Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7625/2021 24.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Nəzərova Fatimə Fəxrəddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “kolxozda işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I.İşin halları xx.xx.1963-cü ildə Ağsu rayonunda doğulmuş İddiaçı (bundan sonra – İddiaçı) çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı (bundan sonra - Cavabdeh) müraciət etmiş, Cavabdeh İddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlanmış **********3 nömrəli, 26.02.2021-ci il tarixli imtina məktubunda iddiaçının 01.01.2006-cı il tarixədək ümumi iş stajının olmamasına, 01.01.2006-cı il tarixindən etibarən fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının (4597,47 manat) tələb olunan 28800 manatdan az olmasına istinad edərək, bunun əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyini bildirmişdir. Bundan sonra İddiaçı Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 26 fevral 2021-ci il tarixli, **********3 saylı imtinasının əsassız hesab olunması və onun 1977- 1978, 1980-1995-ci illərdə Ağsu rayon Bozavand kəndi “Bakı” adına kolxozda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddiasını dəqiqləşdirərək, iddia tələbinin “imtinanın etibarsız hesab edilməsi və 1977-1978, 1980-1995-ci illərdə Ağsu rayonu Bozavand kəndi “Bakı” adına kolxozunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə 10.12.2020-ci il tarixdən (57 yaşdan) əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması” şəklində qəbul edilməsini xahiş etmiş, məhkəmənin 16.08.2021-ci il tarixli qərardadı ilə iddianın dəqiqləşdirilməsi qəbul edilmişdir. 24.09.2021-ci il tarixdə iddiaçı yenidən iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək, “ona 56 yaş altı ayının tamam olduğu 10.06.2020-ci il tarixdən çoxuşaqlı qadın kimi yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması” şəklində qəbul edilməsini xahiş etmiş, iddianın dəqiqləşdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. II. Tərəflərin əsaslandırması İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1963-cü il tarixdə Ağsu rayon Bozavand kəndində anadan olmuşdur. 5 uşağı var. 1977-1978, 1980-1995-ci illərdə Ağsu rayon Bozavand kəndi “Bakı” adına kolxozda işləsə də, ona əmək kitabçası açılmamışdır. Lakin həmin dövr üçün sosial sığorta haqqları ödənilmişdir, bunu təsdiq edən arxiv arayışı vardır. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya etirazında bildirmişdir ki, iddiaçının iddia etdiyi dövrlərdə “Bakı” kolxozunda işlədiyinə dair əmək kitabçasının olmaması səbəbindən ona pensiya təyin edilməsi mümkün olmamışdır. İddiaçının ******* nömrəli əmək kitabçası 2009-cu il tarixdə tərtib edilməsinə baxmayaraq, məcburi dövlət sosial sığorta haqları 01.01.2011-ci il tarixdə ödənilmişdir. 2009-2010-cu il üzrə məcburi dövlət sosial sığorta haqları ödənilmədiyindən həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblərinə uyğun deyil. İş materiallarında əmək kitabçasından başqa iddiaçının əmək fəaliyyətini təsdiq edən sənəd yoxdur. Belə ki, iddiaçının hüququ yarandığı tarixdə yəni 10.12.2020-ci il tarixdə 10 il sosial sığorta stajı və 4568 manat pensiya kapitalı müəyyən olunmuşdur. Tələb olunan 25 il sosial sığorta stajına qarşı iddiaçının 10 il sosial sığorta stajına uyğun hesablanan pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Buna görə də iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək etirazı müdafiə etdi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. III.Məhkəmənin mövqeyi Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – ƏPQ) 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsinə əsasən həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. ƏPQ-nin 8.1-ci maddəsinə əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həm istinad olunan normaya, həm də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.4-cü yarımbəndinə əsasən 1 iyul 2019 – 30 iyun 2020-ci il üzrə qadınlar üzrə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş 61 il 6 ay, çoxuşaqlı qadınlara münasibətdə isə ən azı 56 il 6 aydır (61 il 6 ay -1×5=56 il 6 ay). Beləliklə, qeyd olunan normalardan görünür ki, iddiaçıya 56,5 yaşının tamam olduğu 10.06.2020-ci il tarixə çoxuşaqlı qadın kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1) beş uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etməsi; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi (sığorta stajından asılı olmayaraq), bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajının olması. İ tələb üzrə İşdə olan doğum haqqında şəhadətnamələrdən görünür ki, Zeynalova (Zərbalıyeva) Elnurə Daşqın qızı 18.12.1992-ci ildə (26.03.2018-ci ildə şəxsiyyət vəsiqəsi almışdır), Zeynalova (Əliyeva) Aynurə Daşqın qızı 10.09.1994-cü ildə (10.02.2020-ci ildə şəxsiyyət vəsiqəsi almışdır), Zeynalova (Məmmədova) Sevinc Daşqın qızı 20.07.1996-cı ildə (28.05.2015-ci ildə şəxsiyyət vəsiqəsi almışdır), X8 01.08.2000-ci ildə (09.08.2016-cı ildə şəxsiyyət vəsiqəsi almışdır), X7 15.07.2004-cü ildə (17.12.2015-ci il tarixdə şəxsiyyət vəsiqəsi almışdır) Bozavand kəndində anadan olmuşlar, anaları İddiaçı, ataları isə X2r. İş materiallarında olan Azərbaycan Respublikası Ağsu rayonu İcra Hakimiyyəti Başçısının Bozavand kənd inzibati ərazi dairəsi üzrə nümayələndiyinin 73 nömrəli, 01 mart 2021-ci il tarixli Arayışına əsasən İddiaçı hazırda Ağsu rayonunun Bozavand kəndində yaşamaqla özü doğub 8 (səkkiz) yaşadək böyüdüb tərbiyə etmiş aşağıdakı tərkibdən ibarət ailə üzvü vardır və hazırda sağdırlar: Qızı – X4 – 18.11.1992 Qızı – X5 – 10.09.1994 Qızı – X6 – 20.07.1996 Oğlu – X8 – 01.08.2000 Qızı – X7 – 15.07.2004 İddiaçı hazırda Ağarx kənd tam orta məktəbində xadimə işləyir. Beləliklə, işin hallarından görünür ki, iddiaşı 5 uşağı doğub onları 8 yaşınadək tərbiyı etmişdir. Deməli, iş üzrə birinci tələb ödənilir. İİ tələb üzrə Qanunvericiliyə əsasə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün şəxsin azı 25 il sığorta stajı olmalı, bu staj olmadıqda isə sığorta stajından asılı olmayaraq, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. İş materiallarında olan Ağsu rayon Dövlət Arxivinin 20 may 2020-ci il tarixli 49 nömrəli və 12 avqust 2020-ci il tarixli, 76 nömrəli arayışlarından görünür ki, Ağsu rayon Dövlət Arxivində saxlanılan Bozavand kəndi “Bakı” kolxozunun 1977-1990-cı illər əməyin ödənişinə görə 6-cı staj kitabının 8-ci səhifəsindən və 1991-1995-ci illərin əməyin ödənişinə görə uçot kitablarından müəyyən olunur ki, İsayeva (Zeynalova) Yeylaq Əlisa qızı “Bakı” kolxozunda işləyərək əmək haqqı almışdır. Arayışlara əsasən iddiaçı 1977-ci ildə 100 gün, 1978-ci ildə 37 gün, 1980-ci ildə 173 gün, 1981-ci il ildə 99 gün, 1982-ci ildə 226 gün, 1983-cü ildə 305 gün, 1984-cü ildə 246 gün, 1985-ci ildə 301 gün, 1986-cı ildə 362 gün, 1987-ci ildə 365 gün, 1988-ci ildə 366 gün, 1989-cu ildə 203 gün, 1990-cı ildə 185 gün, 1991-ci ildə 192 gün, 1992-ci ildə 183 gün, 1993-cü ildə 193 gün, 1994-cü ildə 187 gün və 1995-ci ildə 182 gün işləmişdir. Ağsu rayon Dövlət Arxivinin 14.07.2021-ci il tarixli 30 nömrəli məktubundan görünür ki, “Bakı” kolxozunda müəyyən edilmiş iş günü qadınlar üçün 180 minimum adam günü norması olmuşdur. Beləliklə, həmin arayışlardan görünür ki, İddiaçının “Bakı” kolxozunda 1982-1995-ci illərdə 14 il tam iş stajı olmuşdur. İddiaçının 1977-ci ildə 6,6 ay (100×12÷180=6.6), 1978-ci ildə 2.5 ay (37×12÷180=2.46), 1980-ci ildə 11.5 ay (173×12÷180=11.53), 1981-ci ildə isə 6.6 ay (99×12÷180=6.6), yəni 1977-1981-ci illərdə cəmi 2 il 3 ay sığorta stajı olmuşdur. Lakin işdən görünür ki, cavabdeh əmək kitabçasında qeyd edilməməsi əsası ilə iddiaçının kolxozda işlədiyi bu dövrü onun sığorta stajına daxil etməmişdir. Halbuki iddiaçının işlədiyi vaxt qüvvədə olan SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”n 117-ci maddəsinin q) bəndinə görə arxiv müəssisələrinin arayışı iş stajını təsdiq edən sübut sayılır. 23.09.1992-ci il tarixdə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. 26.09.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Həmçinin yuxarı instansiya məhkəmələrinin qərarlarında da (Ali Məhkəmənin İnzibati kollegiyası qərarlarında, o cümlədən 2-1(102)-1389/2020 saylı 22 iyul 2020-ci il tarixli və 2-1(102)-1615/2020 saylı 26 avqust 2020-ci il tarixli qərarları) 1 yanvar 2006-cı ilədək olan dövr üzrə ayrı-ayrı iş illəri arxiv arayışı ilə təsdiq olunduğuna görə həmin illərin şəxsin sığorta stajına daxil edilməsinin zəruriliyi bildirilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cqanunvericilik əmək kitabçası olmadığı halda iş stajının arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən olunmasını təsbit etdiyindən cavabdehin iddiaçının arxiv arayışı ilə təsdiq edilən iş dövrünü sığorta stajına daxil etməməsi əsassız olmuşdur. Buna görə də İddiaçının “Bakı” kolxozunda işlədiyi 16 il 3 ay dövrün onun sığorta stajına daxil edilməsi barədə tələbi əsaslıdır. İş materiallarında olan ******* nömrəli əmək kitabçasının surətindən müəyyən olunur ki, iddiaçı 01.12.2009-cu il tarixdən Ağarx kənd orta məktəbinə süpürgəçi vəzifəsinə götürülmüşdür və hazırda həmin müəssisədə eyni vəzifədə əmək fəaliyyətini davam etdirir. Cavabdehin məhkəməyə təqdim etdiyi etirazdan, həmçinin sığortaolunanın hesabından çıxarışdan görünür ki, iddiaçının işlədiyi müəssisə tərəfindən 2009-2010-cu illərdə iddiaçı barəsində məcburi sosial sığorta haqları ödənilməmişdir. 01.01.2006-cı il tarixdən sonra qüvvəyə minmiş ƏPQ-nin 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.6-cı bəndinə əsasən Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Qaydaların 3.10-cu bəndinə əsasən isə Qanunun 21.2-ci maddəsində nəzərdə tutulan müddətlər Sosial sığorta stajına şəxs sığortaolunan (xeyrinə sığorta fəaliyyəti həyata keçirilən) olduqda daxil edilir. Göründüyü kimi, qanunvericilik 01.01.2006-cı ildən sonra şəxsin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətlərini sığorta stajına o şərtlə daxil edir ki, həmin dövr üzrə məcburi dövlət sosial sığorta haqları ödənilsin. Belə olan halda müəyyən olunur ki, iddiaçının 01.01.2006-cı il tarixdən sonra işlədiyi dövrlərdən 01.01.2011-ci il tarixdən sonrakı dövr onun sosial sığorta stajına daxil edilməlidir. Bu isə iddiaçının 01.01.2006-cı il tarixdən 56,5 yaşının tamam olduğu 10.06.2020-ci il tarixə qədər 9 il 5 ay 10 gün sığorta stajının olduğunu deməyə əsas verir. Arxiv arayışı əsasında müəyyən olunan sığorta stajı ilə əmək kitabçası əsasında müəyyənləşdirilən sığorta stajını topladıqda aydın olur ki, iddiaçının 10.06.2020-ci il tarixə 25 ildən artıq sosial sığorta stajı olmuşdur (16 il 3 ay +9 il 5 ay 10 gün = 25 il 8 ay 10 gün). Bundan əlavə, məhkəmə qeyd edir ki, ƏPQ-nin: - 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. - 22-1.2-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. - 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 – 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. Göründüyü kimi, mövcud qanunvericiliyə əsasən, əgər şəxsin pensiya hüququ 01.01.2019-cu ildən sonra yaranarsa və onun 01.07.2018-ci il tarixə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olarsa (məbləğindən asılı olmayaraq), həmin şəxsə ƏPQ-nin 7-ci maddəsinə əsasən pensiya təyin olunarkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı həmin dövrədək nə qədər işləməsindən asılı olmayaraq 25 il qəbul edilir. Deməli, cavabdeh arxiv arayışına əsasən iddiaçının kolxozda işlədiyi dövrü qəbul etməli olduğu halda, bunu etmirdisə, onda ƏPQ-nin 22-1.2-ci maddəsinin tələbini əsas götürməklə iddiaçının 01.01.2006-cı il tarixədək sığorta stajını 25 il kimi qəbul etməli idi. Çünkü yuxarıda da qeyd olunduğu kimi, iddiaçının fərdi hesabının sığorta hissəsində 2011-ci ildən etibarən məcburi dövlət sosial sığorta haqları hesabına pensiya kapitalı qeydə alınmışdır. Lakin cavabdeh iddiaçıya münasibətdə həmin normanı da tətbiq etməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi bu halı iddiaçıya çoxuşaqlı ana kimi bir dəfə güzəşt tətbiq edildiyindən ƏPQ-nin 22-1.2-ci maddəsində nəzərdə tutulan ikinci güzəştin tətbiq edilməsinin qeyri-mümükünlüyü ilə izah etmişdir. Halbuki ƏPQ-nin 22-1.2.1-ci maddəsi müvafiq normanın həmin Qanunun 7-ci maddəsinə əsasən müəyyən edilmiş yaş həddinə çatan sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən tətbiq edilməsini nəzərdə tutmuşdur, hansı ki ƏPQ-nin 8-ci maddəsi də çoxuşaqlı qadınlara yaşa görə əmək pensiyasının təyin edilməsini, yəni beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınlara həmin Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində pensiya təyin edilməsini və bu zaman yaş həddinin hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququnun olmasını müəyyən etmişdir. Digər tərəfdən, ƏPQ-nin 22-1.4-cü maddəsində həmin Qanunun 22-1.2-ci maddəsinin tətbiq edilmədiyi hallar konkret göstərilmiş, bu hallar arasında ƏPQ-nin 8-ci maddəsi qeyd olunmamışdır. Belə ki, həmin maddəyə əsasən bu Qanunun 22-1.2-ci maddəsi aşağıdakı hallarda tətbiq edilmir: 22-1.4.1. 2019-cu il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının pensiya hüququ yarandığı gündən yenidən hesablanması zamanı; 22-1.4.2. 2019-cu il yanvarın 1-dən sonra əmək pensiyası təyin edilmiş şəxslərə 2019-cu il yanvarın 1-dən əvvəlki dövr üçün əmək pensiyasının təyin edilməsi və ya əmək pensiyası məbləğinin hesablanması zamanı; 22-1.4.3. bu Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi və yenidən hesablanması zamanı; 22-1.4.4. bu Qanunun 20-ci maddəsinə əsasən əmək pensiyasına qulluq stajına görə əlavə almaq hüququ verən qulluq stajının hesablanması zamanı. 22-1.5. 2019-cu il yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir. Belə olan halda, məhkəmə cavabdehin ƏPQ-nin 22-1.2-ci maddəsinin iddiaçıya tətbiqindən imtinanı da əsassız hesab edir və yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddiaçı qanunla tələb olunan 25 il sığorta stajı tələbini ödəyir (25 il sığorta stajı olmadıqda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi tələb olunduğundan, iddiaçı isə 25 il staja malik olduğundan məhkəmə pensiya kapitalının miqdarı məsələsinə qiymət verməyi zəruri hesab etmir). Beləliklə, iş materialları ilə iddiaçının həm 5 uşağı doğub onları 8 yaşınadək böyütməsi, həm də 25 il sığorta stajına malik olması tam sübuta yetirildiyindən, məhkəmə hesab edir ki, iddaçının 56 yaş 6 ayının, yəni 56,5 yaşının tamam olduğu tarixdən yaşa görə əmək pensiyası hüququ yaranmışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir (iddiaçı tələb kimi imtinanın etibarsızlığını qeyd etsə də, iddia ərizəsindən görünür ki, o həmin imtinanın qanuna uyğun olmadığını nəzərdə tutmuşdur). Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia təmin edilsin. İddiaçı 56,5 yaşının tamam olduğu 10.06.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-7625/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7625/2021
24.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver