Məhkəmə qərarları › İş №2-1(112)-7618/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7618/2022

12.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7618/2022 12.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayonu Əhmədli Bələdiyyəsinə qarşı torpaq sahəsinin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayonu Əhmədli Bələdiyyəsinə qarşı torpaq sahəsinin verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymış və bununla bağlı tərəfin fikrini dinlənilmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən İnzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların növləri təsbit edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.2-ci maddəsinə görə inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu maddə ilə inzibati aktın aşağıdakı əlamətləri müəyyən edilmişdir: inzibati akt inzibati orqan tərəfındən qəbul edilir; ümumi (publik) sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədini daşıyır; ünvanlandığı hüquqi və ya fiziki şəxs üçün müəyyən hüquqi nəticələr yaradır; qərar, sərəncam və ya digər formada hakimiyyət tədbirini ifadə edir. 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. 3.2-ci maddəsinə görə bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayətprosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Göründüyü kimi, sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. Həmçinin qeyd olunan normaların tələblərinə və yuxarıda göstərilən müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 6.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1-ci bənd). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd). Nəzərə alınmalıdır ki, hər hansı bir iddiaya mahiyyəti üzrə baxılması üçün iddiaçının iddia tələbinin təmin olunmasında hüquqi marağı olmalıdır. Hüquqi maraq şəxsin çatmağı arzuladığı məqsədin nədə ifadə edilməsini ehtiva edir. Başqa sözlə, iddiaçı irəli sürdüyü iddia tələbi ilə onun xeyrinə olan halın yaranmasını, yəni hüquqi və ya faktiki, o cümlədən maddi vəziyyətinin yaxşılaşdırılmasını arzulayır. Məhkəmə qeyd edir ki, iddiaçının hüququ marağının mövcud olub-olmamasının müəyyən edilməsi iddianın mümkün olub-olmamasının müəyyən edilməsi ilə birbaşa asılılıqdadır. Yəni, iddiaçının iddia qaldırmaqda hər hansı hüquqi marağı mövcuddursa, başqa sözlə qaldırılan iddia onun hüquq və mənafelərinin müdafiəsi ilə bağlı qaldırılmışdırsa iddia mahiyyəti üzrə qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı Bakı şəhəri Xətai rayonu Əhmədli Bələdiyyəsin 23 aprel 2008-ci il tarixli 019 №-li qərarın və torpaqların alqı-satqı müqaviləsinin mövcudluğuna əsaslanaraq Bakı şəhəri, Əhmədli qəsəbəsi 2315-ci məhəllədə yerləşən 100 kv.m torpaq sahəsinin cavabdeh tərəfindən ona ayrılmasını xahiş edir. Doğrudur ki, iddiaçı tərəfindən mövcudluğu iddia olunan sənədlər (qərar) cavabdeh inzibati orqanının arxivində aşkar edilmişdir. Lakin həmin sənədlər Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin arxivində aşkar edilməmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının hüquqi marağının nədən ibarət olması aydın deyildir. Belə ki, iddiaçı torpaq sahəsinin ayrılmasını arzulasa da, inzibati orqan həmin torpaq sahəsinin ayrılması ilə bağlı artıq inzibati akt qəbul etmişdir. Doğrudur ki, məhkəmə təcrübəsində vətəndaş ilə bələdiyyə orqanları arasında yaranmış mübahisələr üzrə tez-tez rastlanan hallardan biri olaraq, kimi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən rəyin alınmaması çıxış edir ki, bu əsas hazırki mübahisə üzrə də mövcuddur. Belə ki, məhkəmə sorğusuna cavab məktubundan da göründüyü kimi vətəndaş İddiaçı ayrılmış torpaq sahəsinə dair Bakı şəhəri, Xətai rayonu, Əhmədli bələdiyyəsinin xx.xx.2008-ci il tarixli 019 nömrəli qərarı və digər aidiyyəti torpaqayırma sənədləri ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə daxil olmadığı müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, baxmayaraq ki, cavabdeh inzibati orqan inzibati aktı qəbul edərkən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəyinin alınmasını təmin etməsə də, tərəflər arasında artıq eyni torpaq sahəsinin torpaqayırması ilə bağlı münasibətlər mövcud olmuşdur ki, bu münasibətlər zənnində inzibati orqanın üzərinə yenidən torpaqayrılma ilə bağlı öhdəlik qoyulması mümkün deyildir. Beləliklə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, torpaq sahəsi iddiaçıya ayrılmış, hansı torpaq sahəsinin ayrılması barədə iddiaçıya texniki sənəd təqdim edilmişdir ki, iddiaçı həmin torpaq sahəsinə mülkiyyət hüququnu dövlət qeydiyyatına aldırmaq əvəzinə cavabdeh inzibati orqana torpaq sahəsinin ona verilməsi barədə müraciət etmişdir ki, inzibati orqan göstərilən torpaq sahəsini hal-hazırda verməsi üçün daha nə kimi inzibati icraat həyata keçirilməli, bunun üçün torpağın hasara alınması, xarici təsirlərdən müdafiə edilməsi, mühafizəsinin təşkil edilməsi təmir və tikinti aparılaraq iddiaçıya təhvil verilməsi və bu kimi hansı hərəkətləri etməli olması ilə bağlı iddiaçının gözləntisinin nədən ibarət olması məlum deyil. Halbuki, iddiaçı ona ayrılmış torpaq sahəsinin qeyd etdiyi kimi verilməsini tələb edirsə həmin tələb cavabdeh inzibati orqana yox, aidiyyəti üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etməli, mövcud formalaşmış məhkəmə təcrübəsində olduğu kimi həmin əmlaka mülkiyyət hüququnu əldə etmək, bu mümkün olmadıqda bununla bağlı məhkəməyə müraciət etmək kimi hüquqlarından istifadə etməlidir. Həmin hüquqlar inzibati və məhkəmə qaydasında reallaşacağı təqdirdə isə həmin torpaq sahəsinin zəbt edilməsi halları olduqda bununla bağlı mülki qaydada aidiyyəti şəxslərin mülkiyyət hüququnu pozmasını məhkəmədə mübahisələndirməlidir ki, iddiaçı həmin hüquqi marağa uyğun hərəkətlər etmək əvəzinə, səlahiyyəti müəyyən çərçivəni əhatə edən, torpaq sahəsinin ayrılması ilə bağlı inzibati icraatı müvafiq inzibati akt qəbul etməklə yekunlaşdıran və texniki sənəd də tərtib edən cavabdehdən digər inzibati orqan və ya vətəndaşlarla bağlı hərəkətləri etməyi tələb etməkdədir. Belə ki, hazırkı iddianın təmin olunacağı təqdirdə belə anlaşılır ki, həmin torpaq sahəsi başqasının istifadəsindədirsə bələdiyyə həmin şəxs və ya şəxsləri torpaq sahəsindən çıxarmalı, iddiaçının mülkiyyət hüququnu dövlət qeydiyyatına aldırmalı və torpağı naturada iddiaçıya yenidən təqdim etməlidir. Digər tərəfdən nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın qanunauyğunluğunun yoxlanılması da hazırki iddianın növünə aid deyildir. Eyni zamanda Məhkəmə diqqətə çatdırır ki, hazırki mərhələdə cavabdeh inzibati orqan tərəfindən ümumiyyətlə torpaq sahəsinin ayrılması ilə bağlı hər hansı tədbirlərin görülməsi mümkün deyildir. Belə ki, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Qanunun qeyd olunan tələbindən göründüyü kimi, bələdiyyələr tərəfindən torpaq sahəsinin ayrılması barədə o halda qərar qəbul edilə bilər ki, həmin torpaq saəhsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanlarının rəy alınsın. Lakin, Azərbaycan Respublikası Prezidentinin «Bakı şəhərində mühəndis kommunikasiya təminatlı obyektlərinin normal fəaliyyətinin təmin olunması ilə bağlı tədbirlər haqqında» xx.xx.2016-cı il tarixli 1184 nömrəli Fərmanı ilə Bakı şəhərində bir sıra mühəndis-kommunikasiya təminatı obyektlərinin normal fəaliyyətinin təmin olunması məqsədi ilə qərara alınmışdır ki:

1. Yerli icra hakimiyyəti orqanları tərəfindən Bakı şəhərinin ərazisində Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 7-ci bəndinə uyğun olaraq bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin ayrılması ilə bağlı bələdiyyənin qərarı qəbul edilənədək torpaq sahəsinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma, ərazi planlaşdırılması sənədlərinə uyğunluğu baxımından rəy verilməsi 2017-ci il yanvarın 1-dən etibarən müvəqqəti dayandırılsın. Göründüyü kimi, müvafiq icra hakimiyyəti orqanları tərəfindən bələdiyyə torpaqlarının ayrılması ilə bağlı xx.xx.2017-ci il tarixindən rəy verilməsi dayandırıldığı təqdirdə, konkret halda, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulan qaydada, iddiaçının tələbi üzrə cavabdeh Əhmədli bələdiyyəsinin 2008-ci ildən iddiaçının faktiki istifadəsində olan mübahisəli torpaq sahəsini hərrac yolu ilə ona satmaqla mülkiyyətinə vermək səlahiyyəti reallaşa bilməz. Bütün bu, yuxarıda qeyd olunanlar, iddiaçının hazırkı iddia tələbinin məhkəmə icraatının mümkünlüyünü istisna edir. Məhkəmənin bu mövqeyi həmçinin, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 1318/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında da nümayiş olunmuşdur. Beləliklə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. (35.1-ci maddə) İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (1.1 - 1.5-ci bəndlər) Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə izah edir ki, iddiaçı İnzibati Prosessual Məcəlləsinin 2.2.6-cı, 2.2.7-ci maddələrinin tələbləri baxımından, cavabdeh inzibati orqana qarşı maddi və mənəvi ziyanın ödənilməsi, qanunauyğunluğun yoxlanılması kimi tələblər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Həsənov Orxan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar