Məhkəmə qərarları › İş №2-1(112)-762/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-762/2020

25.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-762/2020 25.02.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1 və cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı pensiyanın təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (sonradan - İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun 05.10.2016-cı il tarixdən tanınaraq təyin edilməsi, eləcə də pensiyasının həmin tarixdən hesablanıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona 60 yaşı tamam olduğu 05.10.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və həmin vaxtdan yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 07.11.2019-cu il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı ərizə ilə cavabdeh İdarəyə müraciət etmişdir. Lakin, İdarə tərəfindən onun müraciəti təmin edilməmişdir. O, xx.xx.1959-cu ildə doğulmuşdur. 15.03.1977-ci ildən əmək fəaliyyətinə başlamış, 03.11.1977-ci ildən 03.12.1979-cu il tarixədək hərbi xidmətdə olmuş, sonra isə yenidən əmək fəaliyyəti ilə məşğul olmuşdur. 60 yaşı tamam olunana qədər ümumi iş stajı 32 il 1 ay 25 gün, xüsusi stajı isə 16 il 10 ay 2 gündür. Hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmamışdır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmşıdır ki, iddiaçının müraciətinə İdarə tərəfindən baxılmış və onun tərəfindən təqdim olunmuş sənədlərdən göründüyü kimi iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Odur ki, iddia rədd olunmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X3 iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 etirazın məzmununa uyğun izahat verərək iddianı qəbul etmədiyini bildirərək onun rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -Azərbaycan Respublikası vətəndaşının AZE ******** №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu ildə Tovuz rayonunda doğulmuşdur. -İddiaçı məxsus NZ ******* №-li hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 03.11.1977-ci ildən 03.12.1979-cu ilə qədər Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. - İddiaçı məxsus əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 06.09.1976-cı ildən 03.03.1977-ci ilə qədər təhsil almış, 15.03.1977-ci ildən 01.09.1977-ci ilə qədər və 27.03.1980-cı ildən 01.07.1980-cı ilə qədər 11 №-li Trestin 9 №-li Xüsusi İdarəsində xarrat, 16.10.1980-cı ildən 09.07.1985-ci ilə qədər Kombinatda xarrat, 31.01.1986-cı ildən 08.09.1987-ci ilə qədər X4 İdarəsində kollektor operatoru, dizelmotorçu, 29.10.1987-ci ildən 11.07.1990-cı ilə qədər xarrat, 12.07.1990-cı ildən 16.05.1991-ci ilə qədər xarrat, 10.06.1991-ci ildən 15.10.1992-ci ilə qədər xarrat, 11.11.1992-ci ildən 20.02.1995-ci ilə qədər dülgər, 21.02.1995-ci ildən 10.09.1997-ci ilə qədər dülgər, 03.12.2002-ci ildən 24.10.2012-ci ilə qədər Nərimanov rayonu 82 №-li fəhləgənclər axşam orta məktəbində kitabxanaçı vəzifəsində işləmiş, 24.10.2012-ci ildən hazırki vaxta qədər isə həmin məktəbdə kimya müəllimi vəzifəsində işləyir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 10 saylı Cəzaçəkmə Müəssisəsinin 03.10.2019-cu il tarixli, 17/25-2368 №-li arayışından görünür ki, İddiaçı 03.12.2002-ci ildən Nərimanov rayonunda yerləşən 10 saylı cəzaçəkmə müəssisəsində fəaliyyət göstərən Bakı şəhəri üzrə Təhsil İdarəsinin 82 nömrəli xüsusi əyani-qiyabi tam orta məktəbində çalışır. O, 03.12.2002-ci ildən 24.10.2012-ci ilədək həmin məktəbdə kitabxanaçı, 24.10.2012-ci ildən kimya ixtisası üzrə müəllim vəzifəsində işləyir. İşlədiyi dövrdən 10 saylı cəzaçəkmə müəssisəsinin 82 nömrəli xüsusi əyani-qiyabi tam orta məktəbində məhkumlarla və həbsdə olmuş şəxslərlə çalışır. -Bakı şəhəri üzrə Təhsil İdarəsinin 82 nömrəli xüsusi əyani-qiyabi tam orta məktəbinin 05 №-li, 18.10.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı 03.12.2002-ci ildən hazırki vaxta qədər işləmiş olduğu vəzifələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №-li Qərarının 34-cü Bölməsinin «ümumi təhsil və peşə təhsili müəssisələrinin işçiləri» bəndinə uyğundur. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin iddiaçının 07.11.2019cu il tarixli ərizəsinə cavab olaraq verdiyi 15.11.2019-cu il tarixli, **********6 №-li məktubdan görünür ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi əsas gətirilməklə mümkün hesab edilməmişdir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. -9.7.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında və azadlıqdan məhrum edilmiş şəxslər üçün nəzərdə tutulmuş müalicə müəssisələrində müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş işlərin və peşələrin siyahısı üzrə məhkumlarla və həbsdə olan şəxslərlə işləyən mülki işçilər olan kişilər – 60 yaşına çatdıqda və ümumi əmək stajı 30 ildən az olmamaqla, bu stajın azı 15 təqvim ilini məhkumlarla və həbsdə olan şəxslərlə işləmişsə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur. 01.01.2006-cı il tarixdək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ciil 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 3cü maddəsinin «E» bəndinə əsasən qanunda nəzərdə tutulmuş başqa şərtlərə əməl eməklə ictimai faydalı əməklə məşğul olan ali məktəblərdə və orta ixtisas peşə məktəblərində, kadrlar hazırlayan kurslarda təhsil alanlar, aspirantlar, klinika ordinatorları, doktorantların əmək pensiyası almaq hüququ vardır. Həmin Qanunun 67-ci maddəsinin İİİ hissəsinin «Ğ» bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi, hazırki qanunvericiliklə təhsil müddəti iş stajı hesab olunmasa da, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyə əsasən onun təhsil aldığı müddət iş stajına daxil edilməlidir. İddiaçıya “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 9.7.2-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç element mövcud olmalıdır: 1) İddiaçının 30 ildən az olmayan ümumi iş stajının mövcud olması; 2) İddiaçının azı 15 təqvim ili məhkumlarla və həbsdə olan şəxslərlə işləməsi: 3) İddiaçının 60 yaşına çatması. İddiaçı 10 saylı cəzaçəkmə müəssisəsinin nəzdində fəaliyyət göstərən Bakı şəhəri üzrə Təhsil İdarəsinin 82 nömrəli xüsusi əyani-qiyabi tam orta məktəbində 03.12.2002-ci ildən hazırki vaxta qədər işləmiş olduğu kitabxanaçı və kimya müəllimi vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 №-li Qərarının 34-cü Bölməsinin «ümumi təhsil və peşə təhsili müəssisələrinin işçiləri» bəndinə uyğundur. Tədqiq olunmuş sənədlərdən müəyyən olunur ki, iddiaçının 60 yaşı 05.10.2019-cu ildə tamam olmuş və onun hazırda 32 il 1 ay 25 gün ümumi və 16 il 10 ay 2 gün güzəştli şərtlərlə iş stajı mövcuddur. Göründüyü kimi, hər üç hal iddiaçıya münasibətdə mövcud olduğundan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.7.2-ci maddəsinə əsasən iddiaçıya 60 yaşı tamam olduğu tarixdən, yəni 05.10.2019-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. Cavabdeh inzibati orqanın imtinasında və iddia ərizəsinə yazılı etirazda qeyd etdiyi “iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi” halı isə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.7-ci maddədə nəzərdə tutulmadığından iddiaçıya münasibətdə tətbiq oluna bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli və İddiaçı 60 yaşı tamam olduğu 05.10.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və həmin vaxtdan yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı 60 yaşı tamam olduğu 05.10.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və həmin vaxtdan yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar