Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7621/2022 13.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və pensiyanın bərpa edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinin məzmunundan və iddiaçının məhkəmə iclasında verdiyi izahatdan müəyyən olunur ki, cavabdeh inzibati orqanın iddiaçı barəsində qəbul edilmiş qərar əsassızdır və hər hansı hüquqi əsasa söykənmir. Belə ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən həm ümumi, həmçinin güzəşti iş stajı yoxlanılmış, onun güzəştli şərtlərlə pensiya hüququnun yarandığı müəyyən olunmuşdur. Həmin dövrdə inzibati orqan pensiya hüququnun yaranıb-yaranmaması ilə bağlı mübahisə açmamışdır. Başqa sözlə desək iddiaçının güzəştli şərtlərlə pensiyanın təyin edilməsi ilə bağlı hər hansı müdaxiləsi olmamışdır. Bundan başqa isə cavabdeh iddiaçının güzəştli iş stajı ilə bağlı şərtinin ödənilməməsi ilə bağlı mülahizələr irəli sürsə də, bu halı təsdiq edən hər hansı mötəbər dəlil təqdim etməmişdir. Halbuki iddiaçının güzəştli iş stajının olduğunu təsdiq edən güzəştli arayışlar mövcuddur ki, həmin arayışlarda olan məlumatlar mötəbər hesab olunur. Bundan başqa iddiaçının güzəştli iş stajına aid olar illərdə güzəştli əsasların təsir altına düşərək ikiqat ölçüdə nəzərə alınır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, xx.xx.1982-xx.xx.1991ci il tarixləri arasındaki dövr ərzində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin S.İmaməliyev adına Respublika Taun Əleyhinə Stansiyasında laborant və zooloq vəzifəsində işlədiyi müəyyən olunmuşdur. Göründüyü kimi iddiaçının güzəştli iş stajı 10 ildən az (09 il 03 ay 28 gün (xx.xx.1982-xx.xx.1991-ci il tarixləri arasındaki dövr)) təşkil edir. Göstərilən uyğunsuzluğa baxmayaraq, iddiaçıya xx.xx.2014-cü il tarixdən Dövlət Sosial Müdafiə Fondunun Binəqədii rayon Şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2014-xx.xx.2022-ci il tarixləri arasındaki dövr ərzində ümumilikdə 32.577,49 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əmək pensiyasının dayandırılması barədə 26 yanvar 2022-ci il tarixli **********2 №-li qərarının ləğv edilməsi və ona təyin olunmuş pensiyasının dayandırıldığı tarixdən, yəni xx.xx.2022-ci il tarixdən bərpa edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Məhkəmə icraatı zamanı təqdim olunmuş pensiya işindən görünür ki, iddiaçıya xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və müvafiq ödənişlər edilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubunun məzmunundan görünür ki, iddiaçıya təyin edilmiş pensiya dayandırılmış və buna səbəb kimi aparılan araşdırma zamanı iddiaçının güzəştli şərtlərlə pensiya hüququnun olmadığının müəyyən edilməsi göstərilmişdir. Qeyd olunan məktubun məzmununa görə təyin edilmiş pensiyanın dayandırılma əsası kimi cavabdeh inzibati orqan Əmək və Əhalinin Sosial MüdafiəsiNazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Departamenti tərəfindən aparılan araşdırmalara istinad etmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya xx.xx.2014-cü il tarixdən təyin edilmiş pensiyanın dayandırılması cavabdehin öz təşəbbüsü ilə həyata keçirilmişdir. “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Hazırki işdə pensiyanın dayandırılmasından öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi daxili araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Belə ki, iş materiallarında olan sənədlərdən və məhkəmə icraatı zamanı tələb olunmuş pensiya işindən görünür ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.8.3-cü maddəsinə əsasən İddiaçı əmək pensiyasının ödənişi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Departamenti tərəfindən aparılmış araşdırma nəticəsində dayandırılmışdır. Beləliklə, qeyd olunan sənədlər əsasında aparılan araşdırma onu deməyə əsas verir ki, iddiaçıya xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş pensiya bu barədə iddiaçının xeyrinə əlverişli inzibati aktın (pensiya təyin olunması barədə qərarın) mövcud olmasına baxmayaraq, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq “pensiya təyinatı ilə qanun pozuntusuna yol verildiyini” aşkar etdiyinə istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən, məzmununa etimad göstərdiyi pensiya təyinatı ilə bağlı inzibati aktı ləğv etmədən, bu barədə iddiaçıya xx.xx.2022-ci il tarixdə pensiyanın dayandırılması barədə qərar qəbul edərək xx.xx.2022-ci il tarixli məktubla məlumat verməklə kifayətlənərək, artıq ödənildiyini iddia etdiyi pensiya məbləğinin geri qaytarılmasını tələb etmiş, bununla da pensiya təyinatı üzrə ödənişin dayandırılması barədə hərəkətlər etməklə iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər Məhkəmə həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5- 67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Məhkəmə, eyni zamanda onun da qeyd edilməsini zəruri hesab edir ki, işin hallarından da müəyyən edildiyi kimi şəxsin pensiyası 24 yanvar 2022-ci il tarixindən dayandırılsa da, əmək pensiyasının dayandırılması barədə qərar isə 26 yanvar 2022-ci il tarixdə qəbul edilmişdir. Göründüyü kimi şəxsə verilmiş əmək pensiyasının heç bir inzibati akt olmadan 24 yanvar 2022-ci il tarixdən dayandırıldığı aşkardır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı onun pensiyasının dayandırılması barədə qərarın ləğv edilməsi və ona güzəştli şərtlərlə yaşa görə təyin edilmiş pensiyanın bərpa edilməsini tələb etməkdə haqlı olduğu üçün onun pensiyası xx.xx.2022-ci il tarixdən (cavabdeh tərəfindən dayandırıldığı tarixdən) bərpa edilməlidir. Digər tərəfdən Məhkəmə İddiaçı irəli sürdüyü iddianın təkcə prosessual deyil, həmçinin mahiyyəti üzrə əsaslı olmasını da hesab edir. Məhkəmə hazırkı inzibati məhkəmə mübahisəsinin yaranmanın əsası qismində çıxış edən həmin halın araşdırılmasına keçməzdən əvvəl, ümumiyyətlə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün hansı zəruri şərtlərin ödənilməli olmasına qiymət verir. Məhkəmə bu istiqamətdə zəruri qiymətləndirmənin aparılması üçün “Əmək pensiyaları haqqında” Qanunun və “Vətəndaşların pensiya təminatı” haqqında Qanununun müddəalarına istinad edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: Belə ki, «Əmək pensiyaları haqqında» Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan 9.1-ci maddəsinin redaksiyasına görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar -52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini bilavasitə hava gəmilərinin uçuşlarını idarəetmə işlərində çalışarsa. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Şərh olunan hər iki qanunvericiliyin müddəalarının müqayisəli təhlilindən görünür ki, həm “Əmək pensiyaları haqqında” Qanun, həmçinin də “Vətəndaşların pensiya təminatı haqqında” Qanun qadınlara 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ümumi iş stajının 20 il, güzəştli iş stajının 10 ildən çox olmasını şərtləndirmişdir. Burada yeganə fərq odur ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunundan fərqli olaraq ƏMQ-nın tələbinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri iş stajı xx.xx.2017-ci il tarixədək toplanmalıdır . Cavabdehin etirazından, o cümlədən iş materiallarında olan məktublardan görünür ki, iddiaçıya güzəştli şərtlərlə təyin edilmiş əmək pensiyasının dayandırılması əsası iddiaçının güzəştli iş stajının 10 ildən az olması ilə bağlıdır. Məhkəmə, hazırkı inzibati məhkəmə mübahisəsinin yaranmanın əsası qismində çıxış edən həmin halın (güzəştli iş stajının 10 ildən az olub-olmaması) araşdırılması ilə bağlı ilkin olaraq iddiaçının əmək kitabçasında əks olunan vəzifələrin güzəştli pensiya hüququ verən vəzifələrə uyğunluğunu yoxlayır. İddiaçı tərəfindən təqdim olunmuş əmək kitabçasının surətindən görünür ki, o,: -xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək A.F.Qarayev adına X1 sanitar vəzifəsində; -xx.xx.1982-ci il tarixdə Azərbaycan taun əleyhinə stansiyada zoologiya şöbəsinə laborant vəzifəsinə təyin edilmiş, xx.xx.1989-cu il tarixdə köçürülmə yolu ilə zoolog vəzifəsinə təyin edilmiş və xx.xx.1991-ci il tarixdə öz təşəbbüsü ilə işdən azad edilmiş; -xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Azərbaycan elmi tədqiqat oftalmologiya institutunda aylıq 256 rubl maaş olmaqla Bakteriologiya üzrə həkim-laborant vəzifəsində; -xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Azərbaycan Respublikası Mərkəzi Hərbi Hospitalında AET oftalmologiya institundan köçürülmə yolu ilə kliniklaboratoriya şöbəsinə laborant vəzifəsində; -xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək “Azərsutikinti” Xəstəxanası klinik-laboratoriyasında müvəqqəti həkim-laborant vəzifəsində; -xx.xx.1994-cü il tarixdəm “Bakı Koka-Kola Bottlers” LTD-dəə mühasib vəzifəsinə təyin edilmiş, xx.xx.1996-cı il tarixdə mikrobiologiya laboratoriyası şefi vəzifəsinə keçirilmiş, xx.xx.2006-cı il tarixdə Satınalma Sorumlusu vəzifəsinə keçirilmiş və xx.xx.2021-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. Məhkəmə diqqətə çatdırır ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi S.İmaməliyev adına Respublikası Taun Əleyhinə Stansiyasının arayışına əsasən İddiaçı Respublika Taun Əleyhinə Stansiyada işlədiyi laborant, zooloq vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısının XXİV bölməsinin 22600000-1754 şifrəsində nəzərdə tutulmuş vəzifələrə uyğun olduğu göstərilmişdir. Göründüyü kimi iddiaçının xx.xx.1982-ci il tarixdən xx.xx.1991-ci il tarixədək işlədiyi vəzifələrin güzəştli pensiya hüququ verən vəzifələrə aid olduğu, həmin illərin güzəştli iş stajına daxil edildiyi işin mübahisəsiz hallarına aiddir. Hazırda tərəflər arasında mübahisəli məsələ iddiaçının xx.xx.1982-ci il tarixdən xx.xx.1991-ci il tarixədək taun əleyhinə müəssisədə işlədiyi müddətin ikiqat ölçüdə güzəştli iş stajına daxil edilməsi ilə bağlıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki iddia tələbinin qanuni əsasını “Əmək pensiyaları haqqında” Qanunu təşkil edir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 24.0-ci maddəsinə əsasən: 24.0. Əmək pensiyası hüququ verən sığorta stajına aşağıdakı dövrlər güzəştli şərtlərlə daxil edilir: 24.0.1. döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) ikiqat ölçüdə; 24.0.2. şəxsin qanunsuz saxlanılma, həbsdə olma və cəzaçəkmə müddətləri - ikiqat ölçüdə; 24.0.3. cüzam və taun əleyhinə müəssisələrdə iş müddəti - ikiqat ölçüdə; 24.0.4. əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslərin cinayətkar qruplara və ya kriminogen obyektlərə daxil edilməsi ilə əlaqədar vəzifələrinin yerinə yetirilməsi müddəti - üçqat ölçüdə. Hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 68-ci maddəsinə əsasən pensiya almaq hüququ verən iş stajına aşağıdakı dövrlər güzəştli şərtlə daxil edilir: -hərbi qulluqçuların döyüş şəraitində döyüş əməliyyatlarında iştirak dövrü (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) - ikiqat ölçüdə; -müharibə illərində arxa cəbhədə iş müddəti ikiqat ölçüdə; -cüzam və taun əleyhinə müəssisələrdə iş müddəti—ikiqat ölçüdə; -bilavasitə islah-əmək müəssisələrində, istintaq təcridxanalarında və azadlıqdan məhrumetmə yerlərinin müalicə idarələrində keçən qulluq (iş) müddətinin hər üç iş günü — dörd iş günü kimi; yoluxucu xəstə məhkumların saxlanması və müalicəsi üçün nəzərdə tutulmuş islah-əmək koloniyalarında qulluq (iş) müddətinin hər iki iş günü — üç iş günü kimi; həmin müəssisə, idarə və təşkilatlarda bilavasitə qulluq edənlərin ali və orta təhsil müəssisələrinin əyani şöbələrində aldıqları təhsilin müddətinin hər iki ayı bir ay qulluq müddəti kimi hesablanır; -tam naviqasiya dövrü ərzində su nəqliyyatında iş müddəti—bir illik staj sayılır. -Əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslərin cinayətkar qruplara və ya kriminogen obyektlərə daxil edilməsi ilə əlaqədar vəzifələrinin yerinə yetirilməsi müddəti birin üçə nisbəti ilə hesablanır və onların iş stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı üzrə sənayenin mövsümi sahələrinin tabeliyindən asılı olmayaraq müəssisə və təşkilatlarında tam mövsüm ərzində iş müddəti bir illik staj sayılır. Digər mövsümi işlər iş stajına faktik davamiyyət həcmində daxil edilir. Dövlət Sosial Müdafiə Fondu tərəfindən xx.xx.2007-ci il tarixdə qəbul edilmiş “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması qaydaları”nın (ləğv olunmuş) 3.5. Əmək pensiyası hüququ verən sosial sığorta stajına aşağıdakı dövrlər güzəştli şərtlərlə daxil edilir: - döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də Azərbaycan Respublikasının Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti (Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı əsasında)- ikiqat ölçüdə; - şəxsin qanunsuz saxlanılma, qanunsuz həbsdə olma və qanunsuz cəzaçəkmə müddətləri - ikiqat ölçüdə; - cüzam və taun əleyhinə müəssisələrdə iş müddəti - ikiqat ölçüdə; - əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslərin cinayətkar qruplara və ya kriminogen obyektlərə daxil edilməsi ilə əlaqədar vəzifələrin yerinə yetirilməsi müddəti -üçqat ölçüdə. Bəhs edilən qanunvericiliyin müddəalarından görünür ki, istərsə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanun, istərsə də hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan və hazırda qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun müəyyən dövrləri (qanunvericilikdə səciyyələnmiş əsaslar olduğu halda) əmək pensiyası hüququ verən sosial sığorta stajına güzəştli şərtlərlə daxil edilməsini nəzərdə tutmuşdur ki, bu güzəştlərdən biri də taun əleyhinə müəssisələrdə olan iş müddəti ilə bağlıdır. Doğrudur ki, qanunvericilik taun əleyhinə müəssisələrdə olan iş müddətinin sığorta stajına ikiqat ölçüdə daxil edilməsini təsbit etmişdir. Nəzərə alınmalıdır ki, qanunvericilik ikiqat ölçüdə daxil edilən müddətin mütləq qaydada ümumi iş stajına daxil edilməsini imperativ qaydada nəzərdə tutmamış, əksinə ümumi və ya güzəştli iş stajı kimi hər hansı fərqləndirmə aparmadan, həmin müddətin bilavasitə sığorta stajına (“Vətəndaşların pensiya təminatı haqqında” Qanununda isə iş stajına) daxil edilməsini təsbit etmişdir. Sığorta stajı və iş stajı ilə bağlı anlayışların aydınlaşdırılması ilə bağlı isə Məhkəmə aşağıdakiları diqqətə çatdırır: -Sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur (“Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsi) -İş stajına daxil edilən əmək fəaliyyətinin növləri, iş stajının hesablanmasında güzəştlər, iş stajının təsdiq edilməsi qaydası müvafiq olaraq “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun İİİ-cü fəslində (Əmək pensiyaları təyin edildikdə iş stajının hesablanması) nəzərdə tutulmuşdur. Məhkəmə qeyd etmək istəyir ki, hazırda qüvvədə olan qanunvericilik sosial sığorta stajı məhfumunu bilavasitə “müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə” ifadəsi ilə fərqləndirmişdir. Göründüyü kimi hər iki anlayış mahiyyəti etibarı ilə şəxsin əmək fəaliyyəti icra etdiyi dövrü ehtiva edir. Bu mənada nəzərə alınmalıdır ki, həm qüvvədə olan, həmçinin hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan qanunvericilik müxtəlif dövrləri güzəştli şərtlərlə sığorta stajına (iş stajına) daxil etdikdə, iş stajının “ümumi” və “güzəştli” iş stajları anlayışları ilə fərqləndirməmişdir. Məhkəmə hesab edir ki, şəxsin işlədiyi müddətin güzəştli əsaslara sığorta stajına daxil edilməsi məsələsinə qiymət verərkən, həmin dövrün “ümumi” və ya “güzəştli iş stajına daxil olunması ilə bağlı fərqləndirmənin aparılması düzgün olmazdır. Belə ki, ümumi və güzəştli iş stajı ilə bağlı anlayışlar vətəndaşın güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı məsələsi yarandığı zaman istifadə olunur. Güzəştli iş stajının ümumi iş stajından fərqi isə yalnız onunla bağlıdır ki, güzəştli iş stajı ümumi iş stajında da olduğu kimi şəxsin əmək fəaliyyəti icra etdiyi dövrü nəzərdə tutur ki, bu zaman onun həmin dövrdə icra etdiyi vəzifə bilavasitə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə (peşə) hesab olunsun. Yuxarıda göstərilənlər əsasında Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, qüvvədə olan qanunvericilik iş stajına tətbiq olunan güzəştlərin, yəni “Əmək pensiyaları haqqında” Qanunun 24.0-ci maddəsində nəzərdə tutulan güzəştlərin şəxsin yalnız ümumi iş stajına daxil olmasını imperativ qaydada nəzərdə tutmadığından, iddiaçının xx.xx.1982ci il tarixdən xx.xx.1991-ci il tarixədək taun əleyhinə müəssisədə işlədiyi müddət ikiqat ölçüdə təkcə ümumi staj kimi deyil, həmçinin güzəştli iş stajı kimi nəzərə alınmalıdır. Beləliklə, iddiaçının xx.xx.1982-ci il tarixdən xx.xx.1991-ci il tarixədək taun əleyhinə müəssisədə işlədiyi müddət ikiqat ölçüdə təkcə ümumi iş stajında deyil, həmçinin güzəştli iş stajına da daxil edilməlidir. Belə olan halda, iddiaçının güzəştli iş stajı ümumilikdə 2 il 2 ay 28 gün (09 il 03 ay 29 gün + 09 il 03 ay 29 gün) təşkil edir ki, bu da şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yarandığına dəlalət edir. Hər nə qədər mübahisə predmeti olmasa da, yəni cavabdeh tərəfindən mübahisələndirilməsə belə məhkəmə araşdırması nəticəsində iddiaçının 52 yaşının tamam olduğu tarixə ümumilikdə 20 ildən artıq iş stajına malik olduğu da müəyyən edilmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilməlidir. Məhkəmə pensiyanın dayandırıldığı tarixin müəyyən edilməsi ilə bağlı da araşdırma aparmış və müəyyən etmişdir ki, artıq ödəmə kimi cavabdehin müəyyən etdiyi pensiya ödənişləri xx.xx.2022-ci il tarixədək həyata keçirilmiş, xx.xx.2022-ci il tarixdən isə pensiya ödənişlərinin həyata keçirilməsi dayandırılmışdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilməlidir. Qeyd olunanları nəzərə almaqla, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əmək pensiyasının dayandırılması barədə 26 yanvar 2022-ci il tarixli **********2 №-li qərarının ləğv edilsin. İddiaçı təyin olunmuş əmək pensiyasının dayandırıldığı tarixdən, yəni xx.xx.2022-ci il tarixdən bərpa edilməsi cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-7621/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7621/2022
13.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver