Məhkəmə qərarları › İş №2-1(112)-7628/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7628/2022

19.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7628/2022 19.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövləq qulluqçusunun ailə üzvü kimi əmək pensiyasının təyin edilməsi və s” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövləq qulluqçusunun ailə üzvü kimi əmək pensiyasının təyin edilməsi və s” barədə iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Ə.Məmmədova 2015-ci il tarixdə əmək pensiyası hüququ qazanmış, lakin əmək kitabçası qaçqın düşərkən itdiyindən ona pensiyanın təyin edilməsindən imtina edilmiş bu barədə rayon məhkəməsinin qətnaməsi ilə Ə.Məmmədovun 03 yanvar 1975-ci il tarixdən 30 noyabr 1988-ci il tarixədək Ermənistan SSR Quqark rayonunda Dövlət Statistika İdarəsində iqtisadçı işləməsi hüquqi əhəmiyyətli faktı kimi müəyyən edilmişdir. Yuxarı instansiya məhkəmələri də həmin qətnaməni qüvvədə saxlamışdır. Qeyd olunur ki, iddiaçı qaçqın kimi gəldikdən sonra da dövlət qulluğunda müxtəlif vəzifələrdə çalışmışdır.Onun dövlət qulluğunda stajı 18 ildən çox olmuşdur. Lakin onun vəfatından sonra ailə üzvü kimi iddiaçı müraciət etsə də onun müraciətinin təminindən dövlət qulluqçusunun ailə üzvü kimi pensiya təyinindən cavabdeh əsassız olaraq imtina etmişdir. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum həyat yoldaşına 1 dekabr 2017-ci il tarixdən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş qanuna əsasən dövlət qulluqçusu kimi pensiya təyini üçün 5 il və daha yuxarı dövlət qulluğu stajı tələb edilirdi. Araşdırma zamanı sabiq dövlət qulluqçusu kimi həmin şəxsin əmək pensiyası hüququnun olmadığı aşkar edilmişdir. Cavabdeh hesab edir ki, iddiaçının Ermənistan SSR-də işlədiyi vəzifələr dövlət qulluğu vəzifələri kimi nəzərdə tutulmadığından işlədiyi müddət dövlət qulluğu stajına hesablana bilməz. İddiaçı sonradan iddia tələbinə dəqiqləşmə verərək iddiaçıya dövlət qulluqçusunun həyat yoldaşı kimi əmək pensiyasının təyin edilməsi və mərhum X1 dövr üzrə ödənilməmiş pensiya qalığı məbləğinin iddiaçıya ödənilməsi və iddiaçıya təyin edilən əmək pensiyasının 01 iyun 2021-ci il tarixdən ödənilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı, iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Məhkəmə eyni zamanda, iddiaçının iddia tələbinə dəqiqləşmə verərək İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İşin faktiki hallarından görünür ki, iddiaçının mərhum həyat yoldaşı Ə.Məmmədovun 03 yanvar 1975-ci il tarixdən 30 noyabr 1988-ci il tarixədək Quqark rayonu Dövlət Statistika İdarəsində iqtisadçı vəzifəsində işləməsi faktı məhkəmə qətnamələri əsasında öz təsdiqini tapmışdır. Bundan əlavə, iddiaçı iş materiallarında olan arayışlardan da görünür ki, 1990- 1994-cü il tarixədək Dövlət Statistika Komitəsində də iqtisadçı vəzifəsində dövlət qulluğu vəzifəsində əmək fəaliyyətini həyata keçirmişdir. Cavabdeh məhkəmə qətnamələrindən sonra iddiaçının mərhum həyat yoldaşına əmək pensiyası təyin etmiş, 27 noyabr 2020-ci il tarixli qərar əsasında onun əmk pensiyası yenidən hesablanmışdır. Cavabdehin müraciətin təminindən imtinaya dair mövqeyindən müəyyən edilir ki, cavabdeh mərhum Ə.Məmmədovun 03 yanvar 1975-ci il tarixdən 30 noyabr 1988-ci il tarixədək Quqark rayonu Dövlət Statistika İdarəsində tutmuş olduğu iqtisadçı vəzifəsinin dövlət qulluğuna aid olmadığını hesab edir. Məhkəmə aşağıdakılara əsasən cavabdehin mövqeyini əsassız hesab edir. Belə ki, X6 sorğu ilə müraciət edilmiş, X7 sorğuya cavab olaraq məktubla bildirmişdir ki, Ə.Q.Məmmədovun Quqark rayonunda Dövlət Statistika İdarəsində işlədiyi müddətlər onun dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır. Eyni zamanda onun 1990-1994-cü il tarixlərdə işlədiyi vəzifələr də dövlət qulluğu stajına daxil olan vəzifə hesab edilir. Nəzərə alınmalıdır ki, X7 tərəfindən məhkəmə icraatı zamanı təqdim olunmuş sorğuya cavab məktubu hər hansı şübhə doğurmur. Belə ki, məlum olduğu kimi X7 dövlət qulluğu sahəsində fəaliyyət göstərən, dövlət qulluğu sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edən və bu siyasətin həyata keçirilməsini təmin edən, həmçinin dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanlarını keçirən və dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən müsabiqənin, o cümlədən dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün keçirilən test imtahanlarının şəffaflığını təmin edən publik hüquqi şəxsdir. (Azərbaycan Respublikasının X7 publik hüquqi şəxsin Nizamnaməsi) Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyta keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmn etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə dair verilən aşağıdakı izahların qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1999/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarında analoji iş üzrə də vətəndaşın dövlət qulluğuna aid olan iş stajının müəyyən edilməsi X5 məktubu əsasında mümkündür. Hazırkı işin faktiki halları, o cümlədən X5 sorğuya cavab məktubu ilə də müəyyən edilir ki, iddiaçının mərhum həyat yoldaşı Ə.Məmmədovun dövlət qulluğu stajı 1975-1988 və 1990-1994-cü illər nəzərə alınmaqla nəinki 5 il, hətta 15 ildən artıqdır. Qeyd edilməlidir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunun: -23.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. -23.2-ci maddəsinə əsasən dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. “Əmək pensiyaları haqqında” Qanunun (01 iyul 2017-ci il tarixdən qüvvədə olan redaksiya): -3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları “Əmək pensiyaları haqqında” Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. -4.1-ci maddəsinə əsasən, “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilir. -5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslər öz arzuları ilə yalnız bir pensiya təyin edilir. -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: “Dövlət qulluğu haqqında” Qanunun 17.1-ci maddəsinə görə, dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli 569 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”nın 4-cü bəndinə əsasən, dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın:

6. əmək pensiyasının təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibi onların həmin dövrdəki gəliri əsasında müəyyən edildikdə, dövlət məvacibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən vəzifələrin Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanında nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısına müvafiq olaraq mövcud dövlət qulluğu vəzifəsi üzrə nəzərə alınır. Qeyd olunur ki, 1991-ci il oktyabr 18-i tarixinədək dövlət, sovet, partiya orqanlarında mövcud olan dövlət qulluğu vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahı”na əsasən aparılır. Göründüyü kimi iddiaçının mərhum həyat yoldaşının dövlət qullu vəzifələrində stajı olmuşdur ki, həmin staj nəzərə alınmaqla iddiaçıya dövlət qulluqçusunun ailə üzvü kimi pensiya təyin edilməsi üçün yetərlidir. Bu zaman dövlət qulluğu stajının istər qüvvədən düşmüş qanunvericilik, istərsə də hazırda qüvvədə olan qanunvericilik baxımından fərqləndirilməsi zərurəti də mövcud deyildir. Belə ki, iddiaçı nəinki 5 il, hətta 15 ildən artıq dövlət qulluğu stajında nəzərdə tutulan vəzifələrdə çalışmışdır. xx.xx.2005-ci il tarixdə qüvvəyə minmiş və xx.xx.2007-ci il tarixdə qüvvədən düşmüş “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun -5.1.müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına və ya əlilliyinə görə işdən çıxmış və azı 5 il dövlət qulluğunda çalışmış dövlət qulluqçusunun pensiya almaq hüququ vardır. (28 iyul 2005-ci il tarixədək olan redaksiyada) -5.1.Bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla pensiya təyin edilməsi üçün müraciət etdiyi zaman dövlət qulluğunda olmayan və dövlət qulluğunda azı 5 il çalışmış dövlət qulluqçusunun müvafiq qanunvericiliyə əsasən pensiya yaşına çatdıqda və ya əlil olduqda bu Qanunla pensiya almaq hüququ vardır.(28 iyul 2005ci il tarixdən sonra dəyişiklik) 5.1.Pensiya almaq üçün dövlət qulluqçusunun qulluq stajına aşağıdakılar daxil edilir: 5.2.1."Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra dövlət qulluğu vəzifəsində qulluq stajı; 5.2.2. 1991-ci il oktyabrın 18-dən "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında iş stajı; 5.2.3. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti, 5.3.Dövlət qulluqçusunun qulluq stajı Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada hesablanır 5.4. Müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına və ya əlilliyinə görə işdən çıxmış və dövlət qulluğunda xidmət illərinin minimum həddinə malik olmayan dövlət qulluqçusunun müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş miqdarda və qaydada müavinət almaq hüququ vardır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun: -12. Yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: kişilər—60 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda; qadınlar—55 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 12-ci maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunun: (xx.xx.2018-ci il tarixədək olan dəyişikliyə qədər) -23.1.Dövlət qulluqçularının pensiya təminatı üçün əsas və onun qaydası bu maddənin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikasının müvafiq Qanunu ilə müəyyən edilir. -23.2.Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğunda xidmət illərindən və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 5 il qulluq stajı tələb olunur. “Əmək pensiyaları haqqında” Qanunun (01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiya): -7-ci maddəsinə əsasən 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır. -20.1.7. «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr -20.11.1-ci maddəsinə əsasən, bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla, dövlət qulluğu vəzifəsində 5 il qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında müəyyən edilir. -20.11.3-cü maddəsinə əsasən, dövlət qulluğu vəzifəsində 10 ildən yuxarı qulluq stajı olan şəxsə—dövlət məvacibinin orta aylıq məbləğinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Eyni zamanda, nəzərə alınmalıdır ki, T.Vəkilovun vəfat etdiyi tarixdə qüvvədə olmuş 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanunu və SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydalarının tələbləri də iddiaçıya pensiya təyininə əsas verir. Məhkəmə, həmçinin onun da qeyd edilməsini zəruri hesab edir ki, iddiaçıya dövlət qulluqçusunun ailə üzvü kimi əmək pensiyası mərhumun vəfat etdiyi 23 aprel 2021-ci il tarixdən təyin edilməlidir. Bu qənaət “Əmək pensiyaları haqqında” Qanunun 14.1, 14.1.2-ci maddələri ilə yanaşı, həmin Qanunun 31.1-ci və 32.1-1-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, Qanunun 31.1-ci maddəsində “əmək pensiyası hüququ olan şəxslər” müddəası o cümlədən ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan şəxsləri, Qanunun 32.1-1-ci maddəsində “əmək pensiyaları” müddəası isə, həmçinin “ailə başçısını itirməyə görə əmək pensiyası”nı da ehtiva edir. Digər tərəfdən, “Əmək pensiyaları haqqında” Qanunun 32.3-cü qüvvədə olmuş olan redaksiyasında da ailə başçısını itirməyə görə əmək pensiyasının buna hüququ olan şəxsin müraciəti əsasında ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun yarandığı gündən təyin edilməsi təsbit olunmuşdur. 10 mart 2017-ci il tarixli Qanunla “ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun yarandığı gündən” müddəasının həmin normanın məzmunundan çıxarılması isə, iddiaçının həmin hüququna təsir etmir. Belə ki, həmin 10 mart 2017-ci il tarixli Qanunla “Əmək pensiyaları haqqında” Qanuna əlavə edilmiş 32.1-1-ci maddədə əmək pensiyalarının (deməli, həm də ailə başçısını itirməyə görə əmək pensiyasının) onu almaq hüququ yarandığı gündən, lakin müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, təyin edilməsi təsbit olunmuşdur. Beləliklə, iddiaçıya pensiya ona hüququnun yarandığı həyat yoldaşının vəfat etmə tarixindən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsini tələb etməkdə hüququna malik olmuşdur. Lakin, iddiaçının mərhum həyat yoldaşına əmək pensiyasının ödənişlərinin həyata keçirilməsi 01 iyun 2021-ci il tarixədək davam etdirildiyindən məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, dövlət qulluqçusunun ailə üzvü kimi iddiaçıya əmək pensiyasının 01 iyun 2021-ci il tarixdən ödənilməsi barədə iddia tələbi düzgün olaraq müəyyən edilmiş və bu səbəbdən də iddiaçıya həmin pensiya ödənişləri 23 aprel 2021-ci il tarixdən yox, məhz 01 iyun 2021-ci il tarixdən təmin edilməlidir. Məhkəmə, bundan əlavə onun da qeyd edilməsini zəruri hesab edir ki, iddiaçının dövlət qulluqçusunun ailə üzvü kimi pensiya təyin edilməməsi prosessual baxımından da əsassız olmuşdur. Belə ki, iş materiallarında olan 17 iyun 2021-ci il tarixli əmək pensiyasının dayandırılması barədə qərardan görünür ki, Ə.Məmmədovun dövlət qulluqçusu kimi əmək pensiyasını dayandırılması əsası onun vəfat etməsi ilə bağlı olmuş, bu zaman inzibati orqan tərəfindən şəxsə əmək pensiyasının səhv təyin edilməsi, əslində həmin şəxsin dövlət qulluğu vəzifələrində çalışmaması ilə bağlı heç bir inzibati icraat aparılmamış, dayandırılmanın adıçəkilən səbəbi qeyd edilmədən iddiaçıya inzibati akt istinadı olmayan imtina xarakterli məktub ünvanlanmışdır. Halbuki, əmək pensiyasının şəxsin vəfat etməsi ilə bağlı dayandırılması, şəxsin dövlət qulluqçusu olmaması səbəbindən əmək pensiyasının dayandırılması əsası olmadan qəbul edilmiş qərarı hazırkı halda iddiaçıya pensiya təyinindən imtina əsası kimi qəbul edilə bilməz. Bununla bağlı cavabdehin inzibati icraat aparması zəruridir ki, hazırkı halda əmək pensiyasının dayandırılması barədə inzibati akt olsa belə, həmin inzibati akt iddiaçının mərhum həyat yoldaşının dövlət qulluğu vəzifələrində işləməməsi ilə bağlı olmadığından məhkəmə cavabdehin hazırkı hərəkətlərini prosessual baxımından da qanunsuz hesab edir. Bu səbəbdəndir ki, məhkəmə hazırkı halda iddiaçıya əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edərkən yuxarıda adıçəkilən 17 iyun 2021-ci il tarixli qərarın ləğv edilməsi formasında nəticəyə gəlinməsinə zərurət müəyyən etməmiş, tələbi qeyd olunan formada dəqiqləşdirilməsi ilə bağlı istiqamət verməmişdir. Belə ki, adıçəkilən qərar əmək pensiyasının şəxsin ölümü ilə bağlı dayandırılması ilə bağlı olmuşdur ki, həmin əsasla əmək pensiyasının dayandırılması qanunvericiliyin tələbidir. Lakin həmin inzibati aktda şəxsin stajının dövlət qulluğu stajı olmaması ilə bağlı heç bir müddəa nəzərdə tutulmadığından hazırkı iddia tələbinin təmininə qeyd olunan qərarın qüvvədə olması ziyanına şərh edilmir. İddia tələbinin digər hissəsi olan əmək pensiyasının 01 iyun 2021-ci il tarixdən ödənilməsi ilə bağlı da məhkəmə hesab edir ki, tələb həmin hissədə də əsaslıdır. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, 17 iyun 2021-ci il tarixli əmək pensiyasının dayandırılması ilə bağlı pensiya işində olan qərardan görünür ki, Ə.Məmmədovun əmək pensiyası onun vəfat etməsi ilə bağlı olaraq dayandırılmışdır. Ona ödənişlərin hesablanıb aparılması isə xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasında 513 manat 19 qəpik miqdarında olmuşdur. Göründüyü kimi həmin şəxsin əmək pensiyası şəxsin vəfat etməsi əsası ilə 17 iyun 2021-ci il tarixdə dayandırılsa da, ödənişlərin həyata keçirilməsinin son müddəti 31 may 2021-ci il tarixdən olmuş, faktiki olaraq əmək pensiyası ödənişlərinin 31 may 2021-ci il tarixdən sonra, yəni 01 iyun 2021-ci il tarixdən ödənilməməsi barədə mövqe nümayiş etdirilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, ödənişlərin dayandırıldığı vaxt qərar 17 iyun 2021-ci il tarixdən olsa da faktiki olaraq 01 iyun 2021-ci il tarixdən olduğundan ödənişləri edilməsi də məhz həmin tarixdən həyata keçirilməlidir. Məhkəmə, həmçinin iddia tələbini Ə.Məmmədova keçmiş müddət üzrə ödənilməmiş pensiya qalığının ödənilməsi hissəsində də əsaslı hesab edir. Belə ki, pensiya altsistemindən görünür ki, iddiaçının mərhum həyat yoldaşına 513,19 manat aylıq pensiyadan əlavə ödənilməmiş pensiya məbləği kimi əlavə 431,30 manat da ödənilir ki, hazırda həmin ödənişlər aparılması da dayandırılmışdır. Qeyd olunan səbəbdən həmin ödənişlərin aparılması cavabdeh tərəfindən davam etdirilməli, həmin ödənişlər də iddiaçıya ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. İddiaçı dövlət qulluqçusunun həyat yoldaşı (ailə üzvü) kimi əmək pensiyasının X2 vəfat etdiyi 23 aprel 2021-ci il tarixdən təyin edilməsi, təyin edilən əmək pensiyasının isə 01 iyun 2021-ci il tarixdən ödənilməsi və mərhum X1 dövr üzrə ödənilməmiş pensiya qalığı məbləğinin İddiaçı ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar