Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7602/2021 22.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X14 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qeyri-yaşayış sahəsinə dair hüququn ölmüş şəxsə məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 76 ünvanında yerləşən, ümumi sahəsi 84.2 kv.m olan qeyriyaşayış sahəsinin layihə əsasında dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən X2 adına çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 76 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqları mərhum anası X3 məxsus idi. Belə ki, mərhum anası Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının 533 saylı, 31.08.2005-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 76 ünvanında yerləşən ticarət obyektinin adına rəsmiləşdirilməsinə icazə verilmişdir. Bundan sonra ticarət obyektinin eskiz layihəsi çəkilərək təsdiq edilmişdir. Anası vəfat etdikdən sonra o, vərəsə kimi ticarət obyektinin yerləşdiyi torpaq sahəsinə dair icarə müqaviləsi bağlamışdır. Eyni zamanda, qeyri-yaşayış sahəsinin istismara hazırlığı da, təsdiq edilmişdir. Müvafiq sənədləri toplayaraq, çıxarışın alınması üçün cavabdehə müraciət etmişdir. Cavabdeh 21.05.2021-ci il tarixli imtina məktubunda “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.10.1-ci maddəsinə istinad edərək, çıxarışın verilməsindən imtina etmişdir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının 533 saylı, 31.08.2005-ci il tarixli sərəncamına əsasən X2 adına ayrılmış Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 76 ünvanında yerləşən 100 kv.m torpaq sahəsində inşa olunmuş ümumi sahəsi 84.2 kv.m olan qeyri-yaşayış sahəsinə (layihəyə əsasən) dair hüququn ölmüş şəxsə (X3) məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, qeyd edilən qeyri-yaşayış binasının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti obyektinin istismarına icazə sənədləri təqdim edilməmişdir. Bundan əlavə, qeyriyaşayış binasının eskiz layihəsində göstərilən 2 ədəd qapı, 2 ədəd pəncərə faktiki olaraq qoyulmamışdır. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”nin əlavəsi olan rayon icra hakimiyyəti başçıları aparatının nümunəvi strukturunda memarlıq xidməti nəzərdə tutulmadığından Bakı şəhərində qeyri-yaşayış sahələrinin layihələrinin təsdiqi, həmçinin fərdi yaşayış evlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun olması barədə rəy verilməsi yalnız Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin səlahiyyətlərinə aiddir. Bu barədə vətəndaşa **********50 saylı, 21.05.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan notarial qaydada təsdiq edilmiş Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının 533 saylı, 31 avqust 2005-ci il tarixli, “ticarət obyektinin rəsmiləşdirilməsi haqqında” sərəncamından görünür ki, Rayon İcra İcra Hakimiyyətinə Özbəkistan küçəsi 6, mənzil 22-də yaşayan X4 müraciət edərək, Q.Qarayev prospekti 76 nömrəli binaının yanında uzun müddətdən bəri istifadəsində olan mövcud ticarət obyektinin adına rəsmiləşdirilməsi haqqında xahiş etmişdir. S.A.Abbasovanın xahişini və yuxarıda göstərilən ünvandakı tikilinin həqiqətən uzun müddətdən bəri istifadəsində olması barədə 50 saylı Mənzil Kommunal İstismar Sahəsinin 26.08.2005-ci il tarixli aktını nəzərə alaraq, Q.Qarayev prospekti 76 nömrəli binanın yanında yerləşən mövcud ticarət obyektinin X2 adına rəsmiləşdirilməsi qərara alınmışdır. İşdə olan notarial qaydada təsdiq edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirinin 26 noyabr 2014-cü il tarilxi, 3164 nömrəli əmri ilə təsdiq edilmiş Ö/003802 nömrəli, 06.07.2020-ci il tarixli istismara hazırlıq aktının surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 76 saylı binasının yanında 1 mərtəbəli qeyri-yaşayış binasının layihəsi Nizami rayon İcra Hakimiyyəti Layihə Smeta Bürosu tərəfindən tərtib edilmiş, tikintinin başlanması 11 aprel 2005-ci il, qurtarması 24 iyun 2005-ci il göstərilmiş, obyektin əsas göstəriciləri – 1 mərtəbəli binanın ümumi sahəsi S=84.2 kv.m, həcmi V=421.2 m3, tikintialtı sahəsi S=100.0 kv.m-dir. Bu Akt, obyektdə tikinti-quraşdırma işlərinin, sifarişçi tərəfindən texniki nəzarətin, podratçı tərəfindən daxili əmliyyat nəzarətinin, layihəçi tərəfindən müəllif nəzarətinin, müfəttişlik tərəfindən Dövlət nəzarətinin, müvafiq qaydada həyata keçirilməsi ilə yerinə yetirildiyini təsdiq edir. X12 Nazirliyinin Tikintidə Təhlükəsizliyə X6 Baş Dövlət Tikinti Müfəttişliyinin nümayəndəsi, sifarişçinin nümayəndəsi, podratçının nümayəndəsi və layihəçinin nümayəndəsi tərəfindən təsdiq edilmişdir. İşdə olan Bakı şəhəri 50 saylı notariat ofisi tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanlanmış 05 may 2021-ci il tarixli, 1081 nömrəli məktubun surətindən görünür ki, X5 və qeyriləri, Bakı şəhəri 50 saylı notariat ofisinə ərizə ilə müraciət edərək, 28.03.2019-cu il tarixdə vəfat etmiş X1 qalmış miras əmlaka (Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 76 saylı binanın yanında yerləşən ticarət obyektinə) dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Miras əmlak üzərində miras qoyan X2 hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və “Daşınmaz əmlakın təsfirinə, dövlət qeydiyyataına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında” Təlimatın 7-ci bəndinə uyğun olaraq miras əmlak üzərində miras qoyanın adına tərtib edilmiş hüquqmüəyyənedici (çıxarışın) və bu barədə müvafiq məlumatın sorğunu təqdim edən şəxs vasitəsi ilə verilməsinin təmin edilməsi xahiş edilmişdir. İşdə olan eskiz layihədən görünür ki, Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti Layihə-Smeta Bürosu tərəfindən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 76 saylı binanın həyətində tikiləcək ticarət obyektinin eskiz layihəsi tərtib olunmuşdur. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya verilmiş **********50 nömrəli, 21.05.2021-ci il tarixli imtina məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, qeyd edilən qeyri-yaşayış binasının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı “Daşımaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün – torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti obyektinin istismarına icazə sənədləri təqdim edilməmişdir. Bundan əlavə, qeyri-yaşayış binasının eskiz layihəsində göstərilən 2 ədəd qapı, 2 ədəd pəncərə faktiki olaraq qoyulmamışdır. İşdə olan Azərbaycan Respulikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə X5 arasında bağlanmış “Hüquqi və ifiziki şəxslərin istfiadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə” 431 nömrəli, 27 may 2021-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən “icarəyəverən” Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin rəis müavini E.Yusubov şəxsində, icarəçi isə İddiaçı şəxsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 27.05.021-ci il tarixli, 87 nömrəli sərəncamı əsasında ünvan 2 ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 96.8 kv.m torpaq sahəsi icarəçi İddiaçı tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilmişdir. Məhkəmə cavabdehin imtina məktubunda əks olunan imtinanın əsasları ilə bağlı aparılmış məhkəmə araşdırması nəticəsində işin faktiki hallarına hüquqi qiymət verərək, aşağıdakıları qeyd edir: İlk öncə cavabdeh imtina məktubunun birinci hissəsində göstərmişdir ki, qeyd edilən qeyri-yaşayış binasının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün – torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti obyektinin istismarına icazə sənədləri təqdim edilməmişdir. İmtina məktubunun qeyd edilən hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarında Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının 533 nömrəli, 31 avqust 2005-ci il tarixli “Ticarət obyektinin rəsmiləşdirilməsi haqqında” sərəncamı, mərhum X2 vərəsəsi İddiaçı ilə sözügedən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti arasında bağlanmış icarə müqaviləsi, tikinti obyektinin istismara hazırlıq aktı mövcuddur və sözügedən istismara hazırlıq aktı qəbul edilərkən, Nizami rayon İcra Hakimiyyəti Layihə Smeta Bürosu tərəfindən tərtib edilmiş layihə əsas götürülmüşdür. Eləcə də, imtina məktubunun ikinci hissəsində cavabdeh tərəfindən Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”nin əlavəsində rayon icra hakimiyyəti başçıları aparatının nümunəvi strukturunda memarlıq xidməti nəzərdə tutulmadığına, Bakı şəhərində qeyri-yaşayış sahələrinin layihələrinin təsdiqi, həmçinin fərdi yaşayış evlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun olması barədə rəy verilməsinin yalnız Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin səlahiyyətlərinə aid olmasına istinad edilmişdir ki, bununla bağlı məhkəmə qeyd edir ki, mövcud ticarət obyektinin (qeyri-yaşayış sahəsi) X2 adına rəsmiləşdirilməsi barədə Nizami rayon İcra Hakimiyyətinin sərəncamı 31.08.2005-ci il tarixlidir və istismara hazırlıq sənədində tikintinin qurtarması tarixi 15.06.2005-ci il qeyd edilmişdir. Bu da, onu göstərir ki, həmin tikili 2013-cü ilin yanvarın 1-dək inşa edilmiş tikilidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: -8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab edilir. ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 10.08.2004-cü il tarixli, 113 nömrəli Fərmanının 4.2.8-ci maddəsinə əsasən, 8.0.9.1.1-ci maddəsində, 8.0.9.2-ci maddəsində (hər iki halda) və 8.0.11-ci maddələrində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Göründüyü kimi, cavabdehin imtinasının əsasını təşkil edən arqumentlər əsassızdır və qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının təsdiq edilməsindən imtina üçün əsas kimi götürülə bilməz. Bundan əlavə məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmuş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7-ci bölməsinin (Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi) müddəalarına əsasən, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir (7.1). Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1ci bəndində göstərilən qaydada çıxarış verilir (7.2). Bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada çıxarış verildikdə, notariat kontorunda vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur (7.3). Məhkəmə hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinin ikinci cümləsində hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilməsi nəzərdə tutulduğundan, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatdan daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt olduğundan hazırki mübahisə də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 22.2-ci maddəsinin müddəaları tətbiq edilməklə iddia tələbi təmin edilməli və X2 vərəsəsi İddiaçı qeyri-yaşayış sahəsinə dair hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının fərmanları, aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azəbraycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 13.1-ci maddəsinə əsasən məhkəmə mübahisələri Azəbraycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azəbraycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. 13.2-ci maddəsinə əsasən məhkəmə işə baxarkən normativ hüquqi aktlar arasında ziddiyyət aşkar edirsə, o, daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt əsasında qərar qəbul edir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” 1 saylı Protokolun (Paris, 20 mart 1952-ci il) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X8rşı” qərarının 139-cu bəndində göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsində “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqları və maraqla da, “mülkiyyət hüquqları” hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən marağın “hüquq” kimi tanınmaması, istərsə də, bu qanunla tərəfindən həmin marağın “mülkiyyət hüququ hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsi baxımından müəyyən hallarda “mülkiyyət hesab edilməsinin qarşısını almır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsində göstərilən «mülkiyyət» və «əmlak» anlayışı iqtisadi maraq-ların geniş spektrini özündə ehtiva edir. Təşəkkül tapmış presedent hüququna əsasən 1-ci maddənin təsir dairə-sinə daşınar və daşınmaz əmlak, maddi və qeyri maddi maraqlar, məsələn, səhmlər, patentlər, iddia barədə arbitraj qərarı, pensiya hüququ, ev sahibinin icarə almaq hüququ, biznes fəaliyyətinin həyata keçirilməsi ilə bağlı iqtisadi maraqlar, hüquqi həllini gözləyən konkret situasiyaya müəyyən şərtlərin tətbiqinə ümid edilməsi və sair daxildir. Nəzərə almaq lazımdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqları-nın mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından «mülkiy-yət» anlayışı müstəqil məna daşıyır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddia tələbi təmin edilsin. Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının 533 saylı, 31.08.2005-ci il tarixli sərəncamına əsasən X2 adına ayrılmış Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 76 ünvanında yerləşən 100 kv.m torpaq sahəsində inşa olunmuş ümumi sahəsi 84.2 kv.m olan qeyri-yaşayış sahəsinə (layihəyə əsasən) dair hüququn ölmüş şəxsə (X3) məxsus olması haqqında arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-7602/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7602/2021
22.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver