Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7619/2021 06.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3, 3-cü şəxsin vəkili və nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxs: X5) “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Məhəmmədxan küçəsi 76 №-li fərdi yaşayış evinin qanuni istifadəsində olan 225,33 kv.m həyətyani torpaq sahəsinə çıxarışın verilməsini cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 21.06.2021-ci il tarixli qərardadı ilə X2 iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Məhəmmədxan küçəsi 76 №-li fərdi yaşayış evi çıxarışa əsasən X2 və İddiaçı paylı mülkiyyətindədir. Həmin fərdi yaşayış evinin həyətyani sahəsi (400.8 kv.m) ilə bağlı iddiaçının mərhum atasının adına texniki pasport tərtib edilmişdir. İddiaçı texniki pasporta əsasən həyətyani torpaq sahəsinin 225,33 kv.hissəsinə çıxarışın alınmasını ilə məqsədi ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonyu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Məmmədxan küçəsində yerləşən 76 saylı fərdi yaşayış evi İddiaçı (3ot.qalan hissə - 46,2 kv.m), X2 (3ot.-46,9 kv.m) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, fərdi yaşayış evinin İddiaçı aid olan hissəsi (texniki pasporta əsasən 8-12 saylı otaqlar və zirzəminin bir hissəsi)sökülmüşdür. Fərdi yaşayış evinə dair sənədlərin əsli, bütün payçılar arasında evin sökülmüş hissələrinin, qeydiyyatın ləğvi ilə bağlı razılıq ərizələri, yeni inşa edilmiş fərdi yaşayış evi və torpaq sahəsinə münasibətdə qeydiyyata alınması ilə bağlı bütün payçıların razılıq ərizəsinin (və ya bölgü sxemi) təqdim edilməmişdir. İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin vəkili və nümayəndəsi iddia tələbinə etiraz edərək məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki: -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Məmmədxan küçəsində yerləşən 76 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət üzrə X2 və İddiaçı mülkiyyətindədir. İşin faktiki hallarından görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi,M.Məmmədxan küçəsində yerləşən 76 nömrəli fərdi yaşayış evinin həyətyani torpaq sahəsinin bir hissəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını xahiş edir və bu halı onunla əsaslandırır ki, həyətyani torpaq sahəsi texniki pasportda əks olunduğundan, onun torpaq sahəsi üzərində mülkiyyət hüquqları yaranmış olur. Cavabdeh tərəfindən verilmiş imtina məktubundan və etiraz ərizəsinin surətindən görünür ki, iddiaçının müraciətinə qiymət verilərkən aşağıdakiları əsas götürülmüşdür. -Fərdi yaşayış evinə dair sənədlərin əsli, bütün payçılar arasında evin sökülmüş hissələrinin, qeydiyyatın ləğvi ilə bağlı razılıq ərizələri, yeni inşa edilmiş fərdi yaşayış evi və torpaq sahəsinə münasibətdə qeydiyyata alınması ilə bağlı bütün payçıların razılıq ərizəsinin (və ya bölgü sxümi) təqdim olunmamasıdır. İşin qeyd olunan faktiki hallarına maddi hüquq normalarının tələbləri baxımından qiymətləndirilməsi zərurəti ilə bağlı məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahı:
1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.3. şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı; 1.4. kənd yaşayış məntəqələrinin və qəsəbələrin torpaqlarından torpaq sahələrinin ayrılması barədə kənd və qəsəbə zəhmətkeş deputatları sovetlərinin qərarları; 1.5. tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26dək bağlanmış müqavilələr; 1.6. şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dan sonra bağlanılmış müqavilələr; 1.7. yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il avqustun 26-dək qəbul edilmiş qərarları; 1.8. yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutulduğu hallarda şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd; 1.9. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə); 1.10. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı. 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (texniki pasportda hüququ müəyyən edən sənədlərə istinadın olduğu və həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar. Qanunvericiliyin tələbindən də göründüyü kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunda birbaşa adı göstərilməsə də, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahı”da adı qeyd edilmiş torpaq sahələrinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportlar (texniki pasportda hüququ müəyyən edən sənədlərə istinadın olduğu və həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) torpaq sahəsinə şəxsin mülkiyyət hüququnun qeydiyyata alınması üçün əsas hesab edilir. Məhkəmə tərəfindən aparılmış araşdırma zamanı ünvanlanmış sorğulara cavab məktublarından məlum olur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi bağışlama müqavilələri əsasında X6 tərəfindən X4 və İddiaçı bağışlanmışdır. 1992-ci ildə tərtib olunmuş texniki pasportda olan məlumatlardan görünür ki, sözügedən evin yerləşdiyi faktiki torpaq sahəsi -400.8 kv.m (istifadədə olmaqla), tikinti altı sahəsi isə -271.0 kv.m təşkil edir. Göründüyü kimi, həqiqətən də fərdi yaşayış evinin heyətyani torpaq sahəsi ilə bağlı iddiaçının mərhum atasının adına texniki inventarlaşdırma orqanı tərəfindən texniki pasport tərtib edilmişdir ki, həmin texniki pasportda heyətyani torpaq sahəsinin ölçüləri göstərilmiş və ən əsası isə texniki pasport 01.01.2001-ci il tarixədək tərtib olunmuşdur. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququnun yaranmasının əsasında texniki pasport dayansa da, topraq sahəsi ümumi paylı mülkiyyətdədir ki, bu zaman torpaq sahəsinin naturada ayrılması barədə qərarın və ya bölgü sxeminin olması şəxsin məhz hansı paya münasibətdə mülkiyyət hüququna malik olmasını məlum edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin müddəalarına nəzər yetirdikdə məlum olur ki, Məcəllənin: 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.3. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər: 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Yuxarıda qeyd olunan müddəaların işin hazırkı faktiki hallarına münasibətdə qiymətləndirilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, işin faktiki hallarından da göründüyü kimi iddiaçı Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Məhəmmədxan küçəsi 76 №-li fərdi yaşayış evinin paylı mülkiyyətçisi kimi ona məxsus evin yerləşdiyi həyətyani sahəyə çıxarış verilməsini tələb edir. Başqa sözlə iddiaçı hazırkı iddianı verməklə, həmin çıxarış və faktiki istifadədə olan torpaq sahəsinin ölçüsü müəyyən edilən texniki pasport əsasında həm həmin torpaq sahəsinin 225,33 kv.m həyətyani torpaq sahəsi olan hissəsinə payını müəyyən edilməsinə və həmin payın real koordinatları nəzərə alınmaqla çıxarış verilməsini istəyir. Halbuki evə paylı mülkiyyətə malik şəxslərdən 400.8 kv.m həyətyani torpaq sahəsinin hanı ölçü və koordinat üzrə iddiaçıya, hansı ölçü və koordinat üzrə üçüncü şəxsə məxsus olması barədə daşınmaz əmlakın sxematik bölgüsünü təsdiq edən sənəd təqdim edilməmişdir. İşin faktiki hallarından isə görünür ki, hazırkı inzibati mübahisənin əsasında duran səbəblərdən biri də məhz bölgü sxemin paylı mülkiyyətçilər arasında razılıq olmaması səbəbindən təqdim edilə bilinməməsidir. Belə ki, iddiaçı mütəxəssis rəyi təqdim edərək 225,33 kv.m həyətyani torpaq sahəsinin onun istifadəsində olduğunu iddia edir. Eyni zamanda digər üçüncü şəxs də rəy təqdim edərək 209,93 kv.m həyətyani torpaq sahəsinin onun istifadəsində olduğunu qeyd edir. Göründüyü kimi torpaq sahəsinin naturada istifadəsi ilə bağlı mübahisə mövcuddur, iddiaçı isə həmin mübahisənin cavabdeh tərəfindən həll edilməli olması ilə bağlı hüquqi mövqe nümayiş etdirir. Məhkəmə isə hesab edir ki, iddiaçının qeyd olunan mülki mübahisənin həllinin cavabdehin səlahiyyətinə aid olması ilə bağlı mövqeyi qanunsuz və əsassız olduğundan imtina qanuni və əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 3-cü hissəsində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin fəaliyyət istiqamətlərinə uyğun olaraq xidməti vəzifələri müəyyən edilmişdir. Əsasnamənin tələbləri də nəzərə alındıqda müəyyən olunur ki, tərəflərin iradə ifadəsi mövcud olmadan əmlaka paylı mülkiyyətçilərin payının müəyyən edilməsi və bununla bağlı çıxarış və aidiyyəti texniki sənədlərin tərtib edilməsi onun səlahiyyətlərindən kənar hərəkətdir. Belə ki, fərdi yaşayış evinə paylı mülkiyyətə malik olan şəxslərdən hansının hansı ölçüdə həyətyani torpaq sahəsinə faktiki istifadəçisi olması və həmin sahənin koordinatlarının dəqiq olaraq hara olması paylı mülkiyyətçilər sxematik bölgünün tərtibatında iştirak etmədikdə cavabdehin səlahiyyəti hesab edilmir. Bununla bağlı qeyd olunmalıdır ki, həmin səlahiyyətli orqan qismində paylı mülkiyyətçilər arasında payın müəyyən edilməsi ilə bağlı mülki mübahisələrə baxan məhkəmə malikdir. Göründüyü kimi evin paylı mülkiyyətçilərin həyətyani torpaq sahəsinə dair payları, o cümlədən həmin payın naturada yeri bölgü sxem və ya məhkəmə qətnaməsi əsasında müəyyən edilmədən səlahiyyəti mövcud mülkiyyət hüququnu qeydə almaq olan cavabdehdən həmin məsələni özünün həll edilməsinin gözlənilməsi inzibati icraatın məqsəd və prinsipləri ilə uyğunluq təşkil etmir. Beləliklə, müəyyən edildiyi kimi iddiaçı və üçüncü şəxs arasında torpaq sahəsinə payın və payın real yerinin müəyyən edilməsi ilə bağlı mübahisə mülki qaydada həll edilmədən cavabdehə müraciət edilməsi ilə iddiaçı düzgün olmayan hüquqi müdafiə üsulu seçmişdir. Digər tərəfdən məhkəmə onu da qeyd etmək istəyir ki, iddiaçı ilə üçüncü şəxs arasında yaranmış mübahisələrə mülki icraat zamanı baxılmışdır. Baxılmış mübahisələrin nəticəsində qəbul edilmiş məhkəmə qətnaməsində qeyd olunmuşdur ki, mübahisəli ünvandaki yaşayış evinin paylar üzlər bölgü aparılsa da, həyətin iki yerə naturada bölünməsi faktiki olaraq tərəflərin öz mülahizəsi üzrə aparıldığından və bu dəyişiklikləri həyata keçirilməsi hər hansı orqanın rəsmi icazə olmadan həyata keçirilmişdir (Bax: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4296/2010). Göründüyü kimi, mübahisəyə mülki icraat qaydasında baxılarkən belə, tərəflər arasında mübahisə predmetini təşkil edən həyətyani sahəsinin naturada bölünməsi ilə bağlı hər hansı rəsmi icazə olmamış, həyətin iki yerə naturada bölünməsi faktiki olaraq tərəflərin öz mülahizəsi üzrə aparılmışdır. İddiaçı və üçüncü şəxs arasında uzun müddət davam edən məhkəmə mübahisələri ona əsas verir ki, onlar arasında paylı mülkiyyətdə olan torpaq sahəsinin natura formasında ayrılması ilə bağlı razılığın əldə olunması mümkün olmamışdır. Bundan başqa, məhkəmə xüsusi ilə bir məqamada toxunmaq istəyir ki, hər nə qədər də məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş X5 mülki məhkəmədə “paylı mülkiyyətdə olan əmlakdan istifadə qaydalarının müəyyən edilməsi” tələbinə baxılanadək hazırki inzibati icraatın dayandırılması ilə bağlı vəsatət ilə məhkəməyə müraciət etsə də, onun müraciət etdiyi tarixdə artıq Binəqədi rayon Məhkəməsi tərəfindən mülki iş üzrə icraatın dayandırılması ilə bağlı qərardad qəbul olunmuşdur ki (01.09.2021-ci il tarixdə), bu da üçüncü şəxsin vəsatətin təmin edilməsini istisna etmişdir. Göründüyü kimi hazırkı vəziyyətdə mülki mübahisəni həll etmək səlahiyyətinə malik məhkəmənin qərarının təqdim edilməsinin gözlənilməsi imkanı da mövcud olmamışdır. Təbii haldır ki, məhkəmə inzibati iş üzrə icraatı dayandırılmış mülki iş üzrə icraatdan asılı edə bilməz. Həmçinin qeyd olunmalıdır ki, həmin iş üzrə yekun məhkəmə aktının qəbulu belə inzibati orqanın qanunsuz hərəkət etdiyi anlamına gəlmir. Belə ki, həmin iş üzrə yekun məhkəmə aktı cavabdehə təqdim edilmədən, cavabdehdən payın müəyyən edilməsini və yerinin müəyyən edilməsinin gözlənilməsi məhkəmə hesab edir ki, əsassızdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan işin faktiki halları və işin faktiki hallarına tətbiq edilməli olan hüquq normalarını nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, cavabdehin mülkiyyət hüqunun qeydə alınmasından imtinanın əsası kimi bölgü sxemin mövcud olmaması xüsusi əhəmiyyət daşıyır. Belə ki, daşınmaz əmlakın sxematik bölgüsünün aparılması ümumi mülkiyyətçilər və ya əmlakın əvvəlki və köhnə mülkiyyətçisi mülki mübahisələrin yaranmasının azaldılmasına xidmət edir. Misal olaraq 10 ha torpaq sahəsi olan A adlı şəxs B adlı şəxsə həmin torpaq sahəsindən 3 ha torpaq sahəsini satarkən və ya digər üsulla özgəninkiləşdirərkən 3 ha torpaq sahəsinin mülkiyyətçisinin B adlı şəxs olması barədə müqavilə 3 ha torpaq sahəsinə mülkiyyət hüququnun mövcudluğu üçün əsas qismində çıxış edir. Lakin həmin 3 ha torpaq sahəsinin harada yerləşməsi, hansı koordinatlarının olması, 10 ha torpaq sahəsinin hansı hissəsindən ayrılması həmin müqavilədə əksini tapmır. Qeyd olunan halların aydınlaşdırılması, yəni Anın B-yə 3 ha torpaq sahəsini özünün mülkiyyətində olmuş 10 ha torpaq sahəsinin hansı hissəsindən ayrılması sxematik bölgünün aparılması, başqa sözlə bölgü sxemin tərtib edilməsi ilə həyata keçirilir. Həmin sənəd əsasında həm A özündə qalan 7 ha torpaq sahəsinin hansı sahə olması barədə koordinatlar göstərilən plan və ölçü sənədi ala bilir, həmçinin B-də 3 ha torpaq sahəsinə real koordinatlarını müəyyən edən plan və ölçü sənədi almaq imkanına malik olur. Nəticədə də həmin torpaq sahələrinin hansının harada yerləşməsi ilə bağlı tərəflər arasında torpağın hansı hissəsinin kimə məxsus olması haqqında mübahisə yaranmır, o cümlədən daşınmaz əmlaka mülkiyyət hüququnu qeydə alan orqan texniki sənədlərin hazırlanması imkanına malik olur. Analoji hal, o cümlədən ümumi mülkiyyətçilər barəsində də keçərlidir. Belə ki, 2 ha torpaq sahəsinə bərabər hissədə paya malik olan A və B adlı şəxslər arasında bölgü sxemin tərtibi zamanı kimin payına naturada hansı torpaq sahəsi düşür müəyyən edilə bilər. Əks halda isə torpaq sahəsinin yalnız paylarının hissəsi müəyyən edilə bilir, faktiki istifadə olunan torpaq sahəsinin hansı hissələrinin tərəflərə düşməsi barədə isə hər hansı hüquqi- texniki sənəd tərtib edilə bilmir. Bu zaman tərəflər arasında payların yerləşdiyi naturada yer barədə qeyd olunan sənədlərin tərtib edilməsi razılıq əsasında mümkün olmadıqda isə hər iki tərəfin iştirakı ilə işə baxan məhkəmə həmin torpaq sahəsinin naturada ayrılması ilə bağlı qərar qəbul edir və həmin qərar A və B arasında torpaq sahəsinin faktiki hər şəxsə düşən sahəsinin məhz hansı koordinatlarda olmasını müəyyən edir. Hazırkı iş üzrə isə iddiaçı bölgü sxem və məhkəmə qərarı olmadan naturada mövcud olan vəziyyət nəzərə alınmaqla özünün faktiki istifadəsində olan hissəyə dair payın və payın yerinin müəyyən edilərək mülkiyyət hüququnu qeydiyyata aldırmağa iddia edir. Lakin, nəzərə alınmalıdır ki, burada naturada ayrılma ilə bağlı məhkəmə qərarı dedikdə inzibati məhkəmə icraatı qaydasında işə baxan məhkəmə nəzərdə tutulmur. Belə ki, inzibati məhkəmə inzibati orqanların hərəkət və hərəkətsizliyinə baxan və qanunsuz və əsassız hərəkət və ya hərəkətsiz müəyyən edildiyi təqdirdə buna uyğun olaraq iddiaçının xeyrinə qərar qəbul etmək səlahiyyəti olan məhkəmə qismində çıxış edir. Hazırkı vəziyyətdə isə iddiaçı bölgü sxem olmadan torpaq sahəsinin naturada ayrılmalı olmasını inzibati orqandan istəyir, halbuki inzibati orqanın belə bir səlahiyyəti mövcud deyil, belə bir səlahiyyəti yoxdursa deməli imtina tam qanuni və əsaslıdır. Məhkəmə də bu səbəbdəndir ki, inzibati orqanın ziyanına qərar qəbul etməli deyil. Çünki hüquqmüəyyənedici sənəd mövcud olmuş olsa belə iki şəxsin 400.8 kv.m torpaq sahəsinə ehtimal olunan mülkiyyət hüququnun olması, özü-özlüyündə həmin torpaq sahəsinin hansı ölçü, hansı koordinat üzrə iddiaçıya və üçüncü şəxsə məxsus olmasını cavabdeh müəyyən edə bilməz. Başqa sözlə mülkiyyət sənədinə malik olsa belə iddiaçı 400,8 kv.m torpaq sahəsinin 225,33 kv.m mənim həyətyani torpaq sahəmdir əsası ilə həmin sahənin yerinin müəyyən edilməsi və çıxarış və texniki sənədlərinin verilməsini cavabdehdən tələb edə bilməz. Çünki cavabdehin bölgü sxem olmadan, yəni iddiaçı və üçüncü şəxs arasında razılıq olmadan və ya mülki məhkəmənin naturada payın və həmin payın yerinin müəyyən ilə bağlı qərarı olmadan mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı hərəkət etməsi qanunsuz və əsassız olar. Təkrar olaraq qeyd olunur ki, burada naturada payın müəyyən edilməsini həyata keçirən məhkəmə dedikdə inzibati yox mülki məhkəmə çıxış edir. Belə ki, iki fiziki şəxs arasında payın naturada yerinin müəyyən edilməsi ilə bağlı mübahisə inzibati yox, mülki icraatın predmeti qismində çıxış edir. Bu səbəbdəndir ki, bölgü sxem tərtib edilmədən və ya mülki icraat qaydasında payların dəqiq yeri müəyyən edilmədən inzibati məhkəmə cavabdehin hərəkətsizliyində qanunsuzluq müəyyən edə bilməz və bu səbəbdən də iddianı əsaslı hesab edə bilməz. Bu zaman iddiaçı və ya üçüncü şəxslər tərəfindən torpaq sahəsinin real yeri, koordinatları, kimin faktiki istifadəsində nə qədər torpaq sahəsi olması barədə təqdim edilən mütəxəssis rəyləri də inzibati məhkəmə üçün işin həllində əhəmiyyət daşımır. Belə ki, həmin sənədlərin hansının mötəbər olması və ya reallığın başqa formada nədən ibarət olması inzibati orqanın həll etməli olduğu məsələ hesab edilmir. Bu səbəbdəndir ki, inzibati məhkəmə həmin texniki rəyləri araşdıraraq, məhkəmə tikinti-texniki ekspertizası və ya yerində baxış kimi prosessual hərəkətlər keçirərək real olan halı müəyyən etsə belə bu cavabdeh inzibati orqanın səlahiyyətlərini icra etməməsi anlamına gəlmir və həmin formada araşdırma, mahiyyət etibarı ilə mülki məhkəmənin səlahiyyətlərini mənimsəmə qismində çıxış edəcəkdir. Təbii haldır ki, istər məhkəmə, istər inzibati orqan onda olan mövcud resurslar əsasında iddiaçı və üçüncü şəxsin faktiki istifadəsində olan torpaq sahəsinin yerini, ölçülərini müəyyən edə bilər. Lakin həmin məlumatların mövcud olması, həmin məlumatlar əsasında işin mahiyyətini həll etmək anlamına gəlmir. Beləliklə iddiaçı və üçüncü şəxs hazırkı vəziyyətdə ya daşınmaz əmlakın sxematik bölgüsünü aparmaqla kimin hansı ölçüdə hansı koordinatlar daxilində hissədə istifadəçi olduğunu bölgü sxemin tərtib edilməsi yolu ilə təsdiq etməli və ya payın naturada müəyyən edilməsi barədə iddia verərək işin faktiki və hüquqi halları əsasında məhkəmə qərarı payı naturada müəyyən etməli, bundan sonra isə inzibati orqana mülkiyyət hüququnu təsdiq edən sənəd verilməsi ilə bağlı müraciət etməlidirlər. Lakin iddiaçı bölgü sxem tərtib edilmədən və ya məhkəmə qərarı olmadan mülkiyyət huququnu qeydiyyata almağa yalnız səlahiyyəti olan orqandan torpağ sahəsinin onun faktiki istifadəsində olan hissəsinin ölçülərini və koordinatlarını müəyyən etməklə bağlı müraciət etmişdir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneəçilik yaradılmamışdır. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov