Məhkəmə qərarları › İş №2-1(112)-7608/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7608/2025

04.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7608/2025 04.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X7 İdris oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı və üçüncü şəxsin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsinə qarşı “iddiaçıya ayrılmış 600 kv.m torpaq sahəsinin xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Zığ qəsəbəsinin şimal şərqində 600 kv.m torpaq sahəsinin İddiaçı aid xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 20 iyun 1996-cı il tarixli, 644 saylı Sərəncamı ilə fərdi yaşayış evi tikmək üçün iddiaçının əri X3 Bakı şəhəri Zığ qəsəbəsinin şimal-şərqində 600 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi iddiaçının ərinə yerində təhvil verilmiş, həmin torpaq sahəsinin ona təhvil verilməsi barədə ayrıc aktı və yerləşmə sxemi təqdim edilməmişdir. İddiaçının əri 21 fevral 2002-ci il tarixdə vəfat etmiş və Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 02 fevral 2005-ci il tarixli, 65 saylı Sərəncamı ilə Bakı şəhəri, Zığ qəsəbəsinin şimal-şərqində 600 kv.m torpaq sahəsi onun istifadəsinə verilmişdir. O, artıq 30 ilə yaxındır ki, həmin torpaq sahəsini hasara aldıraraq həmin torpaq sahəsindən istifadə etsə də, həmin torpaq sahəsini hal-hazıra qədər özəlləşdirməmişdir. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 20 iyun 1996-cı il tarixli, 644 saylı və 02 fevral 2005-ci il tarixli, 65 saylı Sərəncamları ilə ayrılmış və hal-hazırda istifadəsində olan Bakı şəhəri, Zığ qəsəbəsində yerləşən 600 kv.m torpaq sahəsinin yerləşmə sxeminin (cizgisinin) tərtib edilərək ona verilməsi barədə Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin 22 avqust 2023-cü il tarixli məktubu ilə müraciətindən imtina edilmiş, imtinanın əsası kimi İcra Hakimiyyəti tərəfindən ayrılmış torpaq sahələrinin yerini və koordinatlarını müəyyənləşdirmək, o cümlədən, həmin sahələrə dair cizgilər və xəritədən çıxarışlar vermək səlahiyyəti nəzərdə tutulmaması göstərilmişdir. Bundan sonra o, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldırmış və Bakı İnzibati Məhkəməsinin Qərarı ilə həmin torpaq sahəsinin yerləşmə sxeminin tərtib edilərək verilməsi vəzifəsi Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. Bundan sonra isə məhkəmə qərarı icra edilmiş və Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti həmin torpaq sahəsinin yerləşmə sxemini tərtib edərək vermişdir. Daha sonra qeyd edilən torpaq sahəsinə dair olan sənədləri cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı ərazi idarəsinə təqdim edərək, həmin torpaq sahəsinə dair xüsusi mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmasını xahiş etmişdir. Cavabdeh isə onun müraciətindən imtina edərək, öz imtinasını müvafiq torpaq sahəsinin ona ayrılmasına dair Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 65 saylı Sərəncamı ilə həmin torpaq sahəsinin mərhum X3 ayrılmasına dair 644 nömrəli, xx.xx.1996-cı il tarixli Sərəncamının ləğv olunması, qeyd olunan Sərəncamın xx.xx.2005-ci il tarixli olması, xx.xx.2001-ci il tarixdən sonra torpaq sahəsinin ayrılması yerli İcra Hakimiyyəti orqanlarının səlahiyyətləri xaricində olması və elektron kadastr məlumatlarına əsasən, göstərilən torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Qaraçuxur İNM) istifadəsinə verilmiş ərazidə yerləşməsi ilə əsaslandırmışdır. Cavabdeh torpaq sahəsinə dair onun xüsusi mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmasından imtina etməkdə haqlı olmamışdır. Belə ki, həmin torpaq sahəsi Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 20 iyun 1996-cı il tarixli, 644 saylı Sərəncamı ilə fərdi yaşayış evi tikmək üçün onun əri X3 ayrılmışdır. Yəni, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin o zaman torpaq sahəsi ayırmaq səlahiyyəti olmuşdur. Lakin əri X4 öldükdən sonra Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 02 fevral 2005-ci il tarixli, 65 saylı Sərəncamı ilə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 20 iyun 1996-cı il tarixli, 644 saylı Sərəncamına əsasən ərinə verilən hüquq ona güzəşt edilmişdir. Yəni, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 02 fevral 2005-ci il tarixli, 65 saylı Sərəncamı ilə Suraxanı Rayon İcra Hakimiyyəti ona torpaq sahəsi ayırmamış, həmin torpaq sahəsinə dair olan hüququ iddiaçı adına keçirilmiş və 20 iyun 1996-cı il tarixli, 644 saylı Sərəncam da ləğv edilməmiş, qeyd edilən torpaq sahəsinə aid olan hüquqlar onun adına keçdiyinə görə 20 iyun 1996-cı il tarixli, 644 saylı Sərəncam yalnız ərinin adına aid hissədə ləğv edilmişdir. Bir sözlə, xx.xx.2001-ci il tarixdən sonra torpaq sahəsinin ayrılması yerli İcra Hakimiyyəti orqanlarının səlahiyyətləri xaricində olsa da, yerli icra hakimiyyəti orqanlarının sərəncam vermək, əvvəlki sərəncamlara düzəliş etmək səlahiyətləri əlindən alınmamışdır. Bu baxımdan iddiaçı belə hesab edir ki, Bakı şəhəri, Zığ qəsəbəsinin şimal-şərqində 600 kv.m torpaq sahəsinin əri X3 ayrılmasına dair Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 20 iyun 1996-cı il tarixli, 644 saylı Sərəncamı və həmin Sərəncama əsasən qəbul edilmiş Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 02 fevral 2005-ci il tarixli, 65 saylı Sərəncamı qeyd edilən torpaq sahəsinin xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsasdır. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə xx.xx.2025-ci il tarixli bildirişə əsasən, müvafiq torpaq sahəsinin ayrılmasına dair Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 65 saylı Sərəncamı ilə həmin torpaq sahəsinin mərhum X3 ayrılmasına dair 644 nömrəli, xx.xx.1996-cı il tarixli Sərəncamı ləğv olunmuşdur. Həmçinin, qeyd olunan Sərəncam xx.xx.2005-ci il tarixlidir. Belə ki, xx.xx.2001-ci il tarixdən sonra torpaq sahəsinin ayrılması yerli icra hakimiyyəti orqanlarının səlahiyyətləri xaricindədir. Bundan başqa, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Qaraçuxur İNM) istifadəsinə verilmiş ərazidə yerləşir. Cavabdehin xx.xx.2025-ci il tarixli yazılı etirazında göstərilmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlarla bağlı ********** nömrəli ərizə ilə idarəyə müraciət etmiş, **********26 xaricolma nömrəli məktubla cavab verilmişdir. Müvafiq torpaq sahəsinin iddiaçıya ayrılmasına dair Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 65 saylı Sərəncamı ilə həmin torpaq sahəsinin mərhum X3 ayrılmasına dair 644 nömrəli, xx.xx.1996-cı il tarixli Sərəncamı ləğv olunmuşdur. Həmçinin, qeyd olunan Sərəncam xx.xx.2005-ci il tarixlidir. Belə ki, xx.xx.2001-ci il tarixdən sonra torpaq sahəsinin ayrılması yerli icra hakimiyyəti orqanlarının səlahiyyətləri xaricindədir. Elektron kadastr məlumatlarına əsasən, göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Qaraçuxur İNM) istifadəsinə verilmiş ərazidə yerləşir. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 04.122025-ci il tarixli etirazında qeyd edilmişdir ki, araşdırma nəticəsində müəyyən olunmuşdur ki, həmin koordinatlarda yerləşən torpaq sahəsi neft-qaz əməliyyatlarının aparılması üçün 1976-cı ildə, daha sonra 2012-ci ildə müvafiq təkmilləşdirilmələr aparılmaqla, Dövlət Neft Şirkətinin (Azneft İB-nin) daimi istifadəsinə verilmiş ərazilərin hüdudları daxilində yerləşmişdir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Belə xüsusi hüquqi rejimli mühafizə zonaları müvafiq normativ-hüquqi aktlarla tənzimlənir. Həmin Məcəllənin 22.5-ci maddəsinə əsasən, sənaye təyinatlı torpaqların istifadəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq aktına əsasən həyata keçirilir. “Torpaq islahatı haqqında qanunun” 6-cı maddəsinə əsasən, “Dövlət obyektlərinin - dağmədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətində saxlanılan torpaqlardır. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Bu maddədə açıq şəkildə və birmənalı olaraq qeyd edilir ki, həmin torpaqlar dövlət mülkiyyətində saxlanır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli Fərmanının 2-ci hissəsində müəyyən edilmişdir ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Qeyd olunan Fərmanın mənasından aydın olur ki, müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlakın magistral boru kəmərlərinin zonalarında və sair torpaq sahələrində yerləşməsi hüquqların dövlət qeydiyyatına alınmasından imtina üçün əsas ola bilər. Üçüncü şəxsin nümayəndəsi etiraz məktubunda iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7608/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üçüncü şəxs qismində (zəruri cəlbetmə) inibati məhkəmə icraatına cəlb edilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: Bakı şəhəri 18 saylı Notariat Ofisi tərəfindən Daşınmaz Əmlakın Kadastrı və Reyestrinin 1 saylı Bakı ərazi idarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubuna əsasən, ünvan 2 ünvanında yaşamış və xx.xx.2002-ci il tarixdə vəfat etmiş mərhum X2 vərəsəsinin ərizəsinə əsasən notariat ofisində vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən edilmişdir. İddiaçı mərhum X2 vərəsəsidir. Vərəsəlik işinin həlli üçün mərhum X1 miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin şimal-şərqində fərdi yaşayış evi tikintisi üçün ayrılmış 600 kv.metr torpaq sahəsinə dair çıxarışı və texniki pasportu sorğunu təqdimedən şəxs vasitəsilə göndərilməsi xahiş olunmuşdur. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 20 iyun 1996-cı il tarixli, 644 saylı Sərəncamına əsasən fərdi yaşayış evi tikmək üçün Zığ qəsəbəsində 600,0 kv.metr torpaq sahəsi vətəndaş X3 ayrılmışdır. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli, 65 nömrəli Sərəncamına əsasən Suraxanı Rayon İcra Hakimiyyətinin 20 iyun 1996-cı il tarixli, 644 saylı Sərəncamı ləğv edilmiş, Zığ qəsəbəsinin şimal-şərqində, 600,0 kv.m.torpaq sahəsi vətəndaş İddiaçı istifadəsinə verilmişdir. Bakı İnzibati Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, 2-1(112)-7020/2024 nömrəli Qərarı ilə İddiaçı iddiası təmin edilmiş, iddiaçıya Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 65 saylı Sərəncamı (Suraxanı RİH başçısının 20 iyun 1996-cı il tarixli, 644 saylı Sərəncamı əsasında) ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün Zığ qəsəbəsinin şimali-şərq hissəssində ayrılmış 600 kv.metr torpaq sahəsinə dair cizginin (ayrıc aktının tərtib olunaraq verilməsi öhdəliyi Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. Sözügedən qərar cavabdeh tərəfindən verilmiş apellyasiya və kasssiya şikayətləri təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, 2-1(112)-7020/2024 nömrəli Qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı İnzibati Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, 2-1(112)-7020/2024 nömrəli Qərarına əsasən Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli, 65 nömrəli Sərəncamı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış Zığ qəsəbəsinin şimal-şərqində yerləşən və iddiaçının iddia etdiyi 600,0 kv.metr torpaq sahəsinin mövcud istifadə vəziyyətinə dair cizgisi tərtib edilmişdir. İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsaslıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.4-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Belə ki, Qanununun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3-cü maddəsinə görə, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.10.2-ci maddəsinə əsasən, məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanununun 8.0.4-cü maddəsinə görə qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda Məhkəmə bildirir ki, iddiaçının mərhum ərinin mübahisələndirilən daşınmaz əmlak üzərində mülkiyyət hüquqları yaranmışdır, lakin bu hüquqlar onun tərəfindən reallaşdırıla bilinməmişdir. Cavabdehin etirazının dəlillərindən göründüyü kimi daşınmaz əmlakın ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsini mümkünsüz hesab etməsinin əsası kimi torpaq sahəsinin 644 nömrəli, xx.xx.1996-cı il tarixli Sərəncamın ləğv olunmasını və torpaq sahəsinin Dövlət Neft Şirkətinin istifadəsinə verildiyi ərazidə yerləşməsini göstərmişdir. Məhkəmə ilk öncə cavabdehin imtina əsası kimi göstərdiyi birinci əsasa münasibət bildirir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 20 iyun 1996-cı il tarixli, 644 saylı Sərəncamına əsasən, fərdi yaşayış evi tikmək üçün Zığ qəsəbəsində 600,0 kv.metr torpaq sahəsi vətəndaş X3 ayrılmışdır. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli, 65 nömrəli Sərəncamına əsasən, Suraxanı Rayon İcra Hakimiyyətinin 20 iyun 1996-cı il tarixli, 644 saylı Sərəncamı ləğv edilmiş, Zığ qəsəbəsinin şimal-şərqində, 600,0 kv.m.torpaq sahəsi vətəndaş İddiaçı istifadəsinə verilmişdir. Nəzərə alınmalıdır ki, xx.xx.2005-ci il tarixli, 65 nömrəli Sərəncamın verilməsinin əsasında Suraxanı Rayon İcra Hakimiyyətinin 20 iyun 1996-cı il tarixli, 644 saylı Sərəncamı dayanır ki, sərəncamda da torpaq sahəsinin X3 ayrılması nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının mərhum ərinə mübahisəli torpaq sahəsi müvafiq sərəncama əsasən Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən ayrılmışdır. Həmin sənədlər isə qərarda (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsi) istinad olunan norma anlamında daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslara aiddir. İş üzrə materiallardan hüquqmüəyyənedici sənəd olan həmin sərəncamın və əmrin hər hansı qaydada mübahisələndirildiyi, ləğv edildiyi və geri çağırıldığı yaxud da etibarsız sayıldığı görünmür. Yəni həmin sənədlər öz hüquqi qüvvəsini saxlayır və etibarlıdır. Məhkəmə cavabdehin imtina əsası kimi istinad etdiyi digər əsasa münasibətdə bildirir ki, bu hal hazırki tələbin təmin edilməsini istisna etmir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 2-ci bəndinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir. Həmin maddənin 3-cü bəndinə əsasən zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Həmin maddənin 5-ci bəndinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli mühafizə zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ hüquqi aktlarla tənzimlənir. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanunun əlavəsindən görünür ki, neftqazçıxarma sənayesi (magistral neft-qaz boru kəmərlərini daxil etməklə) və geoloji kəşfiyyat işləri təhlükə potensiallı istehsal obyektlərinin sırasına aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 6 fevral tarixli 31 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın 3.3-cü bəndinə görə əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün bu obyektlər ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. Neftqazçıxarma sənayesi (hazırki halda ləğv olunmuş quyular) obyektlərindən yaşayış binalarına, fərdi yaşayış evlərinə, yataqxanalara, ictimai və inzibati binalara, müvəqqəti salınmış qəsəbələrə qədər minimum məsafə 75 m olmalıdır. Normaların məzmunundan göründüyü kimi, təhlükə potensiallı istehsal obyektlər sırasına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş tələblərə riayət edilməklə istifadə oluna bilər. Göründüyü kimi hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsasları konkret olaraq təsbit edilmişdir ki, hazırkı iş üzrə həmin hallar mövcud deyil. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 65 saylı Sərəncamına (Suraxanı RİH başçısının 20 iyun 1996-cı il tarixli, 644 saylı Sərəncamı əsasında) əsasən İddiaçı ayrılmış Zığ qəsəbəsinin şimali-şərq hissəsində ayrılmış 600 kv.metr torpaq sahəsinin xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə həvalə edilsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar