Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7630/2025 23.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “ödənilmiş əlavə dəyər vergisinin geri qaytarılması" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra - İddiaçı) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında’’ 23 yanvar 2025-ci il tarixli, **********910600 saylı Qərarını ləğv edərək, cavabdehin üzərinə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə ünvanında yerləşən “AVANT PARK” Yaşayış Kompleksinin 4-cü binasında 4-cü blok, 14-cü mərtəbə, 5 №-li, iki otaqlı mənzilə görə ödənilmiş əlavə dəyər vergisinin ona qaytarılması öhdəliyinin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı xx.xx.2025-ci il tarixli iddinın dəyişdirilməasi barədə ərizə təqdim edərək, cavabdehin “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında’’ 23 yanvar 2025-ci il tarixli, **********910600 saylı qərarının ləğv edilməsi və ünvan 1 ünvanında yerləşən “Avant Park” yaşayış Kompleksinin 4-cü binasında, 4-cü blok, 14-cü mərtəbə, 5№-li, iki otaqlı olan mənzilə görə ona qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka ötürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı ilə "xxxx" Mənzil Tikinti Kooperativi arasında 26 dekabr 2022-ci il tarixli müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən həmin MTK Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə ünvanında yerləşən “AVANT PARK” Yaşayış Kompleksinin 4-cü binasında 4-cü blok, 14-cü mərtəbə, 5 nömrəli, iki otaqlı mənzili iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.3-cü maddəsinə əsasən müqavilənin ümumi dəyəri ƏDV daxil olmaqla 127040 (yüz iyirmi yeddi min qırx) manat təşkil etmişdir. Hazırda mənzilin ümumi dəyəri tam məbləğdə ödənilmişdir. Bu məsələ ilə bağlı satıcı alqı-satqı müqaviləsinə aşağıdakı qeyri-müəyyən məzmunlu 2.7-ci maddəni daxil etmişdir, "Payçı ödənişlərin əsas və ƏDVyə aid hissələrini qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirəcəkdir". Qanunvericiliyə əsasən yaşayış sahəsinin tam dəyəri (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləği isə satıcının ƏDV depozit hesabına ödənməlidir. Lakin MTK tərəfindən ona mənzilin tam dəyərini ödəmək üçün sadəcə bank hesabı təqdim edilmiş və buna görə də müqavilədə nəzərdə tutulan məbləğ satıcının bank hesabına ödənilmişdir. ƏDV məbləğini satıcının ƏDV depozit hesabına ödəməli olmağı barədə iddiaçıya heç bir məlumat verilməmiş və heç bir sənəd təqdim edilməmişdir. İddiaçı bütün məbləği satıcının bank hesabına ödədiyi halda MTK nə ƏDV məbləğinin ƏDV depozit hesabına köçürülməsini təmin etmiş, nə də müqaviləyə əsasən bu prosesi iddiaçının həyata keçirməyi üçün hər hansı bir məlumat və ya depozit hesab təqdim etmişdir. Bu məsələnin həlli ilə əlaqədar "xxxx" MTK-ya müraciət edilmişdir. İddiaçıya göndərilən 17 yanvar 2025ci il tarixli cavab məktubuna əsasən bildirilmişdir ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”na dair Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanının tələbinə görə mənzilin satış həyata keçirilən vaxtda e-qaimə göndərilməsi tələb olunmadığından iddiaçıya e-qaimə təqdim edilməmişdir. Buna baxmayaraq Kooperativə tərəflərindən ödənilən ƏDV daxil 127040 (yüz iyirmi yeddi min qırx) manat məbləğin 19378.98 (on doqquz min üç yüz yetmiş səkkiz) manat məbləğ müvafiq qaydada vergi orqanına ümumi hesabatda bəyan edilmiş və yaranmış vergi öhdəliyi ödənmişdir. O səbəbdən ödənişlərə uyğun tərəflərindən təkrar elektron qaimə-fakturanın doldurularaq, təqdim edilməsi mümkün deyildir”. MTK-nın da cavabından göründüyü kimi guya satış həyata keçirilən vaxtda e-qaimə göndərilməsi tələbi olmamışdır, halbuki, ƏDV məbləğinin geri qaytarılması üçün alıcıya satıcı tərəfindən eqaimə faktura təqdim olunması Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq olunmuş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri- yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydasının” 1.2-ci maddəsinin əsas tələblərdən biridir. Adıçəkilən Qaydalar xx.xx.2022-ci ildə təsdiq olunmuş, iddiaçı ilə MTK arasında müqavilə isə xx.xx.2022-ci ildə bağlanmışdır. Cavabdeh iddiaya yazılı etirazı məhkəməyə təqdim etmiş və bildirmişdir ki, İddiaçı (FİN: xxxxxxx) nağdsız qaydada alınmış yaşayış sahəsinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı xx.xx.2025-ci il tarixli elektron ərizə ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət etmiş və ərizəyə 0644 nömrəli müqavilə və arayış əlavə edilmişdir. İddiaçı müraciətinə və təqdim edilmiş sənədlərə əsasən aparılmış araşdırma zamanı yaşayış sahəsinin tam dəyərinin (ƏDV daxil) onun tərəfindən satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Müraciət üzrə aparılmış araşdırmanın nəticəsi üzrə "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 58-ci və 61-ci maddələrinə əsasən "Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” xx.xx.2025-ci il tarixində qəbul edilmiş **********910600 nömrəli qərar qəbul edilmişdir. Həmin qərar və "ƏDV qaytarmaq ərizəsindən imtina barədə” bildiriş İddiaçı göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, tələbin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, onun təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, işdə olan 0644 nömrəli, 26 dekabr 2022-ci il tarixli bir tərəfdən “MTK” adlanacaq "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi X2 şəxsində, digər tərəfdən “Payçı” adlanacaq İddiaçı arasında bağlanmış payçı müqaviləsindən görünür ki, “MTK” pay qismində çıxış edən ünvan 2 ünvanında tikilməkdə olan “AVANT PARK” Yaşayış Kompleksinin 4-cü binasında, 4-cü blok, 15-ci mərtəbə, 5 №-li, 2 otaqlı mənzili tikib “Payçı”-nın mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən onun ümumi dəyəri 127040 manat təşkil edir. Avant group MTK-nın xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, ünvan 3 ünvanda yerləşən “AVANT PARK” layihəsinin 4-eü binasında, 4-cü blok, 15-ci mərtəbə, 5 saylı, 2 otaqlı, 77.70 kv.m. mənzil "xxxx" MTK- ya məxsusdur. 26 dekabr 2022 tarixli, 0644 saylı Payçı müqaviləsinə blok, 15-ci mərtəbə, 5 saylı, 2 otaqlı mənzilin pay dəyəri tam olaraq payçı İddiaçı tərəfindən ödənilmişdir. MTK-nın xx.xx.2025-ci il tarixli, 194 nömrəli məktubda isə göstərilmişdir ki, İddiaçı tərəfindən mənzil alışına dair payçı müqaviləsi üzrə bütün öhdəliklər tam şəkildə həyata keçirilmişdir. Müqavilə üzrə sonuncu ödəniş xx.xx.2024 tarixində 2 600 (iki min altı yüz) AZN məbləğində həyata keçirilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.2025-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2025-ci il tarixli **********640300 nömrəli) “Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı elektron ərizə” ilə cavabdeh müraciət etmiş, cavabdeh tərəfindən **********910600 saylı xx.xx.2025-ci il tarixli qərar ilə İddiaçı xx.xx.2025-ci il tarixli ərizəsi üzrə ƏDV-nin geri qaytarılması təmin edilməmişdir. Qərar bununla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir. Lakin, alıcı İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir.” İddiaçı hazırda bu qərarı mübahisələndirərək, müvafiq ƏDV-nin ona geri qaytarılmasını xahiş edir. Məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin 2020-ci il yanvarın 1-dən qüvvəyə minmiş 165.6-ci maddəsi fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılmasına dair yeni tənzimləmələr gətirmişdir. Bununla yanaşı, qanun, qaytarılmanın şərtlərinə və qaydasına dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən əlavə normativ tənzimləmələr aparılmalı olduğunu təsbit etmişdir. Bundan sonra həmin normativ tənzimləmələrin həyata keçirilməsi məqsədilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir. Sözügedən Qaydanın 6-cı bəndi keçid müddəaları nəzərdə tutmuşdur. Keçid müddəaları Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il 01 yanvar tarixdən Qaydanın qüvvəyə mindiyi 2022-ci il 25 may tarixədək olan dövrə ərzindəyaranmış münasibətləri tənzimləmiş, Qaydanın zaman etibarilə qanunun qüvvəyə minməsindən xeyli müddət sonra qüvvəyə minməsinin şəxslərə münasibətdə yarada biləcəyi əlverişsiz vəziyyətləri onların maraqlarını nəzərə almaqla nizamlamağa yönəlmişdir. Keçid müddəalarına görə Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən Fərmanla təsdiq edilmiş Qaydanın qüvvəyə mindiyi 25 may 2022-ci il tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyriyaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizinin Qaydanın qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq qaytarılması qaydası müəyyən edilmişdir. Oxşar iş üzrə AR Ali Məhkəməsinin 2-1(102)-1498/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, bu qəbildən olan mübahisələrə baxılarkən məhkəmələr tərəfindən aydınlaşdırılmalı olan əsas məqamlardan biri mübahisənin keçid normalarının təsiri altına düşüb-düşmədiyi ilə bağlı məsələdir. Keçid normalarının təsiri altına düşə bilməsi üçün yaşayış və qeyri-yaşayış sahələri Qaydanın qüvvəyə mindiyi 25 may 2022-ci il tarixədək əldə edilmiş olmalıdır. Əldə edilmə dedikdə isə 2020-ci il yanvarın 1-dən 2022ci il mayın 25-dək yaşayış və qeyri-yaşayış sahələrinə dair qanunvericiliklə müəyyən edilmiş qaydada müqavilələrin bağlanılması nəzərdə tutulur. Həmin tarixlər arasında müqavilə bağlamaqla və ödəniş etməklə sahə əldə etmiş şəxslərdən ƏDV məbləğinin satıcının ƏDV depozit hesabına ödənilməsi tələb olunmur. Bundan fərqli olaraq, yaşayış və qeyri-yaşayış sahələrini Qaydanın qüvvəyə mindiyi 25 may 2022-ci il tarixdən sonra müqavilə bağlamaqla əldə etmiş şəxslərə münasibətdə isə Qaydanın 5.1.2-ci bəndi tətbiq olunmalıdır. Yəni, həmin şəxslər alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödədikləri halda, onların ödənilmiş ƏDV-nin 30 faizini geri almaq hüquqları yaranır. Hazırki işdə iddiaçı yaşayış və qeyri-yaşayış sahələrinə dair müqaviləni xx.xx.2022-ci il tarixdən sonra, hətta portalın istifadədə verildiyi noyabr 2022-ci il tarixdən sonra, xx.xx.2022-ci il tarixdə bağlamış və müqavilələr üzrə ödənişi də həmin tarixdən sonra, hissə-hissə ödəyərək, sonuncu ödənişi xx.xx.2024-cü il tarixdə etmişdir. Belə olan halda hazırkı iş üzrə mübahisə Qaydanın keçid normalarına görə deyil, ümumi qaydalara görə həll olunmalı, yəni hazırkı işə Qaydanın 5.1.2-ci bəndi iş üzrə tətbiq olunmalıdır. Belə ki, iddiaçı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDVsiz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödədiyi halda, onun ödənilmiş ƏDV-nin 30 faizini geri almaq hüququ yaranacaqdır. Lakin hazırki iş üzrə iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) yanvar 2023-cü il tarixdən etibarən satıcının bank hesabına ayrı-ayrılıqda deyil, birlikdə ödənildiyi müəyyən edilmişdir. Bununla yanaşı, xüsusilə nəzərə alınmalıdır ki, Qaydanın qüvvəyə mindiyi 25 may 2022-ci il tarixdən sonra alıcıların ƏDV məbləğini satıcının ƏDV depozit hesabına ödəməsi imkanı mövcud olmalıdır. Yalnız belə imkanın mövcudluğu halında ona riayət edilməmənin nəticələri tətbiq oluna bilər. Belə ki, ƏDV-nin qaytarılması Şərtləri və Qaydasının tələblərinə görə ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsinə, həmin elektron qaimə-faktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətini təşkil və idarə edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti operator vəzifəsini yerinə yetirir, Dövlət Vergi Xidməti bu Qaydada nəzərdə tutulmuş hallarda alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV-nin qaytarılması üçün alıcının müraciətinin qeydiyyata alındığı informasiya sistemi olan portal yaradır, operator olaraq bu Qayda ilə müəyyən edilmiş hallarda ƏDV-nin qaytarılması işlərini təşkil edir; proqram təminatının, portalın və vahid məlumat bazasının yaradılmasını və idarə edilməsini, alıcıya təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaimə-fakturaların tərtib edilməsi və həmin elektron qaiməfakturalar barədə məlumatların vahid elektron məlumat bazasına ötürülməsini təmin edir (2.0.4, 2.0.8 və 3.1-ci bəndlər). Analoji mübahisə üzrə apellyasiya instansiyası məhkəməsinin icratında olan işlər üzrə (2-1(103)-145/2025; 2-1(103)-542/2025) müəyyən olunmuşdur ki: -Məhkəmə sorğularına cavab olaraq 2022 dekabr-2023-cü ilin yanvar-aprel ayları ərzində müraciətləri təsdiqlənmiş şəxslər barədə məlumatı əks etdirən cədvəl məhkəməyə təqdim edilmiş, həmin cədvələ əsasən də müəyyən edilir ki, sistemin işlək olmamasına, hətta 2022-ci ilin dekabr və 2023-cü ilin yanvar ayları üzrə müxtəlif şəxslərə ƏDV geri qaytarmaları həyata keçirilmişdir. -Həmçinin, sorğuya cavab olaraq təqdim edilmiş aid olan ödəniş tapşırıqlarından da göründüyü kimi, Qaydaların qüvvəyə mindiyi tarixlə Portalın rəsmi istifadəyə verildiyi tarixlər arasında mənzilin alışı ilə əlaqədar müvəkkil bank vasitəsilə ödənişlər etmiş və ödənişlərin edilməsi zamanı qanunvericiliyin tələbləri gözlənilərək ƏDV məbləği satıcının ƏDV depozit hesabına ödənilmişdir. Beləliklə, müəyyən olunur ki, yaşayış və qeyri-yaşayış sahələrinə görə iddiaçı tərəfindən aparılmış ödənişlər “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinin tələblərinə uyğun deyil. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən iddiaçı yaşayış sahəsinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödəməli olduğundan, lakin iddiaçı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ayrı-ayrılıqda deyil, birlikdə ödənildiyi müəyyən edildiyindən, həmçinin iddiaçı tərəfindən ƏDV məbləğinin ayrıca olaraq ƏDV-nin depozit hesabına ödəmək üçün texniki imkanın mövcud olmaması ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən, iddiaçının hazırki tələbi əsaslı hesab edilə və təmin edilə bilməz. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Səlma Qənbərova
Məhkəmə qərarları › İş №2-1(112)-7630/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7630/2025
23.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver