Məhkəmə qərarları › İş №2-1(112)-7637/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7637/2021

21.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7637/2021 21.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi X10 qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə və Ağdam rayon İcra Hakimiyyətinə qarşı dayandırılmış aylıq müavinətin bərpa edilməsi barədə iddia tələbinə dair inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə və Ağdam rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məcburi köçkün kimi verilən aylıq müavinətin Azərbaycan Respublikası Qaçqınlar və X6 üzrə Dövlət Komitəsi tərəfindən 2019-cu ilin oktyabr ayından qanunsuz olaraq dayandırıldığı üçün həmin tarixdən vahid aylıq müavinətin verilməsinin bərpa olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, məlum Qarabağ hadisələri ilə bağlı Ağdam şəhərinin işğalından sora ailəsi ilə birlikdə məcburi köçkün kimi Bakı şəhərində məskunlaşmışdır. 2019-cu ilin oktyabr ayından dövlət tərəfindən ona verilən aylıq müavinətin ödənilməsi cavabdeh inzibati orqan tərəfindən dayandırılmışdır. Ağdam rayon şöbəsinə zəng vurmuş, ona bildirilmişdir ki, müavinətin ödənilməsi X6 Üzrə Dövlət Komitəsi tərəfindən dayandırılmışdır. Səbəbini isə izah etməmişdirlər. O, Azərbaycan Respublikasının X6 Üzrə Dövlət Komitəsinə iki dəfə ərizə ilə müraciət etmişdir. Lakin heç bir cavab ala bilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 1206 saylı Fərmanında və eyni zamanda dövlətin digər hüquqi aktlarında dəyişikliklər edilməsinə rast gəlməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanının 2.1- ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti 24 yanvar 2017-ci il tarixli 11 saylı qərarı ilə “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası” təsdiq edilmişdir. Həmin qayda hal-hazırda qüvvədədir. 2020-ci ilin mart ayında pandemiya ilə bağlı bağlı sərt karantin rejimi başlanmışdır və heç hara çıxa bilməmişdir. Hal-hazırda yenidən ərizə ilə müraciətinə baxılacağına ümidi olmadığından işin məhkəmə qaydasında həll edilməsi üçün 20.03.2021-ci il tarixdə Azərbaycan Respublikasnın Qaçqınlar və X6 Üzrə Dövlət Komitəsinə pretenziya qaydasında müraciət etmişdir. Lakin heç bir nəticə əldə etmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra ərizənin və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehlərə təqdim edilərək, cavabdehlərdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, iddianın mümkünlük məsələsi ilə bağlı məhkəmə iclasları 21.09.2021-ci il və 21.10.2021-ci il tarixlərə təyin edilmişdir. Cavabdeh Ağdam rayon İcra Hakmiyyətinin iddiaya dair etirazı məhkəməyə daxil olmamışdır. Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi məhkəməyə təqdim etdiyi etirazında göstərmişdir ki, İddiaçı sözügedən iddia tələbi tam əsassız və qanunsuz olduğundan, heç bir etibarlı sübutla öz təsdiqini tapmadığından, məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, İddiaçı vahid aylıq müavinətin bərpa olunması ilə əlaqədar Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə müraciət etdiyini iddia ərizəsində qeyd etsə də, iddiaçının sözügedən məzmunda Komitəyə heç bir müraciəti daxil olmamışdır. Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə İddiaçı müvafiq məzmunlu müraciəti daxil olmadığından Komitənin həmin müraciətə baxaraq ona imtina verməsi qeyri-mümkündür. Həmçinin iddiaçı Komitə tərəfindən onun müraciətinə imtina verildiyini bildirsə də, sözügedən imtina məktubunu iddia ərizəsinə qoşma kimi əlavə etməmişdir. Beləliklə, İddiaçı tərəfindən iddia ərizəsində qeyd olunmuş fikirlər mövcud həqiqəti əks etdirmir. Məcburi köçkünlərə vahid aylıq müavinətin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydasfna əsasən həyata keçirilir Həmin Qaydanın 3.4-cü bəndinə əsasən, vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə gorə həmin siyahıları tənib edən məsul şəxslər və siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları cavabdehlik daşıyırlar. Həmin Qaydanın 3.1-ci bəndinə əsasən, əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları aylıq müavinət alan məcburi köçkünlərin hər il yanvarın 1-nə ümumi adlı siyahısını və azalmadan asılı olaraq, hər ay dəqiqləşdirilmiş hesabatı hazırlayıb təsdiq edir, həm kağız formatında, həm də elektron daşıyıcı variantında Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə (bundan sonra - Komitə), elektron daşıyıcı variantında isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edirlər. Qaydanın 3.5-ci bəndinə əsasən, əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə aylıq hesabatlar Komitə tərəfindən dürüstləşdirildikdən sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edilir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi aylıq müavinət barədə sifariş aldıqdan sonra bu məqsəd üçün vəsait ayırır və həmin vəsaitin müəyyən edilmiş qaydada əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanlarının xəzinə hesablarına köçürülməsini təmin edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydasfnm tələblərinə əsasən. Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi, məcburi köçkünlərə vahid aylıq müavinətin verilməsi ilə bağlı işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən hazırlanan adlı siyahıların hazırlanmasına, həmçinin həmin siyahıların dəqiqliyinə və düzgünlüyünə görə heç bir cavabdehlik daşımır. Qaydanın tələblərindən göründüyü kimi vahid aylıq müavinətin verilməsi ilə bağlı hazırlanan siyahıların dəqiqliyinə və düzgünlüyünə, müavinət almalı olan şəxslərin həmin siyahılara daxil edilməsi və ya çıxarılmasına görə işğal olunmuş rayonların icra hakimiyyətləri cavabdehlik daşıyırlar. Yuxarıda yazılanlara əsasən bildiririk ki, müvafiq iddia tələbi üzrə cavabdeh qismində Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi deyil, aidiyyəti rayon icra hakimiyyəti çıxış edir. Bununla yanaşı iddiaçıya vahid aylıq müavinətin verilməsinin dayandırılması tam əsaslı və qanunvericiliyin tələbinə uyğun olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.1 -ci bəndinə əsasən, məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə (Milli qəhrəman ailələri, şəhid ailələri, İ dərəcə Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla) vahid aylıq müavinət şamil olunmur. Aparılmış araşdırma zamanı, İddiaçı ünvan 1 ünvanında ayrıca yaşayış sahəsi əldə etdiyi, həmçinin iddiaçının övladı X5 Abşeron rayonu, Masazır kəndi, Afiq Abdulhüseynov küçəsi, 3a və ünvan 2 ünvanlarında, iddiaçının həyat yoldaşı X2 isə ünvan 3 ünvanında xüsusi mülkiyyətlərində ayrıca yaşayış sahəsi olduğu məlum olmuşdur. Xüsusilə vurğulamaq lazımdır ki, iddiaçının və ailə üzvlərinin sözügedən yaşayış sahələrini sonradan başqa şəxsə satması və ya bağışlaması halı belə iddiaçıya və ailə üzvlərinə vahid aylıq müavinətin ödənilməsinə əsas vermir. Belə ki, Qaydanın 2.1-ci bəndi nəinki məcburi köçkünün yaşayış sahəsi əldə etməsini, hətta sonradan həmin yaşayış sahəsini başqa şəxsə satmasını və ya bağışlamasını da vahid aylıq müavinətin ödənilməsini istisna edən hal qismində müəyyənləşdirmişdir. Göründüyü kimi, məcburi köçkünlərə vahid aylıq müavinətin ödənilməsi qaydasını və şərtlərini özündə ehtiva edən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydanın 2.1 -ci bəndinin tələbinə müvafiq olaraq, iddiaçı və onun ailə üzvlərinə vahid aylıq müavinət ödənilməməlidir. Xüsusilə vurğulamaq lazımdır ki, İddiaçı müvafiq bəndin tətbiq olunmasını istisna edən halların (Milli qəhrəman ailələri, şəhid ailələri, İ dərəcə Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla) mövcudluğuna da dair heç bir etibarlı sübut təqdim edə bilməmişdir. Qüvvədə olan qanunvericilik normalarının tələbindən göründüyü kimi, şəxsin məcburi köçkünlər üçün nəzərdə tutulmuş sosial müdafiə tədbirlərindən istifadə etməsi üçün başlıca tələb onun məcburi köçkün statusunu təsdiq edən vəsiqəyə malik olması, digər tələb isə sosial müdafiə tədbirinin tətbiq olunmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaların tələblərinə uyğun gəlməsidir. Belə ki, şəxsin məcburi köçkün statusunu təsdiq edən vəsiqəyə malik etməsinə əsas vermir. Sosial müdafiə tədbirlərinin tətbiq edilməsi şərtləri və meyarlarına dair müvafiq normativ sənədlər qəbul edilmişdir və sosial müdafiə tədbirlərinin həyata keçirilməsi zamanı həmin normativ sənədlərin müddəaları rəhbər tutulmalıdır. Odur ki, Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi tərəfindən İddiaçı, vahid aylıq müavinətin verilməsinə dair heç bir imtina cavabı təqdim olunmadığından, həmçinin heç bir hərəkətsizlik halı mövcud olmadığından və ümumiyyətlə, müvafiq iddia tələbi üzrə Komitə cavabdeh şəxs qismində çıxış etmədiyindən, İddiaçı iddia tələbi inzibati prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə tərəfindən mümkünsüz sayılmalıdır. İddiaçıya və cavabdeh Ağdam rayon İcra Hakimiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, müvafiq olaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və məhkəmə iclasına gəlməmiş gəlmədiklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iddiaçının cavabdehin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin nümayəndəsi X3 iddiaçı tərəfindən hazırki tələblə bağlı təmsil etdiyi orqana müraciət olunmadığının nəzərə alınmaqla iddianın mümkünsüz sayılmasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkünsüz sayılmalıdır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarda həmçinin qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət olunan zaman hazırkı tələblə, yəni dayandırılmış vahid aylıq müavnətin bərpa edilməsi ilə bağlı Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə və Ağdam rayon İcra Hakimiyyətinə müraciət olunmamışdır. İddia ərizəsinə əlavə olunmuş “Poçt göndərişinin verilməsi haqqında xəbərnamə”nin surətindən görünür ki, qeyd olunan xəbərnamədə poçt göndərişini göndərən şəxs kimi hazırki iş üzrə İddiaçı deyil, X4 qeyd olunmuşdur. Göstərilən xüsusata əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərə rəsmi qaydada müraciət etmədiyindən, müraciətdən imtina olunması barədə yazılı məlumatı almadığından hazırki iddiaya mövcud vəziyyətdə baxıla bilməz. Qeyd olunanların nəzərə alınmaqla məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə və İPM-nin 35, 80, 85-ci maddəsinə əsasən məhkəmə, qərara aldı: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə və Ağdam rayon İcra Hakimiyyətinə qarşı dayandırılmış aylıq müavinətin bərpa edilməsi barədə iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar