Məhkəmə qərarları › İş №2-1(112)-7619/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7619/2024

18.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7619/2024 18.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən müvafiq çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi – X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, reyestrdən çıxarışın verilməsi” barədə iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 1 saylı binada 2-ci blok, 1-ci mərtəbə, 3 otaqdan ibarət ümumi sahəsi 135 kv. m. olan 53 saylı mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı (nümayəndəsi X1 vasitəsilə) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, ünvan 1 ünvanında yerləşən 1 saylı binada 2-ci blok, 1-ci (yaşayış) mərtəbə (faktiki 3-cü mərtəbə), 3 otaqdan ibarət ümumi sahəsi 119.4 kv. m. olan 53 saylı mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarış verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla "xxxx" ASC arasında xx.xx.2014-cü il tarixdə bağlanmış 18796 nömrəli “Mənzilin alqı-satqı” müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən 1 saylı binada 2-ci blok, 1-ci mərtəbə, 53 saylı 3 otaqdan ibarət ümumi sahəsi 135 kv. m. olan mənzili almışdır. "xxxx" ASC-nin xx.xx.2014cü il tarixli maliyyə arayışında mənzilə dair heç bir borcunun olmadığı qeyd olunmuşdur. Həmin tarixdə mənzil ona təhvil-təslim edilmişdir. 2019-cu ildə qeyd olunan binadakı mənzillərə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına dair çıxarışlar verilməyə başladıqda digər sakinlər kimi o, da cavabdeh quruma müraciət edərək, mənzil üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Həmin qurumdan ona verilmiş xx.xx.2019-cu il tarixli cavab məktubunda təqdim etdiyi hüquqmüəyyənedici sənədlərdə mənzilin 3 otaqlı, həmçinin müayinə zamanı da mənzilin faktiki otaq sayının 3 olduğunun müəyyən edildiyi, lakin binanın təsdiqlənmiş layihəsində guya onun mənzilinin 2 otaqlı olduğunun göstərildiyi, həmin layihəyə əsasən digər bir otağın isə qonşu mənzilinə aid olduğu qeyd olunmuşdur. Halbuki, mənzili aldığı vaxt "xxxx" ASC tərəfindən bu barədə ona heç bir məlumat verilməmiş, o, mənzili 3 otaqlı olaraq almış və həmin şirkətin möhürü və vəzifəli şəxslərinin imzası ilə təsdiq olunmuş mənzilin bölgü planında 3 otaqlı olduğu təsbit olunmuşdur. Dəfələrlə cavabdeh orqana eyni məzmunlu müraciətləri olsa da mənzilinin üzərinə hüquqlarının dövlət qeydiyyata alınmasından imtina edilmişdir. "xxxx" ASC-nin DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda "xxxx" ASC tərəfindən ünvan 2 ünvanında inşa edilmiş yaşayış kompleksi, bina 1, blok 2, 1-ci mərtəbə 135.kv. m. ümumi sahədən ibarət 53/64 (köhnə) 53, (yeni) 64 saylı mənzilə faktiki vəziyyətdə (3 otaqdan ibarət olmaqla) vətəndaş İddiaçı çıxarışın verilməsinə köməklik göstərilməsi xahiş olunmuşdur. Tərəfindən çıxarışın alınması üçün bütün dövlət rüsumları da ödənilmişdir. Lakin bu günə bu məsələ həllini tapmamış nəticədə mənzilinə dair bu günə kimi onun adına reyetrdən çıxarış verilməmişdir. Nəticədə mənzil üzərində mülkiyyət hüququnun pozulmuşdur. Əksər sakinlərin çıxarışla təmin edilməyinə baxmayaraq ona çıxarış verilməməsi ilə ayrı-seçkiliyə yol verilmişdir. Cavabdeh orqanın imtinası qanunsuz və əsassız olmuşdur. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” sistemi vasitə ilə cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin iddia tələbinə dair yazılı münasibəti (etirazı) məhkəməyə təqdim edilmişdir. Cavabdehin etirazları: Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin iddia tələbinə dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, idarənin mütəxəssisləri tərəfindən mənzilə texniki baxış keçirilən zaman qonşu mənzilin 1 (bir) otağının müvafiq mənzilə birləşdirildiyi müəyyən edilmişdir. Qeyd olunan mənzilin faktiki vəziyyəti mənzilin təqdim olunmuş layihəsi ilə uyğunsuzluq təşkil etdiyindən iddiaçının ərizəsinin icrası mümkün olmamışdır. Belə ki, İdarənin mütəxəssisləri tərəfindən mənzilə texniki baxış keçirilən zaman məlum olmuşdur ki, mənzilin altında və üstündə olan qonşu mənzillər iki otaqlıdır. Qonşu mənzildən bir otaq sözügedən mənzilə qatılaraq üç otaqlı olmuşdur və mənzilin faktiki ölçüsü 114.2 kv.m təşkil edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 24-cü maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 26cı maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasının başa çatması razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyasının aktı ilə təsdiqlənir. Qəbul komissiyasının aktı razılaşdırmanı həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh inzibati orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək və iddianın mahiyyəti üzrə izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: xx.xx.2014-cü il tarixli, 18796 №-li “Mənzilin alqı-satqı” müqaviləsinin surətindən müəyyən olunur ki, satıcı "xxxx" ASC Bakı şəhəri, Nərimanov rayonu, 1987-ci məhəllə, Ağa Neymatulla küçəsi, 1 saylı binanın 2 saylı blok, 1-ci mərtəbə, 53 saylı 3 otaqdan ibarət ümumi sahəsi 135 kv.metr olan mənzili alıcı İddiaçı satmışdır. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, 9132 №-li maliyyə arayışında göstərilmişdir ki, ünvan 5 məhəllədə inşa edilmiş yaşayış binasının, 1-ci bina, 2-ci blok, 1ci mərtəbə, 135 kv.metr ümumi sahəsi olan 53 saylı mənzilə dair heç bir borcu yoxdur. "xxxx" ASC tərəfindən xx.xx.2014-cü il tarixdə tərtib edilmiş aktdan müəyyən olunur ki, "xxxx" ASC tərəfindən inşa olunmuş Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsində yerləşən 1 binanın 2-ci blokun, 53/64 saylı mənzilinin İddiaçı təhvil verilmişdir. xx.xx.2024-cü il tarixdə İddiaçı istifadəsində olan ünvan 5 məhəllədə inşa edilmiş yaşayış binasının, bina 1, blok 2, 1-ci mərtəbə, 135 kv. metr ümumi sahəsi olan 53 saylı mənzilin bölgü planı "xxxx" ASC tərəfindən tərtib edilmişdir. "xxxx" ASC tərəfindən DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 10 №-li məktubunda "xxxx" ASC tərəfindən ünvan 4 ünvanında inşa edilmiş yaşayış kompleksi, bina 1, blok 2, 1-ci mərtəbə 135 kv. metr ümumi sahədən ibarət 53/64 (köhnə) 53, (yeni) 64 saylı mənzilə faktiki vəziyyətdə (3 üç otaqdan ibarət almaqla) vətəndaş İddiaçı Çıxarışın verilməsində köməklik göstərilməsi xahiş edilmişdir. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, KP/AK/77-17-01 №-li maliyyə arayışında göstərilmişdir ki, ünvan 5 ünvanda "xxxx" ASC tərəfindən inşa edilmiş yaşayış binasının, bina 1, blok 2, 1-ci mərtəbə, 135 kv. metr ümumi sahəsi olan 53/64 (köhnə) 53, (yeni) 64 saylı mənzilin 18796 saylı, xx.xx.2014-cü il tarixli müqaviləyə dair heç bir borcu yoxdur. Məhkəmənin müvafiq sorğusuna əsasən DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********96 №-li məktubu məhkəməyə təqdim edilmiş xx.xx.2023cü il tarixdə tərtib olunmuş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nın təsdiq olunmuş surətindən müəyyən olunur ki, ünvan 6 ünvanında yerləşən daşınmaz əmlakın (mənzilin) hüquqmüəyyənedici sənəd üzrə və faktiki olaraq 3 otaqdır. Sənədlərdə mərtəbəlik düz qeyd olunmamışdır. Mənzilin altında və üstündə qonşu mənzillər 2 otaqlıdır. Qonşu mənzildən bir otaq söz gedən mənzilə qatılaraq 3 otaqlı olmuşdur. 20/3, qapı 2. İddiaçının hazırki tələblə bağlı müraciətlərinə əsasən DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş; xx.xx.2019-cu il tarixli, **********19 №-li cavab məktubunda bildirilmişdir ki, təqdim edilmiş hüquqmüəyyənedici sənədlərdə mənzil 3 otaqdan ibarət yaşayış sahəsi kimi qeyd edilmişdir və müayinə zamanı da faktiki otaq sayının 3 olduğu müəyyən edilmişdir. Lakin binanın təsdiqlənmiş layihəsinə əsasən onun mənzili 2 otaq kimi göstərilmişdir. Layihəyə əsasən istifadə etdiyi digər 1 otaq qonşu mənzilin yaşayış sahəsinə aiddir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilir. xx.xx.2023-cü il tarixli, **********72 №-li cavab məktubunda bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən mənzilə texniki baxış keçirilən zaman qonşu mənzilin 1 (bir) otağının müvafiq mənzilə birləşdirildiyi müəyyən edilmişdir. Qeyd olunan mənzilin faktiki vəziyyəti mənzilin təqdim olunmuş layihəsi ilə uyğunsuzluq təşkil etdiyindən ərizənizin icrası mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3- 10/5644 saylı xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, ekspert aşağıda qeyd olunan nəticəyə gəlmişdir: "xxxx" ASC tərəfindən ünvan 4 ünvanında inşa edilmiş yaşayış kompleksi, bina 1, blok 2 də yerləşən İddiaçı məxsus 53/64 (köhnə) 53, (yeni) 64 saylı mənzilin faktiki sahəsi 119,4 kv.m kv. metr təşkil edir. "xxxx" ASC tərəfindən ünvan 4 ünvanında inşa edilmiş yaşayış kompleksi, bina 1, blok 2də yerləşən İddiaçı məxsus 53/64 (köhnə) 53, (yeni) 64 saylı mənzilin faktiki vəziyyətdə binanın aşağı mərtəbələrdə yerləşən qeyri yaşayış mərtəbələri nəzərə alınmaqla üçüncü mərtəbədə yerləşdiyi müəyyən edilmişdir. "xxxx" ASC tərəfindən ünvan 4 ünvanında inşa edilmiş yaşayış kompleksi, bina 1, blok 2 də yerləşən İddiaçı məxsus 53/64 (köhnə) 53, (yeni) 64 saylı mənzilin faktiki olaraq iki sanitar qovşağı, iki yaşayış otağı, mətbəx, zal, dəhliz və balkon tikililərindən ibarət olduğu, mənzilin quruluşunun və ev tikililərin planlı yerləşməsinin iş materiallarına əlavə edilmiş bölgü sxemimə uyğun olduğu sözügedən mənzildə Mənzil Məcəlləsinin 23.1-ci maddəsində qeyd olunmuş yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsi işlərinin görülmədiyi müəyyən edilmişdir. Tətbiq edilən hüquq. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunu. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); .... Maddə 12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi. 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina.

15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139-1.1.6. Mənzil tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklənəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: - 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. - 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeydolunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. - 113.2-ci maddəsinə əsasən Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 №li Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnamə.

3. Xidmətin vəzifələri. ... 3.0.18. Daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək; 3.0.23 Daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; 3.0.26 Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılmasını, ünvan reyestri, daşınmaz əmlakın vahid dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı, torpaqların dövlət idarəetməsinin və torpaq bazarının təşkili sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək.

İnzibati-Prosessual Məcəllə:

58.Sübutların araşdırılması qaydası. ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. ...

68. Məhkəmə qərarının əsası. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Normanın (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsi) məzmunundan göründüyü kimi, mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı və qanunvericiliklə nəzərdə tutulmuş pay haqqının tam ödənilməsi həmin yaşayış (qeyri-yaşayış) sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasının əsası kimi təsbit olunmuşdur. İş materiallarına əsasən iddiaçı tərəfindən mübahisəli mənzilin tam dəyəri ödənilmişdir. Cavabdehin imtinasından və iddiaya dair etirazından görünür ki, iddiaçının müraciətindən imtina olunarkən “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün müəyyən olunmuş əsaslardan heç biri qeyd olunmadan, iş materialları ilə sübuta yetirilməyən, yalnız formal mülahizələrə istinad olunmuşdur. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 15.3-cü maddəsinə əsasən inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. İPM-nin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsindən 100 (bir yüz) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.

NƏTİCƏVİ HİSSƏ İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən 1 saylı binada 2-ci blok, 1-ci (yaşayış) mərtəbə (faktiki 3-cü mərtəbə), 3 otaqdan ibarət ümumi sahəsi 119.4 kv. m. olan 53 saylı mənzilə dair İddiaçı xüsusi mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınaraq, buna dair çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən 100 (bir yüz) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar