Məhkəmə qərarları › İş №2-1(112)-763/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-763/2025

09.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-763/2025 09.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs: X6) qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Bakısukanal” nəzdində yaradılmış bağçılıq yoldaşlığının kooperativ idarəsinin həmkarlar komitəsinin ümumi iclasının 12 fevral 1991-ci il tarixli, 6 saylı protokolundan çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə bağ massivində yerləşən 450 kv.metr sahəsi olan 24 saylı bağ torpaq sahəsinin planı və ölçüsünün hazırlanması və torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə X6 üçüncü şəxs qismində zəruri cəlbetmə qaydasında inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Bakısukanal” nəzdində yaradılmış bağçılıq yoldaşlığının kooperativ idarəsinin həmkarlar komitəsinin ümumi iclasının 12 fevral 1991-ci il tarixli, 6 saylı protokolundan çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə bağ massivində yerləşən 450 kv.metr sahəsi olan 24 saylı bağ sahəsi iddiaçıya ayrılmışdır (10/518 saylı, xx.xx.1991-ci il tarixli sərəncam). Torpaq sahəsinin həmin vaxt sərhədləri müəyyən edilməklə naturada iddiaçının istifadəsinə verilmişdir. Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən torpaq sahəsinin cizgisi təsdiq edilmişdir. Torpaq sahəsi 30 ildən artıqdır ki iddiaçının istifadəsindədir. Bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün bütün əsaslar mövcuddur. Buna görə də sözügedən torpaq sahəsinin faktiki ölçülər əsasında qeydiyyata alınması və çıxarışın verilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən cavab verilməmişdir. Bu səbəbdən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, idarənin arxivində saxlanılan “Kommunsənayesutəchizatı” bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı adı aşkar olunmamışdır. Bundan əlavə protokoldan çıxarışda torpaq sahəsinin ölçüsü qeyd edilməmiş və bağçılıqyoldaşlığın bölgü sxemi idarənin arxivində aşkar edilmədiyi üçün torpaq sahəsinin yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Həmçinin “Kommunsənayesutəchizatı” b/y-nin nəzdində 24 nömrəli bağ sahəsi digər şəxsin X1 adına bağ evi kimi qeydiyyata alınmış və sonradan özgəninkiləşdirilmiş, hazırda X4 mülkiyyətindədir. Həmçinin, hüquq sahibi əcnəbidir. Bundan əlavə, iddiaçı tərəfindən idarəyə və məhkəməyə təqdim edilən protokoldan çıxarış aydın oxunmur. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi xahiş olunmuşdur. Üçüncü şəxsə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin və (və ya) nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaya yazılı etiraza uyğun çıxış edərək iddianın rədd edilməsini xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “Bakısukanal" nəzdində yaradılmış bağçılıq yoldaşlığının kooperativ idarəsinin həmkarlar komitəsinin ümumi iclasının 12 fevral 1991-ci il tarixli 6 saylı protokolundan çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə bağ massivində yerləşən 450 kv.metr sahəsi olan 24 saylı bağ sahəsi iddiaçıya ayrılmışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 19 fevral 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Binəqədi rayon İca Hakimiyyətinin arxiv fondu üzrə 2019-cu ilə dair arxiv sənədləri, o cümlədən xx.xx.2019-cu il tarixli, 99 saylı sərəncamı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli, 99 saylı Sərəncamına əsasən Binəqədi rayonu ərazisində 2000-ci ilədək tikilmiş fərdi yaşayış evlərinin siyahısını müəyyənləşdirmək məqsədilə komissiya yaradılmış, komissiyaya sərəncama əlavə olunmuş cədvələ uyğun olaraq, 2000-ci ilədək tikilmiş, lakin rəsmiləşdirilməmiş yaşayış evlərinin siyahısının tərtib edilərək təqdim edilməsi tapşırılmışdır. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktına əsasən torpaq sahəsinin faktiki ölçüsü 475.0 kv.metr təşkil edir. Göstərilən sahə hasar daxilindədir. Sahədə 2 mərtəbəli ev var. Bağ sahəsinə dair təqdim edilmiş protokoldan çıxarışın surətində bağın sahəsi göstərilməmişdir. Cavabdeh tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən göstərilən torpaq sahəsi faktiki olaraq hasardaxili 475.0 kv.m təşkil edir. Torpaq sahəsi üzərində yaşayış evi mövcuddur. İdarənin arxivində saxlanılan “Kommunsənayesutəchizatı” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı adı aşkar olunmamışdır. Bundan əlavə protokoldan çıxarışda torpaq sahəsinin ölçüsü qeyd edilməmiş və bağçılıq-yoldaşlığın bölgü sxemi idarənin arxivində aşkar edilmədiyi üçün torpaq sahəsinin yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Həmçinin “Kommunsənayesutəchizatı” b/y-nin nəzdində 24 nömrəli bağ sahəsi digər şəxsin X1 adına bağ evi kimi qeydiyyata alınmış və sonradan özgəninkiləşdirilmiş, hazırda **********79-11301 reyestr nömrəsi ilə X4 xüsusi mülkiyyətindədir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsində yerləşən tikilinin dövlət qeydiyyatı barədə məlumat yoxdur. Həmçinin qeyd olunan reyestr nömrəsi ilə bağlı müraciətlər göstərilən əraziyə aid deyil. 02 oktyabr 2017-ci il tarixdə verilmiş 45 18 248529 nömrəli pasportun surətindən görünür ki, iddiaçı hal-hazırda Rusiya Federasiyasının vətəndaşıdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 24 saylı bağ evi xx.xx.2020-ci il tarixdən X4 mülkiyyətindədir. Məhkəmə tərəflər nümayəndələrinin izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində torpaq sahəsinin planı və ölçüsünün hazırlanması və torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). Həmin Qanununun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əldə edilməsinə əsas olan sənədlərin siyahısı göstərilmişdir. Həmin siyahıya əsasən torpaq sahəsi üzərində hüquqların əldə edilməsi üçün əsas kimi aşağıdakı sənədlər öz əksini tapmışdır: Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar (8.0.1.). Qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol (8.0.2.). Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı (8.0.3.) Qanuni qüvvəyə minmiş məhkəmə qərarları (8.0.4.). 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri (8.0.5.) 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış (8.0.7.). Bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər (8.0.8.). İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı öz tələbinin əsası kimi “Bakısukanal" nəzdində yaradılmış bağçılıq yoldaşlığının kooperativ idarəsinin həmkarlar komitəsinin ümumi iclasının 12 fevral 1991-ci il tarixli 6 saylı protokolundan çıxarışa əsaslanmışdır. Həmin sənədin yalnız kserosurəti iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir. Məhkəmə tərəfindən sənədin əsli araşdırılarkən iddiaçının nümayəndəsi sənədin əslinin mövcud olmadığını bildirmişdir. Həmçinin sənədin arxiv nüsxəsinin mövcudluğunun araşdırılması üçün məhkəmə tərəfindən müvafiq sorğular verilsə də, müvafiq təşkilatlar sənədin arxiv nüsxəsinin onlarda olmadığını bildirmişlər. Eyni zamanda Torpaq Məcəlləsində göstərilmişdir ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər torpaq münasibətlərinin iştirakçıları kimi bu Məcəllənin 48-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərlə çıxış edə bilərlər (3.3). Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər (48.3). Xarici hüquqi və fiziki şəxslərə torpaq sahələrinin vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçən mülkiyyət hüququ bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun özgəninkiləşdirilir. Xarici hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində olan mülkiyyət hüququnu qanunvericiliyə uyğun özgəninkiləşdirmədikdə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə torpaq sahəsini bu Məcəllədə nəzərdə tutulmuş qaydada məcburi satın alır (49.4). Göründüyü kimi qanunvericilik əcnəbilərə Azərbaycan Respublikasının ərazisində vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində torpaq sahələrini mülkiyyət hüququ əsasında əldə etməyə imkan verir. Lakin, həmin əsaslarla torpaq sahəsini əldə etmiş əcnəbi bir il ərzində həmin sahəni özgəninkiləşdirməlidir. Məhkəmə qeyd edir ki, hazırkı halda iddiaçının əcnəbi olması onun Azərbaycan Respublikasında iddia ərizəsində göstərilən əsasla torpaq sahəsini əldə etməsini istisna edir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə hesab edir ki, hazırkı halda iddiaçı hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs olduğundan cavabdeh inzibati orqanın imtinası əsaslı olmuş və iddiaçının hüquqlarını pozmamışdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddiaçının tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin planı və ölçüsünün hazırlanması və torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın verilməsi” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar