Məhkəmə qərarları › İş №2-1(112)-7615/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7615/2021

26.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7615/2021 26.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı (3-cü şəxs Bakı İslam Universiteti) “dövlət nümunəli diplom blankının təhsil müəssisəsinə göndərilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə (3-cü şəxs Bakı İslam Universiteti) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Təhsil Nazirliyinin iddiaçının haqqında sənədini, yəni Bakı İslam Universitetinin vermiş olduğu diplomun tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi əsasən onunla əsaslandırılmışdır ki, iddiaçı orta təhsilini tamamladıqdan sonra 2001-ci ildə Bakı İslam Universitetinin (red. BİU) İslamşünaslıq fakültəsinə qəbul olunmuş, 2006-cü ildə təhsilini başa vurmuşdur. Lakin cavabdeh iddiaçının diplomunun heç bir hüquqi əsas olmadan tanımır və bununla səbəbi barədə müfəssəl izahat vermir. Dəfələrlə cavabdehə müraciət etsə də, heç bir nəticə əldə etməmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, dövlət nümunəli diplom blankının təhsil müəssisəsinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdr. Cavabdeh tərəfindən məhkəmənin dəftərxanası vasitəsilə etiraz daxil olmuşdur. Etiraza görə “Bakı İslam Universitetinin müvafiq ixtisas üzrə tam kursu bitirməsi barədə diplom verilməsi üçün dövlət nümunəli diplom blankının Bakı İslam Universitetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” məhkəməyə müraciət etmişdir. O iddia tələbini onunla əsaslandırmışdır ki, 2001-ci ildə Bakı İslam Universitetinin qəbul olunaraq, 2006-cı ildə oranı bitirmiş və ona “islamşünaslıq” ixtisası üzrə diplom verilmişdir. Lakin həmin diplom blankı dövlət nümunəli olmadığından yeni diplom blankının verilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh hesab edir ki, iddia tələbi əsassız və qanunsuz olduğundan təmin edilməməlidir. Cavabdeh bildirir ki, iddiaçının təhsil aldığı ali təhsil müəssisəsinə Azərbaycan Respublikası Prezidentinin 02.09.2002-ci il tarixli 782 nömrəli fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”a, Azərbaycan Respublikası Prezidentinin 06.08.2009-cu il tarixli 143 nömrəli Fərmanına və Təhsil Nazirinin 30.12.2002-ci il tarixli 1226 saylı Əmrinə uyğun olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26.08.2009-cu il tarixli 1018 saylı Əmri ilə Bakı İslam Universitetinin fəaliyyətinə dünyəvi təhsil müəssisəsi kimi (bakalavr pilləsində dinşünaslıq ixtisası, magistr pilləsi üzrə Dinlərin tarixi və İslamşünaslıq ixtisaslaşdırılması üzrə) 5 il müddətinə lisenziya verilmişdir. Həmin vaxtdan qeyd olunan ali təhsil müəssisəsində ali təhsilin dövlət standartlarına uyğun hazırlanmış tədris planları əsasında bakalavr pilləsində dinşünaslıq”, magistr pillsində “dinlərin tarixi” və “islamşünaslıq” proqramları üzrə kadr hazırlığı aparılır. BİU yalnız 2010-cu ildən başlayaraq tələbə qəbulunu qanunvericiliyə uyğun olaraq TQDK vasitəsi ilə aparmışdır. Bu şəbədən də 2014-cü ildən etibarən TN-yi tərəfindən Bakı İslam Universitetinə dövlət nümunəli təhsil sənədləri verilməyə başlanmışdır. Cavabdeh bildiririr ki, Bakı İslam Universitetinə 5 illik lisenziya verilsədə, fəaliyyət göstərdiyi müddət ərzində ali təhsil müəssisəsinin akkreditasiyası aparılmamışdır. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 16.3-cü maddəsinə əsasən, təhsil müəssisəsinin akkreditasiyası təhsil prosesinin təşkilinin, maddi-texniki bazasının, təhsil proqramlarının, kadr potensialının, maliyyə resurslarının və təhsil infrastrukturunun qəbul olunmuş dövlət standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə aparılır və təhsil müəssisəsinin statusunun müəyyən edilməsi, onun fəaliyyətinin növbəti müddətə (müvafiq olaraq bu Qanunun 16.1 -ci maddəsində nəzərdə tutulmuş müddətlərdən az olmamaq şərti ilə) uzadılması üçün hüquqi təminat yaradır. Qanunun 16.4-cü maddəsinə görə, Təhsil müəssisəsinin akkreditasiyasını müvafiq icra hakimiyyəti orqanının müəyyən edilmiş qaydada yaratdığı dövlət akkreditasiya xidməti həyata keçirir. Akkreditasiya müvafiq keyfiyyət sənədinin-sertifikatın verilməsi ilə başa çatır. Həmin Qanunun 16.5-ci maddəsinə görə, Azərbaycan Respublikasında hüququ şəxs kimi dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisəsinin fəaliyyətinə hüquqi təminat verilir. Qeyd olunanlara əsasən cavabdeh bildirir ki, iddiaçının adına Bakı İslam Universiteti tərəfindən yazılmış diplom blankı dövlət nümunəli təhsil sənədi deyildir. Buna da səbəb iddiaçının 2001-ci ildə daxili müsabiqə yolu ilə Bakı İslam Universitetinə qəbul olunmasıdır. Halbuki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”nin 6.1-ci bəndinə əsasən təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasının bütün ali və orta ixtisas təhsili müəssisələrinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulunun həyata keçirilməsi Komissiyanın əsas vəzifələrindən biridir. Eyni zamanda cavabdeh qeyd edir ki, həmin dövrdə qüvvədə olan (1992-ci il tarixli) “Azərbaycan Respublikasının Təhsil Qanunu”nun 8-ci maddəsinə əsasən, təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədinin nümunəsini hökümət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir. Lakin təqdim olunmuş iddiaçıya məxsus diplom blankının nümunəsindən görünür ki, BİU-nin məzunlarına verilən diplom blanklarının nümunələri qanunvericiliyə uyğun deyildir. Belə ki, qanunvericiliyin tələbinə görə, ali təhsil müəssisələrinin məzunlarına verilən diplom blankının nümunəsi hökümət tərəfindən təsdiq edildiyi halda, BİU-nin məzunlarına verilən diplom blankının nümunəsi isə BİU tərəfindən təsdiq edilmişdir. Bu da qanunvericiliyin tələbinin kobud şəkildə pozulmasıdır. BİU-nin belə bir səlahiyyəti olmamışdır. Azərbaycan Respublikası Təhsil Nazirinin 09.11.2000-ci il tarixli, 1035 nömrəli əmri ilə təsdiq edilmiş 23.11.2000-ci il tarixdə AR Ədliyyə Nazirliyində qeydə alınmış “Təhsil haqqında sənədlərin alınması, saxlanması, doldurulması, verilməsi və uçotu haqqında” Təlimatın 1.4-cü bəndinə əsasən, təhsil sənədi blankları tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün təhsil müəssisələrinə məzunların sayına müvafiq olaraq Təhsil Nazirliyi tərəfindən verilir. Həmin Təlimatın 2.1-ci bəndində qeyd edilir ki, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün təhsil müəssisələri üçün müvafiq təhsil sənədlərinin hazırlanması işinin təşkili yalnız Təhsil Nazirliyi tərəfindən mövcud qanunvericilik əsasında həyata keçirilir. Bu normalardan göründüyü kimi, məzunlara verilən diplom blanklarının hazırlanması işi yalnız Təhsil Nazirliyinə məxsus olmuşdur. Həmin dövrdə qüvvədə olan Qanunun 5-ci maddəsinə görə, Azərbaycan Respublikasında təhsil dünyəvi xarakter daşıyır. Dünyəvi təhsil ocaqları ilə bərabər ümumi orta təhsili başa çatdıranlar üçün dini təhsil müəssisələri də fəaliyyət göstərə bilər. Lakin dini təhsil müəssisəsinin fəaliyyəti qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilməli idi. Bununla əlaqədar cavabdeh bildirir ki, Bakı İslam Universiteti lisenziya almaq üçün 1998-ci ildə Təhsil Nazirliyinə müraciət edə bilərdi, Belə ki, həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 19 may tarixli, 112 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinin, ixtisasartırma institutularının və digər təhsil və təlim-tərbiyə müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydalar”ının 1.2-ci bəndinə əsasən Təhsil Nazirliyi tərəfindən verilən lisenziya mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslərə (bundan sonra “ərizəçilər”) ali və orta ixtisas təhsili müəssisələrinin, ixtisasartırma institutularının və digər təhsil və təlim-tərbiyə müəssisələrinin fəaliyyət növünü həyata keçirməyə icazə verən sənəddir. Qaydaların 1.3cü bəndinə görə, ərizəçilər yalnız bu Qaydalara əsasən lisenziya aldıqdan sonra həmin lisenziyada göstərilən fəaliyyət növü ilə müəyyən edilmiş qaydada və müddətdə məşğul ola bilərlər. Qeyd olunan normativ-hüquqi aktların müddəalarından göründüyü kimi, BİUnun fəaliyyəti qanunsuz olduğundan iddiaçının adına dövlət nümunəli təhsil sənədinin verilməsinə heç bir hüquqi əsas yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.3-cü maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirilməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə. Qeyd olunan normativ-hüquqi aktların müddəalarından göründüyü kimi, BİU yalnız dövlət qeydiyyatına alınmaqla kifayətlənmiş, qanunvericiliyin digər tələblərinə əməl etməmişdir. Belə ki, BİU tərəfindən tələbə qəbulunun daxili müsabiqə əsasında təşkil etməsi, tədris olunan ixtisasların AR Nazirlər Kabineti tərəfindən təsdiq olunmaması, BİU- nə qəbul planının Nazirlər Kabineti tərəfindən təsdiq edilməməsi, tədris proqramının Təhsil Nazirliyi tərəfindən təsdiq edilməməsi, buraxılış Atestasiya Komisiyyalarının sədrlərinin Təhsil Nazirliyi tərəfindən təsdiq edilməməsi, diplom blanklarının nümunələrinin BİU tərəfindən təsdiq edilməsi, BİU-nin 2009-cu ilə qədər lisenziyasız fəaliyyət göstərməsi, qanunsuz olaraq pegionlarda BİU-nin şöbələrinin yaradılması, BİU-nin hal-hazıradək akkreditasiyadan keçməməsi onun verdiyi təhsil sənədinin hüquqi əsasının olmadığını bir daha təsdiq edir. Ona görə də, iddiaçının adına diplom blankının verilməsinə heç bir hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi İddiaçı etirazda qeyd olunanlara uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Qafqaz Müsəlmanları İdarəsi Bakı İslam Universiteti tərəfindən verilmiş 26 iyun 2006-cı il tarixli 1032 saylı Diplomun kserosurətindən görünür ki, İddiaçı 2001-ci il tarixdə Bakı İslam Universitetinin axund-imam, islamşünas, tərcüməçi, şəriət müəllimi ixtisası üzrə tam kursu bitirmişdir. - Azərbaycn Respublikası Təhsil Nazirliyi tərəfindən iddiaçının müraciətinə baxılmış və 15 dekabr 2015-ci il tarili məktubla bildirilmişdr ki, Bakı İslam Uniersiteti ali dini təhsil müəssisəsi kimi 17 mart 1997-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində, 27 iyun 2002-ci il tarixdə isə X3 üzrə Dövlət Komitəsində dövlət qeydiyyatına alınmış, Universitetin təhsil fəaliyyətinə lisenziya 2009-cu ildə verilmiş və 2014-cü ildən başlayaraq məzunlara dövət nümunəli diplomların verilməyə başlanılmış, əvvəlki illərin məzunlarına, o cümlədən iddaçının adına yazılmış 1032 nömrəli diplomun Təhsil Nazirliyi tərəfindən verilən nümunəli diplom blankının olmadığı bildirilmişdir. -Cavabdeh tərəfindən iddiaçının eyni məzmunlu, 31 may 2021-ci il tixli müraciətinə cavab olaraq bidirilmişdir ki, 2010-cu ilə qədər Bakı İslam Universitetinə və universitetin respublikanın bir neçə regionunda fəaliyyət göstərən şöbələrnə qəbul olunmuş və təhsilini başa vuraraq dövlət nümunəli olmayan diplom almış şəxslərin təhsil sənədlərinin tanınması məsələsinə hər bir halda fərdi şəkildə məhkəmənin qərarə əsasında baxılacağı, həmin səbəbdən ərizədə qaldırılan məsələ ilə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı işin halları ilə müəyyən edilmişdir ki, iddiaçı 2001-ci ildə daxili müsabiqə yolu ilə Bakı İslam Universitetinə qəbul olunaraq orada 5 (beş) il təhsil alandan sonra 2006-cı ildə Universiteti bitirmişdir. Bu barədə BİU tərəfindən “axund-imam, islamşünas, tərcüməçi, şəriət müəllimi” ixtisasını bitirməyi barədə 26 iyun 2006-cı il tarixli 1032 №-li diplom verilmişdir. İddiaçı diplom blankının verilməsi üçün Təhsil Nazirliyinə müraciət müraciət etmiş, lakin müraciətin təmin edilməsindən imtina edildikdən sonra cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı (üçüncü şəxs Bakı İslam Universiteti) müvafiq iddia ərizəsilə məhkəməyə müracət edərək, sonradan dövlət nümunəli diplom blankının təhsil müəssisəsinə göndərilməsi barədə iddia tələbini dəqiqləşdiərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının təhsil aldığı dövrdə, 2001-2006-cı illər ərzində qüvvədə olmuş 1992-ci il tarixli Azərbaycan Respublikasının Təhsil Qanunun (10 iyul 2009-cu il tarixli Qanunla qüvvədən düşmüşdür) tələbi baxımından Azərbaycan Respublikasında təhsil dünyəvi xarakter daşıyır. Dünyəvi təhsil ocaqları ilə bərabər ümumi orta təhsili başa çatdıranlar üçün dini təhsil müəssisələri də fəaliyyət göstərə bilər. Həmin Qanunun 8-ci maddəsinə müvafq olaraq təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədinin nümunəsini hökumət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsil Nazirliyi verir. Halbuki hazırki işin faktiki hallarından müəyyən edilir ki, iddiaçıya məxsus diplom blankı Xalq Təhsil Nazirliyi tərəfindən verlən diplom blankı deyil, BİU-nun özü tərəfindən tərəfindən təsdiq edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 may 1998-ci il tarixli 112 nömrəli Qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında ali və orta ixtisas müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları»nın 1.2-ci bəndinə əsasən, Təhsil Nazirliyi tərəfindən verilən lisenziya mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq, hüquqi şəxslərə (bundan sonra ərizəçilər) ali və orta ixtisas təhsili müəssisələrinin, ixtisasartırma institutlarının və digər təhsil və təlim-tərbiyə müəssisələrinin fəaliyyət növünü həyata keçirməyə icazə verən sənəddir. Həmin Qaydaların 1.3-cü bəndinə görə Ərizəçilər yalnız Qaydalara əsasən lisenziya aldıqdan sonra həmin lisenziyada göstərilən fəaliyyət növü ilə müəyyən edilmiş qaydada və müddətdə məşğul ola bilərlər. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən qəbul edilmiş 07 avqust 2020-ci il tarixli 2-1(103)-882/2020 saylı Qərarında müəyyən edilənlərdən göründüyü kimi, Bakı İslam Universiteti lisenziya almaq üçün 1998ci ildə də Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etməmişdir. İş materiallarından müəyyən olunur ki, Azərbaycan Respublikası Prezidentinin 02.09.2002-ci il tarixli 782 nömrəli Fərmanı ilə təsdiq olunmuş «Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar»a, Azərbaycan Respublikası Prezidentinin 06.08.2009-cu il tarixli 143 nömrəli Fərmanına əsasən və Təhsil Nazirliyinin 26.08.2009-cu il tarixli 1018 saylı əmri ilə Bakı İslam Universitetinin fəaliyyətinə dünyəvi təhsil müəssisəsi kimi (bakalavr pilləsində “Dinşünaslıq” ixtisası, magistr pilləsi üzrə “Dinlərin tarixi” və “İslamşünaslıq” ixtisaslaşdırılması üzrə) 5 il müddətinə lisenziya verilmişdir. Bakı İslam Universitetinə 5 illik lisenziya verilsə də, fəaliyyət göstərdiyi müddət ərzində ali təhsil müəssisəsinin akkreditasiyası aparılmamışdır. Halbuki, «Təhsil haqqında» Azərbaycan Respublikası Qanunun 16.4-cü maddəsinə görə, təhsil müəssisəsinin akkreditasiyasını müvafiq icra hakimiyyəti orqanının müəyyən edilmiş qaydada yaratdığı dövlət akkreditasiya xidməti həyata keçirir. Akkreditasiya müvafiq keyfiyyət sənədinin - sertifikatın verilməsi ilə başa çatır. Həmin Qanunun 16.5-ci maddəsinə görə isə, Azərbaycan Respublikasında hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisenziya verilmiş və akkreditasiya olunmuş təhsil müəssisəsinin fəaliyyətinə hüquqi təminat verilir. Beləliklə işin araşdırılan hallarından müəyyən olunur ki, Bakı İslam Universiteti tərəfindən 2014-cü ilədək məzunlara verilmiş diplomlar dövlət nümunəli sənədlər olmamışdır. Belə ki, həmin dövrədək Bakı İslam Universitetinin fəaliyyəti qanuni olmadığından Təhsil Nazirliyi tərəfindən Universitetə dövlət nümunəli diplom blankları verilməmişdir. İş materiallarından müəyyən olunur ki, yalnız, 2014-cü ildən etibarən Təhsil Nazirliyi tərəfindən Bakı İslam Universitetinə dövlət nümunəli sənədlər verilməyə başlanmışdır. Digər tərəfdən işin hallarından müəyyən olunur ki, iddiaçı 2001-ci ildə daxili müsabiqə yolu ilə Bakı İslam Universitetinə qəbul olunmuşdur. Halbuki, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 21-ci maddəsinin tələblərinə müvafiq olaraq ali və orta ixtisas təhsili müəssisələrində tələbə qəbulu strateji əhəmiyyətə malik olan cox mühüm dövlət tədbiridir. Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müvafiq icra hakimiyyəti (TQDK) tərəfindən müəyyən edilən qaydada (yəni test üsulu ilə) həyata keçirilir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının adına Bakı İslam Universiteti tərəfindən yazılmış diplom blankı dövlət nümunəli sənəd hesab edilə bilməz. Buna səbəb iddiaçının 2001-ci ildə daxili test imtahanvermə yolu ilə Bakı İslam Universitetinə qəbul olunması və ona verilən diplom blankının Təhsil Nazirliyi tərəfindən sifariş verilməməsidir. Beləliklə, iddia tələbinin əsası kimi istinad edilən hallar məhkəmə araşdırması zamanı sübut edilmədiyindən, iddiaçıya verilmiş diplom blankının hüquqi əsasının olmadığı məhkəmə araşdırması nəticəsində müəyyən edildiyindən məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 73.1, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar