Məhkəmə qərarları › İş №2-1(112)-7620/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7620/2024

18.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7620/2024 18.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında qarajın qeyri-qanuni sökülməsi nəticəsində iddiaçıya dəymin 5000 manat maddi ziyanın ödənilməsi, qarajın bərpası və cavabdeh təşkilatın imtinanın qanunsuz hesab edilərək, iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin dövlər reyestrində qeydiyyata alınması və həmin torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iş üzrə cavabdehin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi (bundan sonra - cavabdeh) kimi qeyd edilməsini və Bakı şəhəri, 7-ci mikrorayon, X. Dairəvi küçəsi, Şəhid F. Məlikov məhəlləsi, 1E saylı binanın arxasında Bakı şəhəri Binəqədi bələdiyyəsi tərəfindən iddiaçıya ayrılmış 30 kvadrat metr torpaq sahəsinin üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1971-ci il təvəllüdlüdür, ünvan 2 yaşayır. 2023-cü ildə ünvan 2 Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2- 1(103)-1472/2023 nömrəli qərarı ilə təsdiqlənmiş torpaq sahəsində bələdiyyə tərəfindən qaraj tikilmişdir. Qərarın icrası Binəqədi rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Lakin Binəqədi rayon İcra Hakimiyyəti yox, Binəqədi rayon Bələdiyyəsinin xx.xx.2024-cü ildə tərtib edilmiş aktı əsasında bələdiyyənin də əməkdaşlarının iştirakı ilə öz vəsaiti hesabına bərpa etmişdir. Buna baxmayaraq xx.xx.2024-cü il tarixdə saat təxminən 19:00 radəsində təxminən 10-15 nəfər Əmlak komitəsinin əməkdaşları tikilmiş qaraji heç bir məhkəmə qərarı və əsas olmadan söküb darmadağın etmişdilər. İddiaçının 5000 manat dəyərində əmlakı məhv edilərək ona ziyan vurulmuşdur. Söküntünün və söküntüdə iştirak edən şəxslərin fotoşəkilləri və telefon nömrələri ərizəyə əlavə edilmişdir. Cavabdeh xx.xx.2024cü il tarixdə müxtəlif bəhanələrlə bildirişlə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin bu imtinası qanunsuzdur. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahəsinə dair Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş torpaqların alqı-satqısına dair akt təqdim edilməmişdir. Bundan əlavə, göstərilən torpaq sahəsi yaşayış binasının qarşısında, yolkənarı, yaşıllıq cərgəsinin bir hissəsi olmaqla ümumi istifadə üçün nəzərdə tutulan sahədir. Yerləşmə cizgisində sahənin binadan 19 metr aralı yerləşməsi qeyd olunsa da, faktiki 12,6 metr aralı məsafədə yerləşir. Həmçinin, sahənin yerləşmə vəziyyəti və ölçüləri də fərqlidir. İddia olunan torpaq sahəsi tam olaraq su xəttinin mühafizə zolağında yerləşir. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Məhkəmə sorğusu əsasında Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən Bakı şəhəri Binəqədi rayonu Binəqədi bələdiyyəsinin 6 dekabr 2006-cı il tarixli, 340 nömrəli qərarının arxiv nüsxəsi məhkəməyə göndərilmişdir. Həmin qərarla Bakı şəhəri, 7-ci mikrorayon, X.Dairəvi küçəsi, Şəhid F.Məlikov küçəsi, 1E saylı binanın arxasında X1 icarəsinə qaraj tikintisi üçün 30 kv.metr torpaq sahəsi ayrılmışdır. X3 qaraj tikintisi üçün ayrılmış həmin 30 kv.metr torpaq sahəsinin yerləşmə cizgisi (situasiya planı) tərtib olunub Binəqədi Bələdiyyəsi tərəfindən təsdiq olunmuşdur. Binəqədi bələdiyyəsi ilə X4 arasında 7-ci mikrorayon, X.Dairəvi küçəsi, Şəhid F.Məlikov küçəsi, 1E saylı binanın arxasında qaraj tikintisi üçün 30 kv.metr torpaq sahəsinin icarəyə verilməsinə dair 6 dekabr 2006-cı il tarixdə, 353 nömrəli müqavilə bağlanmışdır. Binəqədi bələdiyyəsinin 22 iyul 2019-cu il tarixli arayışın X1 qaraj üçün verilmiş torpaq sahəsinə görə 31 dekabr 2019-cu il tarixədək Binəqədi bələdiyyəsinə torpaq icarə haqqı üzrə borcu olmadığı göstərilir. Bakı Apellayasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1472/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, iddiaçı Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, F.Məlikov küçəsi, 1E saylı binanın arxasında yerləşən 30 kv.metr Binəqədi bələdiyyəsi tərəfindən qaraj tikilməsi məqsədilə ayrılan torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinin bərpa edilərək əvvəlki vəziyyətinə gətirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4265/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı qərardan apellyasiya şikayəti vermişdir. Bakı Apellayasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1472/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4265/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş, iddia qismən təmin olunmuş, Binəqədi rayonu Binəqədi bələdiyyəsinin 6 dekabr 2006-cı il tarixli 340 nömrəli qərarı ilə 7-ci mikrorayon, X.Dairəvi küçəsi, Şəhid F.Məlikov küçəsi, 1E saylı binanın arxasında iddiaçı X3 qaraj tikintisi üçün ayrılmış 30 kv.metr torpaq sahəsinin bələdiyyə tərəfindən tərtib olunmuş cizgisinə (situasiya planına) uyğun bərpa edilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2024-cü il tarixli, 359 nömrəli məktubunda göstərilmişdir ki, Birliyin əməkdaşlarının yerində apardığı araşdırmanın nəticəsi olaraq qarajın divarları sökülmüş və hündürlüyü layihə səviyyəsinə çatdırılmışdır, yəni 4 metrdən 2 metrə endirilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində Bakı şəhəri, 7-ci mikrorayon, X. Dairəvi küçəsi, Şəhid F. Məlikov məhəlləsi, 1E saylı binanın arxasında Bakı şəhəri Binəqədi bələdiyyəsi tərəfindən iddiaçıya ayrılmış 30 kvadrat metr torpaq sahəsinin üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarış verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır (139-1.1.1). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır (8.0.1.). İşdən görünür ki, Bakı şəhəri, 7-ci mikrorayon, X.Dairəvi küçəsi, Şəhid F.Məlikov məhəlləsi, 1E saylı binanın arxasında yerləşən 30 kvadrat metr torpaq sahəsi Binəqədi rayon Binəqədi bələdiyyəsinin müvafiq qərarına əsasən iddiaçının icarəsinə verilmiş, həmin torpaq sahəsinin icarəyə verilməsi haqqında iddiaçı ilə Binəqədi rayon Binəqədi bələdiyyəsi arasında müqavilə bağlanmışdır. İddiaçı cavabdehə müraciət edərək torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsini xahiş etmiş, cavabdeh torpaqların alqı-satqısına dair aktın təqdim edilmədiyini əsas gətirərək iddiaçının tələbini təmin etməkdən imtina etmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək bələdiyyələrin səalhiyyətlərinə aiddir (4.0.1). Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur (6.2). İş materiallarından görünür ki, Bakı şəhəri, 7-ci mikrorayon, X.Dairəvi küçəsi, Şəhid F.Məlikov məhəlləsi, 1E saylı binanın arxasında yerləşən 30 kvadrat metr torpaq sahəsi Binəqədi bələdiyyəsinin qərarına əsasən iddiaçının icarəsinə verilmiş və iddiaçı ilə bələdiyyə arasında icarə müqaviləsi bağlanmışdır. Hal-hazırda həmin torpaq sahəsi iddiaçının icarəsindədir. İddiaçı həmin torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdehə müraciət edə və imtina cavabı aldıqda isə, bununla bağlı məhkəmədə iddia qaldıra bilər. İddiaçının həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün isə hər hansı əsas yoxdur. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, cavabdeh inzibati orqanın imtinası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.1-ci maddəsinə uyğundur və iddiaçının hüquqlarını pozmamışdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddiaçının tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar