Məhkəmə qərarları › İş №2-1(112)-7603/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7603/2024

14.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7603/2024 14.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınma” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun sosial həyatının müdafiəsi, sosial təminatının yaxşılaşdırılması, eləcə də əlil bir şəxs kimi hüquqlarını digərləri ilə bərabər şəkildə həyata keçirməyi üçün lazimi şəraitin yaradılması məqsədilə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota alınmağı vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçının ərizəsi əsasında məhkəmənin qərardadı ilə iddia tələbi “iddiaçının yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırda iddiaçının sosial vəziyyəti kifayət qədər pisdir. Belə ki, nə yaşamaq üçün şəxsi evi, nə də hər hansı bir yaşayış sahəsi vardır, halhazırda qeydiyyatda olduğu Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış sahəsi isə xx.xx.2021-ci il tarixli, **********6 nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən qohumu X2ma məxsusdur. Halhazırca və keçmiş dövr ərzində adına qeydiyyatdan keçmiş heç bir daşınmaz əmlak mövcud olmamışdır. Bununla bağlı tərəfindən AR İN yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 Saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət olunmuş və həmin idarə tərəfindən müraciətinə cavab verilmişdir. Həmçinin, hazırkı iddia ərizəsinə əlavə etdiyi Biləcəri Bələdiyyəsinin 24 yanvar 2023-cü il tarixli arayışının surətinə nəzərə saldıqda Biləcəri Bələdiyyəsi tərəfindən omum mülkiyyəti, icarə və istifadəsinə hər hansı bir torpaq sahəsi ayrılmadığını açıq-aşkar görmək mümkündür. Eyni zamanda tərəfindən Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fonduna ünvanlanmış müraciətinə verilmiş 22 yanvar 2024-cü il tarixli cavab məktubunda Fondun mövcud informasiya sistemlərində mənə verilmiş ipoteka kreditinə, o cümlədən güzəştli ipoteka kreditinə dair məlumatın mövcud olmadığı bildirilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, həmin döyüşlər zamanı yaralanaraq xəsarət almışdır. Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən ona müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmişdir. Əlillik haqqında arayışın surətini də hazırki ərizəyə əlavə edir. Eyni zamanda döyüşlərdə göstərmiş olduğu şücaətə görə Ali Baş Komandan X8 tərəfindən müxtəlif medallarla təltif olunmuşdur. Yuxarıda qeyd etmiş olduğu xüsusatlar onun sosial vəziyyətinin kifayət qədər aşağı olduğunun və əlil bir şəxs kimi sosial müdafiəyə ehtiyacı olduğunun mühüm göstəricisidir. Buna görə də tərəfindən ərizə ilə Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət olunaraq əlil və yaşayış sahəsinə ehtiyacı olan bir vətəndaş kimi onun mənzil sahəsi ilə təmin olunmağına köməklik göstərilməsi xahiş olunmuşdur. Lakin Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən Bakı şəhərində qeydiyyata düşdükdən və 7 il yaşadıqdan sonra mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota götürülməsi əsas gətirilərək müraciətinə verilmiş 22 fevral 2024-cü il tarixli cavab məktubu ilə müraciətində qeyd olunmuş məsələnin müsbət həllinin mümkün olmadığı bildirilmiş, qanunsuz və əsassız olaraq müraciətindən imtina edilmişdir. İddiaçı nəinki 7 (yeddi) il, dünyaya göz açdıqdan bugünkü günədək Bakı şəhərində yaşamış, Bakı şəhəri E.Sultanov adına 217 №li məktəbdə təhsil almış və 2019-cu il tarixdə həmin məktəbi bitirmişdir. Halbuki AR Mənzil Məcəllənin 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüquqi vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. AR Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən isə sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Yuxarıda qeyd etdiyi xüsusatlardan da seçdiyi yaşayış yerində yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota durmaq hüququnun mövcud olduğu açıq- aşkar görülməkdədir. Lakin buna baxmayaraq Binəqədi Rayon İcra Hakimiyyəti qanunvericiliyin tələblərinə zidd olaraq sosial dəstəyə ehtiyyacı olan əlil bir vətəndaş kimi mənzillə təmin olunmağı üçün mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota götürməkdən imtina etmişdir. Hesab edir ki, məhkəmə tərəfindən əlil bir vətəndaş kimi sosial həyatının müdafiəsi, sosial təminatının yaxşılaşdırılması, eləcə də hüquqlarını digərləri ilə bərabər şəkildə həyata keçirməyi üçün lazimi şəraitin yaradılması məqsədilə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota götürmə vəzifəsinin Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir.

4. Cavabdehin imtinası onunla əsaslandırılmışdır ki, iddiaçı öz iddiasını onunla əsaslandırır ki, o, 44 günlük vətən müharibəsində iştirak etmiş və yaralanmış daha sonra isə əlillik dərəcəsi almışdır. İddiaçı yaşayış sahəsi ilə təmin olunması üçün Binəqədi rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Binəqədi rayon İcra Hakimiyyətinin məktubuna əsasən Mənzil Məcəlləsinin 51.4-cü maddəsinə əsasən güzəştli mənzil növbəsinə götürülməyimin qeyri-mümkün olduğu bildirilmiş, güzəştli mənzil uçotuna götürülməmiş və mənzil-uçot siyahısına daxil edilməmişdir. İddiaçının bu iddiası əsassızdır və buna görə də iddia qeyrimümkün hesab edilməlidir. İddiaçının anası X3 rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək oğlunun 44 günlük vətən müharibəsində iştirak etdiyini və yaralanaraq əlillik dərəcəsini aldığını qeyd edərək mənzil növbəsini götürülərək mənzil verilməsini xahiş etmişdir. Lakin iddiaçının yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim etməmişdir. Eyni zamanda iddiaçının Binəqədi rayon ərazisində 5 il daimi qeydiyyatı olması barədə arayışı təqdim etməmişdir. Eyni zamanda Binəqədi rayon İcra Hakimiyyətinin mənzil fondunda mənzillərin olmadığını nəzərə alaraq rayon İcra Hakimiyyəti tərəfindən mənzillərin ayrılması mümkün deyildir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanlarına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Binəqədi rayon İcra Hakimiyyətinə qoyulan bu vəzifənin icra olunması iddiaçı tərəfindən mübahisələndirilmir. Rayon İcra Hakimiyyəti öz tərəfindən mənzillə təmin olunma ilə bağlı müraciət edən vətəndaşlara cavab məktublarında bildirir ki, boş mənzil fondu olduğu təqdirdə onların ərizələrinə yenidən baxıla bilər. İddiaçı iddia ərizəsində “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununa istinad etsə də, lakin iddiaçı hərbi qulluqçu statusuna malik deyildir.

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

7. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.

II. İddianın növü və mümkünlüyü

8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.

10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

11. İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar

12. AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2002-ci il tarixdə doğulmuşdur.

13. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilir: “qüvvədə olan Bakı Şəhər Xalq Deputatları Sovetinin xx.xx.1989-cu il tarixli Qərarına əsasən təsdiq edilmiş “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi qaydaları” əsas götürüməklə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarının icrasını həyata keçirmək məqsədilə şəhid ailələrinin və müharibə əlillərinin mənzil və məişət şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görülür. Bildiririk ki, Qaydaların 8-ci bəndinə əsasən vətəndaşlar Bakı şəhərində qeydiyyata düşdükdən və 7 (yeddi) il yaşadıqdan sonra mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota götürülürlər. Sizin təqdim etdiyiniz sənədlərdən yaşayış yeri üzrə daimi qeydiyyatınızın Lerik rayonunda olduğu, lakin Bakı şəhəri, Binəqədi rayonunda xx.xx.2024-cü il tarixdən qeydiyyata düşdüyünüz müəyyən edilmişdir. Sizin Bakı şəhərində yaşayış yeri üzrə daimi qeydiyyatınızın 7 (yeddi) ildən az olduğundan müraciətdə qeyd olunmuş məsələnin müsbət həlli mümkün olmumışdır. Gələcəkdə mövcud qanunvericiliyə əlavə və dəyişiklik olduğu rəqdirdə müracətiniz əsasında məsələyə yenidən baxıla bilər.”

14. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli, ******* nömrəli arayışından görünür ki, İddiaçı (xx.xx.2002-ci il təvəllüdlü) Bakı şəhəri, ünvan 4 ünvanında xx.xx.2024-cü il tarixdən yaşayış yeri üzrə qeydiyyatdadır.

15. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışının surətindən görünür ki, Bakı şəhəri, ünvan 4 ünvanına xüsusi mülkiyyət hüququ (tam) X1 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır.

16. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsinin əlillik haqqında ayayışından görünür ki, İddiaçı xx.xx.2021-ci ildən müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmişdir. Əlilliyin səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar.

17. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-ci il tarixli məktubda qeyd edilir ki, İddiaçı adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir.

18. Bakı şəhəri Biləcəri Bələdiyyəsi tərəfindən verilən xx.xx.2023-cü il tarixdə arayışda qeyd edilir ki, İddiaçı adına Binəqədi Biləcəri qəsəbəsi inzibati ərazsində Biləcəri tərəfindən hər hansı bir məqsəd üçün torpaq sahəsi ayrılmamışdır.

19. Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu tərəfindən iddiaçıya ünvanlanmış 22.021.2024-ci il tarixli məktubda qeyd edilir ki, hazırda Fondun mövcud informasiya sistemlərindı Sizə verilmiş ipoteka kreditinə, o cümlədən güzəşli ipoteka kreditinə dair məlumat mövcud deyildir.

20. E 207985 nömrəli tam orta təhsil haqqında attestatın surətindən görünür ki, İddiaçı 2019cu ildə Bakı şəhəri E.Sultanov adına 217 №li tam orta məktəbi bitirmişdir.

21. Bakı şəhəri Binəqədi rayonu E.Sultanov adına 217 №li tam orta məktəbin xx.xx.2024-cü il tarixli arayışında qeyd olunur ki, İddiaçı 2018/2019-cu tədris ilində 217 №li tam orta məktəbin Xİ sinfini bitirib, E 207985 nömrəli tam orta təhsil haqqında ali attestat verilmişdir. Arayış Bakı İnzibati Məhkəməsinə təqdim edilmək üçün verilir.

22. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Texniki Universiteti nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin xx.xx.2024-cü il tarixli arayışında qeyd olunur ki, İddiaçı kollecin əyani “Poçt rabitəsi və mühasibat uçotu” şöbəsinin İV kurs, “Radiorabitə, radio verlişləri, tv” ixtisası üzrə RT-110a qrupunda dövlət hesabına təhsil alır. Arayış Bakı İnzibati Məhkəməsinə təqdim edilmək üçün verilir.

23. İş materillarına iddiaçıya verilən “Vətən müharibəsi iştirakçısı” medalı, “Cəbrayılın azad olunmasına görə” medal və “Şuşanın azad olunmasına görə” medalın vəsiqəsi əlavə edilmişdir.

24. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, İddiaçı adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir.

IV. Məhkəmənin mövqeyi

25. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 50.1-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa); 50.2-ci maddəsinə əsasən vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. 51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.7-ci maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

26. «Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun (xx.xx.2018-ci ilədək qüvvədə olan) 43-cü maddəsinə əsasən əlillər dövlətin hesabına mənzillə təmin edilirlər. İ qrup əlillərə, sağlamlıq imkanları məhdud uşağın ailələrinə mənzillər növbədənkənar verilir. Əlillərin, sağlamlıq imkanları məhdud uşağın ailələrinin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər hesab edilməsinin əsasları, onlara mənzil verilməsinin növbəliyi Azərbaycan Respublikasının mənzil qanunvericiliyi ilə müəyyən edilir. Bu zaman İ qrup əlillər, sağlamlıq imkanları məhdud uşağın ailələri, habelə İİ və İİİ qrup müharibə əlilləri ailədə adambaşına 9 kvadratmetr və daha az yaşayış sahəsi ilə təmin edilmiş olduqda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər sayılırlar.

27. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun: 27.0-ci maddəsinə əsasən dövlət əlilliyi olan şəxslərin və onların ailələrinin qidalanma, geyim və yaşayış yeri daxil edilməklə layiqli həyat səviyyəsinin, həyat şəraitinin yaxşılaşdırılmasının təmin və təşviq edilməsi üçün aşağıdakı tədbirləri həyata keçirir: 27.0.1. əlilliyi olan şəxslərin əlilliklə bağlı ehtiyaclarının ödənilməsi üçün köməklik göstərir; 27.0.2. əlilliyi olan şəxslərin sosial müdafiə və yoxsulluğun azaldılması üzrə dövlət proqramlarından istifadə etmək imkanlarını təmin edir; 31.1-ci maddəsinə əsasən əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir.

28. «Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli 459 nömrəli qərarına əsasən sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilmişdir.

29. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında» Əsasnamənin: 4.6.9-cu bəndinə əsasən əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların yaşayış səviyyəsinin yaxşılaşdırılması sahəsində tədbirlər görmək, onların bərpa müəssisələrinin fəaliyyətinə və inkişafına, əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların reabilitasiya proqramlarının icrasına və əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların həyat fəaliyyəti üçün əlverişli mühitin yaradılmasına dəstək vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə aid edilmişdir. 6.8-ci bəndinə əsasən yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyri-normativ hüquqi aktlar qəbul edir. Qeyri-normativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir.

30. Azərbaycan SSR Nazirlər Sovetinin 14 oktyabr 1983-cü il tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları”nın: 1-ci bəndinə əsasən, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürmək, növbə müəyyən etmək və yaşayış sahələri vermək məsələlərinə dair komissiyanın təklifləri müvafiq yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən müzakirə və təsdiq edilir; 2-ci bəndinə əsasən, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar - mənzil tikinti kooperativlərinin üzvləri, şəxsi mülkiyyətində yaşayış evi olan vətəndaşlar və bu evlərdə yaşayan başqa vətəndaşlar ümumi əsaslarla uçota götürülür və yaşayış sahələri ilə təmin edilirlər; 4-cü bəndinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçotuna həmin yaşayış məntəqəsində müddəti rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Sovetləri tərəfindən müəyyən edilən vaxt ərzində daimi yaşayan şəxslər götürülürlər; 6-cı bəndinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar, bir qayda olaraq, yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsində uçota götürülürlər;

31. Azərbaycan Respublikası Konstitusiyasının Keçid Müddəalarının 6-cı bəndinə görə Azərbaycan Respublikasının qanunvericiliyi yerli xalq deputatları sovetlərinə aid edilmiş səlahiyyətləri yerli icra hakimiyyəti orqanları həyata keçirir.

32. Bakı Şəhər Xalq Deputatları Soveti 4-cü sessiyasının 8 aprel 1988-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın: 7-ci bəndində Bakı şəhərində daimi yaşayan mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların kateqoriyaları sadalanmışdır; 8-ci bəndinə əsasən, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yerində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna bu şərtlə götürülürlər ki, azı son beş il ərzində Bakı şəhərində yaşamış olsunlar və daimi pasport qeydiyyatında olsunlar. Yaşayışın müddəti Bakı şəhərində pasport qeydiyyatının olması ilə müəyyən edilir. Bakı şəhərinə bu qaydalar qəbul edildikdən sonra gələn vətəndaşlar Bakı şəhərində pasport qeydiyyatının təsdiq etdiyi kimi yeddi il yaşadıqdan sonra mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna götürülürlər.

33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 24.1-ci maddəsinə görə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər.

34. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinə görə şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. 3-cü maddəsinə əsasən yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir.

35. Qeyd edilməlidir ki, Mənzil Məcəlləsinin 51.7-ci maddəsi ilə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edildiyi nəzərdə tutulsa da hazırkı halda uçota alınma ilə bağlı yeganə və mövcud qüvvədə olan qanunvericilik yuxarıda adıçəkilən “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları” və “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”ndan ibarətdir.

36. Adları çəkilən Qaydaların yuxarıda qeyd edilən müddəalarından da müəyyən olunur ki, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotuna həmin yaşayış məntəqəsində müəyyən edilən vaxt ərzində daimi yaşayan şəxslər götürülürlər.

37. Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşlar azı son 5 il ərzində Bakı şəhərində yaşamış olduqları halda, bu qaydalar qəbul edildikdən sonra Bakı şəhərinə gələn vətəndaşlar isə yeddi il yaşadıqdan sonra mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna götürülə bilərlər. Daimi yaşamağın müddəti isə Bakı şəhərində pasport qeydiyyatının tarixi ilə müəyyən edilir.

38. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı xx.xx.2021-ci ildə müddətsiz Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar üçüncü dərəcə əlillik təyin edilmişdir. Eyni zamanda iddiaçı Bakı şəhərində (Binəqədi rayonunda) xx.xx.2024-cü il tarixdən qeydiyyatda olsa da, faktiki olaraq tam orta məktəbi Bakı şəhərində Binəqədi rayonu E.Sultanov adına 217 №li tam orta məktəbində bitirmişdir, hazırda isə Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin İV kurs tələbəsi olmaqla dövlət hesabına “Radiorabitə, radio verlişləri, tv” ixstisası üzrə təhsil alır. Məhkəmə sorğusu nəticəsində əldə edilmiş məlumat ilə iddiaçının adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilmədiyi müəyyən olunmuşdur, həmçinin Biləcəri bələdiyyəsi tərəfindən hər hansı bir məqsəd üçün torpaq ayrılmadığı bələdiyyə tərəfindən verilən məlumatdan görünür.

39. Beləliklə, iddiaçı üçüncü dərəcəli əlildir, hər hansı daşınmaz əmlak aşkar edilməmişdir, faktiki olaraq uzun müddətdir Bakı şəhərində Binəqədi rayonunda yaşamış, hazırda da qohumu ilə birlikdə Bakı şəhərində Binəqədi rayonunda yaşayır. Qeyd olunanlara əsasən müəyyən edilir ki, iddiaçı yaşayış sahəsinə ehtiyacı olan şəxs hesab edilir.

40. Bundan əlavə, cavabdeh tərəfindən oxşar mübahisələrə dair işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyi də nəzərə alınmamışdır. Həmin hüquqi mövqeyə görə, Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli, 418 nömrəli qərarı ilə təsdiq edilmiş, “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydalarına” istinad etməsi yanlışdır, belə ki, həmin qaydalarin müddəaları iddiaçıya tətbiq oluna bilməz. (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-917/2022 nömrəli qərarı).

41. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir.

42. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

43. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

44. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

45. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur.

46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota (mənzil növbəsinə) götürülməsi barədə sərəncam qəbul edilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar