.1990-xx.xx.1998-ci illərdə “Azərbaycan Hava Yolları Dövlət Konserninin tərkibinə daxil olan Təmir-Tikinti İdarəsində iş icraçısı və usta (8 il 3 ay 1 gün); - xx.xx.2001-xx.xx.2001-ci illərdə Nərimanov rayon MH-nin nəzdində Təmir-tikinti İdarəsində iş icraçısı (7 ay 2 gün); - 04.01.2002-xx.xx.2002-ci illərdə "xxxx" kiçik müəssisəsində iş icraçısı (3 ay 1 gün); - xx.xx.2003-xx.xx.2006-cı illərdə “A+A” Müstəqil Ticarət Firmasında iş icraçısı (2 il 9 ay); - 04.01.2006-xx.xx.2006-cı illərdə “A+A” Müstəqil Ticarət Firmasında iş icraçısı (2 ay 29 gün); - xx.xx.2007-xx.xx.2008-ci illərdə "xxxx" MMC-də iş icraçısı (1 il 6 ay 17 gün); - 18.12.2008-xx.xx.2010-cu illərdə "xxxx" MMC-də iş icraçısı (1 il 3 ay 16 gün); “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısında “Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsindəki iş icraçısı vəzifəsi güzəştli pensiya hüququ verən xüsusilə zərərli və ağır iş şəraiti aid olan peşələr sırasına daxil edilmişdir. Belə olan halda, iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-dək qüvvədə olan tələbləri nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün lazım olan yaş həddi, ümumi iş stajı və güzəştli peşədə iş stajı mövcuddur, cavabdeh inzibati orqanın fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının az olması ilə bağlı imtina dəlili əsaslı deyildir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməli, İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın müraciət edilən tarixdən (xx.xx.2021-ci il) əvvəlki üç il üçün, yəni xx.xx.2018-ci il tarixdən hesablanaraq pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyasının üzərinə əlavə edilməklə ödənilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın müraciət edilən tarixdən (xx.xx.2021-ci il) əvvəlki üç il üçün, yəni xx.xx.2018-ci il tarixdən hesablanaraq pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyasının üzərinə əlavə edilməklə ödənilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Həmid Ağalarov