Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7610/2020 30.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, iddiaçı - İddiaçı cavabdeh - Cavabdehnə 3-cü şəxs - “xxxx” MMC qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: X1 və digərləri Cavabdehnə qarşı “əmlaka görə kompensasiyanın alınmamış hissəsinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmənin 2-1(112)-4148/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia bir icraatın müstəqil işlər üzrə icraata ayrılması qərara alınmışdır. “İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı ünvan 1 saylı ünvanda yerləşən dövlət ehtiyacları üçün satın alınmaya məruz qalmış yaşayış binası üzrə ödənilməyən 78.200 (yetmiş səkkiz min iki yüz) AZN (manat) vəsaitin Bakı şəhər Cavabdehndən tutulması barədə qərar qəbul edilməsi” tələbi üzrə iş 2-1(112)-4148/2020 nömrəli işdən yeni nömrə ilə ayrılmışdır. Məhkəmənin 2-1(112)-7610/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə “xxxx” MMC üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İş üzrə hazırlıq icraatı ilə bağlı məhkəmə iclası xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Həmin tarixli məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə tərəfin izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı “cavabdehdən ünvan 2 saylı ünvanda yerləşən Dövlət ehtiyacları üçün satın alınmaya məruz qalmış yaşayış binası üzrə ödənilməyən Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq İddiaçı xeyrinə 78.200 azn məbləğdə vəsaitin tutulması”nı tələb edir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq dövlət ehtiyacları üçün alınmaya məruz qalmış əmlakın dəyərinin kompensasiyanın ümumi məbləğinin 20 faizi miqdarında müəyyən edildiyindən və Qanunvericiliyin tələblərinə uyğun olaraq yaşayış binasının tərkib hissəsi olan yuxarıda qeyd edilən ümumi istifadədə olan binanın, dəhlizi, pilləkənları, lift, su anbarı, balkonlar, işıq transformatoru və otağı, həyətyani sahə və sair sahələrin kompensasiyası ödənilməmişdir. Məhkəmə kompensasiyanın ümumi məbləğinin 20 faizi miqdarında müəyyən edilməməsi ilə bağlı aşağıdakıları qeyd edir: İş materiallarından görünür ki, Cavabdeh 1065/d saylı xx.xx.2020-ci il tarixli məktubla müvafiq Qiymətləndirmə cədvəllərinin surətini məhkəməyə təqdim etmişdir. İş materiallarında olan Qiymətləndirmə cədvəllərində göstərilmişdir ki, İddiaçı məxsus olan ünvan 2 saylı ünvanda yerləşən 41 nömrəli mənzilə görə əlavə xərclər də nəzərə alınmaqla 331.000 manat məbləğində, ünvan 2 saylı ünvanda yerləşən iki qeyriyaşayış sahələrinə görə isə əlavə xərclər də nəzərə alınmaqla hər birinə 30.000 manat (cəmi 60.000) məbləğində kompensasiya hesablanmışdır. İş materiallarından görünür ki, məhkəmə iclası zamanı cavabdehin nümayəndəsi öz izahatında bildirmişdir ki, iddiaçıya ödənilən kompensasiya məbləği qanunvericilikdə müəyyən edilmiş bütün əlavə xərclər, həmçinin Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına uyğun olaraq 20 faiz əlavə də nəzərə alınmaqla hesablanmışdır. İş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixli notarial qaydada bağlanılmış Müqaviləyə əsasən İddiaçı Cavabdehndən yaşayış sahəsinə görə 331.000 manat məbləğində, xx.xx.2017-ci il tarixli Notarial qaydada bağlanılmış Müqavilələrə əsasən isə qeyri-yaşayış sahələrinə görə hər birinə 30.000 manat olmaqla, ümumilikdə 391.000 manat kompensasiya almaqla müvafiq daşınmaz əmlaklarından Cavabdeh xeyrinə imtina etmişdir. Həmçinin, yuxarıda qeyd edilən Müqavilələrə əsasən İddiaçı gələcəkdə müvafiq yaşayış sahəsi və qeyri-yaşayış sahələrinə görə və bu Müqavilələrə dair hər hansı iddia qaldırmayacağını öhdəsinə götürmüşdür. Məhkəmə qeyd edir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixli notarial qaydada bağlanılmış Müqavilələrin qüvvədə olması işin mübahisələndirilməyən halı kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçıya kompensasiya hesablanarkən bütün əlavə xərclər, həmçinin Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına uyğun olaraq 20 faiz əlavənin də nəzərə alınması və iddiaçının həmin məbləği qəbul etməsi iş materialları ilə öz təsdiqini tapmışdır. Həmçinin, məhkəmə yaşayış binasının tərkib hissəsi olan yuxarıda qeyd edilən ümumi istifadədə olan binanın, dəhlizi, pilləkənları, lift, su anbarı, balkonlar, işıq transformatoru və otağı, həyətyani sahə və sair sahələrin kompensasiyası ödənilməməsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 246.5-ci maddəsinə əsasən bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla bağlı daşınmaz əmlaka (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər) da şamil edilir. Məcəllənin 247.1.1-ci maddəsinə əsasən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən alınan torpaq üçün kompensasiyanın məbləği torpağın bazar qiymətinin müəyyən edilməsi üsulu ilə hesablana bilər. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun 24.4-cü maddəsinə əsasən qiymətləndirmə komissiyasının bu Qanunun 23.1.7-ci maddəsinə uyğun olaraq müstəqil qiymətləndiricinin torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təkliflərinin, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyinin təhlili nəticəsində torpaq və digər əmlakın bazar qiyməti barədə qəbul etdiyi qərarı alan orqan tərəfindən bu Qanuna uyğun olaraq kompensasiyanın ödənilməsində istifadə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 246.3-cü maddəsinə əsasən, torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. Həmin Məcəllənin 246.4-cü maddəsinə əsasən, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 35.3-cü maddəsinə uyğun olaraq torpağın alqı-satqı müqaviləsi bağlandıqdan sonra alan orqan 90 (doxsan) təqvim günü ərzində aşağıdakıları həyata keçirir: 246.4.1. mülkiyyətçiyə torpağın dəyərini tam ödəyir; 246.4.2. torpaqla bağlı hüquqların dövlətə verilməsi (keçməsi) üçün öz xərcləri hesabına lazımi tədbirlər görür. Həmin Məcəllənin 246.4.3-cü maddəsinə əsasən, satılan torpaq mülkiyyətçinin, onun ailəsinin yaşayış yeri olduğu halda, torpağın dəyəri mülkiyyətçiyə tam ödənildikdən sonra “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun V fəslinə uyğun olaraq mülkiyyətçiyə torpağı boşaltmaqda və yeni yaşayış yerinə köçməkdə köməklik göstərir. Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarının mahiyyətindən aydın olur ki, dövlət ehtiyacları üçün sökülən daşınmaz əmlaka görə kompensasiya həmin əmlakın mülkiyyətçisinə verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.3-cü maddəsinin tələbinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir. Həmin Məcəllənin 390.5-ci maddəsinin tələbinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddianın mümkünlük tələblərinə cavab vermədiyindən, iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmasının Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinin tələbinə əsasən mümkün olmadığını, iddiaçının, hazırkı tələbində artıq özgəninkiləşirdiyi əmlakına görə, yenidən həmin əmlakın alıcısına qarşı əlavə kompensasiya tələbini irəli sürdüyünü, Mülki Məcəllənin 527.1-ci və 528-ci maddələri baxımından, tərəflərin üzərinə götürdüyü öhdəliklərə artıq xitam verilmiş olduğunu, beləliklə, iddiaçının cavabdehə qarşı inzibati məhkəmə icraatı qaydasında kompensasiya tələbini irəli sürmək üzrə subyektiv hüququnun mövcud olmadığından, hazırkı iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir: “Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.” Həmçinin, M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 35 və 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddia mümkün sayılmır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan:Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-7610/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7610/2020
30.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver