Məhkəmə qərarları › İş №2-1(112)-7633/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7633/2022

19.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7633/2022 19.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Adi cəlbetmə qaydasında üçüncü şəxs X7 nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan və ölçü sənədinin verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Pirşağı bağ massivində yerləşən 778,0 kv.metr sahəsi olan 285 nömrəli bağa dair iddiaçının adına texniki pasportun tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli, 243 saylı sərəncamına əsasən Pirşağı bağ sahəsində 218 nömrəli X3 tərəfindən 0,12 ha sahəsi olan 285 nömrəli bağ sahəsi iddiaçıya ayrılmışdır. Həmin vaxtdan bağ onun və ailəsinin istifadəsindədir, hasara alınmışdır. Bağa dair iddiaçının adına çıxarışın verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, imtina məktubu ilə bağ sahəsinə dair orderin arxiv nüsxəsi aşkar olunmamış, yoxlama-ölçü işlərinin aparılması ilə əlaqədar mütəxəssislər ünvanda olarkən məlum olmuşdur ki, bağ sahəsi sənədlə 1200.00 kv.m, faktiki isə 778.0 kv.m təşkil edir və torpaq sahəsinin azalmasına dair notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi təqdim edilmədiyi, həmçinin elektron kadastr məlumatlarına əsasən sözügedən bağ sahəsi “285t” saylı bağ sahəsinin ərazisinə uyğun olduğu bildirilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci və 15-ci maddəsinə istinad edərək çıxarışın verilməsindən imtina olunmuşdur. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri, Pirşağı bağ massivində yerləşən 778.0 kv.m sahəsi olan 285/T nömrəli bağa dair iddiaçının adına texniki pasportun tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir.

3. Məhkəmənin 25 fevral 2021-ci il tarixli Qərardadına əsasən X12 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

4. İddiaçının müraciətindən imtina onunla əsaslandırılmışdır ki, idarənin arxiv əsaslarında bağ sahəsinə dair orderin arxiv nüsxəsi aşkar olunmadı. Yoxlama-ölcü işlərinin aparılması ilə əlaqədar mütəxəssislər ünvanda olarkən məlum olmuşdur ki, bağ sahəsi sənədlə 1200,0 kv.m , faktiki isə 778,0 kv.m təşkil edir və torpaq sahəsinin azalmasına dair notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi təqdim edilməyib. Həmçinin elektron kadastr məlumatlarına əsasən sözügedən bağ sahəsi “285t” saylı bağ sahəsinin ərazisinə uyğundur. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında'’ Azərbaycan Respublikası qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır.

5. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən bildirilmişdir ki, Pirşağı bağ massivində yerləşən 285 nömrəli bağ sahəsi 285t nömrəli bağ sahəsinin ərazisinə uyğun olmasını təsdiq edən sənəd İdarənin arxivində aşkar olunmamışdır. Sorğu ilə əlaqədar olaraq 218 nömrəli kooperativin üzvlərinin siyahısının təsdiq olunmuş surəti göndərilmişdir.

6. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, sözügedən məsələ ilə bağlı idarənin arxiv əsaslarında bağ sahəsinə dair orderin arxiv nüsxəsi aşkar olunmamışdır. Yoxlama-ölcü işlərinin aparılması ilə əlaqədar mütəxəssislər ünvanda olarkən məlum olmuşdur ki, bağ sahəsi sənədlə 1200.0 kv.m, faktiki isə 778.0 kv.m təşkil edir və torpaq sahəsinin azalmasına dair notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi də həmçinin təqdim edilməmişdir. Həmçinin elektron kadastr məlumatlarına əsasən sözügedən bağ sahəsi “285t” saylı bağ sahəsinin ərazisinə uyğun olması müəyyən edilmişdir.

7. 3-cü şəxs iddiaya etiraz verərək bildirmişdir ki, iddia tələbi aşağıdakılara əsəsən qanunsuz və əsassızdır. Belə ki, iddiaçı iddia ərizəsində göstərmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli, 243 saylı sərəncamına əsasən Pirşağı bağ sahəsində 218 nömrəli X3 tərəfindən 0,12 ha sahəsi olan 285 nömrəli bağ sahəsi iddiaçıya ayrılmışdır. Həmin vaxtdan bağ sahəsinin onun və ailəsinin istifadəsində olduğunu bildirmişdir. Daha sonra həmin bağ sahəsinə reyestrdən çıxarışın verilməsindən imtina olunmasına dair cavab məktubunda orderin arxiv nüsxəsi aşkar edilməmişdir. Əlavə olaraq, iddiaçı qeyd etmişdir ki, yoxlama-ölçü işlərinin aparılması zamanı mütəxəsislər ünvanda olarkən məlum olmuşdur ki, bağ sahəsi sənədlə 1200.00 kv.m, faktiki isə 778,0 kv.m təşkil edir, eləcə də torpaq sahəsinin azalmasına dair notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi təqdim edilmədiyi, həmçinin elektron kadastr məlumatlarına əsasən sözügedən bağ sahəsi “285t” saylı bağ sahəsinin ərazisinə uyğun olduğu bildirilmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edirlər ki, iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan sənədlər sözügedən bağ sahəsinin X8 məxsus olduğunu sübut edir. Azərbaycan SSR, Bakı Şəhər Zəhmətkeş Deputatları Sovetinin İcraiyyə Komitəsi Bağlar Təsərrüfatı Trestinin 1-ci il tarixli 154 nömrəli bağın icarədarı X4 ünvanlanmış məktubda bağ sahəsindən yalnız istifadəçinin istifadə etmək hüququnun olduğu bildirilmişdir. Qeyd edirlər ki, Sultanov Məhərrəm X1 babasıdır. Xüsusilə vurğulanmalıdır ki, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatanın Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı Departamenti X5 və istismarı Birliyi ilə xx.xx.2005-ci il tarixli, 20 saylı Protokol əsasında, istifadəçi X12 ilə, 19 avqust 2005-ci il tarixində, 3384 saylı, “Pirşağı ərazisindəki 285 nömrəli bağın istifadəyə verilməsi haqqında” müqavilə imzalanmışdır. Bundan əlavə, etiraza əlavə edilən xx.xx.1995-ci il tarixli, 25245 saylı, xx.xx.1997-ci il tarixli 1675 saylı xx.xx.2003-cü il tarixli, 06 saylı qəbzlərin surətlərindən məlum olur ki, 3384 saylı müqaviləyə əsasən 285 nömrəli bağ sahəsindən istifadəyə dair X9 tərəfindən ödənişlər aparılmışdır. X5 və İstismarı Birliyinin xx.xx.2005-ci il tarixli, 224801 saylı, xx.xx.2007-ci il tarixli, 286397 saylı qəbzlərdən görünür ki, 3384 saylı müqaviləyə əsasən 285 nömrəli bağ sahəsindən istifadəyə dair X12 tərəfindən ödənişlər edilmişdir. Bakı şəhəri Sabunçu rayonu, Pirşağı Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 553174 saylı qəbzindən görünür ki, 3384 saylı müqaviləyə əsasən 285 nömrəli bağ sahəsindən istifadəyə dair X12 tərəfindən ödəniş aparılmışdır. X7 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi İdarəsinə göndərdiyi 13 mart 2010-cu il tarixli 11191 nömrəli ərizəsinə cavab olaraq, xx.xx.2010-cu il tarixli, 09/19583 saylı müşayiət məktubuna Bakı şəhəri, Pirşağı qəsəbəsi 285 saylı bağın texniki pasportunun 3384 saylı müqavilə üzrə X7 adına rəsmiləşdirilmiş 285 saylı bağ sahəsinin xx.xx.2007-ci il tarixli eskizin surəti əlavə edilmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2015-ci il tarixli, reyestr nömrəsi **********00 olan “Torpaq sahəsinin planı və ölçüsü”ndə hüquq sahibi kimi X12 qeyd edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015ci il tarixli, RX seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 285 saylı bağ sahəsi Daşınmaz əmlakın dövlət reyestrində 561 nömrəli reyestr kitabının 53125 nömrəli vərəqində xüsusi mülkiyyət hüququ üzrə X7 adına qeydiyyata alınmışdır.

8. Təqdim edilən sənədlərə əsasən müəyyən edilmişdir: -Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən X10 ünvanlanan 07 mart 2019cu il tarixli 7-84-112 saylı Arxiv arayışından görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının “bağ sahəsinin ayrılması, ada keçirilməsi, bölünməsi”nə dair xx.xx.1994-cü il tarixli, 243 saylı sərəncamından çıxarışa əsasən Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il 6/333 №li və Azərbaycan SSR Nazirlər Kabinetinin 02 iyun 1988-ci il 195№li Qətnaməsinə əsasən İddiaçı Pirşağı BTK 218 bağ 285 ünvanda bağ-tikinti kooperativlərinin tərkibində bağ sahəsi ayrılmışdır; - Bakı şəhər İcra Hakimiyyəti Apparatının Əhaliyə Xidmət, Fərdi və bağ evlərinin tikintisi üzrə baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsi tərəfindən verilən Pirşağı bağlar sahəsindəki 218 kooperativinə ayrılan 61 №li Orderin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki Bakı şəhər İcra Hakimiyyətinin 21 fevral 1994-cü il tarixli 243 saylı Qərarına əsasən X13 218 №li BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 285 №li bağ İddiaçı adına ayrılmışdır. Sözügedən torpaq sahəsinə dair İddiaçı tərəfindən 11 yanvar 1994-cü il tarixli qəbz əsasında 1800 (min səkkiz yüz) manat məbləğində pul vəsaiti Bağlar Təsərrüfatı İdarəsinin hesabına köçürülmüşdür. -iddiaçı tərəfindən cavabdehə ünvanlanan 24 may 2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, iddiaçı ünvan 2 ünvanda yerləşən 1200.0 kv.metr torpaq sahəsindən azalaraq faktiki 778.0 kv.metr torpaq sahəsinin özəlləşməsinə və çıxarış verilməsinə etiraz etmədiyini bildirmiş, gələcəkdə bununla bağlı heç bir iddia tələbinin olmadığını qeyd etmişdir. -iddiaçının etibarnamə üzrə nümayəndəsi X10 ünvanlanmış 07 may 2019- cu il tarixli, **********33 saylı məktubdan görünür ki, iddiaçının Bakı şəhəri, Pirşağı bağ massivində yerləşən 778,0 kv.metr sahəsi olan 285 nömrəli bağa dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə müraciətinə baxılmış, idarənin arxiv əsaslarında bağ sahəsinə dair orderin arxiv nüsxəsinin aşkar olunmadığı, yoxlama-ölcü işlərinin aparılması zamanı bağ sahəsinin sənədlə 1200.0 kv.m, faktiki isə 778.0 kv.m təşkil etdiyi və torpaq sahəsinin azalmasına dair notarial qaydada təsdiq edilmiş razılıq ərizəsinin təqdim edilməyi, həmçinin elektron kadastr məlumatlarına əsasən sözügedən bağ sahəsinin “285t” saylı bağ sahəsinin ərazisinə uyğun olmasına istinad edilməklə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. -cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 12 sentyabr 2019-cu il tarixli məktubda Pirşağı bağ massivində yerləşən 285 t nömrəli bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə məlumatın idarənin arxivində aşkar olmadığı bildirilmişdir. Həmçinin cavabdeh tərəfindən məhkəməyə 27 dekabr 2019-cu il tarixdə məktub ünvanlanaraq Pirşağı bağ massivində yerləşən 285 nömrəli bağ sahəsinin ərazisinə uyğun olmasını təsdiq edən sənədin idarənin arxivində aşkar olmaması bildirilərək 218 nömrəli kooperativin üzvlərinin siyahısının təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmişdir; -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 285 saylı bağ sahəsinin ********** qeydiyyat nömrəsi ilə xx.xx.2015-ci il tarixdə X7 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmiş və bu barədə 05 mart 2015-ci il tarixdə qeydiyyata alınmış, torpaq sahəsinin plan ölçüsü tərtib edilərək Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmişdir. -Bakı şəhər İcra Hakimiyyəti Başçısının “bağ sahəsinin ayrılması, ada keçirilməsi, bölünməsi və dəyişdirilməsi”nə dair xx.xx.1994-cü il tarixli, 243 saylı sərəncamının təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il 6/333 №li və Azərbaycan SSR Nazirlər Kabinetinin 02 iyun 1988-ci il 195№li Qətnaməsinə əsasən İddiaçı Pirşağı BTK 218 bağ 285 ünvanda bağ sahəsi ayrılmışdır. -Həmçinin cavabdeh tərəfindən məhkəmənin sorğusu əsasında təqdim olunan 18 may 2020-ci il tarixli məktubda 285 №li bağ sahəsinin köhnə Pirşağı bağ massivi ünvanında qeydiyyata alınması, faktiki göstərilən sahənin isə təzə Pirşağı bağ massivində olması və bağın nömrəsinin 285/t olması bildirilmiş və eyni zamanda Pirşağı bağ massivində yerləşən 280 saylı bağ sahəsi ilə 290 saylı bağ sahəsi arasında yerləşən bağ sahələrinin sxematik xəritənin sözügedən sahələrə aid olan hissəsi məhkəməyə təqdim edilmişdir.

9. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilərək Bakı şəhəri, Pirşağı bağ massivində yerləşən 778,0 kv.m sahəsi olan 285/T nömrəli bağa dair İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, bununla bağlı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-614/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-166/2021 saylı qərarı ləğv edilmişdir.

11. Qərardad onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən tədqiq olunan həmin sübutlarla müəyyən edilən hallar heç də onu deməyə əsas vermir ki, iddiaçı tələbini 285 saylı bağ sahəsinə deyil 285 t saylı bağ saəhsinə dair dəqiqləşdirməlidir. Çünki Bakı şəhər İcra Hakimiyyətinin qeyd olunan sərəncamına və Bağlar Təsərrüfatı İdarəsi tərəfindən verilmiş orderə əsasən iddiaçının “285” saylı bağ sahəsinə istifadə hüququ tanınmışdır. “285 t” saylı bağ sahəsinin başqa bir sahibi də ortaya çıxması da istisna deyil. Həm də “285 t” saylı bağ sahəsinə iddiaçının subyektiv hüququ mövcud deyil. Onun sənədləri 285 saylı bağ sahəsinədir. Belə olan halda, iddiaçı tələbinin məhz həmin “285 t” saylı bağ sahəsinə münasibətdə dəqiqləşdirməsi düzgün hesab edilən münasib iddia tələbi kimi qəbul oluna bilməz.

12. Birinci instansiya məhkəməsində təkrar baxış zamanı məhkəmə tərəfindən göstərilən hüquqi yardım əsasında iddia tələbi Bakı şəhəri, Pirşağı bağ massivində yerləşən 778,0 kv.m. sahəsi olan 285 nömrəli bağa dair çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması kimi dəyişdirilmişdir.

II. İddianın növü və mümkünlüyü

13. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

14. İddia tələbi plan və ölçü sənədinin tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsidir, iddiaçının yekun məqsədi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsi olduğundan iddianın növü öhdəliyin icrasına dair iddiadır.

15. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

16. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).

17. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.

19. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış inzibati orqan tərəfindən həyata keçirilmiş faktiki xarakterli hərəkətin (hüquqların qeydiyyatının) nəticəsi olaraq, aparılmış qeydiyyatın ifadəsi olduğundan özlüyündə hüquqi nəticə yaratmır. Çıxarış qeydiyyatın (hüquqi aktın) nəticəsinin hüquq sahibinə təqdim edilməsidir. Hüquq sahibi üçün hüquqi nəticə məhz cavabdeh qurumun faktiki xarakterli hərəkəti ilə yarandığından (qeydiyyatın aparılmasına dair hüquqi akt) hazırki iddiaya öhdəliyin icrası haqqında iddia kimi baxılmalıdır.

20. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

21. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

22. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPMin 73.1-ci maddəsi tətbiq oluna bilər.

23. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

24. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:

1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

25. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.

26. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

27. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

29. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

30. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

31. X16 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).

32. X16 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

33. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının ona verilmiş torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var.

34. Cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur.

35. İddiaçı tərəfindən torpaq sahəsinin həcminin azaldılaraq 778,0 kv.m. sahəyə dair hüquqlarının qeydə alınması barədə iddiaçının cavabdeh quruma müraciəti var.

36. Məhkəmə hesab edir ki, iddiaçıya məxsus Bakı şəhəri, Pirşağı bağ massivində yerləşən 218№-li BTK-nın nəzdində Pirşağı bağ massivində 778,0 kv.m. sahəsi olan 285 nömrəli bağa dair çıxarışın və plan-ölçünün verilməsi torpaqayırmaya dair etibarlı sərəncam (arxiv arayışı) mövcud olduğundan iddiaçının hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh qurum tərəfindən X7 adına olduğu qeyd edilən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 285 saylı digər bağ sahəsinin iddiaçıya məxsus torpaq sahəsi ilə əlaqəsi yoxdur, həmin bağlar üst-üstə düşmür, Pirşağı qəsəbəsində ayrı-ayrı ərazilərdə yerləşir. Belə ki, iddiaçıya ayrılmış torpaq sahəsi 218№-li BTK-nın nəzdində yerləşir, X7 adına Sabunçu rayonu, Pirşağı qəsəbəsi 285 saylı bağ sahəsinə dair isə X5 və İstismarı Birliyi ilə bağlanmış 3384 saylı xx.xx.2005-ci il tarixli müqavilə mövcuddur. Qeyd edilən torpaqların Pirşağı bağ massivində fərqli ərazilərdə olması cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli **********94 nömrəli məktubda da qeyd edilmişdir. Belə ki, bildirilmişdir ki, 285 nömrəli bağ sahəsi köhnə Pirşağı bağ massivi ünvanında qeydiyyata alınıb, faktiki göstərilən sahə isə təzə Pirşağı bağ massivindədir. Əlavə olaraq Bakı şəhəri, Sabunçu rayonu “Pirşağı-T” bağ massivində yerləşən 280 saylı bağ sahəsi ilə 290 saylı bağ sahəsi arasında yerləşən bağ sahələrinin sxematik xəritəsinin bir hissəsi təqdim edilərək bağın nömrəsinin “285t” olmalı olduğu bildirilmişdir. Lakin təqdim olunan sxematik xəritədə “285t” saylı bağ sahəsi yoxdur.

37. Odur ki, inzibati orqan səlahiyyətlərinə uyğun olaraq torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərinin və texniki sənədlərin tərtib edilməsi işlərinin aparılması qaydasında uyğunsuzluğu aradan qaldırmaqla iddiaçının 218№-li BTK-nın nəzdində Pirşağı bağ massivində 778,0 kv.m. sahəsi olan 285 nömrəli bağa dair mülkiyyət hüquqlarının qeydiyyatını təmin etməlidir.

38. Məhkəmə iş materiallarında olan 218 nömrəli BTK-nın üzvlərinin siyahısına münasibətdə qeyd edir ki, həmin siyahı Bakı şəhər Soveti İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli qərarına əsasən tərtib edilmişdir. İddiaçıya isə torpaq sahəsi daha sonra Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli 243 saylı sərəncamı əsasında ayrılmışdır.

39. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

40. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

41. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

42. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

43. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

44. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. 218№-li BTK-nın nəzdindəki Bakı şəhəri, Pirşağı bağ massivində yerləşən 778,0 kv.m. sahəsi olan 285 nömrəli bağ sahəsinə dair İddiaçı mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə alaraq adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar