Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7611/2025 10.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Qaradağ Rayon Qeydiyyat Şöbəsinə qarşı doğum haqqında akt qeydinə düzəliş edilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: АЗ seriyalı 014937 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1960-cı il təvəllüdlü X3 adında düzəliş edilərək “Sədaqət” yazılmış və şəhadətnamənin üzərində “Sədaqət adına inanmaq” qeyd edilərək imza ilə təsdiq edilmişdir. Şəhadətnamədə atası qrafasında – X10, milliyyəti – azərbaycanlı, anası qrafasında – X1, milliyyəti – azərbaycanlı qeyd edilmişdir. Vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında 1961-ci ilin iyun ayının 4-də 75 nömrə ilə qeyd aparılmışdır. AA4885829 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, vəsiqədə xx.xx.1960-cı il təvəllüdlü vətəndaşın adı İddiaçı kimi qeyd edilmişdir. İİİ-ЖГ seriyalı 280790 nömrəli Nikahın bağlanması haqında Şəhadətnamənin surətindən görünür ki, X8 ilə X5 arasında xx.xx.1983-cü il tarixdə nikah bağlanılmış, nikahdan sonra ərin soyadı Əliyev, arvadın soyadı Əliyeva qeyd edilmişdir. İddiaçı doğum haqqında akt qeydinə dəyişiklik edilməsi tələbinə dair ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Qeydiyyat Şöbəsinə (bundan sonra - cavabdeh) müraciət etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və bildirilmişdir ki, “Sənədlər nəzərdən keçirilərkən Hacıqabul rayon Atbulaq icra nümayəndəliyi tərəfindən xx.xx.1983-cü il tarixdə tərtib edilmiş 26 saylı nikahınız haqqında akt qeydində qadın haqqında məlumat qrafasında adı, eləcə də Kürdəmir Asan xidmət mərkəzi tərəfindən xx.xx.2024-cü ildə verilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqənizdə adınızın “Sədaqət” yazıldığı halda, Hacıqabul rayon Atbulaq icra nümayəndəliyi tərəfindən xx.xx.1961-ci il tarixdə tərtib edilmiş 75 saylı doğumunuz haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında adınızın “Sadət” göstərildiyi müəyyən edilmişdir. Eyni zamanda bildiririk ki, müvafiq akt qeydinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq vəziyyəti Aktlarının Arxivində saxlanılan nüsxəsində də adınızın “Sadət” qeyd edildiyi məlum olmuşdur. Bildiririk ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.” İddiaçının tələbi, əsaslandırması və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1960-ci il təvəllüdlü Əliyeva (nikahdan əvvəlki soyadı: Rəhimova) Sədaqət Ağazər qızının doğum haqqında akt qeydində dəyişiklik edilərək adının "Sadət"-dən "Sədaqət"ə düzəldilməsi vəzifəsinin cavabdeh inzibati orqan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Qaradağ Rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəfindən cavabdeh inzibati orqan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Qaradağ Rayon Qeydiyyat Şöbəsinə müraciət edilərək, doğum haqqında akt qeydində düzəlişin edilməsi xahiş edilmişdir. Müraciəti üzrə cavabdeh inzibati orqan xx.xx.2025-ci il tarixli 3-16-5/7-Ə-68- 284/24 saylı məktubla imtina edərək bildirmişdir ki, “... Sənədlər nəzərdən keçirilərkən Hacıqabul rayon Atbulaq icra nümayəndəliyindən təqdim olunan xx.xx.1983-cü il tarixdə tərtib edilmiş 26 saylı nikahınız haqqında akt qeydində qadın haqqında məlumat qrafasında adı, eləcə də Kürdəmir Asan xidməti mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqənizdə adınızın "Sədaqət” yazıldığı halda, Hacıqabul rayon Atbulaq icra nümayəndəliyi tərəfindən xx.xx.1961-ci il tarixdə tərtib edilmiş 75 saylı doğumunuz haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında adınızın "Sadət” göstərildiyi müəyyən edilmişdir. Eyni zamanda bildirilir ki, müvafiq akt qeydinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivində saxlanılan nüsxəsində də adınızın "Sadət” qeyd edildiyi məlum olmuşdur. Bildiririk ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər..” Cavabdehin imtinasının əsassız olduğunu və müraciətinin təmin edilməli olduğunu hesab edir. Cavabdehin etirazları: Cavabdeh xx.xx.2025-ci il tarixli məktubla iddia ərizəsinə münasibət bildirərək qeyd etmişdir ki, vətəndaşın şöbəyə təqdim etdiyi sənədləri nəzərdən keçirilərkən ərizəçinin Hacıqabul rayon Atbulaq icra nümayəndəliyi tərəfindən xx.xx.1983-cü il tarixdə tərtib edilmiş 26 saylı nikahı haqqında akt qeydində qadın haqqında məlumat qrafasında adı, eləcə də Kürdəmir Asan xidmət mərkəzi tərəfindən xx.xx.2024-cü ildə verilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsində adının “Sədaqət” yazıldığı halda, Hacıqabul rayon Atbulaq icra nümayəndəliyi tərəfindən xx.xx.1961-ci il tarixdə tərtib edilmiş 75 saylı doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında adının “Sadət” göstərildiyi müəyyən edilmişdir. Eyni zamanda, müvafiq akt qeydinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq vəziyyəti Aktlarının Arxivində saxlanılan nüsxəsində də adının “Sadət” qeyd edildiyi məlum olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh xx.xx.2025-ci il tarixli məktubla məhkəməyə müraciət edərək, məhkəmə iclasının Qaradağ Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin faktiki hallarından müəyyən edilir ki, iddiaçıya məxsus doğum haqqında şəhadətnamədə ad hissəsində əvvəl Sadət adı yazılsa da, sonradan düzəliş edilərək Sədaqət yazılmışdır. Eyni zamanda iddiaçıya məxsus şəxsiyyət vəsiqəsində və nikah haqqında şəhadətnamədə də iddiaçının adı Sədaqət kimi qeyd edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2025-ci il tarixli məktubla bildirilmişdir ki, Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən xx.xx.1961-ci ildə Hacıqabul rayonunun Qızılburun icra nümayəndəliyində tərtib edilmiş 75 nömrəli doğumu haqqında akt qeydində İddiaçı (Rəhimovanın) adının “Sədaqət” deyil, “Sadət” kimi yazıldığı, atasının 1936-cı il təvəllüdlü X10, anasının isə 1938-ci il təvəllüdlü X1 olduğu müəyyən edilmişdir. İddiaçı (Rəhimovanın) xx.xx.1983-cü ildə Hacıqabul rayonunun Atbulaq icra nümayəndəliyində xx.xx.1954-cü il təvəllüdlü X8 ilə bağlanmış nikahından xx.xx.1984-cü ildə Qurban Əliyev, xx.xx.1986-cı ildə Mətanət Əliyeva, xx.xx.1987-ci ildə Zaur Əliyev və xx.xx.1989-cu ildə Zamir Əliyev adlı övladları doğulmuşdur. İnformasiya sistemində İddiaçı (Rəhimovaya) dair digər vətəndaşlıq vəziyyəti akt qeydi barədə məlumat aşkar edilmədi. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 1-ci bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx.xx.1960-ci ildə Əlibayramlı şəhəri, Qızılburun kəndində doğulmuş İddiaçı (həmin vaxt soyadı Rəhimova olmuşdur) adı şəxsiyyət vəsiqəsində və nikah haqqında şəhadətnamədə “Sədaqət” olaraq qeyd edilsə də, doğum haqqında şəhadətnamədə “Sadət” olaraq qeyd olunmuş, sonradan qeydiyyat şöbəsinin əməkdaşı tərəfindən şəhadətnamədə ada düzəliş edilsə də, doğum haqqında akt qeydində iddiaçının adı həmin qaydada (“Sadət” olaraq) qalmışdır. X14 Məhkəməsinin presedent hüququna əsasən: - “zəruri” anlayışı “əvəzolunmaz” anlayışının sinonimi deyil, o cümlədən bu anlayış “qəbul edilən”, “adi”, “ağlabatan”, “faydalı” və ya “arzu edilən” ifadələrinə xas olan çevikliyə malik deyil; - Razılğa gələn dövlətlər məhdudiyyətlərin tətbiqi zamanı müəyyən, lakin qeyriməhdud olmayan qiymətləndirmə sərbəstliyi hüququna malikdirlər, lakin onların Konvensiyaya uyğunluğuna dair yekun qiymətləndirmə Avropa Məhkəməsinin səlahiyyətindədir; - “demokratik cəmiyyətdə zəruri” anlayışı onu ifadə edir ki, müdaxilə Konvensiya ilə uzlaşmaqla “təxirəsalınmaz ictimai ehtiyaca” uyğun və “qarşıya qoyulmuş qanuni məqsədə mütənasib” olmalıdır; - Hüquqların təminatının məhdudlaşdırılmasına dair Konvensiyadakı maddələr məhdud təvsir olunmalıdırlar (X2rşı). Beləliklə, şəxsiyyət vəsiqəsində və nikah haqqında şəhadətnamədə iddiaçının adı “Sədaqət” olaraq yazıldığından iddiaçı doğum akt qeydində adının “Sadət”dən “Sədaqət”ə dəyişdirilməsini istəyir. Məhkəmə nəzərə alır ki, iddiaçıya məxsus şəxsiyyət vəsiqəsində, eləcə də nikah haqqında şəhadətnamədə iddiaçının adı “Sədaqət” olaraq göstərilmişdir. Odur ki, müvafiq dəyişikliyin edilməsi üçün kifayət qədər əsas var, əks yanaşma həddən artıq formallıq hesab oluna bilər və müvafiq düzəlişin həyata keçirilməsindən imtina edilməsi demokratik cəmiyyətdə “zəruri” hesab edilə bilməz. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, ədalət mühakiməsinə əlçatanlıq Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin ayrılmaz tərkib hissəsi olmaqla demokratik cəmiyyətdə hər kəs üçün ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsini zəruri edir (X6rşı iş üzrə 1975-ci il 21 fevral tarixli Qərar). Qeyd olunanları nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, məhkəmə müdafiəsi hüququnun təmin edilməsi üçün ədalət mühakiməsinə əlçatanlıq böyük əhəmiyyət kəsb edir. Ədalət mühakiməsinə əlçatanlıq hüququn aliliyi prinsipinin əsasını təşkil edərək, hər kəs üçün məhkəməyə müraciət hüququnun bərabər şəkildə tanınmasını, subyektiv hüquq və maraqlarının pozulmasınadək mövcud olmuş vəziyyətin tezliklə və effektiv bərpa edilməsi mexanizminin təmin edilməsini ehtiva edir (“Azərçörək” İstehsalat Birliyinin 18 saylı müəssisəsinin direktoru Rauf Əfəndiyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 1 may 2019-cu il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2019-cu il tarixli Qərarı). Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçı xx.xx.1960-cı il təvəllüdlü Əliyeva (nikahdan əvvəlki soyadı: Rəhimova) Sədaqət Ağazər qızının doğum haqqında akt qeydində dəyişiklik edilərək adının "Sadət"dən "Sədaqət"ə düzəldilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Qaradağ Rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulmalı, cavabdeh qurumun imtinası “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 13, 17, 19, 24-cü maddələrinə zidd olduğundan qanunsuz hesab edilməlidir. İPM-in: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. xx.xx.1960-cı il təvəllüdlü Əliyeva (nikahdan əvvəlki soyadı: Rəhimova) Sədaqət Ağazər qızının doğum haqqında akt qeydində dəyişiklik edilərək adının "Sadət"dən "Sədaqət"ə düzəldilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Qaradağ Rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2-1(112)-7611/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7611/2025
10.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver