Məhkəmə qərarları › İş №2-1(112)-7633/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7633/2025

29.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7633/2025 29.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra mətndə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-188261/2025 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-188261/2025 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı ilə İddiaçı MMC-yə (VÖEN: **********) kameral vergi yoxlaması ilə 2023-cü il mənfəət vergisi üzrə 94.397,48 (94 min 397 ) manat vergi borcu hesablanmışdır. Hesablamanın əsası elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatların riskli hesab olunması və həmin əməliyyatlar üzrə çəkilmiş 314670 (314 min) manat məbləğində xərclərin qəbul edilməməsi olmuşdur. Vergi orqanının mövqeyi əsassızdır və aşağıda qeyd olunanlara əsasən kameral vergi yoxlamalarının nəticələri ilə razılaşmırlar. Vergi orqanı tərəfindən göndərilmiş uyğunsuzluq məktubunda əməliyyatların riskli hesab olunmasına istinad olunmaqla həmin iş və xidmətlər şübhə altına almış və aparılmış əməliyyatlar üzrə ödənilmiş məbləğləri xərc kimi nəzərə almamışdır. Sifarişçi İddiaçı MMC ilə icraçı riskli vergi ödəyicisi olan "xxxx" MMC (VÖEN:**********) arasında hər hansı bir riskli əməliyyat (əmtəəsiz əməliyyat) aparılmamışdır. Belə ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında görülmüş xidmətlərə görə tərəflər arasında “Beynəlxalq yük daşımasının təşkili haqqında” xx.xx.2023-cü il tarixli 0423 saylı xidmət müqaviləsi bağlanmış, ekspeditor "xxxx" MMC-nin göndərdiyi elektron qaimələrə əsasən xidmətlərin dəyəri sifarişçi İddiaçı MMC tərəfindən ödəniş tapşırığı ilə "xxxx" MMC-nin bank hesablarına nağdsız qaydada ödənilmişdir. Həmçinin bildiririk ki, qeyd olunan xidmətlər göstərilən dövrdə (2023-cü ildə) "xxxx" MMC riskli vergi ödəyişi olmamışdır. Belə ki, "xxxx" MMC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********503800 nömrəli qərarı ilə riskli vergi ödəyicisi hesab edilmişdir. İddiaçı MMC "xxxx" MMC-nin gələcəkdə riskli vergi ödəyiciləri qrupuna daxil ediləcəyini bilə bilməzdi. "xxxx" MMC-nin sonradan başqa vergi ödəyiciləri ilə apardığı riskli əməliyyatlara görə riskli vergi ödəyiciləri qrupuna daxil edilməsinə görə iddiaçı ilə həmin şəxs arasında aparılan əməliyyatların əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək həmin əməliyyat görə ödənilmiş məbləğlərin vergi ödəyicisinin xərclərində nəzərə alınmaması qanunsuz və əsassızdır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə informasiya” sistemi vasitəsilə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazı): Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin iddia tələbinə dair yazılı mülahizəsində (etirazında) göstərilmişdir ki, xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-188261/2025 tarixli qərar ilə iddiaçıya 2023-cü ilin mənfəət vergisi üzrə 94397,48 manat əlavə mənfəət vergisi hesablanmışdır. Cavabdeh iddia tələbi ilə razılaşmır və aşağıda qeyd olunan səbəblərə görə hesab edir ki, iddia təmin edilməməlidir. Aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2023-cü ilin mənfəət vergisi bəyannaməsində 406695 manat təsdiqini tapmayan xərc (o cümlədən 314670 manat əldə edilmiş riskli EQF), ezamiyyə xərci ilə əlaqədar 65292 manat bank üzrə təsdiqini tapmamışdır. Qeyd edilənləri nəzərə alaraq 471987*20%=94397,4 manat vergi məbləği hesablanmışdır. Qarşılıqlı əməliyyatlar üzrə aparılmış vergi nəzarəti tədbirləri zamanı "xxxx" MMC (VÖEN: **********) təqdim olunmuş e-qaimələrdə əmtəəsiz əməliyyatlar aparılması faktı aşkar edilmişdir. Qeyd edilən hal nəzərə alınaraq müvafiq risk meyarlarının 2.1.2-ci yarımbəndinə əsasən hüquqi şəxs riskli vergi ödəyicisi hesab olunur. Vergi Məcəlləsinin 175.11-ci maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Həmçinin, Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və Vergi Məcəlləsinin 175.11-ci maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Vergi Məcəlləsinin 13.2.69-cu maddəsinə əsasən vergi üstünlüyü – vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma, 13.2.70-ci maddəsinə əsasən vergidən yayınma sxemi – vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat, 13.2.71-ci maddəsinə əsasən vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəricisi – vergi tutulan əməliyyatın məbləği, həcmi (mal partiyasının həcmi), icra müddəti və şərtləri, 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Həmin Məcəllənin: 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3-cü maddəsinə əsasən vergi orqanı kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar etdikdə vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. 83.7-ci maddəsinə əsasən vergi orqanlarında vergi ödəyicisinin vergini ödəməkdən yayınmaq niyyətində olduğunu təsdiq edən əsaslandırılmış konkret məlumat varsa və verginin tutulmasının təmin edilməsi zəruridirsə, habelə vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ vardır. 108-ci maddəsinə əsasən gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. 134-cü maddəsinə əsasən hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır. 135.1-ci maddəsinə əsasən müvafiq məbləğ vergi ödəyicisinə qeyd-şərtsiz ödənilməlidirsə, yaxud vergi ödəyicisi əqd və ya müqavilə üzrə bütün öhdəliklərini yerinə yetirmişdirsə, bu vaxt gəliri almaq hüququ əldə edilmiş sayılır. 135.2-ci maddəsinə əsasən Vergi ödəyicisi müqavilə üzrə iş görürsə və ya xidmət göstərirsə, gəlir onu almaq hüququ müqavilədə nəzərdə tutulan işlərin görülməsinin və ya xidmətlərin göstərilməsinin tam başa çatdığı vaxtda əldə edilmiş sayılır. 136.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi uçotunun aparılması üçün hesablama metodundan istifadə etdikdə, əqdlə bağlı olan xərcin çəkilməsi vaxtı, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, aşağıda sadalanan şərtlərin hamısına əməl edildiyi vaxt sayılır: 136.1.1.vergi ödəyicisi birmənalı olaraq maliyyə öhdəliklərini qəbul edir; 136.1.2.maliyyə öhdəliklərinin məbləği dəqiq qiymətləndirilir; 136.1.3.əqddə və ya müqavilədə iştirak edən bütün tərəflər əqd və ya müqavilə üzrə özlərinin bütün öhdəliklərini yerinə yetirmişlər, yaxud müvafiq məbləğlər qeyd-şərtsiz ödənilməlidir. 136.2-ci maddəsinə əsasən bu maddədə göstərilən maliyyə öhdəliyi əqdə və ya müqaviləyə müvafiq surətdə qəbul edilən elə öhdəlikdir ki, onun yerinə yetirilməsindən ötrü əqdin və ya müqavilənin digər iştirakçısı pul şəklində və ya digər şəkildə müvafiq vəsait verməli olsun. 136.3- cü maddəsinə əsasən borc öhdəliyi üzrə faizlər və ya əmlakın icarə haqqı ödənilərkən borc öhdəliyi və ya icarə müqaviləsi üzrə ödənişin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, xərc həmin hesabat dövrləri üzrə onun hesablanma qaydasına müvafiq surətdə bölüşdürülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın: 1.1-ci bəndinə əsasən bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir. 2.1.1.ci bəndinə əsasən bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda. 3.1-ci bəndinə əsasən Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.2-ci bəndinə əsasən vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə) əməliyyatlar riskli əməliyyat hesab olunur. Bundan əlavə bildiririk ki, riskli vergi ödəyicisi hesab olunma ilə bağlı vergi orqanının bundan əvvəl çıxış etdiyi məhkəmə mübahisələrində mövcud olmuş oxşar predmetli inzibati iş vergi orqanının xeyrinə yekunlaşmışdır. Bununla bağlı iddiaçı "xxxx" MMC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddiası üzrə qəbul edilmiş Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)- 1212/2023 nömrəli qərarında məhkəmə kollegiyasının sözügedən məsələ ilə bağlı hüquqi mövqeyi qeyd etməyi zəruri hesab edirik. Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-1212/2023 nömrəli qərarında qeyd olunur: “**********702300 nömrəli qərardan görünür ki, "xxxx" MMC xx.xx.2021-ci il tarixdə riskli vergi ödəyicisi hesab edilmiş və müvafiq siyahıya daxil edilmişdir. İddiaçı ilə "xxxx" MMC arasında olan əməliyyatlar isə 2021-ci ilin iyun-avqust aylarını əhatə etmiş və sonuncu əməliyyat xx.xx.2021-ci il tarixdə həyata keçirilmişdir. Yəni "xxxx" MMC ilə iddiaçı arasında əməliyyatlar həyata keçirildiyi vaxt (alğı-satqı əməliyyatları) "xxxx" MMC riskli vergi ödəyicisi olmamışdır. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul etmir. Belə ki, işdən göründüyü kimi, iddiaçının istinad etdiyi "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2021-ci il tarixli qərar mübahisələndirilməmiş, hər hansı orqan tərəfindən ləğv edilməmişdir. Beləliklə, həmin qərarın əsası kimi çıxış edən faktlar da təkzib olunmamışdır. Başqa sözlə, həmin hüquqi şəxsin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar qəbul edilmədiyi halda belə, bu, vergi orqanının iddiaçıya münasibətdə ödənilməli vergilərin azaldılmasına səbəb olan həmin fakta və ya faktlara (əmtəəsiz əməliyyatların aparıldığına və həmin əməliyyatlara əsaslanan xərc sənədlərinin tərtib edildiyinə) istinadla qərar qəbul etmək imkanına təsir etmir. Həmin faktlar isə, mübahisələndirilən qərar qəbul edilənədək mövcud olmuşdur”. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi (vəkili) iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək, məhkəməyə təqdim edilmiş iddia tələbinə dair yazılı etirazda qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:

1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;

2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). İddiaçı hazırki iddia ilə məhkəməyə qanunla müəyyən edilmiş müddətdə, mübahisələndirilən xx.xx.2025-ci il tarixli inzibati aktın (qərarın) təqdim olunduğu vaxtdan 30 gün müddətində yəni, xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. İddia mümkündür.

Faktiki hallar və sübutlar:

İş materiallarında olan:

"xxxx" MMC (VÖEN: **********) Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024cü il tarixli **********503800 nömrəli qərarı ilə riskli vergi ödəyicisi hesab edilmişdir.

Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-188261/2025 №-li qərarının surətindən müəyyən olunur ki, 2023-cü il mənfəət vergisi üzrə; - Təqdim edilmiş bəyannamə, hesabat üzrə tərəfindən təqdim edilmiş bəyananamə, hesablanmış vergi və sığorta haqqı – 39.520,48 manat; - Əvvəlki kameral yoxlama ilə müəyyən edilmiş vergi və ya sığorta haqqı – 0,00 manat; - Vergi orqanı tərəfindən aparılmmış kameral vergi yoxlama nəticəsində müəyyən ediliş vergi və sığorta haqqı – 133.917,96 manat. - Kameral yoxlama nəticəsində: Əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği – 94.397,48 manat; Verginin azaldılmış məbləği və ya sığorta haqqı – 0,00 manat; Bəyannamə və hesabat təqdim edilməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı – 0,00 manat müəyyən olunmuş və qeyd olunan nəticə aşağıda göstərilənlərlə əsaslandırılmışdır: - Təqdim edilmiş bəyannamənin “Xammal və materiallar”, “Malın dəyəri”, " Hüquqi şəxslər üzrə icarə", “Enerji xərcləri”, “Qaz xərcləri”, “Yanacaq xərcləri”, “Su və kanalizasiya xərcləri”, “Rabitə xərcləri”, “Mühafizə xərcləri”, “Reklam xərcləri”, “Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər”, “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” , " Nəqliyyat xərcləri", “Digər xərclər”, " Royalti xərcləri", " Siğorta xərcləri", bəyannamənin 1 Ns-li Əlavəsində “Əsas vəsaitlər”in dövr ərzində daxil olması (Kapitallaşdırma üçün aktivlərin silgisi nəzərə alınmaqla), “Kapitallaşdırma üçün aktivlər”in dövr ərzində daxil olması məbləğlərin cəmi ilə hesabat dövrünün əvvəlinə " Ehtiyatlar"ın qalıq dəyərinin, cari il ərzində əldə edilmiş e-qaimə-fakturaların (riskli e-qaimə-fakluraların məbləği istisna olmaqla), alış aktlarının, YGB məlumatlarına əsasən alınmış mal-materialların məbləğinin, bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələri 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər), 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri), 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr), 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər), 1607.1.2-ci (Fiziki şəxslər üzrə gəlirlər) sətirlərinin cəmindən “Hesabat dövrünün sonuna” ehtiyatların qalıq dəyərinin çıxılması ilə yaranan məbləğin müqayisəsi nəticəsində 406695 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Eyni zamanda təqdim edilmiş bəyannamənin 221.6-cı sətrində 73020 manat qeyd edilməsinə baxmayaraq müvafiq təsdiqedici sənədlərin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ

Azərbaycan Respublikası Vergi Məcəlləsi

Maddə 13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar ... 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir;

Maddə 37. Kameral vergi yoxlaması

37.1. kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir.

Maddə 109. Gəlirdən çıxılmayan xərclər ... 109.9. Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”

İnzibati Prosessual Məcəllə:

Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

MƏHKƏMƏNİN MÖVQEYİ

Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Hazırki işdə iddiaçının hüquqi marağı vergi orqanı tərəfindən onun barəsində kameral vergi yoxlaması nəticəsində mənfəət vergisi üzrə əlavə verginin hesablanmasına dair cavabdeh orqanın “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-188261/2025 nömrəli qərarın ləğvinə yönəlmişdir. Mübahisələndirilən qərara nəzər yetirdikdə görünür ki, həmin qərar cavabdeh tərəfindən kameral vergi yoxlamasının aparılması nəticəsində qəbul edilmiş, qərarın qəbul edilməsinə əsas olan hallar isə vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2023-cü ilin mənfəət vergisi bəyannaməsində 406695 manat təsdiqini tapmayan xərc (o cümlədən 314670 manat əldə edilmiş riskli EQF), ezamiyyə xərci ilə əlaqədar 65292 manatın bank üzrə təsdiqini tapmaması olmuşdur. Göründüyü kimi, vergi orqanı iddiaçıya mənfəət vergisini Vergi Məcəlləsinin 109.9cu maddəsinə əsasən hesablamışdır. Hesablanmış verginin qanuniliyinin qiymətləndirilməsindən öncə məhkəmə riskli vergi ödəyiciləri və onlarla aparılan qarşılıqlı əməliyyatların hüquqi nəticələrinin qanunvericiliyin normaları baxımından təhlilini zəruri hesab edir. Qeyd edilməlidir ki, riskli vergi ödəyiciləri ilə bağlı normalar Vergi Məcəlləsinə xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmiş və xx.xx.2020-ci il tarixdən hüquqi qüvvəyə minmişdir. Həmin normalara əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” hazırlanmış və xx.xx.2020-ci il tarixli, 265 nömrəli Qərarla təsdiq olunmuşdur. Həmin qərar xx.xx.2020-ci il tarixdən hüquqi qüvvəyə minmişdir. Qeyd olunan tarixdən Məcəlləyə daxil edilən 13.2.82-ci maddəyə əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Qanunvericilik “əmtəəsiz əməliyyat” termininə Məcəllədə hüquqi izah versə də (əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar), “riskli əməliyyatlar” termininə Məcəllədə aydınlıq gətirilməmişdir. Bununla belə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 3-cü bəndi riskli əməliyyatları aşağıdakı kimi təsbit etmişdir: - vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsi; - vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Vergi Məcəlləsinin 13.2.82, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın müddəalarının birgə təhlili onu deməyə əsas verir ki, riskli və (ya) əmtəəsiz əməliyyat aparan vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Başqa sözlə, vergi ödəyicisinin riskli və (ya) əmtəəsiz əməliyyat aparması onun barəsində “riskli vergi ödəyicisi olma barədə” qərarın qəbulu ilə nəticələnir. Bundan əlavə, Vergi Məcəlləsi riskli və (ya) əmtəəsiz əməliyyat aparan vergi ödəyiciləri ilə bağlı barələrində “riskli vergi ödəyicisi olma barədə” qərarın qəbulu ilə yanaşı, həmin əməliyyatın iştirakçısı olan tərəflərin, yəni vergi ödəyicilərinin vergi öhdəliklərinin müəyyən edilməsi ilə bağlı əlavə tənzimləmələr də nəzərdə tutmuşdur. Belə ki, Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Həmin Məcəllənin 175.11-ci maddəsinə əsasən isə əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. İş materiallarından göründüyü kimi, iddiaçının istinad etdiyi "xxxx" MMC-nin (VÖEN: **********) Riskli vergi ödəyicisi hesab edilməsi barədə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********503800 nömrəli qərar mübahisələndirilməmiş, hər hansı orqan tərəfindən ləğv edilməmişdir. Beləliklə, həmin qərarın əsası kimi çıxış edən faktlar da təkzib olunmamışdır. Başqa sözlə, həmin hüquqi şəxsin Riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar qəbul edilmədiyi halda belə, bu, vergi orqanının iddiaçıya münasibətdə ödənilməli vergilərin azaldılmasına səbəb olan həmin fakta və ya faktlara (əmtəəsiz əməliyyatların aparıldığına və həmin əməliyyatlara əsaslanan xərc sənədlərinin tərtib edildiyinə) istinadla qərar qəbul etmək imkanına təsir etmir. Həmin faktlar isə, mübahisələndirilən qərar qəbul edilənədək mövcud olmuşdur. İPM-nin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar