Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7604/2021 25.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X4) “qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X4) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi, ev 123A ünvanında yerləşən 55 saylı mənzildən X1 pasport qeydiyyatından çıxarlması öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, ünvan 1 ünvanında yerləşən mənzil 15.08.2012-ci ildən onun xüsusi mülkiyyətindədir. O, həmin mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. X4 18.12.2016-cı ildə onun oğlu X3 ilə nikaha daxil olmuş, lakin onlar 2020-ci ilin aprel ayından faktiki olaraq ayrılmışlar. X4 onun oğlu ilə evləndiyi zaman onun mənzilinə pasport qeydiyyatına alınmasına dair Asan 1 Xidmətində 2019-cu ilin sentyabr ayında onun tərəfindən razılıq verilməsinə baxmayaraq, bu qeydiyyat formal xarakter daşımışdır. X4 heç bir vaxt ona məxsus evdə yaşamamış, ailə qurduğu vaxtdan öz valideynlərinə məxsus ünvan 2 ünvanında yaşamış, hazırda da həmin ünvanında yaşayır. Yəni, X1 onun mənzilinə qeydiyyatı formal xarakter daşımışdır. O, X1 qeydiyyatdan çıxarılması üçün cavabdehə yazılı müraciət etsə də, həmin orqan onun müraciətini təmin etməkdən imtina etdi və qeydiyyatdan çıxarılmanın yalnız qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında həyata keçirildiyini bildirdi. Cavabdehin imtinası əsassızdır. X1 əsassız olaraq onun mülkiyyətində olan mənzildə qeydiyyatda qalması onun mənzil üzərində mülkiyyət hüququnu məhdudlaşdırır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə baxışı iclasına cavabdehin nümayəndəsi və üçüncü şəxs gəlməmişlər. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 07.06.2021-ci il tarixli məktubda qeyd edilir: Sizin Nərimanov rayon polis İdarəsinə ünvanladığınız ərizəniz icraatımıza daxil olmuşdur. Ərizənizə cavab olaraq bildiririk ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması üçün yeni yaşayış yerinə qeydiyyata düşməsi barədə məlumat, istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qüvvəyə minmiş qərarı və s. sənədlər tələb olunur. Əks təqdirdə şəxsin qeydiyyatdan çıxarılması tərəfimizdən mümkün deyildir. Bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etməyiniz məqsədə müvafiqdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında 26.05.2021-ci il tarixli ******* nömrəli arayışdan görünür ki, X4 ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 18.12.2016-cı il tarixli AZ-İİ seriyalı 173410 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə X2 18.12.2016-cı il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Əliyev soyadı, arvada isə Əliyeva soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi, ev 123a, mənzil 55 ünvanında yerləşən mənzilə xüsusi mülkiyyət hüququ (tam) İddiaçı adına 15.08.2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən 06.10.2021-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş X1 Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi, ev 123a, mənzil 55 ünvanına qeydiyyata alınmasına əsas olan sənədlərdən görünür ki, İddiaçı 1 saylı Bakı «ASAN xidmət» Mərkəzində xidmət göstərən Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinə 11.09.2018-ci il tarixli ərizə ilə müraciət edərək Bağırzadə (Əliyeva) Sevinc Tahir qızının ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi, ev 123a, mənzil 55 ünvanına daimi qeydiyyata düşməsinə etiraz etməmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 12.08.2021-ci il tarixli **********69 nömrəli məktubdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi, ev 123a, 55 saylı mənzil İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 12.08.2021-ci il tarixli **********70 nömrəli məktubdan görünür ki, X1 adına Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi, ev 123a, 55 saylı mənzilə dair istifadə hüququnun qeydiyyata alınması ilə bağlı məlumat İdarənin arxivində aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır; 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür; 5-ci maddəsinin 2-ci hissəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir; 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi, 123a saylı evin, 55 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. Üçüncü şəxs həmin ünvana iddiaçının (mülkiyyətçinin) razılıq ərizəsi əsasında qeydiyyata alınmışdır. Hazırda üçüncü şəxs iddiaçıya məxsus həmin ünvanda qeydiyyatdadır. Mənzildə qeydiyyatda olan üçüncü şəxs yaşayış yerini dəyişməsinə baxmayaraq, mənzildən qeydiyyatdan çıxmamışdır. Üçüncü şəxs iddiaçıya məxsus mənzildə formal qeydiyyatdadır. Üçüncü şəxs hazırda faktiki olaraq həmin ünvanda yaşamır, daimi yaşamaq üçün başqa ünvana köçmüşdür. Həmçinin üçüncü şəxsin mübahisələndirilən ünvana istifadə hüquqları qeydiyyata alınmamışdır. Hazırda iddiaçı üçüncü şəxsin ona məxsus ünvandan qeydiyyatdan çıxarılmasını tələb edir. Qeyd olunan hallara əsasən iddiaçının (mülkiyyətçinin) ərizəsi əsasında cavabdeh inzibati orqan tərəfindən üçüncü şəxsin həmin ünvandan qeydiyyatdan çıxarılması təmin edilməli idi. Məhkəmə qeyd edir ki, üçüncü şəxs iddiaçının mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda qalmışdır və bu, iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırır. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34.1, 52, 58, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi, ev 123A, mənzil 55 ünvanından X1 qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-7604/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7604/2021
25.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver