Məhkəmə qərarları › İş №2-1(112)-7628/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7628/2023

20.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7628/2023 20.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi ilə, İddiaçı – xx.xx.1984-cü il tarixdə Tərtər rayonunda anadan olmuş İddiaçı, Cavabdehin nümayəndəsi – xx.xx.1950-ci il tarixdə Cəlilabad rayonu, Həziabad kəndində anadan olmuş X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi) qarşı “xarici ezamiyyət xərclərinin hesablanaraq ödənilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) qapalı şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.2022-ci il tarixdə ərizə ilə Azəbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra – Cavabdeh) müraciət edərək, X1 Mərkəzinin rəhbərliyi tərəfindən tərtib olunmuş cədvələ və eyni zamanda Kəşfiyyat Baş İdarəsinin 01182 nömrəli məktubuna əsasən, xarici ezamiyyətlərdə olduğu xidməti ezamiyyə günlərinə görə, qanunamüvafiq şəkildə ezamiyyə xərclərinin ödənilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciəti cavablandırılmamışdır. Bundan sonra İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində xidmət etdiyi dövr ərzində olan xarici ezamiyyət günlərinə görə, "Xarici ezamiyyə xərclərinin hesablanması və ödənilməsi" vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, onun 2010-2018-ci illəri əhatə edən dövr ərzində xarici ölkələrdə olduğu ezamiyyət günlərinə görə 76.085 (yetmiş altı min səksən beş) ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mayor rütbəli ehtiyatda olan zabiti və ikinci dərəcəli müharibə əlilidir. Belə ki, 04 avqust 2001-ci il tarixindən 28 sentyabr 2019-cu il tarixinədək Azərbaycan Ordusunda həqiqi hərbi xidmət keçmişdir. 15 iyul 2008-ci il tarixindən 28 sentyabr 2019-cu il tarixinədək Müdafiə nazirinin müvafiq nömrəli əmrinə əsasən bir hərbi hissə olaraq RMAMda olmaqla, N nömrəli hərbi hissədə xidmət keçmişdir. Hazırda isə Müdafiə nazirinin 0699 nömrəli əmri ilə "Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin "v" bəndinə (xəstəliyə görə) əsasən, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq, ikinci dərəcəli müharibə əliliyi təyin olunmuşdur. N nömrəli hərbi hissədə xidmət etdiyi dövr ərzində, xidməti tapşırıqların yerinə yetirilməsi məqsədilə Qazaxıstan, Türkmənistan, Rusiya və İran İslam Respublikasına xarici ezamiyyətə göndərildiyi ezamiyyət günlərinə görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli 14 nömrəli Qərarına əsasən ezamiyyə xərcləri ödənilməmişdir. Bu səbəb ilə cavabdeh olaraq Müdafiə Nazirliyinə xx.xx.2022-ci il tarixində rəsmi şəkildə müraciət edərək ödənilməmiş xarici ezamiyyət günlərinə görə, ezamiyyə xərclərinin hesablanmasının və ödənilməsinin təmin olunmasını xahiş etmiş, buna baxmayaraq, Müdafiə Nazirliyi tərəfindən hazırkı tələbi ilə bağlı bu günə kimi heç bir münasibət bildirilməmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında və etiraza əlavədə hərbi qulluqçulara ezamiyyə xərclərinin ödənilməsi Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2017-ci il tarixli 22 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə" ilə tənzimlənir. Müdafiə Nazirliyinin nümayəndələrinin xarici dövlətlərə ezamiyyətə göndərilməsi həqiqi zərurət yarandığı təqdirdə hər bir fərdi halda və ezamiyyət üçün pul vəsaiti olduqda yalnız Müdafiə naziri tərəfindən təyin olunur. Müdafiə nazirinin əmrinə əsasən xarici ölkələrə ezamiyyətə göndərilən hərbi qulluqçular üçün təyyarə biletləri Müdafiə Nazirliyinin Hərbi daşımalar şöbəsi tərəfindən sifariş olunaraq alınır. Araşdırma zamanı məlum olmuşdur ki, Azərbaycan Ordusunda xidmət etdiyi dövrdə iddiaçının xarici ölkələrə getməsi üçün təyyarə biletləri alınmamışdır. Bundan əlavə, xarici ölkələrə ezamiyyətə göndərilən hərbi qulluqçulara ezamiyyə xərclərinin qarşılanması üçün ezamiyyətə getməzdən əvvəl avans (qabaqcadan ödəniş) olaraq pul vəsaiti ödənilir. Araşdırma zamanı məlum olmuşdur ki, belə bir pul vəsaiti İddiaçı ödənilməmişdir. Sözügedən Əsasnamənin 38.4-cü bəndinin tələblərinə uyğun olaraq hərbi qulluqçunun ezamiyyətə göndərilməsi müvafiq əmrlə rəsmiləşdirilir, ona ezamiyyə vəsiqəsi verilir və "Xidmətdə olmayan hərbi qulluqçuların qeydiyyatı kitabı”nda müvafiq qaydada qeydə alınır. Araşdırma zamanı məlum olmuşdur ki, yuxarıda göstərilən kitabda İddiaçı barədə heç bir qeyd aparılmamışdır. Bu da onu sübut edir ki, İddiaçı hərbi hissəni tərk etməmişdir (ezamiyyətə göndərilməmişdir) və daim hərbi hissədə olmuşdur. N nömrəli hərbi hissədən alınmış məlumata əsasən İddiaçı xarici ölkələrə ezamiyyətlərə göndərilməsi barədə hərbi hissə komandirinin əmrləri olmamışdır və o, xarici ezamiyyətlərə göndərilməmişdir. Bu səbəbdən də İddiaçı xidmət etdiyi dövrdə ona xarici ölkələrə ezamiyyətə göndərilməsi ilə bağlı ezamiyyə xərcləri ödənilməmişdir. Əgər İddiaçı xidmət etdiyi dövrdə xarici ölkələrə ezamiyyətlərə göndərilmişdirsə və hesab edirdisə, xarici ezamiyyə xərcləri qanunla ona ödənilməlidir, bu halda o, ümumilikdə 18 ildən çox xidmət etmiş, təcrübəli və savadlı bir hərbi qulluqçu kimi xarici ezamiyyətə getməmişdən əvvəl və ya ezamiyyətdən qayıtdıqdan sonra, həmçinin xx.xx.2019-cu il tarixdə hərbi xidmətdən tərxis olunduğu vaxta qədər xarici ezamiyyə xərclərinin ona ödənilməsi barədə xidmət etdiyi hərbi hissənin komandirinə yazılı və ya şifahi formada müraciət etməli idi. İddiaçı hərbi xidmət vaxtı, eləcə də 2019-cu ildə hərbi xidmətdən ehtiyata tərxis olunandan sonra hüquqlarının pozulduğu barədə iddia qaldırmamışdır. İddiaçının mübahisələndirdiyi məsələ 2008-2019-cu illərə aid olsa da o, hərbi xidmətdən tərxis olunduğu vaxtdan (xx.xx.2019) 3 il keçdikdən sonra, xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Bununla da o iddia müddətini ötürmüşdür. Bundan əlavə, İddiaçı iddiası təmin edildiyi təqdirdə, bu hal hərbi xidmətdən tərxis olunmuş, eləcə də hazırda xidmətdə olan belə hərbi qulluqçuların çoxsaylı müraciətlərinə, məhkəmə mübahisələrinə və nəticədə külli miqdarda dövlət vəsaitinin qanunsuz və əsassız xərclənməsinə səbəb olacaqdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış etdi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon idarəsinin xx.xx.2019cu il tarixli arayışından görünür ki, 1984-cü il təvəllüdlü ehtiyatda olan mayor İddiaçı xx.xx.2001-ci ildən xx.xx.2019-cu ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş və Azərbaycan Respublikası Müdafiə nazirinin 0699 nömrəli xx.xx.2019-cu il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) əsasən ehtiyata tərxis olunmuşdur. Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq nömrəli əmrinə əsasən Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektidir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin xx.xx.2023-cü il tarixli 15/1068 saylı məktubundan görünür ki, vəkil sorğusuna cavab olaraq bildirilmişdir ki, İddiaçı 2010-2018-ci illərdə xarici ezamiyyətləri xidməti tapşırıqlarla əlaqəlidir. İddiaçı 2010-2018-ci illərdə xarici ezamiyyət xərcləri xidmət etdiyi hərbi hissə tərəfindən ödənilməmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçı 2007-2018-ci illərdə müxtəlif tarixlərdə Avstriya, Qazaxıstan, Türkmənistan, Rusiya dövlətlərinə getmişdir. İddiaçı hazırda 2010-2018-ci illərdə xarici ölkələrə xidməti vəzifələrinin icrası ilə bağlı səfər etdiyini, bu səfərlərin ezamiyyə hesab olunmaqla həmin günlərə görə pul vəsaitinin ödənilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinin 2-ci hissəsinə görə hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktik yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş, əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. Zərurət olduqda hərbi qulluqçu komandirin (rəisin) əmri ilə və ya öz təşəbbüsü ilə istənilən vaxtda və istənilən yerdə öz vəzifələrinin icrasına başlamalıdır. “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 14 nömrəli Qərarının 2-ci hissəsi ilə “Xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normaları” təsdiq edilmişdir. Həmin qərarın 4-cü hissəsinə əsasən müəyyən edilmişdir ki, ezamiyyə xərclərinin 1 günlük normasına gündəlik, mehmanxana, rabitə, şəhərdaxili nəqliyyat (taksidən istifadə istisna olmaqla) və digər xidmətlər ilə bağlı xərclər daxildir. Qərarın 5-ci hissəsinə əsasən nəqliyyat xərcləri (ezam olunma yerinə getmək və qayıtmaq, ölkə-daxili xərclər) təqdim edilən sənədlər əsasında ödənilir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 18 yanvar 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”na əsasən: -bənd 1. Dövlət orqanının, müəssisə, idarə və təşkilatın (bundan sonra-təşkilatın) rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır. -Daimi işi yolda keçən və gediş - gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) işçilərin xidməti gedişi ezamiyyət sayılmır. -bənd 2. Təşkilatların işçilərinin ezamiyyətə göndərilməsi həmin təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir və müvafiq əmrlə rəsmiləşdirilir. -bənd 4. İşçilərin ezamiyyət müddəti təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir, lakin yolda olduğu müddət hesaba alınmamaqla, bu müddət 40 gündən yuxarı ola bilməz (Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda çalışan diplomatik xidmət əməkdaşları, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər və digər təşkilatların nümayəndələri istisna olmaqla). -bənd 6. İşçi ezamiyyətdən qayıtdıqdan sonra ezamiyyət ilə əlaqədar xərclədiyi vəsaitlərin məbləği haqqında avans hesabatını 3 gün ərzində təqdim etməlidir. - bənd 7. Xarici ölkələrə xidməti ezamiyyətlər zamanı ezamiyyətə getmək barəsində verilmiş rəsmi əmr və ölkədən çıxıb, ölkəyə qayıtmaq barədə pasport və ya onu əvəz edən sənəddə səlahiyyətli orqanlar tərəfindən edilən müvafiq qeyd ezamiyyət müddəti üçün əsas götürülür. Dövlətlərarası razılaşmaya əsasən ölkədən çıxdıqda və ölkəyə qayıtdıqda pasport və ya onu əvəz edən sənəddə səlahiyyətli orqan tərəfindən müvafiq qeyd aparılmayan hallarda bu Qaydaların əlavəsinə uyğun olaraq «Ezamiyyə vəsiqəsi» verilir. (İngilis dilində tərtib edilmiş variant) İstinad olunan normalardan görünür ki, əgər şəxs rəhbərinin sərəncamı (əmri) ilə müəyyən müddətə daimi iş yerindən başqa yerə, xidməti tapşırığı yerinə yetirmək üçün gedirsə, bu xidməti ezamiyyət sayılır. Şəxsin ezamiyyətə göndərilməsi zamanı:

1. həmin təşkilatın rəhbəri ezamiyyətə gediləcək yeri və müddəti müəyyən edir;

2. bununla bağlı müvafiq əmr verir;

3. rəsmi əmr və ölkədən çıxıb, ölkəyə qayıtmaq barədə pasport və ya onu əvəz edən sənəddə səlahiyyətli orqanlar tərəfindən edilən qeyd, yaxud «Ezamiyyə vəsiqəsi» ezamiyyət müddəti üçün əsas götürülür. Qanunverici bu zaman şəxsin daimi iş yerindən başqa yerə getməsinin xidməti tapşırıq ilə bağlı olduğunu nəzərə alaraq, şəxsin həmin müddətdə gündəlik, mehmanxana, rabitə, şəhərdaxili nəqliyyat və bu kimi digər xidmətlərlə bağlı xərclərinin qarşılanmasını təmin etmək məqsədilə işçinin ezamiyyətdən qayıtdıqdan sonra ezamiyyət ilə əlaqədar xərclədiyi vəsaitin ödənilməsini təsbit etmişdir. Lakin o da qeyd edilməlidir ki, xarici dövlətlərdə xidməti tapşırığın yerinə yetirilməsi bütün hallarda xidməti ezamiyyət sayılmır. Məsələn, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən kəşfiyyat fəaliyyəti subyektləri bu fəaliyyətin məqsədlərinə nail olmaq üçün aşağıdakı tədbirləri həyata keçirə bilərlər: 11.1.1. vətəndaşların sorğusu; 11.1.2. soraqlaşma; 11.1.3. radioelektron, video, audio, kino və fotoçəkilişlərinin aparılması; 11.1.4. rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması; 11.1.5. əşya və sənədlərin tədqiqi; 11.1.6. müqayisəli tədqiq üçün nümunələrin toplanılması; 11.1.7. şəxsiyyətin eyniləşdirilməsi; 11.1.8. nəzarətli göndərişlərin həyata keçirilməsi; 11.1.9. hüquqi şəxsin yaradılması. 11.2. Kəşfiyyat fəaliyyəti həyata keçirilərkən bu fəaliyyətin mahiyyətinə uyğun dövlət sirri təşkil edən xüsusi tədbirlərdən, metod və vasitələrdən istifadə edilə bilər. Həmin Qanunun 20.9-cu maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarının xarici dövlətlərin xüsusi xidmət orqanlarında və təşkilatlarında, həmçinin cinayətkar qruplarda tapşırıqlar yerinə yetirdiyi zaman xidmət müddəti Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada, pensiya məbləğinin hesablanması, hərbi rütbələrin verilməsi, xidmət illərinə görə əlavə faiz hesablanması üçün xidmət illərinə əlavə olunmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 noyabr tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarının xarici dövlətlərin xüsusi xidmət orqanlarında və təşkilatlarında, həmçinin cinayətkar qruplarda tapşırıqlar yerinə yetirdiyi zaman xidmət müddətinin pensiya məbləğinin hesablanması, hərbi rütbələrin verilməsi, xidmət illərinə görə əlavə faiz hesablanması üçün xidmət illərinə əlavə olunması Qaydası"na əsasən: - bənd 2. Əməkdaş qurumlarda olarkən həqiqi hərbi xidmətdə hesab olunur, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin hərbi qulluqçuları üçün müəyyən edilmiş imtiyazlar ona şamil olunur. - bənd 3. Qurumlara göndərilmiş əməkdaşların səlahiyyətləri, əməliyyat-xidmət fəaliyyətinin təşkili və həyata keçirilməsi ilə bağlı məsələlər kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin rəhbəri tərəfindən müəyyənləşdirilir. -bənd 4. Qurumlarda xidmət müddəti əməkdaşın xidmət illərinə görə verilən əlavə faizin hesablanması üçün xidmət illərinə daxil edilir. Göründüyü kimi, qanunverici kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin xarici dövlətlərin xüsusi xidmət orqanlarında və təşkilatlarında xidmətini həqiqi hərbi xidmət hesab etməklə, ümumi xidmət müddətinə daxil edir və həmin xidmət müddətinin ezamiyyət hesab edilməsi barədə hər hansı bir müddəa müəyyən etmir, baxmayaraq ki, şəxs öz fəaliyyətini xarici dövlətlərin xüsusi xidmət orqanlarında həyata keçirir. Məhkəmə qeyd edir ki, işin məhkəmə tərəfindən müəyyən edilən hallarına əsasən iddiaçının kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyekti olması, habelə onun 2010-2018ci illərdə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyekti kimi xidməti tapşırıqların icrası məqsədilə xarici ölkələrə getməsi mübahisəsizdir. Lakin burada müəyyən edilməli hal, iddiaçının bu gedişinin xidməti ezamiyyət olubolmamasıdır. Məhkəmə qeyd edir ki, birincisi, iddiaçının həmin dövrlərdə xarici dövlətlərə ezamiyyətə getməsi ilə bağlı yuxarıda qeyd olunan şərtlərin ödənilməsi (təşkilatın rəhbərinin ezamiyyətə gediləcək yeri və müddəti müəyyən etməsi, bununla bağlı müvafiq əmr verməsi, rəsmi əmr və ölkədən çıxıb, ölkəyə qayıtmaq barədə pasport və ya onu əvəz edən sənəddə səlahiyyətli orqanlar tərəfindən qeyd aparılması, yaxud «Ezamiyyə vəsiqəsi» verilməsi) müəyyən edilmir. İkincisi, “X2” daimi işi yolda keçən və gediş - gəliş xarakteri daşıyan işçilərin xidməti gedişinin ezamiyyət sayılmadığını konkret olaraq təsbit etmişdir. Məhkəmə iclasında müəyyən edilmiş hallardan bəlli olur ki, iddiaçının kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyekti kimi xidməti vəzifələrini icra etmə forması və bununla bağlı xarici dövlətlərə getməsi özlüyündə onun fəaliyyətinin xarakterini (mahiyyətini) təşkil edir, yəni onun xidməti fəaliyyətini həyata keçirmə forması gediş - gəliş xarakteri daşıyır və bu getmə ezamiyyət kimi qiymətləndirilə bilməz. Belə ki, iddiaçının kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyekti kimi hansı formada fəaliyyətini həyata keçirməsi ilə bağlı məlumatlar məxfi məlumatlar olduğundan həmin fəaliyyətin nədən ibarət olduğunu məhkəmə hazırkı qərarda açıq şəkildə qeyd edilməsini məqsədəmüvafiq hesab etməsə də, məhkəmə hesab edir ki, ona bəlli olan hallar iş üzrə hazırkı nəticəyə gəlmək üçün kifayət edir (bax, Rove və Davis (Rowe and Davis) Birləşmiş Krallığa qarşı [BP] - 28901/95, Qərar 16.2.2000 [BP]). Buna görə də məhkəmə hesab edir ki, iddiaçının xarici dövlətlərə gedişi xidməti ezamiyyət sayılmadığından, onun hazırkı məzmunda tələbi təmin edilə bilməz. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,

qərara aldı:

İddia təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar