Məhkəmə qərarları › İş №2-1(112)-7631/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7631/2022

07.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7631/2022 07.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X9 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndələri X7 və X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X3rşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X11 Filialına (bundan sonra mətndə - DSMF-nin Xüsusi Şərtlərlə X11 Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24 avqust 2002-ci il tarixdə qəbul edilmiş, 774 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanında nəzərdə tutulmuş dövlət qulluqçularına aylıq əmək haqqının 3 misli hacmində verilən mükafatlar, 23 oktyabr 2003cü il tarixdə qəbul edilmiş, 948 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanında nəzərdə tutulmuş dövlət qulluqçusuna məzuniyyətə çıxdıqda bir aylıq vəzifə maaşı həcmində verilən müavinət, 3 sentyabr 2001-ci il tarixdə qəbul edilmiş, 569 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən dövlət qulluqçusuna ixtisas dərəcəsinə görə verilən əlavə haqq, 20 iyun 2008-ci il tarixdə qəbul edilmiş, 776 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq nəzərə alınmaqla dövlət qulluqçusu pensiyası hüququnun yarandığı tarixdən yenidən hesablanması və yaranmış fərqin hesablanıb birdəfəyə ödənilməsi, iyun 2005-ci il tarixdən 01 noyabr 2020-ci il tarixinədək olan dövrdə ödənilməyən pensiya məbləğinin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1942-ci ildə doğulmuşdur. xx.xx.1960-cı ildən xx.xx.1961-ci ilədək peşə təhsili almış, xx.xx.1961-ci ildən əmək fəaliyyətinə başlamış, xx.xx.1975-ci ildən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində fəaliyyətini davam etdirmiş, xx.xx.1993-cü ildən xx.xx.2001-ci ilədək Nazirliyin Maliyyətəsərrüfat idarəsinin rəisi vəzifəsində işləmiş, xx.xx.2007-ci ildə Ədliyyə orqanlarında qulluqda olmanın son yaş həddinə çatdığına görə pensiyaya çıxmağı ilə əlaqədar sonuncu iş yeri olan Məhkəmə Ekspertizası Mərkəzinin böyük elmi işçisi vəzifəsindən azad edilərək, qulluq keçməsinə xitam verilmişdir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” və “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Qanunlarına əsasən 05 iyun 2005-ci il tarixindən dövlət qulluqçularına şamil edilən imtiyazlara uyğun iddiaçıya pensiya məbləği Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2005-ci il tarixli 8/234 saylı arayışına əsasən hesablanmışdır. Göstərilən tarixdən iddiaçıya vəzifə maaşı, mükafat və qulluq illərinə görə pensiya məbləği hesablanıb verilməsinə baxmayaraq, ixtisas dərəcəsinə, idarə rəisi vəzifəsinə görə əlavə və bir aylıq əmək haqqı həcmində məzuniyyətə çıxarkən verilən müavinət pensiya hesablanarkən nəzərə alınmamışdır. İddiaçıya təyin edilmiş əmək pensiyası sonrakı artımlar və əlavələr də nəzərə alınmaqla yenidən hesablanmamış, bununla da iddiaçının pensiya hüququ məhdudlaşdırılmışdır. Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısında qeyd edilir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli, 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”na uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının idarə və şöbə rəisləri hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularıdır. Daha sonra, Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçuları üçün bəzi təminatlar haqqında” xx.xx.2003-cü il tarixli 948 nömrəli Fərmanı ilə müəyyən edilmişdir ki, 2003-cü il 1 yanvar tarixindən dövlət qulluqçusuna növbəti məzuniyyətə çıxdıqda bir aylıq vəzifə maaşı həcmində müavinət verilir və bu müavinət dövlət qulluqçularına hər il işlədiyi mərkəzi icra hakimiyyəti orqanı tərəfından ödənilir. Həmin müavinət pulundan sosial sığorta va vergi tutma olduğu bir aylıq vəzifə maaşı həcmində müavinət pulu da iddiaçının dövlət məvacibinə daxil edilməklə pensiya hesablanarkən nəzərə alınmalıdır. Dövlət qulluqçusu növbəti məzuniyyətə çıxarkən bir aylıq vəzifə maaşı həcmində müavinətin verilməsi səlahiyyət həcmindən, məsuliyyət dərəcəsindən, tələb olunan peşəkarlıq səviyyəsindən, qulluq stajından və sair asılı edilməmişdir. Həmin müavinətin verilməsi dövlət qulluqçusunun yalnız məzuniyyətə çıxması ilə şərtləndirilmişdir və dövlət qulluqçusunun məzuniyyət hüququ məhdudlaşdırılmamışdır. Bunlardan əlavə 2020-ci ilin noyabr ayınadək iddiaçıya hər ay 1.626 manat 50 qəpik pensiya məbləği ödənilmişdir. Lakin iddiaçı pensiya idarəsinə 2 noyabr 2020-ci il tarixli “Pensiyanın hesablanması üçün əmək haqqı barədə arayışı” pensiya idarəsinə təqdim etdikdən sonra 2020-ci ilin noyabr ayından başlayaraq iddiaçıya ödənilən məbləğ 1.755 manat 50 qəpik təyin edilmişdir. Beləliklə, müəyyən edilir ki, iyun 2005-ci il tarixindən 01 noyabr 2020-ci il tarixinədək 185 ay ərzində iddiaçıya ödənilməli olan hər aya görə 129 manat ödənilməmiş qalır. Göründüyü kimi dövlət qulluqçusunun pensiyasının məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq yenidən hesablanmalıdır. Beləliklə, dövlət qulluqçusu pensiyaya çıxanadək aldığı dövlət məvacibinin tərkibində olmayan və onun pensiyaya çıxmasından sonra verilməyə başlanılan əlavələri nəzərə almaqla özünün pensiyasının yenidən hesablanmasını tələb edə bilər. Çünki qanun əsas meyar kimi fəaliyyətdə olan dövlət qulluqçusunun aldığı dövlət məvacibinin məbləğini götürmüş, bununla da, müxtəlif vaxtlarda olsa da, eyni vəzifəni yerinə yetirmiş şəxslərin sosial təminatlarında barabarliyə nail olmağı qarşıya məqsəd qoymuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Sonradan iddiaçı iddia ərizəsini dəqiqləşdirərək idarə rəisi vəzifəsinə görə əlavə, bir aylıq vəzifə maaşı həcmində məzuniyyətə çıxarkən verilən müavinət və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 02 noyabr 2020-ci il tarixli pensiyanın hesablanması üçün arayışda göstərilən mükafat və maddi yardım nəzərə alınmaqla pensiyanın yenidən hesablanmasını və yaranacaq pensiya məbləği fərqinin pensiya hüququnun yarandığı 01 iyun 2005-ci il tarixdən iddiaçıya ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF- nun Xüsusi Şərtlərlə X11 Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddiaçı ərizədə göstərmişdir ki, iddiaçının tələbləri ilkin ərizədə öz əksini tapmışdır. Hazırkı ərizəni verməkdə məqsədi DSMF-nin Xüsusi Şərtlərlə Təyinatı X8 iddiaçıya göndərdiyi 27 may 2021-ci il tarixli **********4 saylı məktubunda göstərilənlərə əlavə etməkdən ibarətdir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” və “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Qanunlarına əsasən 05 iyun 2005-ci il tarixdən dövlət qulluqçularına şamil edilən imtiyazlara uyğun iddiaçıya pensiya məbləği Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 09 iyun 2005-ci il tarixli 8/234 saylı pensiyanın hesablanması üçün əmək haqqı barədə arayışına əsasən hesablanmışdır. Göstərilən tarixdən iddiaçıya vəzifə maaşı, mükafat və qulluq illərinə görə pensiya məbləği hesablanıb verilməsinə baxmayaraq, idarə rəisi vəzifəsinə, ixtisas dərəcəsinə görə əlavə, bir aylıq əmək haqqı həcmində məzuniyyətə çıxarkən verilən müavinət və pensiyanın hesablanması üçün əmək haqqı barədə arayışda göstərilən mükafat və müavinət düzgün nəzərə alınmamış və aldığı pensiya düzgün hesablanmamışdır. 1. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2008-ci il tarixli 776 saylı Fərmanına əsasən hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15% həcmində əlavə haqq nəzərə alınmaqla dövlət qulluçusuna hər ay vəzifə maaşına əlavə olunur: hər aya görə: 1470 x 15% = 220 manat 50 qəpik, Vİİ.2008 - 31.Xİİ.2008 = 6 ay, xx.xx.2009 - 31.Xİİ.2020 = 12 il x 12 ay = 144 ay, xx.xx.2021- 31.Vİİİ.2021 = 8 ay, Cəmi: 158 ay x 220,50 = 34.839,50 x 80% = 27.871,20 manat. 2. Azərbaycan Respublikası Prezidentinin 03 sentyabr 2001-ci il tarixli 569 nömrəli Fərmanının 12-ci bəndinə əsasən dövlət qulluqçusuna ixtisas dərəcələrinin verildiyi gündən başlayaraq dövlət qulluqçusuna hər ay vəzifə maaşına ixtisas dərəcəsinə görə əlavə haqq ödənilir. Vİ.2005 - 31.Xİİ.2005 = 7 ay, 1.2006 - 31.Xİİ.2020 = 15 il x 12 ay = 180 ay, 01.1.2021- 31.Vİİİ.2021 = 8 ay, 195 ay x 130 manat = 25.350 manat, 25.350 x 80% = 20.280 manat. 3. Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçuları üçün bəzi təminatlar haqqında” 23 oktyabr 2003-cü il tarixdən dövlət qulluqçusuna növbəti məzuniyyətə çıxdıqda 1 aylıq vəzifə maaşı həcmində müavinət ödənilir: 1470 : 12 ay =122 manat 50 qəpik, 01.Vİ.2005 - 31.Xİİ.2005 = 7 ay, xx.xx.2006 - xx.xx.2020 = 15 il x 12 ay = 180 ay, xx.xx.2021 - 31.Vİİİ.2021 = 8 ay, Cəmi: 195 ay x 122,50 = 23887.50, 23887.50 manat x 80% = 19.110 manat. Cəmi: 195 ay x 122,50 = 23.887,50 manat, 23887.50 manat x 80% = 19.110 manat. 4. İddiaçı iyun 2005-ci il tarixdən dövlət qulluqçusu kimi 01 noyabr 2020-ci il tarixədək olan dövrdə aldığı pensiya məbləğinə daxil olan vəzifə maaşı, qulluq stajı və həmin dövrdə hesablanmış mükafat və müavinət olmaqla, hər ay 1.626 manat 50 qəpik pensiya müəyyən edilmişdir. Lakin pensiyanın hesablanması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilən əmək haqqı barədə arayışda Xİ-1998-10cu ay 2020-ci illərdə, yəni 2 il ərzində iddiaçıya 480.000 manat mükafat və 160.0 manat müavinət ödənilməsi göstərilmişdir. Həmin məbləğlərin cəmi 640 manat edir ki, bu da həmin dövrdə iddiaçının aylıq vəzifə maaşının 2 misli həcmində olmuşdur. 1470x2=2940 manat. Həmin illərdə, yəni 1998-2000-ci illərdə iddiaçının aylıq vəzifə maaşı 320.000 manat olmuşdur. Lakin göstərilən məbləğ, yəni 320.000 manat hal-hazırda 1.470 manat həcmindədir. 1470 x 2 = 2.940 x 80% = 2.352:12 ay = 196 manat olduğu halda Fond bunu 122 manat 50 qəpik kimi qəbul etmişdir. Beləliklə, Fond tərəfindən iddiaçıya hər ay 196 - 122.50 = 73 manat 50 qəpik az ödənilmişdir. Pensiya almağa başladığı iyun 2005-ci ildən noyabr 2020-ci ilədək, yəni 195 x 73.50 = 14.332 manat 50 qəpik az ödənilmişdir. Beləliklə, Vİ-2005-ci ildən yəni pensiya aldığı dövrdə: 1. Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15%-i həcmində əlavə haqq - 26.989 manat 20 qəpik. 2. Dövlət qulluqçusunun ixtisas dərəcəsinə görə - 19.760 manat. 3. Dövlət qulluqçusuna növbəti məzuniyyətə çıxdıqda verilən 1 aylıq müavinət 18.620 manat. 4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 02 noyabr 2020-ci il tarixli penisyanın hesablanması üçün arayışda göstərilən mükafat və maddi yardımın verilməsinə görə 14.430 manat, cəmi 79.992 manat 20 qəpik az hesablanaraq iddiaçıya ödənilməmişdir. Bundan əlavə iddiaçının aylıq pensiya məbləği aşağdakılardan ibarət olmalıdır: 1. Vəzifə maaşı – 1470 x 80% = 1.176 manat, 2. Qulluq stajına görə - 441 x 80% = 352.80, 3. Vəzifəyə görə - 1470 x 15% = 220.50 x 80% = 176.40, 4. İxtisas dərəcəsinə görə - 130 x 80% = 104 manat, 5. Mükafat və müavinət – 1470 x 2= 2.940 x 80% = 2.352:12 = 196 manat 6.1 aylıq müavinət – 1.470 x 80% = 1.176:12 = 98 manat. Cəmi: 2103.2 manat olmalıdır. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı 22 fevral 2021-ci il tarixində Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. Həmin müraciətlə bağlı aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildirilir ki, Xüsusi Şərtlərlə X11 Filialda mövcud olan pensiya işinə aid sənədlərdə iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi tərəfindən 27 iyun 2005-ci il tarixindən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edildiyi qeyd olunmuşdur. Müraciətinə (Mərkəzi Filiala 22 oktyabr 2020-ci il tarixində daxil olmuş) əsasən aparılmış araşdırma zamanı məlum olmuşdur ki, 1 sentyabr 2017-ci il tarixində vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 890 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavə 267 manat, ixtisas dərəcəsinə görə əlavə 80 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 74,16 manat olmaqla orta aylıq əmək haqqı 1311,16 manat təşkil etmişdir. Bununla əlaqədar onun əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.19.3-cü maddəsinə əsasən 26 il 19 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (1311,16 manat) 80 faizi-1048,93 manat məbləğində müəyyən edilmişdir. Lakin xx.xx.2017-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində ona hər ay 984,92 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr ərzində 384,06 manat əskik pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Ədliyyə orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən vaxtilə onun qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 980,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavə 294,00 manat, ixtisas dərəcəsinə görə əlavə 80,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 81,66 manat olmaqla orta aylıq əmək haqqı 1435,66 manat təşkil etmişdir. Bununla əlaqədar onun əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.19.2-ci maddəsinə əsasən 26 il 19 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (1.435,66 manat) 80 faizi – 1.148,53 manat məbləğində müəyyən edilmişdir. Lakin xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində ona hər ay 1083,53 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr ərzində 1.170,00 manat əskik pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Ədliyyə orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə onun qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1.470,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavə 441,00 manat, ixtisas dərəcəsinə görə əlavə 80,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 122,50 manat olmaqla orta aylıq əmək haqqı 2.113,50 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyasının “Əmək pensiyaları haqqında” Qanunun 20.19.2-ci maddəsinə əsasən 26 il 19 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (2113,50 manat) 80 faizi - 1690,80 manat məbləğində müəyyən edilmişdir. Lakin xx.xx.2019-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində isə ona 1626,50 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr ərzində iddiaçıya 900,20 manat əskik pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayma bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Göründüyü kimi, qanunvericilikdə keçmiş dövr üzrə alınmamış əmək pensiyasının məbləği ən çoxu üç il müddəti üçün hesablanaraq ayların sayına bölünməklə ödənilməsi nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 08 oktyabr 2020-ci il Qərardadında qeyd olunur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1 -ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ, hətta, 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Qeyd olunanlara əsasən iddiaçının əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 2.454,26 manat fərq məbləği həmin Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada 2020-ci ilin noyabr ayından etibarən hissə-hissə (hər ay 64,59 manat) pensiyasının (1690,50 manat) üzərinə əlavə olunmaqla (64,59 +1 690,50 = 1.755,09 manat) müvafiq kart hesabına köçürülür. Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarına əsasən «Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Eyni zamanda həmin qərarda təsbit olunur ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Göstərilənlərə əsasən, İddiaçı iddia ərizəsində göstərilən hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavənin vaxtilə ədliyyə orqanlarının əməkdaşı kimi işlədiyi dövrdə ona ödənilmədiyindən həmin əlavənin orta aylıq əmək haqqının hesablanması zamanı nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Sonda İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X3rşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-4393/2021 saylı qərarı ilə iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2021-ci il tarixli 8/914 nömrəli pensiyanın hesablanması barədə məlumatda göstərilən mükafat, maddi yardım nəzərə alınmaqla iddiaçı X4 təyin edilmiş əmək pensiyasının yenidən hesablanması və iddiaçıya müraciət edilən tarixdən əvvəlki üç il üçün yenidən hesablanmış əmək pensiyasının fərqinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X8 üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 1(103)-336/2022 saylı qərardadı ilə, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X8 apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4393/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X3rşı “24 avqust 2002-ci il tarixdə qəbul edilmiş, 774 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanında nəzərdə tutulmuş dövlət qulluqçularına aylıq əmək haqqının 3 misli həcmində verilən mükafatlar, 23 oktyabr 2003- cü il tarixdə qəbul edilmiş, 948 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanında nəzərdə tutulmuş dövlət qulluqçusuna məzuniyyətə çıxdıqda bir aylıq vəzifə maaşı həcmində verilən müavinət, 3 sentyabr 2001-ci il tarixdə qəbul edilmiş, 569 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən dövlət qulluqçusuna ixtisas dərəcəsinə görə verilən əlavə haqq, 20 iyun 2008-ci il tarixdə qəbul edilmiş, 776 nömrəli Azərbaycan Respublikasi Prezidentinin Fərmanına əsasən hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq nəzərə alınmaqla dövlət qulluqçusu pensiyası hüququnun yarandığı tarixdən yenidən hesablanması və yaranmış fərqin hesablanıb birdəfəyə ödənilməsi, iyun 2005-ci il tarixdən 01 noyabr 2020- ci il tarixinədək olan dövrdə ödənilməyən pensiya məbləğinin ödənilməsi” tələbinə dair inzibati iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qeyd olunan qərardadında göstərilmişdir ki, …Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi qərarında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsinin icraata qəbul edildiyini göstərilsə də, iş materiallarında ərizənin icraata qəbul edilməsi barədə məhkəmə qərardadı mövcud olmamaqla yanaşı, məhkəmə iclas protokollarına əsasən ərizənin icraata qəbul edilməsi də müəyyən edilmir…Məhkəmə kollegiyası hesab edir ki, işin birinci instansiya icraatı zamanı yuxarıda qeyd edilənlərə əsasən iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsinə hüquqi qiymət verilməli və iddiaçıya Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən hüquqi yardım edilərək onun yekun tələbinin dəqiqləşdirilməsi barədə ərizəsinin təqdim edilməsi təklif edilməlidir… İPM-in 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. İddiaçı xx.xx.2022-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin “Mənim dövlət qulluqçusu kimi aylıq pensiya məbləğimin 2607 manat təyin edilməsi və ödənilməmiş 143049.25 manat məbləğin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilsin.” kimi göstərilməsini xahiş etmişdir. 08 iyun 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında iddiaçı ərizədə hesablanma qaydasının ətraflı şəkildə qeyd etdiyini və cavabdeh tərəfindən nəzərə alınan dövrlərin düzgün hesablanmadığını bildirərək, ərizənin icraata qəbul edilməsini, eyni zamanda xx.xx.2021-ci il tarixli əlavə barədə ərizənin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmənin həmin tarixdə protokol qaydasında qəbul etdiyi qərardadla, iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilərək, iddia tələbinin “Mənim dövlət qulluqçusu kimi aylıq pensiya məbləğimin 2607 manat təyin edilməsi və ödənilməmiş 143049.25 manat məbləğin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilsin.” kimi göstərilməsi və iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə məhkəməyə təqdim edilmiş iddia ərizəsinə əlavə barədə ərizənin baxılmamış saxlanılması qərara alınmışdır. İddiaçı xx.xx.2022-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin onun dövlət qulluqçusu kimi aylıq pensiya məbləğinin 2607 manat təyin edilməsi və məktubda göstərdiyi cədvəl üzrə hesabladığı ödənilməmiş 150064,08 manat məbləğin birdəfəlik ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 07 dekabr 2022-ci il tarixdə protokol qaydasında qəbul etdiyi qərardadla ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndələri iddia tələbini qəbul etməyərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZE seriyalı 00****** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1942-ci il tarixdə doğulmuşdur; Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli 8/222 saylı və xx.xx.2005-ci il tarixli 8/234 saylı “pensiyanın hesablanması üçün əmək haqqı” barədə arayışın təsdiq olunmuş surətindən görünür ki, iddiaçıya pensiya hesablanması üçün nəzərə alınan, 1998-ci ilin noyabr ayından 2000-ci ilin noyabr ayınadək aylıq vəzifə maaşı 320.000 manat olmuş, 1999-cu ilin dekabr ayı üzrə 288.000 manat, 2000-ci ilin mart ayı üzrə 192.000 manat mükafat, 2000-ci ilin iyul ayı üzrə 160.000 maddi yardım almışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertiza, Kriminalistika və X2 tərəfindən verilmiş 543 saylı 08 iyun 2005-ci il tarixli arayışın təsdiq olunmuş surətindən görünür ki, iddiaçı Məhkəmə-İqtisad ekspertizası ETLnin böyük elmi işçisi vəzifəsində işləmişdir; xx.xx.1961-ci il tarixli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx.xx.1975-ci ildən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində Plan- maliyyə şöbəsinə baş mühasib – müfəttiş vəzifəsinə təyin edilmişdir (Əmr № 85 xx.xx.1975), xx.xx.1990-ci il tarixdə “Yeni il” bayramı münasibətilə 70 manat məbləğində pul mükafatı almışdır. xx.xx.1993-cü ildən xx.xx.2001-ci ilədək Nazirliyin Maliyyə-təsərrüfat idarəsinin rəisi vəzifəsində işləmiş, xx.xx.2007-ci ildə Ədliyyə orqanlarında qulluqda olmanın son yaş həddinə çatdığına görə pensiyaya çıxmağıyla əlaqədar sonuncu iş yeri olan Məhkəmə Ekspertizası Mərkəzinin böyük elmi işçisi vəzifəsindən azad edilərək, qulluq keçməyinə xitam verilmişdir. xx.xx.2001-ci il tarixdən xx.xx.2005-ci il tarixə qədər Azərbaycan Elmi- Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və X1 elmi işçi, xx.xx.2005-ci il tarixdən xx.xx.2007-ci ilə qədər Məhkəmə-İqtisad ekspertizası Elmi-Tədqiqat İnstitunda (Məhkəmə Ekspertiza Mərkəzində) böyük elmi-işçi vəzifəsində işləmiş və “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 40.1.10-cu maddəsinə əsasən ədliyyə orqalarında qulluqda olmanın son yaş həddinə çatdığına görə pensiyaya çıxmışdır. Məhkəmə araşdırması zamanı “mütəxəssis rəyinin təqdim edilməsi barədə” verilmiş sorğuya cavab olaraq, DSMF-nin Xüsusi Şərtlərlə Təyinat X8 19 avqust 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı Xüsusi Şərtlərlə X11 Filialda mövcud olan pensiya işinə aid sənədlərdə ona Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi tərəfindən 27 iyun 2005-ci il tarixindən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edildiyi qeyd olunmuşdur. İddiaçı 1 sentyabr 2017-ci il tarixində vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 890,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 267,00 manat, ixtisas dərəcəsinə görə əlavəsi 80,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 74,16 manat olmaqla orta aylıq əmək haqqısı 1311,16 manat təşkil etmişdir. Bununla əlaqədar adıçəkilən şəxsin əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.19.3-cü maddəsinə əsasən 26 il 19 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (1311,16 manat) 80 faizi-1048,93 manat məbləğində müəyyən edilmişdir. Lakin xx.xx.2017-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində ona hər ay 984,92 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr ərzində ona 384,06 manat əskik pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Ədliyyə orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 980,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 294,00 manat, ixtisas dərəcəsinə görə əlavəsi 80,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 81,66 manat olmaqla orta aylıq əmək haqqısı 1435,66 manat təşkil etmişdir. Bununla əlaqədar adıçəkilən şəxsin əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.19.2-ci maddəsinə əsasən 26 il 19 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (1435,66 manat) 80 faizi- 1148,53 manat məbləğində xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində ona hər ay 1083,53 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr ərzində ona 1170,00 manat əskik pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Ədliyyə orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1470,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 441,00 manat, ixtisas dərəcəsinə görə əlavəsi 80,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 122,50 manat olmaqla orta aylıq əmək haqqı 2113,50 manat təşkil etmişdir. Bununla əlaqədar adıçəkilən şəxsin əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.19.2-ci maddəsinə əsasən 26 il 19 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (2113,50 manat) 80 faizi- 1690,80 manat məbləğində müəyyən edilmişdir. Lakin xx.xx.2019-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ona 1626,50 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr ərzində ona 900,20 manat əskik pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanlara əsasən adıçəkilən şəxsin əmək pensiyası üzrə keçmiş müddət üçün ödənilməli olan 2454,26 manat fərq məbləği müəyyən edilib. Həmin 2454,26 manat pul vəsaiti sözügedən Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada 2020-ci ilin noyabr ayından etibarən hissə-hissə (hər ay 64,59 manat) pensiyasının (1690,50 manat) üzərinə əlavə olunmaqla (64,59+1690,50=1755,09 manat) müvafiq kart hesabına köçürülür. Hazıradək qeyd edilən vəsaitin 1420,98 manatı adıçəkilən şəxsə ödənilib, qalıq 1033,28 manat təşkil edir. İddiaçı 1 yanvar 2022-ci il tarixindən hesablanmaqla ona “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi-169,08 manat maddi yardım ödənilir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1993-cü ildən xx.xx.2001-ci ilədək Ədliyyə Nazirliyinin Maliyyə-təsərrüfat idarəsinin rəisi vəzifəsində işləmiş, iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi tərəfindən 27 iyun 2005-ci il tarixindən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Hazırda iddiaçıya vəzifə maaşı 1470,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 441,00 manat, ixtisas dərəcəsinə görə əlavəsi 80,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 122,50 manat olmaqla orta aylıq əmək haqqı 2113,50 əsas götürülmüş və “Əmək pensiyaları haqqında” Qanunun 20.19.2-ci maddəsinə əsasən 26 il 19 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (2113,50 manat) 80 faizi-1690,80 manat məbləğində pensiya müəyyən edilmişdir. Eyni zamanda yuxarıda qeyd edildiyi kimi, 1 yanvar 2022-ci il tarixindən hesablanmaqla ona “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi-169,08 manat maddi yardım ödənilir. İddiaçı hazırda əmək pensiyasının tərkibinə daxil olan vəzifə maaşı və staj illərinə görə əlavəni mübahisələndirmir. İddiaçı əmək haqqı barədə arayışda göstərilən maddi yardım və mükafatların cəminə görə əlavvənin məbləğini mübahisələndirir və 211,80 manat məbləğində hesablanması tələbini irəli sürür. Həmçinin vəzifə səlahiyyətlərinə görə 15% (1470x15%=220,50 manat), ixtisas dərəcəsinə görə 130 manat, vəzifə maaşının üç misli həcmində mükafat 367,50 manat (1470x3/12), bir aylıq müavinət 122,50 manat (1470/12) olmaqla pensiya məbləğinin 2370,64 manat (2963,3*80%) təşkil etməli olmasını irəli sürmüşdür. Qeyd edilənlərə əlavə olaraq, sonuncu dəfə iddia tələbini dəqiqləşdirərək, xx.xx.2022-ci ildən 12 ay üzrə ödənilməli olan 10% əlavə olan 10224,72 manat (2370,64+10%=2607,59; 2607,59-1755,50=851,09; 851,09x12=10224,72) ilə ümumilikdə 150.064,08 manatın ödənilməsini tələb edir. İddiaçı hesab edir ki, dövlət qulluqçusu pensiyaya çıxanadək aldığı dövlət məvacibinin tərkibində olmayan və onun pensiyaya çıxmasından sonra verilməyə başlanılan əlavələri nəzərə almaqla özünün pensiyasının yenidən hesablanmasını tələb edə bilər. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 2017-ci il iyulun 1-dək qüvvədə olan 20.1-ci və 20.1.7-ci maddələrinə görə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlarının (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) əmək pensiyasına qulluq stajına görə əlavələr təyin edilir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması” Qaydaları Bənd 2. Əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun vəzifə maaşının, məcburi dövlət social sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır. Bənd 11. Dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibinə hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq bu barədə onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış əsasında hesablanır. İddiaçının əmək pensiyasının məbləği hesablanarkən nəzərə alınmasını tələb etdiyi ödənclər - vəzifə səlahiyyətlərinə görə 15% (1470x15%=220,50 manat); ixtisas dərəcəsinə görə 130 manat; vəzifə maaşının üç misli həcmində mükafat 367,50 manat (1470x3/12); bir aylıq müavinət 122,50 manat (1470/12) iddiaçının əmək pensiyası hesablanarkən əsas götürülən 24 aylıq dövr ərzində (1998-ci ilin noyabr ayından 2000-ci ilin noyabr ayınadək) onun əmək haqqına daxil olmamışdır. Həmin ödəncləri iddiaçı almamışdır. Qeyd edilən fakt iddiaçı tərəfindən də təkzib edilməmişdir. Lakin hesab edir ki, onları almasa belə pensiyasına hesablanmalıdır. Məhkəmə hazırkı iddia tələbi ilə bağlı Azərbaycan Respulbikası Konstitusiya Məhkəməsi Plenumunmun ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 15 may 2020-ci il tarixli Qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, ... şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Beləliklə, göstərilənlərdən aydın olur ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. Məsələyə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı iki əsas təməl prinsipinə uyğun deyil: - əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi; - əmək haqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı ödənməyən hissəsinin pensiya hesablanması zamanı nəzərə alınmaması. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Konstitusiya Məhkəməsi Plenumu adıçəkilən Qərarında yekunda bu nəticəyə gəlmişdir ki, ... “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur; “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Məhkəmə Konsitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini nəzərə alaraq, qeyd edir ki, şəxsə pensiya təyin edilərkən və ya yenidən hesablanarkən işlədiyi dövrdə təyinat (status) baxımından almadığı əlavələrə edilən artımlar nəzərə alına bilməz. Konkret hazırkı iş üzrə, iddiaçı o halda hazırda həmin vəzifədə işləyən şəxsin əmək haqqına daxil olan əlavələrin (ödənclərin) onun pensiyası təyin edilərkən (yenidən hesablanarkən) nəzərə alınmasını tələb edə bilər ki, təyinat (status) baxımından həmin növ əlavəni (ödənci) işlədiyi dövrdə almış olsun. Yuxarıda da qeyd edildiyi kimi, iddiaçının əmək pensiyasının məbləği hesablanarkən nəzərə alınmasını tələb etdiyi ödənclər - vəzifə səlahiyyətlərinə görə 15% (1470x15%=220,50 manat); ixtisas dərəcəsinə görə 130 manat; vəzifə maaşının üç misli həcmində mükafat 367,50 manat (1470x3/12); bir aylıq müavinət 122,50 manat (1470/12) iddiaçının əmək pensiyası hesablanarkən əsas götürülən 24 aylıq dövr ərzində (1998-ci ilin noyabr ayından 2000-ci ilin noyabr ayınadək) onun əmək haqqına daxil olmamışdır. Həmin ödəncləri iddiaçı almadığından onun pensiyası təyin edilərkən (yenidən hesablanarkən) nəzərə alına bilməz. İddiaçının pensiyası hesablanarkən: - vəzifə maaşı 1470,00 manat, - qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 441,00 manat, - ixtisas dərəcəsinə görə əlavəsi 80,00 manat, - mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 122,50 manat əsas götürülməklə “Əmək pensiyaları haqqında” Qanunun 20.19.2-ci maddəsinə əsasən 26 il 19 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (2113,50 manat) 80 faizi- 1690,80 manat məbləğində pensiya müəyyən edilmişdir. Mükafatlarla müavinətlərin cəminə görə əlavəni iddiaçı mübahisələndirir ki, onunla bağlı qeyd edilməlidir ki, iddiaçının əmək pensiyası hesablanarkən əsas götürülən 24 aylıq dövr ərzində (1998-ci ilin noyabr ayından 2000-ci ilin noyabr ayınadək) 1999-cu ilin dekabr ayı üzrə 288.000 manat, 2000-ci ilin mart ayı üzrə 192.000 manat mükafat, 2000-ci ilin iyul ayı üzrə 160.000 maddi yardım almışdır. Ümumilikdə 640.000 manat olmaqla aylıq vəzifə maaşının (320.000 manat) 200% olduğundan, iddiaçının əmək pensiyasının məbləği hesablanarkən dövlət məvacibinə mükafatlarla müavinətlərin cəminə görə əlavə 200% hesabı ilə, yəni (vəzifə maaşı x 200%) / 24 ay şəklində doğru olaraq hesablanmışdır. Yuxarıda qeyd edildiyi kimi, 1 yanvar 2022-ci il tarixindən hesablanmaqla ona “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi-169,08 manat maddi yardım ödənilir. Lakin iddiaçı özünün hesabladığı pensiya məbləğinə əlavə olaraq da 12 ay müddətinə 10% maddi yardım da tələb edir ki, iddianın əvvəlki hissələrinin əsassızlığı, hazırkı tələbin də təmin edilməməsini şərtləndirir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X3rşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar