Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7617/2024 05.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, İddiaçının nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinə qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2003-cü il tarixli 1MK- 2101/2003 saylı qətnaməsinin icra edilməməsi nəticəsində İddiaçı vurulmuş maddi ziyanın əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2003-cü il tarixli 1MK-2101/2003 saylı Qətnaməsinin icra edilməməsi nəticəsində iddiaçı X2 vurulmuş maddi ziyanın əvəzi olaraq, 2014-cü ilin noyabr ayından (Avropa İnsan Hüquqları Məhkəməsi 21 oktyabr 2014cü il tarixli qərarından) hazırki günə kimi hesablanmış 117 000 (bir yüz on yeddi min) manat məbləğində əldən çıxmış faydanın və 117 000 (bir yüz on yeddi min) manat məbləğində dəymiş ziyan ödənildikdən sonra qətnamə icra olunmadıqda, qətnamənin icra olunacağı günə kimi hər ay 1000 manat olmaqla, əldən çıxmış faydanın hesablanaraq, cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, 29 yanvar 1993-cü il tarixli Qeydiyyat vəsiqəsinə əsasən, Bakı şəhəri, Lökbatan qəsəbəsi, 3-cü massiv, ev 166-də yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Buna baxmayaraq, 1993-cü ildən o, ailə üzvləri ilə birlikdə şəxsi mülkiyyətində olan mənzilində yaşamaq hüququndan məhrum olmuşdur. Belə ki, ona verilmiş mənzil Ağdam rayonundan məcburi köçkün düşmüş X6 və X9 və onların ailə üzvləri tərəfindən zəbt edilmişdir. Bu səbəbdən o, X6 və X4 ailə üzvləri ilə birlikdə xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan Bakı şəhəri, Lökbatan qəsəbəsi, 3-cü massiv, ev 166-də yerləşən məzildən çıxarılması barədə iddia tələbi ilə Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Səbail Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd olunsa da, Apellyasiya Məhkəməsinin xx.xx.2003-cü il tarixli qətnaməsi ilə Səbail rayon Məhkəməsinin qətnaməsi ləğv edilmiş, onun X6 və X7 qarşı ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Lökbatan qəsəbəsi, 3-cü massiv, 166 saylı evdən çıxarılmaları barədə iddia təmin edilmiş, cavabdehlərin ailə üzvləri ilə birlikdə başqa yaşayış sahəsi ilə təmin edilmək vəzifəsinin Qaradağ rayon İcra Hakimiyyətinə tapşırılması, Prezidentin sərəncamına görə cavabdehlər mənzillə təmin edilənədək qətnamənin icrasına möhlət verilməsi qət edilmişdir. Ali Məhkəmənin xx.xx.2003-cü il tarixli qərarı ilə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2003-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışıdır. Lakin Apellyasiya Məhkəməsinin xx.xx.2003-cü il tarixli Qətnaməsi icra edilmədiyindən o, İnsan Hüquqlarının və X3 X1 6-cı (Ədalətli məhkəmə araşdırması hüququ) və 1 saylı Protokolunun 1-ci maddəsi (mülkiyyətin müdafiəsi) ilə qorunan hüquqlarının pozulmasına dair ərizə ilə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmişdir. "İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında" Konvensiyanın 34-cü maddəsinə əsasən Azərbaycan dövlətinə qarşı verdiyi şikayətlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsi 21 oktyabr 2014-cü il tarixli qərar çıxarmışdır. Həmin işə baxılarkən, Hökumət 17 may 2014-cü il tarixli məktubla məhkəməyə məlumat vermişdir ki, ərizə ilə qaldırılan məsələnin həlli üçün birtərəfli bəyanatla çıxış edir, bəyənnamədə qeyd edilmişdir: "Azərbaycan Respublikası Hökuməti bununla birtərəfli bəyənnamə yolu ilə ərizəçinin Kovensiyanm 6-cı maddəsi və Konvensiyaya aid olan 1 saylı Protokolun 1-ci maddəsi ilə təmin edilmiş hüquqlarının pozulması faktını etiraf etmək niyyətindədir. Hökumət ərizəçi İddiaçı 14244 Avro məbləğində pul ödəməyə hazırdır ki, bunun da 7189 avrosu maddi ziyana görə, 4800 avrosu mənəvi zərərə görə, 2255 avrosu isə məhkəmə qarşında çəkilmiş məsrəflər üçün nəzərdə tutulmuşdur". Azərbaycan Respublikası sözügedən qərarı 3 ay müddətində icra etməli idi. Lakin qərar maddi və mənəvi ziyanın ödənilməsi hissəsində icra edilsə də, 9 ildən artıq müddətin keçməsinə baxmayaraq, o, indiyə qədər ona məxsus mənzilə köçürülməmişdir. Hətta, Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini R.Yusifov xx.xx.2006-cı il tarixli 5/1261 saylı məktubla Qaradağ rayon İcra Şöbəsinə müraciət edərək, həmin köçkün ailələrinə "Ümid" qəsəbəsində 18 saylı kotec tipli ev ayrıldığını bildirsə də, onlar qeyd olunan mənzili boşaltmaqdan qətiyyətlə imtina etdiklərini bildirmişlər. Göründüyü kimi, Azərbaycan Respublikasının müvafiq qurumlarına edilən çoxsaylı müraciətlər nəticəsiz qalmış, 2023-cü ildə də Azərbaycan Respublikası Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını görməzlikdən gəlmişdir. Beləliklə də, AİHM qərarının mövcudluğuna baxmayaraq, onun "İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi ilə qorunan hüququ bərpa edilmədən qalmışdır. Hazırda Qaradağ rayon İcra Şöbəsi Apellyasiya Məhkəməsinin xx.xx.2003-cü il tarixli Qətnaməsinin icra edilməsi istiqamətində hər hansı bir addım atmaqdan boyun qaçırır. Hətta həmin dövrdə Qaradağ rayonu, Lökbatan qəsəbəsində qaçqın və məcburi köçkünlər üçün nəzərdə tutulmuş X15 tikilib hazır olmuş, qaçqın və məcburi köçkünlərin köçürülməsinə başlanılmışdır. Lökbatan qəsəbəsində Qobu Parkda indiyə qədər 3 kompleks tikilib və qaçqınlar ora köçürülüb. Lakin mülkiyyət hüququ əsasında ona məxsus evi zəbt etmiş qaçqınların evdən çıxarılması ilə bağlı məhkəmə qərarı hələ də icra olunmamışdır. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının nümayəndəsi iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-1988/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qərarından görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 mart 2003-cü il tarixli qətnaməsi ilə (hakim A.K.Namazov, 2-264/2003) İddiaçı X6 və X11ma qarşı evdən çıxarmaya dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 iyun 2003cü il tarixli qətnaməsi ilə (hakimlər B.A.Şükürov, S.S.Babayev, M.Ə.Hüseynova 1 MK- 2101/2003) Səbail Rayon Məhkəməsinin 17 mart 2003-cü il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı X6 və X8 qarşı ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Lökbatan qəsəbəsi, 3-cü massiv, 166 saylı evdən çıxarılmaları barədə iddiası təmin edilmiş, cavabdehlərin ailə üzvləri ilə birlikdə başqa yaşayış sahəsi ilə təmin edilmək vəzifəsinin Qaradağ Rayon İcra Hakimiyyətinə tapşırılması, Azərbaycan Respublikası Prezidentinin sərəncamına görə cavabdehlər mənzillə təmin edilənədək qətnamənin icrasma möhlət verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasmm 26 dekabr 2003-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 iyun 2003-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı nümayəndəsi Solmaz Abdullayeva ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, Apellyasiya Məhkəməsinin 27 iyun 2003-cü il tarixli qətnaməsinin icra qaydasının dəyişdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 oktyabr 2015-ci il tarixli qərardadı ilə (hakimlər T.M.Əliyev, T.S.Səmədov, İ.S.Şirinov 1(103)-2101/2003) ərizə təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 iyun 2003-cü il tarixli qətnaməsinin icra qaydasının dəyişdirilərək cavabdehlər X6 və X8 qarşı ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Lökbatan qəsəbəsi, 3-cü massiv, 166 saylı evdən çıxarılmaları, cavabdehlərin ailə üzvləri ilə birlikdə başqa yaşayış sahəsi ilə təmin edilmək vəzifəsinin Qaradağ Rayon İcra Hakimiyyətinə tapşırılması, həmin hissələrdə qətnamənin ayrıayrılıqda müstəqil qaydada icra edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 yanvar 2016-cı il tarixli qərardadı ilə (hakimlər T.M.Əliyev, T.S.Səmədov, İ.S.Şirinov 1(103)-2101/2003) Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 oktyabr 2015-ci il tarixli qərardadının icra qaydasının faktiki hallara görə yenidən dəyişdirilməsi və cavabdehlərin ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Lökbatan qəsəbəsi, 3-cü massiv, 166 saylı evdən çıxarılmaları, başqa yaşayış sahəsi ilə təmin edilmək vəzifəsinin Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə həvalə edilməsi barədə Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş ərizə təmin edilməmişdir. Həmin qərardaddan Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti verdiyi kassasiya şikayətində qərardadın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-1988/2016 nömrəli, xx.xx.2016-cı il tarixli həmin qərarı ilə Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 yanvar 2016-cı il tarixli qərardadı ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2016-cı il tarixli 1mk- 2101/2003 saylı qərardadından görünür ki, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 1 MK-2101/2003 saylı 27 iyul 2003-cü il tarixli qətnaməsinin icrası qaydası (cavabdehlərin başqa yaşayış sahəsi ilə təmin edilməsi) dəyişdirilmiş, cavabdehlərin yaşayış sahəsi ilə təmin edilməsi vəzifəsi Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə həvalə edilmişdir. İddiaçı hazırda Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 iyun 2003-cü il tarixli 1MK-2101/2003 saylı qətnaməsi əsasında verilən icra sənədinin icra edilməməsi ilə bağlı hərəkətsizliyinin qanunsuz olmasına istinad edərək məhkəmə qərarının icra olunmaması nəticəsində ona dəymiş maddi zərərin cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra edilməməsi nəticəsində iddiaçıya ziyan dəyməsi ağlabatandır. Lakin dəymiş ziyanın əvəzinin cavabdeh tərəfindən ödənilməsi üçün ilk növbədə onun tərəfindən təqsirli olaraq hüquq pozuntusunun törədilməsi müəyyən olunmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə görə maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Mülki Məcəllənin 21-ci maddəsi zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin hüquqi nəticələrini tənzimləyir. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Hazırkı işdə iddiaçının dəlillərinə əsasən zərərin əvəzinin ödənilməsi cavabdeh tərəfindən hüquq pozuntusundan irəli gəlmişdir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1100-cü maddəsinə görə dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Beləliklə, hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, qanunvericiliyin normalarını pozan əməl hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən hüquq pozuntusu sayıla bilər: - törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; - ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Beləliklə, müəyyən olunur ki, məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Yəni vurulmuş zərərin əvəzinin ödənilməsi məzmununda iddianın təmini üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Onlardan birinin aşkar edilməməsi iddianın rədd edilməsi üçün kifayətdir, digər əlamətlərin araşdırılmasına gərək yoxdur. İşdən görünür ki, Bakı şəhəri, Lökbatan qəsəbəsi, 3-cü massiv, 166 saylı evdə Ağdam rayonun işğalından sonra 1993-cü ildən etibarən məcburi köçkün Elmira Əliyeva və Aidə Əliyeva məskunlaşmışlar. İddiaçı həmin şəxslərin mənzildən çıxarılması ilə bağlı Səbail Rayon Məhkəməsində iddia qaldırılmış, məhkəmə qətnamələri ilə iddiaçının tələbi təmin edilsə də, həmin şəxslərin yaşayış sahəsi ilə təmin edilmək vəzifəsi Qaradağ Rayon İcra Hakimiyyətinə həvalə edilmiş, sonradan qətnamənin icrası qaydası dəyişdirilmiş, cavabdehlərin yaşayış sahəsi ilə təmin edilməsi vəzifəsi Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə həvalə edilmişdir Belə olan halda müəyyən olunur ki, həmin qətnamənin icrası Elmira Əliyeva və Aidə Əliyevanın Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən mənzillə təmin edilməsindən asılı olmuş, lakin iş materialları ilə Komitənin məcburi köçkünləri mənzillə təmin etməsi müəyyən edilməmiş, nəticədə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi icrasız qalmışdır. Məhkəmə işin istinad olunan hallarına əsasən qeyd edir ki, cavabdeh məhkəmə qərarının icrasını təmin etmək üçün icra haqqında qanunvericiliklə zəruri olan hərəkətləri yerinə yetirmişdir, onun bu hərəkətlərinin (hərəkətsizliyinin) hüquqa zidd və təqsirli olması müəyyən edilmir. Çünki məhkəmə qətnaməsinin icrası üçün tələb olunan şərt cavabdehin səlahiyyətində olmamış, onun qanunvericiliyə əsasən məcburi köçkünləri mənzillə təmin etmək kimi bir vəzifəsi müəyyən edilməmişdir. Belə ki, məhkəmə qərarının icrası təmin edilmədikdə həyata keçirilməli məcburi icra hərəkətlər “İcra haqqında” Qanunun 43-cü maddəsində nəzərdə tutulmuş, cavabdehin yalnız həmin icra tədbirlərini həyata keçirmək vəzifəsi olmuşdur. Qanunun 72-ci maddəsinə görə: -maddə 72.1. İşə baxan məhkəmə işin hallarından asılı olaraq yaşayış və ya qeyriyaşayış sahəsinin boşaldılması üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsinə uyğun olaraq müddət müəyyən edə bilər. - maddə 72.2. Bu Qanunun 72.1-ci maddəsində müəyyən edilmiş müddət başa çatdıqdan sonra borclu yaşayış və ya qeyri-yaşayış sahəsini boşaltmadıqda, onun yaşayış və ya qeyri-yaşayış sahəsindən çıxarılması haqqında icra sənədinə əsasən borclu icra məmuru tərəfindən yaşayış və ya qeyri-yaşayış sahəsindən məcburi qaydada çıxarılır. - maddə 72.3. İcra məmuru çıxarılmanın günü və vaxtı haqqında borcluya rəsmi bildiriş verir. Bildiriş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.2-ci və 135.3-cü maddələrində müəyyən edilmiş qaydada verildikdə rəsmi qaydada təqdim edilmiş hesab olunur. Müvafiq bildirişi almış borclunun olmaması çıxarılmanın həyata keçirilməsinə mane olmur. İşdən görünür ki, mübahisəli mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması ilə bağlı cavabdehin Qanunun 72-ci maddəsində göstərilən icra hərəkətlərinin həyata keçirilməsi üçün məhkəmə qətnamələrinə əsasən ilk əvvəl onların mənzillə təmin edilməsi tələb olunmuş, “İcra haqqında” Qanunun isə cavabdehin belə bir hərəkət imkanını nəzərdə tutmamışdır. Buna görə də məhkəmə hesab edir ki, işin araşdırılan halları ilə cavabdeh inzibati orqanın hərəkətində təqsirli davranış nəticəsində törədilmiş hüquq pozuntusu müəyyən edilmədiyindən iddia təmin oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-7617/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7617/2024
05.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver