Məhkəmə qərarları › İş №2-1(112)-7624/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7624/2024

11.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7624/2024 11.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, vəkil Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (3-cü şəxs: "xxxx" MTK) qarşı "mənzilə çıxarışın və texniki pasportun verilməsi" tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iş üzrə "xxxx" MTK 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 24 iyul 2006-cı il tarixdə Bakı şəhəri, Xətai rayonu, Ayaz İsmayılov küçəsi 8-də "xxxx" MTK tərəfindən inşa edilmiş 2 bloklu 17 mərtəbəli binanın 14-cü mərtəbəsindəki 129 saylı mənzili alqı-satqı müqaviləsi əsasında satın almışdır. İddiaçı ilk dəfə xx.xx.2023-cü il tarixdə məktubla cavabdehə müraciət edərək sözügedən mənzilə dair mülkiyyət hüququnun tanınması və daşınmaz əmlaka dair çıxarışın verilməsini xahiş etmişdir. Həmin müraciətə o, xx.xx.2024-cü il tarixdə imtina cavabı almışdır. İmtinaya səbəb kimi sözügedən mənzilin binanın istismar aktında əks edilən mənzillərin ümumi sayına daxil edilmədiyi göstərilmişdir. Şifahi olaraq ona bildirilmişdir ki, mənzildə 128 sayda mənzil mövcuddur. İddiaçının mülkiyyətində olan mənzilin 129 nömrəli olduğu halda 130-135 nömrəli mənzillər çıxarış almışlar. Sözügedən binanın 1-ci blokunda mənzillərin sayı 7-dən, iddiaçının mənzilinin yerləşdiyi 2-ci blokda isə mənzillərin sayı 94-dən başlayır və 135-də bitir. Belə olduğu halda, 135-ci mənzilin çıxarış aldığını nəzərə alaraq 129-cu mənzilin 14-cü mərtəbədə yerləşdiyi halda mənzil sayına daxil edilmədiyi səbəbi ilə çıxarış ala bilməməsi heç bir məntiqə və qanunvericilik normalarına uyğun deyildir. Göstərilən səbəblərdən dolayı iddiaçı pozulmuş hüquqlarının bərpa olunması məqsədilə Bakı İnzibati Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeyd olunan mənzil ünvan 2 ünvanında inşa edilmiş yaşayış binasının Bakı şəhər İcra Hakimiyyəti başçısının 105 saylı, xx.xx.2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyası”nın aktında göstərilmiş mənzillərin ümumi say tərkibinə daxil deyildir. Mənzil 14-cü mərtəbədə yerləşməklə sənəd üzrə sahəsi 132,2 kv.m qeyd olunsa da faktiki 118,2 kv.metr təşkil edir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Cavabdehə və üçüncü şəxsə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubunda etirazda göstərilən əsaslar qeyd edilmişdir. 24 iyul 2006-cı il tarixli, 129 nömrəli alqı-satqı müqaviləsinə əsasən "xxxx" Mənzil Tikinti Kooperativi ünvan 4 ünvanda yerləşən binanın 2-ci girişinin 14-ci mərtəbəsindəki 129 saylı mənzili 70 000 ABŞ dolları müqabilində iddiaçıya verməyi öz öhdəsinə götürmüşdür. "xxxx" Mənzil Tikinti Kooperativi üzvlərinin ümumi iclasının 15 oktyabr 2014-cü il tarixli protokolundan çıxarışa əsasən iddiaçının "xxxx" MTK-ya üzv qəbul edilməsi və "xxxx" MTK-nın Bakı şəhəri, Xətai rayonu, A.İsmayılov küçəsi, 8 saylı kooperativ yaşayış binasının 2-ci girişinin 14-cü mərtəbəsindəki ümumi sahəsi132,2 kv.m., yaşayış sahəsi 73,3 kv.m. olan 3 otaqlı 129 saylı mənzilinin ailə tərkibi 1 nəfər olmaqla iddiaçıya verilməsi qərara alınmışdır. Klassik Mənzil Tikinti Kooperativinin möhürü ilə təsdiq edilmiş kassa mədaxil orderinin surətindən görünür ki, iddiaçı tərəfindən müqavilə üzrə 70 000 ABŞ dolları kassaya mədaxil edilmişdir. "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən iddiaçıya verilmiş xx.xx.2014-cü il tarixli maliyyə arayışına əsasən, o, kooperativin ünvan 4 ünvanda yerləşən binanın 2-ci girişinin 14-ci mərtəbəsindəki 129 saylı mənzilin dəyərini tam ödəmişdir və MTK-ya borcu yoxdur. Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının 07 mart 2011-ci il tarixli aktına əsasən “Klassik" MTK tərəfindən təqdim edilmiş Bakı şəhəri, Xətai rayonu, A.İsmayılov küçəsi, 1209-cu məhəllədə 17 mərtəbəli 2 girişli yaşayış binası (1 və 2-ci mərtəbələri qeyri-yaşayış sahəsi) mövcud vəziyyətdə istismara qəbul edilmişdir. Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının Aparatının iddiaçıya veridiyi 25 dekabr 2006-cı il tarixli, 016361 nömrəli orderin surətinə əsasən ünvan 4 ünvanda yerləşən binanın 2-ci girişinin 14-ci mərtəbəsindəki 3 otaqlı, ümumi sahəsi 132,2 kv.m. yaşayış sahəsi 73,3 kv.m. olan 129 saylı mənzil ailə tərkibi 1 nəfər olmaqla (özü) iddiaçıya verilmişdir. "xxxx" Mənzil Tikinti Kooperativinin arayışına əsasən Bakı şəhəri, A.İsmayılov 8 ünvanda kooperativin inşa etdiyi 2 girişli 17 mərtəbəli binanın yaşayış mənzillərinin sıra sayı əvvəlcədən 2-ci mərtəbədən başlayaraq 1-dən 135-ə qədər olmuşdur. Sonradan binanın BŞİH tərəfindən istismara qəbulu zamanı xx.xx.2012-ci il tarixli 105 nömrəli sərəncamı ilə 2-ci mərtəbə 1-ci giriş 1-dən 7-yə qədər və mərtəbə 2-ci giriş 90-dan 94-ə qədər qeyri-yaşayış sahəsi olmuşdur. Ona görə yaşayış mənzillərinin sayı 135-dən 128-ə enmişdir. "xxxx" Mənzil Tikinti Kooperativinin 01/24 nömrəli, 16 aprel 2024-cü il tarixli məktubuna əsasən "xxxx" MTK ilə İddiaçı arasında ünvan 4 ünvanda yerləşən 2-ci giriş, 14-cü mərtəbədə yerləşən ümumi sahəsi 132,2 kv.m, yaşayış sahəsi 73,3 kv.m olan 129 saylı mənzilə dair xx.xx.2006-cı il tarixli 129 saylı müqavilə bağlanmışdır. Sözügedən müqaviləyə əsasən pay haqqı tam məbləğdə kooperativə ödənmiş və bununla əlaqədar olaraq payçıya müvafiq maliyyə arayışı verilmişdir. Payçının pay haqqı ilə əlaqədar kooperativə bu və ya digər borcu yoxdur. Həmçinin, "xxxx" MTK ilə payçı, eləcə də payçı ilə digər şəxslər arasında hər hansı mübahisə mövcud deyildir. ünvan 4 ünvanda "xxxx" MTK-nın inşa etdiyi 2 girişli 17 mərtəbəli binanın yaşayış mənzillərinin sıralanma sayı əvvəlcədən 2-ci mərtəbədən başlayaraq 1-dən İ35-ə qədər olunmuşdur. Sonradan binanın Bakı şəhəri İcra hakimiyyəti tərəfindən istismara qəbulu zamanı xx.xx.2012-ci il tarixli 1045 № li sərəncamı ilə 2-ci mərtəbə 1-ci giriş 1-dən 7-yə qədər və 2-ci mərtəbə 2ci giriş 90-dan 94-ə qədər qeyri yaşayış sahəsi olunmuşdur. Ona görə də yaşayış mənzillərinin sayı 135-dən 128-ə enmişdir. ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Ayaz İsmayılov küçəsi, 1209-cu məhəllə, ev 8, mənzil 134 X2 xüsusi mülkiyyətindədir. ********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Ayaz İsmayılov küçəsi, 1209-cu məhəllə, ev 8, mənzil 133 X1 xüsusi mülkiyyətindədir. ********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Ayaz İsmayılov küçəsi, 1209-cu məhəllə, ev 8, mənzil 135 X4 xüsusi mülkiyyətindədir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). Mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır (139-1.1.6.). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). Mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin əsası hesab edilmişdir (8.0.6). İşin hallarına görə, iddiaçı qanuni sahibliyində və istifadəsində olan, “Klassik" Mənzil Tikinti Kooperativinin inşa etdiyi Bakı şəhəri, Xətai rayonu, Ayaz İsmayılov küçəsi, 1209-cu məhəllə, ev 8 ünvanında yerləşən binanın 129 saylı mənzili üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və texniki pasportun verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən isə iddiaçının tələbinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh buna əsas kimi 129 saylı mənzilin həmin binanın Bakı şəhər İcra Hakimiyyəti başçısının 105 saylı, xx.xx.2011ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyası”nın aktında göstərilmiş mənzillərin ümumi say tərkibinə daxil olmadığını göstərmişdir. İş materiallarından görünür ki, iddiaçı istifadəsində olan mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün həmin sahənin əldə edilməsinə dair qanunla müəyyən edilmiş sənədləri cavabdeh inzibati orqana təqdim etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MTK ilə İddiaçı arasında ünvan 4 ünvanda yerləşən 2-ci giriş, 14-cü mərtəbədə yerləşən ümumi sahəsi 132,2 kv.m, yaşayış sahəsi 73,3 kv.m olan 129 saylı mənzilə dair xx.xx.2006-cı il tarixli 129 saylı müqavilə bağlanmışdır. Sözügedən müqaviləyə əsasən pay haqqı tam məbləğdə kooperativə ödənmiş və bununla əlaqədar olaraq payçıya müvafiq maliyyə arayışı verilmişdir. Payçının pay haqqı ilə əlaqədar kooperativə bu və ya digər borcu yoxdur. Həmçinin, "xxxx" MTK ilə payçı, eləcə də payçı ilə digər şəxslər arasında hər hansı mübahisə mövcud deyildir. ünvan 4 ünvanda "xxxx" MTK-nın inşa etdiyi 2 girişli 17 mərtəbəli binanın yaşayış mənzillərinin sıralanma sayı əvvəlcədən 2-ci mərtəbədən başlayaraq 1-dən İ35-ə qədər olunmuşdur. Sonradan binanın Bakı şəhəri İcra hakimiyyəti tərəfindən istismara qəbulu zamanı xx.xx.2012-ci il tarixli 1045 № li sərəncamı ilə 2-ci mərtəbə 1-ci giriş 1-dən 7-yə qədər və 2-ci mərtəbə 2-ci giriş 90-dan 94-ə qədər qeyri yaşayış sahəsi olunmuşdur. Ona görə də yaşayış mənzillərinin sayı 135-dən 128-ə enmişdir. Cavabdeh həmçinin, həmin binada qonşu sakinlərin mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını nəzərə almamışdır. Belə ki, həmin bina razılaşdırılmış layihəyə əsasən inşa edilmiş, qanunvericiliyin və qeyd olunan dövlət qurumlarının göstərişlərinə uyğun olaraq tikinti işləri yekunlaşdırılmış, bina istismara qəbul edilmişdir. Belə ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsinin halları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilərək göstərilmişdir. Həmin maddəyə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, cavabdeh tərəfindən etirazın əsası kimi göstərdiyi hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından imtinaya aid edilən hallarda nəzərdə tutulmadıgından və iddiaçı həmin Qanunun 10.2.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan olan sənədləri qeydiyyat orqanına verilən ərizəyə əlavə etdiyindən cavabdehin imtinası iddiaçının qanuni əsaslarla əldə etdiyi əmlak üzərində mülkiyyət hüquqlarının tam şəkildə həyata keçirilməsini əsassız olaraq məhdudlaşdırmışdır. İşin yuxarıda şərh edilən hallarından görünür ki, cavabdehin imtinası iddiaçının qanuni əsaslarla əldə etdiyi mənzil üzərində mülkiyyət hüquqlarının tam şəkildə həyata keçirilməsini əsassız olaraq məhdudlaşdırdğından iddia əsaslıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdehə həvalə olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı ünvan 6 ünvanında yerləşən daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki paspotun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar