Məhkəmə qərarları › İş №2-1(112)-7621/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7621/2025

04.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7621/2025 04.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq alınmış pensiya məbləğinin qaytarılması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək artıq ödənilmiş 966,48 manat dövlət vəsaitinin iddiaçının hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıya xx.xx.2024-cü il tarixində ərizə ilə müraciət edərək əri X3 xx.xx.2024-cü il tarixində vəfat etməsini bildirmiş və dəfn xərcinin özünə ödənilməsini xahiş etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, Pənah Tağıyev 03 yanvar 2024-cü il tarixində vəfat etmiş, lakin bu barədə iddiaçıya məlumat verilmədiyi üçün onun müvafiq kart hesabına 1 fevral 2024-cü il tarixdən 31 mart 2024-cü il tarixinədək əmək pensiyası tam məbləğdə köçürülmüşdür. Nəticədə mərhum Pənah Tağıyevə məxsus kart hesabına köçürülmüş artıq pul vəsaiti 1806,48 manat təşkil etmişdir. Bundan sonra, Pənah Tağıyevin vəfat etməsi ilə əlaqədar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 42.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə ölkə üzrə minimum əmək pensiyasının (280 manat) üç misli məbləğində 840 manat dəfn müavinəti hesablanmışdır. Pənah Tağıyevin müvafiq kart hesabına artıq ödənilən və Mərkəzi Filialın hesabına bərpa olunmayan 1806,48 manat vəsaitdən 840 manat məbləğində dəfn müavinəti çıxılmış, qalan 966,48 manat pul vəsaitinin könüllü şəkildə büdcəyə qaytarılması xahiş edilmişdir. Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə təqdim edilməmişdir. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Cavabdehin şəxsiyyət vəsiqəsindən görünür ki, o xx.xx.1961-ci ildə anadan olmuşdur və ünvan 1 ünvanında qeydiyyatdadır. AZ-İİ seriyalı, 345428 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X6 xx.xx.2024-cü ildə ölmüşdür. X4 ödənilmiş aylıq pensiya məbləğləri barədə “X8”ndən çıxarışın təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. X8ndən çıxarışdan görünür ki, X2 pensiya məbləği xx.xx.2024-cü ildə 812,06 manat, xx.xx.2024-cü ildə 993,97 manat və xx.xx.2024-cü ildə 903,02 manat olmaqla onun hesabına ödənilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, xx.xx.2024-cü il tarixdə vəfat etmiş yoldaşı X2 dəfn xərcinin ödənilməsinə köməklik göstərilməsini xahiş etmiş, artıq alınmış pensiya məbləği olarsa, dəfn üçün verilən müavinətdən çıxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində cavabdehə artıq ödənilmiş pensiya məbləğinin qaytarılmasını xahiş edir. Tərəflər arasında publik hüquqi münasibətlər olduğundan hazırkı mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, artıq ödənilmiş pensiya məbləğinin təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulması pensiya qanunvericiliyində birbaşa göstərilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi əmək pensiyaçısı vəfat etdiyi aydan sonrakı ayın 1-dən dayandırılır (37.8.1). Əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyaçısı və işəgötürən əmək pensiyasını təyin edən orqana məlumat verməyə borcludur (38.1). Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur (39.1). Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi bu Qanunla müəyyən edilmiş hallarda dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır (39.4). Əmək pensiyaçısı vəfat etdikdə, onun ailəsinə pensiyaçının vəfatı tarixinə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində dəfn üçün müavinət verilir (42.2). İş materialları ilə müəyyən olunur ki, cavabdehin həyat yoldaşı X6 xx.xx.2024-cü il tarixində vəfat etmiş, lakin bu barədə Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına vaxtında məlumat verilmədiyi üçün onun müvafiq kart hesabına 01 fevral 2024-cü il tarixdən 31 mart 2024-cü il tarixinədək əmək pensiyası tam məbləğdə köçürülmüşdür. Bu səbəbdən də mərhuma məxsus kart hesabına 1806,48 manat artıq pul vəsaiti köçürülmüşdür. X5 müvafiq kart hesabına artıq ödənilən və Mərkəzi Filialın hesabına bərpa olunmayan 1806,48 manat vəsaitdən 840 manat məbləğində dəfn müavinəti çıxılmış, qalan 966,48 manat məbləğində pul vəsaitini könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarılması cavabdehə təklif olunmuş, lakin o, bunu etməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda maraqlı şəxs etimadın qorunması hüququna istinad edə bilməz (67.6.3). Göründüyü kimi, cavabdehin qanuna zidd hərəkətləri nəticəsində ona 01 fevral 2024-cü il tarixdən 31 mart 2024-cü il tarixədək artıq dövlət vəsaiti ödənilmiş, iddiaçı həmin vəsaitin geri qaytarılması üçün məhkəməyə müraciət müddətini ötürməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı və qanuni olduğundan təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. 966 (doqquz yüz altmış altı) manat 48 (qırx səkkiz) qəpik artıq ödənilmiş dövlət vəsaitinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filalının hesabına ödənilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar