Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7627/2025 16.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyətinə qarşı “mənzil növbəsinə qəbul edilməsi və digər” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun 15 il və daha çox təqvim hesabı ilə xidmət etmiş və ehtiyata (istefaya) buraxılmış hərbi qulluqçu kimi ailə üzvləri ilə birlikdə (özü və oğlu) xx.xx.2024-cü il tarixdən mənzil növbəsinə qəbul edilməsi və həmin tarixdən mənzillə (yaşayış sahəsi ilə) təmin olunanadək müvəqqəti mənzilin kirayəsi üçün kirayə haqqı ilə təmin edilməsi barədə sərəncam verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2003-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində qadın hərbi qulluqçu kimi müddətdən artıq həqiqi hərbi xidmət keçmiş və xx.xx.2024-cü il tarixdə “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin 157-ci maddəsinin “A” bəndinə əsasən (yaşa görə) ehtiyata buraxılmışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehə hazırkı tələblə müraciət etmiş, lakin cavabdeh tərəfindən ona xx.xx.2025-ci il tarixli məktubla imtina cavabı verilmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli, 569 nömrəli Fərmanına əsasən Müdafiə Nazirliyində mənzil növbəsinə götürülməklə onun adının dövlət vəsaiti hesabına mənzillə təmin olunacaq hərbi qulluqçuların siyahısında qeydiyyatdan keçməsi səbəbindən müraciətinin müsbət həlli mümkün deyildir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12.2-ci maddəsində hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilmələri və yerli icra hakimiyyəti başçıları və bələdiyyələrin göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaları üçün uçota götürülmələri barədə komandanlığa 3 ay müddətində məlumat vermələri qeyd edilsə də, iddiaçı yaşa görə buraxılmasına 3 il qalmış komandanlıq tərəfindən onun mənzilə ehtiyacı olan qismində müvafiq siyahıya daxil edilməsi barədə cavabdehə müraciət daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə oxşar məzmunda izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdə olan şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı xx.xx.1977-ci ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan xx.xx.2023-cü il tarixli kirayə müqaviləsinə əsasən X2 ünvan 2 ünvanında yerləşən 1 saylı mənzili aylıq 225 manat müqabilində iddiaçıya xx.xx.2028-ci il tarixədək kirayəyə vermişdir. Məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən iddiaçının müraciəti əsasında aparılmış inzibati icraat materialları məhkəməyə təqdim edilmişdir. Həmin inzibati icraat materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdehə xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi Rayon İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışa əsasən iddiaçı xx.xx.2003-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar Xidmətinin xx.xx.2024cü il tarixli arayışına əsasən iddiaçının Azərbaycan Ordusunda xidmət etdiyi müddət ərzində Müdafiə Nazirliyi tərəfindən yaşayış sahəsi ilə təmin olunması barədə məlumat yoxdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən iddiaçının adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, hazırda Fondun mövcud informasiya sistemində iddiaçıya verilmiş ipoteka kreditinə, o cümlədən güzəştli ipoteka kreditinə dair məlumat mövcud deyildir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Əsaslı Tikinti İdarəsinin xx.xx.2024-cü il tarixli arayışına əsasən iddiaçının adı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011ci il tarixli 569 nömrəli Fərmanının tələblərinə əsasən dövlət vəsaiti hesabına mənzillə təmin ediləcək hərbi qulluqçuların adları siyahısına daxil edilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi Rayon İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubunda göstərilmişdir ki, istefada olan iddiaçı xx.xx.2003-cü ildən xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətdən artıq hərbi xidmət keçmiş və X1 xx.xx.2023-cü il tarixli, 036 əç əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 157-ci maddəsinin “a” bəndinə (yaşa görə) və 164-cü maddəsinə müvafiq olaraq hərbi geyim formasını daşımaq hüququ verilməklə həqiqi hərbi xidmətdən istefaya buraxılmışdır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq, iddiaçının 2003-cü ildən hərbi xidmət keçməsini nəzərə alıb, Azərbaycan Ordusu sıralarında 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş, yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların adlı siyahısına daxil edilərək, Fərmanın ikinci hissəsinə əsasən yaradılmış müvafiq Komissiyaya təqdim olunması təmin olunacaqdır. Hərbi qulluqçuların və ehtiyatda (istefada) olan şəxslərin daimi mənzillə təmin olunması yuxarıda qeyd edilən Fərmanının ikinci hissəsinə əsasən yaradılmış Komissiya tərəfindən növbəlilik prinsipi əsasında həyata keçirilir. Cavabdehin iddiaçının müraciətinə xx.xx.2025-ci il tarixli imtina məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli, 569 nömrəli Fərmanına əsasən Müdafiə Nazirliyində mənzil növbəsinə götürülməklə onun adının dövlət vəsaiti hesabına mənzillə təmin olunacaq hərbi qulluqçuların siyahısında qeydiyyatdan keçməsi səbəbindən müraciətinin müsbət həlli mümkün deyildir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində ailə üzvləri ilə birlikdə hərbi qulluqçı kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməsi və mənzil kirayəsi xərclərinin ödənilməsi məqsədi ilə mənzil sahəsi alanadək kirayə xərcinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə məcburetmə haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Hərbi qulluqçuların statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir (1.1). Həmin Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə, toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər (2.1). Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdənburaxıldıqları,hərbihissəninsiyahılarından çıxarıldıqları,hərbi təhsil müəssisələri ndən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər (3.). Hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə gəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir (12.1). Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər (12.2). “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 6 avqust tarixli 174 nömrəli Qərarına əsasən:
1. Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat. İddiaçı öz iddia tələbində xx.xx.2024-cü il tarixindən etibarən hərbi qulluqçu qismində yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi qeydiyyata alınması və bu tarixdən etibarən mənzil sahəsi ilə təmin olunana qədər aylıq kirayə haqqının ona ödənilməsi barədə sərəncam verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb etmişdir. İlk növbədə, müəyyən olunmuşdur ki, iddiaçı 20 təqvim ilindən artıq müddətdə hərbi xidmət keçmiş və bu müddət ərzində dövlət tərəfindən birdəfəlik yaşayış sahəsi və ya torpaq sahəsi ilə təmin edilməmişdir. Bu hal, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsinə uyğun olaraq, onun yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi müvafiq qeydiyyata alınması və mənzil növbəsinə götürülməsi hüququnun yaranmasına səbəb olur. Cavabdehin imtinasının ilk dəlili iddiaçının Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli, 569 nömrəli Fərmanına əsasən Müdafiə Nazirliyində mənzil növbəsinə götürülməklə onun adının dövlət vəsaiti hesabına mənzillə təmin olunacaq hərbi qulluqçuların siyahısında qeydiyyatdan keçməsi olmuşdur. Qeyd edilməlidir ki, həmin Fərmanın 1-hissəsində Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi, 2-ci hissəsində isə Bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə aşağıdakı tərkibdə Komissiya yaradılması qərara alınmışdır. Qeyd edilməlidir ki, iddiaçının yuxarıda qeyd edilən Fərmana əsasən mənzillə təmin edilməli olan şəxslərin siyahısına daxil edilməsi hələ onun mənzillə təmin edilməsi demək deyil. Belə ki, həmin Fərmana əsasən mənzillə təmin edilməli olan şəxslərin siyahısına daxil edilmiş şəxslər növbəliliyə uyğun olaraq mənzillə təmin edilirlər. Cavabdehin məhkəmə sorğusuna əsasən verdiyi cavab məktubunda iddiaçının halhazırda yaşayış sahəsi ilə təmin edilmədiyi bildirilmişdir. Cavabdehin digər dəlilinə, yəni iddiaçının yaşa görə ehtiyata buraxılmasına 3 il qalmış komandanlıq tərəfindən onun mənzilə ehtiyacı olan qismində müvafiq siyahıya daxil edilməsi barədə məlumat verilməməsi məsələsinə gəldikdə isə qeyd edilməlidir ki, həmin əsas yalnız formal xarakter daşıyır və belə bir məlumatın verilməməsi üçün məsuliyyət iddiaçının üzərinə qoyula bilməz. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqanlar icraat zamanı işin düzgün həllinə təsir edə biləcək bütün halları öz təşəbbüsü ilə araşdırmaq və bu halları obyektiv qiymətləndirmək öhdəliyi daşıyır. Göründüyü kimi cavabdehin imtinası formal mülahizələrə söykənməklə iddiaçının mənzil növbəsinə götürülmək və kirayə haqqı almaq hüququndan əsassız olaraq məhrum edilməsi ilə nəticələnmişdir. Məhkəmə diqqətə çatdırır ki, iddiaçı cavabdehə xx.xx.2024-cü il tarixdə müraciət etməsini bildirmiş və həmin tarixdən ailə üzvləri ilə birlikdə mənzil növbəsinə götürülməsi və mənzillə təmin olunanadək kirayə haqqı almağı xahiş etmişdir. Lakin məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş inzibati icraat materiallarından müəyyən edilir ki, iddiaçı hazırkı tələblə cavabdehə sonuncu dəfə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. Belə olan halda onun hazırkı hüququ həmin tarixdən yaranmış hesab edilir. Beləliklə, tərəflər arasında hüququn pozulması faktı və cavabdehin iddiaçının hüquqlarının pozulmasına səbəb oaln hərəkəti məhz bu tarixdən etibarən rəsmiləşmiş və hüquqi nəticə doğurmuşdur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçının 15 il və daha çox təqvim hesabı ilə xidmət etmiş və ehtiyata (istefaya) buraxılmış hərbi qulluqçu kimi ailə üzvləri (özü və oğlu) ilə birlikdə xx.xx.2025-ci il tarixdən mənzil növbəsinə qəbul edilməsi və həmin tarixdən mənzillə (yaşayış sahəsi ilə) təmin olunanadək müvəqqəti mənzilin kirayəsi üçün kirayə haqqı ilə təmin edilməsi barədə sərəncam verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia qismən təmin edilsin. İddiaçı 15 il və daha çox təqvim hesabı ilə xidmət etmiş və ehtiyata (istefaya) buraxılmış hərbi qulluqçu kimi ailə üzvləri (özü və oğlu) ilə birlikdə xx.xx.2025-ci il tarixdən mənzil növbəsinə qəbul edilməsi və həmin tarixdən mənzillə (yaşayış sahəsi ilə) təmin olunanadək müvəqqəti mənzilin kirayəsi üçün kirayə haqqı ilə təmin edilməsi barədə sərəncam verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyətinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Emin Abdullayev