Məhkəmə qərarları › İş №2-1(112)-7610/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7610/2022

31.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7610/2022 31.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 ünvanında qediyyatda olan), Cavabdehin nümayəndəsi X1 (Bakı şəhəri, Xətai rayonu, 201 ünvanında qediyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinə qarşı mənzil növbəsinə götürülməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Nizami Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ailə üzvlərilə birlikdə (özü, arvadı, 3 uşağı) hərbi qulluqçu kimi mənzil uçotuna götürülmə öhdəliyinin cavabdeh Nizami Rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək İddiaçı cavabdeh Nizami Rayon İcra Hakimiyyətinə qarşı “onun ailə üzvləri ilə birlikdə (özü, arvadı, 3 uşağı) hərbi qulluqçu kimi mənzil növbəsinə götürülməsi barədə sərəncam verilməsi öhdəliyinin cavabdeh Nizami Rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 31 may 2022-ci il tarixli 2-1(112)-7610/2020 saylı qərardadına əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı hərbi qulluqçu kimi mənzil növbəsinə qəbul edilməsilə bağlı Bakı şəhəh Nizami Rayonu İcra Hakimiyyətinə müraciət etmiş, ərizəyə cavab olaraq 14 mart 2022-ci il tarixli Y-5-068 saylı məktubla bildirilmişdir ki: “Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən nəzərdə tutulmuş imtiyazlar xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitlərə, gizirlərə və miçmanlara, 15 təqvim ili va daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət etmiş hərbi qulluqçulara aiddir. Diqqətinizə çatdırırıq ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2019-cu il tarixli əmri ilə «Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən ehtiyata buraxıldığınızdan həmin qanunda nəzərdə tutulan imtiyazlar Sizə şamil edilə bilməz. Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 saylı Fərmanına müvafiq olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi mənzil növbəsinə qəbul və mənzillə təmin olunma məsələnizlə bağlı Siz aidiyyəti Komissiyaya müraciət etməlisiniz.” İddiaçı aşağıda qeyd olunanlara əsasən cavabdehin sözügedən imtinasını əsassız və qanunsuz hesab edərək onun üzərinə ailə üzvlərilə birlikdə hərbi qulluqçu kimi mənzil növbəsinə qəbul olunması öhdəliyi qoyulmalıdır. İddiaçı bildirirki, o xx.xx.1998-ci ildən xx.xx.2019-cu il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. 21 ildən artıq hərbi xidmət keçdikdən sonra öz arzusu ilə Azərbaycan Respublikası Müdafiə Nazirinin 0729 №-li əmri ilə «Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j" bəndinə (öz arzusu ilə) əsasən hərbi xidmətdən ehtiyata buraxılmışdır. Qanunvericiliyə əsasən tərxis olunduqdan sonra “Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən hərbi qulluqçu kimi mənzil növbəsinə dayanmaq üçün Nizami Rayon İcra Hakimiyyətinə müraciət etmiş, lakin yuxarıda qeyd edilən əsaslara görə hərbi qulluqçu kimi mənzil növbəsinə götürməkdən imtina edilmişdir. İddiaçı qeyd edir ki, onun öz arzusu ilə hərbi xidmətdən ehtiyata buraxılmağı hərbi qulluqçu kimi mənzil növbəsinə götürülməyinə imtina üçün əsas ola bilməz. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Lakin cavabdeh mənzil növbəsinə götürməkdən imtina edərkən iddiaçının 15 ildən artıq, yəni 21 il xidmət etməsini nəzərə almamış və əsassız imtina edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbinə dair münasibət bildirərək, verdiyi izahatında qeyd etmişdir ki, “Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən nəzərdə tutulmuş imtiyazlar xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitlərə, gizirlərə və miçmanlara, 15 təqvim ili va daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət etmiş hərbi qulluqçulara aiddir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2019-cu il tarixli əmri ilə «Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən iddiaçı ehtiyata buraxıldığından həmin qanunda nəzərdə tutulan imtiyazlar iddiaçıya şamil edilə bilməz. Məhkəmə işdə iştirak edən tərəfləri dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş: -AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu il təvəllüdlüdür. -İddiaçı məxsus EZ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1998-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuş və AR Müdafiə Nazirinin xx.xx.2019-cu il tarixli 0729 №-li əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən ehtiyata buraxılmışdır. -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilən xx.xx.2022-ci il tarixli “vətəndaşın həqiqi hərbi xidmt keçməsinə dair” Elektron Arayışdan görünür ki, xx.xx.1979-cu il təvəllüdlü mayor İddiaçı xx.xx.1998xx.xx.2002, xx.xx.2002 öz arzusu ilə ehtiyata buraxılmışdır. -AZE seriyalı 15053102 №li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 xx.xx.1979-cu ildə Quba rayonunda anadan olmuşdur, ünvan 3 ünvanında qeydiyyatdadır. -Nikah haqqında şəhadətnamələrin surətindən görünür ki, İddiaçı ilə X2 xx.xx.2005ci ildə nikaha daxil olmuşlar. -AA2347835 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.2006-cı il təvəllüdlüdür. -AA1054764 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.2009-cu il təvəllüdlüdür. -AA1054763 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 xx.xx.2018-ci il təvəllüdlüdür. -İddiaçı ilə X12 arasında bağlanan xx.xx.2021-ci il tarixli kirayə müqaviləsindən görünür ki, ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 59kv.metr, yaşayış sahəsi 43,7, yardımçı sahəsi 15,3 kv.metr olan 3 otaqlı mənzil İddiaçı kirayəyə verilmişdir. -Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X10, xx.xx.2009-cu il təvəllüdlü X7, xx.xx.2018-ci il təvəllüdlü X11, xx.xx.1954-cü il təvəllüdlü X4 ünvan 4 ünvanında qeydiyyatdadırlar. - Azəarbaycan Respublikasının Ədliyyə Nazirliyi 5 saylı bakı “ASAN Xidmət” X6 tərəfindən verilən 28 yanvar 2022-ci il tarixli 628 Ⅶli arayışdan görünür ki, arayış İddiaçı ondan ötrü verlmişdir ki, xx.xx.2006-cı il təvəllüdlü X10, xx.xx.2009-cu il təvəllüdlü X7, xx.xx.2018-ci il təvəllüdlü X11, xx.xx.1979-cu il təvəllüdlü X5 barəsində “vətəndaşlıq vəziyyəti aktları”na dair məlumat daxildir. Məhkəmə araşdırması zamanı xx.xx.1979-cu il təvəllüdlü İddiaçı hərbi xidmət illəri barədə məlumat sorğu əsasında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon İdarəsindən tələb edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami rayon İdarəsi tərəfindən daxil olan cavab məktubundan görünür ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon idarəsində ehtiyatda olan zabitlərin hərbi qeydiyyatında olan 1979-cu il təvəllüdlü ehtiyatda olan mayor İddiaçı xx.xx.1998-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Azərbaycan Ali Hərbi Məktəbində kursant vəzifəsində həqiqi hərbi xidmət, xx.xx.2002-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Azərbaycan Respublikası Silahlı X9 Mərkəzində dinləyici olaraq həqiqi hərbi xidmət, xx.xx.2003-cü il tarixdən xx.xx.2019-cu il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə zabit heyətində həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2019-cu il tarixli müvafiq əmri ilə "Hərbi xidmətkeçmə haqqında " Əsasnamənin 156-cı maddəsinin " j " bəndinə (öz arzusu ilə) və 164-cü maddəsinə (hərbi geyim formasını daşımaq hüququ verilməklə) əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Məhkəmə araşdırması dövründə iddiaçının adına daşınmaz əmlakın qeydə alınıbalınmaması barədə məlumatın məhkəməyə təqdim edilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsindən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********10 saylı məktubdan görünür ki, İddiaçı və X3 adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmə aşağıda sadalanan qanunvericilik normalarına əsasən hesab edir ki, cavabdehin imtinasında və etirazında gətirdiyi dəlillər əsassızdır və bu səbəbdən də, iddia təmin edilməlidir. Beləliklə Məhkəmə araşdırması zamanı işin halları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1998-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuş və Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2019-cu il tarixli 0729 №-li əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılmışdır. O, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq mənzil növbəsinə götürülməsi ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etmiş, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli Y-5-068 nömrəli məktubuna əsasən “Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən nəzərdə tutulmuş imtiyazlar xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitlərə, gizirlərə və miçmanlara, 15 təqvim ili va daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət etmiş hərbi qulluqçulara aid olduğu, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2019-cu il tarixli əmri ilə «Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən ehtiyata buraxıldığınızdan həmin qanunda nəzərdə tutulan imtiyazların iddiaçıya şamil edilməsinin mümkün olmadığı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 saylı Fərmanına müvafiq olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi mənzil növbəsinə qəbul və mənzillə təmin olunma məsələsilə bağlı aidiyyəti Komissiyaya müraciət etməsi bildirilərək iddiaçının müraciətinin təmin edilməsindən əsassız olaraq imtina edilmişdir. Göründüyü kimi hazırda iddiaçı ailə üzvləri ilə birlikdə ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 59 kv.metr, yaşayış sahəsi 43,7, yardımçı sahəsi 15,3 kv.metr olan 3 otaqlı mənzildə kirayədə yaşayır. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «j» bəndinə əsasən öz arzusu ilə - yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər, hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci hissəsinin birinci abzasına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmin Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin üçüncü abzasına əsasən yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Məhkəmə “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsi ilə bağlı qeyd edir ki, həmin norma «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «j» bəndi (öz arzusu ilə) ilə ehtiyata buraxılan hərbi qulluqçuların mənzil növbəsinə alınması hüququnu məhdudlaşdırmır. Norma 15 ildən yuxarı xidmət müddəti olan hərbi qulluqçuların belə bir hüquqa malik olduğunu qeyd edir. Göründüyü kimi, iddiaçıya münasibətdə qanunvericilikdə müəyyən edilmiş bu şərtlər ödənilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır; 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qeyd olunanlar iddiaçının ailə üzvləri ilə birlikdə yaşayış sahəsinə ehtiyacının olduğunu təsdiq edir. Eyni zamanda “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsində ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ müəyyən edilərkən «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «j» bəndi (öz arzusu ilə) ilə ehtiyata buraxılan hərbi qulluqçular istisna edilməmişdir. Həmin normada qeyd olunan hüquq ümumiyyətlə Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular üçün nəzərdə tutulmuşdur. Göründüyü kimi, cavabdeh tərəfindən istinad edilən hal («Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «j» bəndi (öz arzusu ilə) ilə ehtiyata buraxılma) iddiaçının hərbi qulluqçu kimi mənzil növbəsinə götürülməməsi əsas kimi çıxış edə bilməz, cavabdehin belə bir əsasa istinad edərək iddiaçını ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsinə götürülməməsi qanunsuz və əsassızdır. Beləliklə, işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verərək məhkəmə qeyd edir ki, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanunazidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. İnzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst- üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunvericilik). İş üzrə mübahisəli sərəncamın - inzibati aktın qanuniliyi formal-hüquqi baxımdan yoxlanılarkən məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, həmin aktda "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58-ci və 61-ci maddələrinin icraatla bağlı tələblərinə əməl olunmamış, inzibati orqan mübahisəli sərəncamın qəbulu zamanı maddi hüquq normalarını düzgün tətbiq etməmiş və bununla bağlı məhkəməyə təqdim dəlilləri də, əsassız olmuşdur. "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci və 67.2-ci maddələrinə əsasən isə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdehin imtina etdiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı onun ailə üzvləri ilə birlikdə yaşayış sahəsi ilə təmin olunmağı üçün mənzil növbəsinə qəbul edilməyi barədə sərəncam verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar