Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7633/2021 22.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızı, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh "xxxx" MMC-yə qarşı “sənədlərin götürülməsi” barədə iddia ərizəsinə xitam verilməsi məsələsinə məhkəmənin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi cavabdeh "xxxx" MMC-yə qarşı “sənədlərin götürülməsi” barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 07.04.2021-ci il tarixli **********145908 nömrəli qərarı ilə "xxxx" MMC (VÖEN **********) növbədənkənar səyyar vergi yoxlaması (yoxlanılan dövr: 01.03.2018- 01.03.2021) təyin edilmişdir. Vergi Məcəlləsinin 42-ci maddəsinə əsasən vergi ödəyicisinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada 08.04.2021-ci il tarixli **********145936 nömrəli Tələbnamə təqdim edilmişdir. Lakin, səyyar vergi yoxlaması zamanı "xxxx" MMC-nin rəhbəri tərəfindən sənədlər yoxlamaya təqdim edilməmiş və yoxlama ilə əhatə edilən dövrə aid (01.03.2018-01.03.2021) aşağıda qeyd olunan sənədlər yoxlamaya təqdim edilmədiyi üçün yoxlamanın keçirilməsi mümkün olmamışdır. Aşağıdakı sənədlərin elektron surəti: 1. Vergi ödəyicisinin dövlət qeydiyyatı və uçot, habelə təşkilatı-struktur dəyişiklikləri barədə məlumat və sənədlər; 2. Ünvanı və təyinatı göstərilməklə vergi ödəyicisinin faktiki istifadəsində olan təsərrüfat obyektlərinin (subyektləri) siyahısı (excel faylda); 3. Yoxlama ilə əhatə edilən hər bir il üzrə dövriyyə qalıq cədvəli (excel faylda); 4. Yoxlama dövrünü əhatə edən bütün dövrlər üzrə aylıq, rüblük və illik bəyannamələrin hesablama faylları (rəqəmlərin götürdüyü uçot hesabları göstərilməklə); 5. Yoxlama dövrün əvvəlinə və sonuna qalıqlar göstərilməklə xammal-material hərəkəti barədə məlumat (excel faylda); 6. Vergi Məcəlləsinin 18-ci maddəsinə əsasən vergi ödəyicisi ilə qarşılıqlı surətdə asılı şəxs hesab olunan bütün şəxslərin siyahısı; 7. Yoxlama ilə əhatə edilən dövrlər üzrə aktivlərin ilkin dəyərini, ilin əvvəlinə olan qalıq dəyərini, alınmış və satılmış aktivləri, il ərzində əsas vəsaitə əlavə edilmiş təmir xərclərini, il ərzində vergi məqsədləri üçün tətbiq edilmiş amortizasiya dərəcələrini, ilin sonunda amortizasiya məbləğlərini və qalıq dəyərlərini göstərməklə əsas vəsait/qeyri-maddi aktivlərin reyestri (excel faylda); 8. Vergi ödəyicisinin təqdim etdiyi mənfəət vergisi bəyannamələrin 1 nömrəli əlavəsinin açıqlaması, o cümlədən 2018-ci ilin əvvəlinə qalan digər aktivlər üzrə qeyd edilmiş 507 246.37 manat və sair borclar üzrə qeyd edilmiş 553 000.35 manat məbləğlər barədə açıqlama (excel faylda); 9. Yoxlanılan dövrlər üzrə icarədə olan əsas vəsaitlərin siyahısı;
10. Yoxlanılan dövrlər üzrə işçilərin əldə etdiyi bütün mükafatlar, faydalar və ŞGV-ni və SSH-ni göstrməklə əmək haqqı cədvəlləri (aylıq əsasda excel faylda) və vergilərin hesablanması üçün zəruri olan digər sənədlər; Yoxlamanın predmetinə aid olan 01.03.2018-ci il tarixdən 01.03.2021-ci il tarixədək olan dövr üzrə aşağıdakı sənədlərin imzalanmış və möhürlənmiş kağız daşıyıcıda və ya gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş elektron surəti: 1. Vergi ödəyisicinin dövlət qeydiyyatı və uçot, habelə təşkilatıstruktur dəyişiklikləri barədə məlumat və sənədlər; 2. Vergi ödəyicisinin İT sistemi ilə əlaqədar sorğu üzrə cavablar; 3. Vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar sorğu üzrə cavablar; 4. Yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda nəğd dövriyyələrin hərəkəti; 5. Yoxlama ilə əhatə edilən dövrlər ezrə dövriyyə qalıq cədvəli; 6. Vergi ödəyicisinin aid olduğu şirkətlər qrupunun təşkilatı strukturu; 7. İştirak payı göstərilməklə Azərbaycan Respublikasının hüdudlarından kənarda terləşən hər-hansı törəmə müəssisələr barədə məlumat; 8. İpoteka predmeti olan bütün aktivlərin mülkiyyət sənədlərinin surəti; 9. Vergi Məcəlləsinin 18-ci maddəsinə əsasən vergi ödəyicisi ilə qarşılıqlı surətdə asılı şəxs hesab olunan bütün şəxslərin siyahısı; 10. Yoxlama ilə əhatə edilən dövrlər üzrə hüquqi şəxs vergi ödəyicisinin təsisçilərində olan bütün dəyişikliklər; 11. Dəyəri 10 000 manatdan yuxarı olan bütün borc və kredit müqavilələri; 12. Ünvanı və təyinatı göstərilməklə vergi ödəyicisinin faktiki istifadəsində olan təsərrüfat obyektlərinin (subyektləri) siyahısı; 13. Dəyəri 2 000 manatdan yuxarı olan bütün sığorta polisləri; 14. Qeydiyyatda olan bütün NKA üzrə Z-hesabatları. Tələbnamədə göstərilən sənədlər təqdim edilmədiyi üçün, 30.04.2021-ci, 20.05.2021-ci il tarixlər də Azərbaycan Respublikası Vergi Məcəlləsinin 42.2-ci maddəsinə uyğun olaraq sənədlərin təqdim edilməsi barədə iki nüsxədən ibarət Aktlar tərtib edilmişdir. Yoxlamanın aparılması üçün zəruri olan sənədlər təqdim edilmədiyindən Vergi Məcəlləsinin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi” haqqında 29.04.2021-ci il tarixli **********146457 nömrəli Qərar çıxarılmışdır.Lakin, vergi ödəyicisindən 29.04.2021-ci il tarixli **********146457 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi” haqqında Qərarda qeyd edilən, yoxlamanın aparılması üçün zəruri olan sənədlərin tam götürülməsi mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq, 20.05.2021-ci il tarixində Vergi Məcəlləsinin 43.10-cu maddəsinə əsasən iki nüsxədən ibarət sənədlərin təqdim edilməsindən imtina haqqında Akt tərtib olunmuşdur. İddiaçı 22.10.2021-ci il tarixli vəsatət ilə məhkəməyə müraciət edərək, məhkəmə mübahisə olmadığı üçün iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır, vergi ödəyicisi tərəfindən sənədlər yoxlamaya təqdim edilmədiyindən Vergi Məcəlləsinin 43.11-ci maddəsinə əsasən “Sənədlərin götürülməsi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Sənədlərin götürülməsi üçün səbəb olan şərait aradan qalxmışdır. Azərbaycan Rеspublikasının İnzibati Prоsеssual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Məhkəmə, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 39.3-cü maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş müddət ərzində inzibati akt qəbul edildikdə və ya şikayət təmin olunduqda iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən, sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğu üçün, işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı üçün hazırki vəziyyətdə işin icraatına Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3cü maddəsinə əsasən xitam verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 39, 67, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh "xxxx" MMC-yə qarşı “sənədlərin götürülməsi” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin.
Hakim Miminat Hacıbəyova