Məhkəmə qərarları › İş №2-1(112)-7616/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7616/2022

15.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7616/2022 15.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “Müharibə veteranı adı və vəsiqəsinin verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək “Müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbi irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, o, döyüş bölgələrində yaralılara ixtisaslaşdırılmış cərrahi yardımın səviyyəsinin artırılması məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.1994-cü il tarixli 1 N-li əmrinə və Azərbaycan Tibb Universitetinin rektorunun 1992-ci və 1994-cü illərin mavafiq tarixli əmrlərinə əsasən həkim- cərrah kimi cəbhənin müxtəlif zonalarına ezam olunub: -xx.xx.1992-ci il tarixli 266 №-li əmrinə əsasən xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixə qədər Dağlıq Qarabağın cəbhə rayonlarına, -xx.xx.1994-cü il tarixli 14/E N-li əmrinə əsasən xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixə qədər Xanlar rayonuna. O dövrdə onunla eyni vaxtda ezam olunan bir çox həkimlərin '‘Müharibə veteranı" adını və vəsiqəsini almasına baxmayaraq, torpaqlarımızın tam azad olunması ilə əlaqədar onun psixoloji durumu (bədbinlik hissi), bu ada iddia etməyinə imkan vermirdi. 2-ci Qarabağ müharibəsində Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan möhtərəm İlham Əliyevin rəhbərliyi altında aparılan döyüş əməliyyatlarında qazandığımız qələbə və torpaqlarımızın xeyli hissəsinin azad olunması onu da “Müharibə veteranı" adını almaq şərəfinə nail olmaq arzusuna ruhlandırdı. Bu məqsədlə o 2 dəfə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti İdarəsinə müraciət edib (4 fevral 2022 və 4 mart 2022-ci il tarixli məktublar). 4 fevral 2022-ci il tarixli məktubuna yazılan cavabda göstərilmişdir ki, o, “döyüş tapşırıqlarının yerinə yetirilməsi üçün ezam olunmadığıma görə”, ona “Müharibə veteranı" adının verilməsi qeyri-mümkündür. Çox təəssüf ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti İdarəsindən ona cavab yazılarkən “Müharibə veteranı" statusuna aid mövcud “Əsasnamə”nin müvafiq tələbləri təhrif edilmişdir. Belə ki, “Əsasnamədə göstərilən tələblər tam nəzərə alınmamış və yalnız onun bir hissəsi (yuxarıda qeyd etdiyi) “əsas” tutulmuşdur. Əsasnamədə isə aydın yazılmışdır: “cəbhə bölgələrində döyüş təminatı ilə bağlı tapşırıqların verinə yetirilməsi üçün ezam olunmuş şəxslər”. Göründüyü kimi ona yazılan cavab məktubunda göstərilən bəndlə “Əsasnamə"də olan bəndlərin məzmunu və mahiyyəti fərqlidir. Yəni həkimin (cərrahın) cəbhə zonalarına ezamiyyəti, heç də onun bilavasitə döyüş tapşırığını yerinə yetirmək (yəni vuruşmaq və döyüş əməliyyatlarında iştirak etmək) məqsədi daşımır. Həkimin vəzifə borcu döyüş təminatı ilə yəni döyüşən əsgərlərlə bağlı funksiyaların yerinə yetirilməsidir. Bu isə cərrahın cəbhədə yaralanmış (xəstələnmiş) döyüşçüyə (əsgərə) həkim (cərrahi) yardımı təşkil və icra etmək, mümkün olduqca əsgərin döyüş qabiliyyətini bərpa etmək və onun yenidən döyüş sıralarına qayıtmasını təmin etməkdir. Beləliklə, həkim (cərrah) vuruşan döyüşçüyə ixtisaslı yardım göstərməklə, döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsinin bilavasitə iştirakçısı olur və dolayısı ilə həm də döyüş tapşırığının yerinə yetirilməsini təmin edir. Ona görə də “Əsasnamə”nin bu maddələrini, yəni “dövüş təminatı” və döyüş tapşırığı' anlayışlarını (bəndlərini) bir-birinə qarşı (zidd) qoymaq düzgün deyil. O 2-ci məktubunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti İdarəsindən mənə verilən cavabın tamamilə əsassız olduğunu, yuxarıda qeyd etdiyi fakt və dəlillərlə sübut etdi. Nəticədə o, 2-ci məktubda göstərilən “səbəblərdən” tamamilə fərqli olan bir cavab aldı: “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş “müharibə veteranı' statusunun verilməsinə dair təkrar ərizənizə aidiyyəti üzrə bir daha baxılmışdır. İş yeri üzrə müraciət etməyi məqsədəuyğundur”.

3. İddiaçının müraciətinə cavab olaraq xx.xx.2022-ci il tarixli imtina məktubu ilə cavabdeh tərəfindən bildirilmişdir ki, Azərbaycan Tibb Universitetinin xx.xx.2022-ci il tarixli 1277 nömrəli arxiv arayışında bildirilir ki, o, 1992-1994-cü illərdə yaralılara tibbi yardım göstərmək məqsədilə döyüş bölgələrinə ezam olunub. Azərbaycan Tibb Universitetinin X3 xx.xx.2022-ci il tarixli arayışına əsasən isə 2020-ci ilin sentyabr-noyabr aylarında cəbhə bölgələrində travma almış və yaralılara ixtisaslı tibbi yardım göstərilməsində aktiv iştirak edib. Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş «müharibə veteranı» adlarının verilməsi qayda və şərtləri haqqında «Əsasnamə»nin tələblərinə uyğun olaraq, xx.xx.1991-ci ildən xx.xx.1994-cü ilədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçüri ezam olunmuş şəxslərə - müvafiq dövlət və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir.

4. Bu səbəbdən ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi mövcud qanunvericiliyin tələblərinə əsasən mümkün deyil və təqdim etdiyiniz sənədlər ünvanınıza geri qaytarılır.

5. İddiaçının müraciətinə cavab olaraq xx.xx.2022-ci il tarixli imtina məktubu ilə cavabdeh tərəfindən bildirilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Vətən müharibəsində iştirak etmiş hərbi qulluqçulara və mülki şəxslərə “Müharibə veteranı" statusu "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarına və “Vətən müharibəsi'iştirakçılarının təltif edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 10 fevral tarixli 3144 nömrəli Sərəncamının icrasının təmin edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 fevral 2022-ci il tarixli 127 nömrəli Sərəncamına əsasən verilir. Qanunvericilik aktlarına əsasən, yerli icra hakimiyyəti orqanlarının, eləcə də Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin və dövlətə məxsus digər hüquqi şəxslərin Azərbaycan Respublikasının ərazi'bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək ön cəbhədə fədakarlıq göstərmiş əməkdaşlarının və mülki işçilərinin siyahısı təsdiqedici sənədlərlə birlikdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir. Odur ki, iş yeri üzrə müraciət etməyi məqsədəuyğundur.

6. Azərbaycan Tibb Universiteti tərəfindən iddiaçıya verilmiş xx.xx.2022-ci il tarixli 1277 nömrəli arxiv arayışına əsasən, İ Cərrahi xəstəliklər kafedrasının assistenti İddiaçı ondan ötrü ki, o həqiqətən döyüş bölgələrində yaralılara göstərilən ixtisaslaşdırıbmış tibbi yardım səviyyəsinin artırılması məqsədilə xx.xx.1992- ci il tarixli 266 №-li əmrə əsasən xx.xx.1992-ci il tarixdən 3 1.12.1992-ci il tarixə qədər Dağlıq Qarabağın cəbhə rayonlarında və xx.xx.1994-cü il tarixli 14/E №-li əmrə əsasən xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixə qədər Xanlar rayonunda ezamiyyətdə hesab edilmişdir.

7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli əmrə əsasən döyüş bölgələrində yaralılara göstərilən ixtisaslaşdırılmış tibbi yardımın yaxşılaşdırılması barədə əmrə əsasən Ağdam, Beyləqan, Bərdə, Goranboy, Tərtər rayonlarına universitetin müvafiq kafedralarının işçilərindən və xəstəxananın həkimlərindən ibarət, tərkibində 2 cərrah, 1 travmotoloq və 1 anestezioloq-reanimatoloq olan mütəxəssis briqadalarının göndərilməsi əmr edilmişdir.

8. Cavabdeh qurumdan məhkəməyə daxil olan iddiaya etirazda bildirilir ki, “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən, veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Göstərilən qanunvericilik aktının tələblərinə əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən şəxsin müharibə veteranı hesab edilməsi üçün yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılarla birgə döyüşlərdə iştirakı sübut edən sənədlər təqdim edilməlidir. Döyüşlərdə iştirakı sübut edən sənədlər dedikdə - silahların təhkim edilməsi barədə əmrlərdən çıxarışlar, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, əmrlərdən çıxarışlar, döyüşlərdə iştirakı sübut edən başqa sənədlər nəzərdə tutulur. Həmçinin könüllü özünümüdafiə dəstəsi hərbiləşdirilmiş birləşmə olmaqla silahla təchiz olunmuş qaydada döyüş əməliyyatlarında iştirak etmiş olmalıdır. Bu səbəbdən də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Aparatının nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi komissiyası” müraciətlərə baxarkən qeyd edilən qanunvericilik aktlarına uyğun olaraq qərar qəbul edir. İddiaçı istinad etdiyi normaya münasibətdə bildirilir ki, “döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş," müddəasından sonra “şəxslər” müddəası göstərilmədən durğu işarəsi (,) qoyulmuş, həmin müddəa “həmçinin 1994- cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - “məzmunda müddəa ilə davam etdirilmiş və həmin müddəanın məhz “döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara ezam olunmuş hərbi qulluqçularda aid edildiyi aşkar olaraq təsbit olunmuşdur. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Hesab edilir ki, İddiaçı özünümüdafiə dəstələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakını sübut edən sənədlər olmadığından, iddia tələbi təmin edilə bilməz.

9. Məhkəmə iclasına iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verməklə iddianın təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, onunla bərabər ezam olunan həkim yoldaşlarına X7 və X6 müharibə veteranı adı və vəsiqəsi verilmişdir.

10. Məhkəmə iclasına iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa məzmununa uyğun izahat verməklə iddianın təmin olunmamasını xahiş etmişdir.

II. İddianın növü və mümkünlüyü

11. Müharibə veteranı adının və vəsiqəsinin verilməsi “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə (bundan sonra – Əsasnamə) əsasən müəyyən edilir.

12. Müharibə veteranı adı aidiyyəti qurumların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.

13. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). Odur ki, həmin rəy qeyd edilən əlamətlərə malik olduğundan iddiaçıya münasibətdə inzibati akt hesab edilməli və hazırki iddia məcburetməyə dair iddiadır.

14. İddiaçı inzibati orqanın üzərinə arzuladığı inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını tələb edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

15. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda ona “Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Həmin məktub xx.xx.2022-ci il tarixli olsa da, iddiaçıya nə vaxt təqdim edildiyini müəyyən olunmur.

16. İddia ərizəsi məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur.

17. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

18. Məhkəmənin hazırki iş üzrə mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-252/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarına uyğundur (Qərarın 20-22-ci bəndləri). -Məhkəmə hesab etmişdir ki, oxşar mübahisə üzrə digər işdə Ali Məhkəmənin İnzibati Kollegiyasının hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinin məzmununa görə, qanunvericilikdə həm hərbi qulluqçulara, həm də hərbi qulluqçu olmayan şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi nəzərdə tutulmuşdur. Həmin normaya görə, hərbi qulluqçu olmayan aşağıdakı şəxslərə müharibə veteranı adı və vəsiqəsi verilə bilər: - döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslər; - döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslər; - döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər. -Aşağıdakı şəxslərə isə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün onların hərbi qulluqçu olması şərti nəzərdə tutulmuşdur: - 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçular (İddiaçı X8 cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı 2-1(102)-1408/2021 №-li iş üzrə 2021-ci il 21 sentyabr tarixli Qərarın 39 və 40-cı bəndləri). -Hazırkı işdə də apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının döyüş zonalarına tibbi yardım məqsədi ilə həmin döyüş zonalarına ezam olunduğu iş materialları ilə təsdiq olunur. Başqa sözlə, iddiaçı ezamiyyətdə olarkən döyüş zonasına tibbi yardım ilə bağlı xidməti vəzifəsini yerinə yetirmişdir... Bununla bağlı nəzərə almaq lazımdır ki, hərbi doktrina nöqteyi nəzərincə sülh və ya müharibə dövründə silahlı qüvvələrin arxa təminatı - silahlı qüvvələrin silahla, hərbi sursatla, yanacaqla, sair maddi-texniki vasitələrlə təmin edilməsi üzrə kompleks tədbirlər sistemini ehtiva edir. Arxa hissə təminatı silahlı qüvvələrin döyüş qabiliyyətinin lazımi səviyyədə saxlanılması üçün onların ehtiyaclarının ödənilməsi, döyüş əməliyyatları zonasında hərbi hissələr tərəfindən hərbi vəzifələrin uğurla həyata keçirilməsinin təmin edilməsi məqsədlərinə xidmət edir və döyüş əməliyyatları təminatının tərkib hissəsi sayılır. Bu baxımdan döyüş təminatı ilə bağlı tapşırıqların yalnız və sadəcə olaraq əməliyyat təminatı kimi təfsir olunması məqbul sayıla bilməz. Döyüş əməliyyatlarının uğurlu olması üçün əməliyyat təminatı ilə yanaşı həm də digər təminat növlərinin, o cümlədən arxa hissə təminatının lazımi şəkildə və qaydada həyata keçirilməsi tələb olunur. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə münasibətdə, iddiaçının döyüş əməliyyatları zonasına tibbi yardım məqsədi ilə ezam olunmasını və bununla bağlı onun yerinə yetirdiyi xidməti vəzifəni qeyd olunan kontekstdən qiymətləndirmək lazımdır. Başqa sözlə, iddiaçının döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrə tibbi yardım üzrə hərbi tapşırıqları yerinə yetirməsi öz əhəmiyyətinə görə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi kimi dəyərləndirilməlidir.

19. “Veteranlar haqqında” Qanunun: - 3-cü maddəsinin birinci hissəsinin birinci və üçüncü abzaslarının müddəalarına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar; - 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin müddəalarına əsasən: müharibə veteranı adı – Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmorqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X5 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.

21. İddiaçının döyüş zonalarına tibbi yardım məqsədi ilə həmin döyüş zonalarına ezam olunduğu iş materialları ilə təsdiq olunur. Başqa sözlə, iddiaçı ezamiyyətdə olarkən döyüş zonasına tibbi yardım ilə bağlı xidməti vəzifəsini yerinə yetirmişdir.

22. Məhkəmə eyni zamanda (əlavə olaraq) qeyd edir ki, iddiaçı ilə eyni vəziyyətdə olan şəxslərə“müharibə veteranı” vəsiqəsi verilmişdir. Belə ki, məhkəmə sorğusuna cavab olaraq cavabdeh qurumun xx.xx.2022-ci il tarixli məktubu ilə bildirilmişdir ki, Xidmətin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi komissiyası”nın xx.xx.2019-ci il tarixli qərarı ilə X7 MV 00967 nömrəli və xx.xx.2021-ci il tarixli qərarı ilə X6 MV 01230 nömrəli “müharibə veteranı” vəsiqəsi verilmişdir. Odur ki, eyni vəziyyətdə olan şəxslərə münasibətdə fərqli rəftarın ağlabatan əsaslandırması cavabdeh tərəfindən məhkəməyə bildirilməmişdir.

23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

24. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

25. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

26. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

27. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, iddiaçıya oğluna “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulmalı, cavabdehin imtinası qanunsuz hesab edilməlidir.

28. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar