Məhkəmə qərarları › İş №2-1(112)-7637/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7637/2022

24.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7637/2022 24.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı X1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 11 sentyabr 2021-ci il tarixdə alqı-satqı müqaviləsinə görə Səbail Rayon İcra Hakimiyyətinin sərəncamı əsasında X1 adına olan torpaq sahəsinə hüquqlar iddiaçıya verilmişdir. Lakin cavabdeh tərəfindən hüquqmüəyyənedici sənədin təqdim edilməməsinə istinad edilərək müraciət təmin edilməmişdir. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, torpaq sahəsi ilə bağlı hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Torpaq sahəsinin yerləşmə sxemi ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Yerləşmə sxeminin göstərilən əraziyə heç bir aidiyyəti yoxdur. Həmçinin, göstərilən sahəsi digər sahələrin gediş-gəliş yolu olmuşdur. Bundan əlavə sərəncamda torpaq sahəsinin ölçüsü göstərilməmişdir. Sonradan İddiaçının əvəz edilməsinə dair ərizə təqdim edərək İddiaçı MMC-nin əsl iddiaçı X3 ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddiaçı əsl iddiaçı X3 ilə əvəz edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Eyni zamanda, müraciətlə bağlı da öhdəliyin icrası növündə mümkünlük şərti ödənilmişdir. Belə ki, hər nə qədər hazırkı iş üzrə iddiaçı digər iddiaçı ilə əvəz edilsə də imtina ilə bağlı cavabdehin mövqeyində hər hansı dəyişiklik olmadığından yeni iddiaçının çıxarışın verilməsi ilə bağlı müraciət etməsinin təmin edilməsi prosessual qənaət prinsipləri baxımından məqsədəuyğun hesab edilmir. Bundan əlavə, cavabdeh özü də imtinasında əsl iddiaçı olan X1 çıxarışın verilməsi barədə müraciət etdiyini, lakin müraciətin təmin edilmədiyini bildirmişdir ki, həmin hallar iş üzrə 2 imtinanın olduğu, eyni zamanda X2 da hazırkı tələbin təmin edilməsindən cavabdehin imtina etdiyini təsdiq edir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin faktiki hallarından da görünür ki, cavabdehin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtinası onunla bağlıdır ki, yerləşmə sxemi ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Yerləşmə sxeminin göstərilən əraziyə heç bir aidiyyəti yoxdur. Həmçinin, göstərilən sahəsi digər sahələrin gediş-gəliş yolu olmuşdur. Bundan əlavə sərəncamda torpaq sahəsinin ölçüsü göstərilməmişdir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, cavabdehin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtinaya dair dəlilləri qanunsuz və əsassızdır. Qeyd olunur ki, məhkəmə cavabdehin imtinada nəzərdə tutduğu dəlillərin araşdırılması ilə əlaqədar tikinti-texniki ekspertizası təyin etmişdir. Ekspert rəyi ilə müəyyən edilir ki, ayrılmış torpaq sahəsi qarşı tərəfdənm yol ilə, kənar və arxa tərəflərdən isə qonşu sahələrlə həmsərhəddə yerləşir. Qeyd olunan torpaq sahəsi “CMS” Properties” MMC-nin hasara aldığı torpaq sahəsinin hüdudları daxilindədir. Ekspert qeyd etmişdir ki, naturada göstərilən torpaq sahəsi ilə sərəncamda yerləşmə cizgisində olan torpaq sahəsinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Halbuki qeyd olunan halın müəyyən edilməsi yalnız onun yerləşdiyi ərazinin bütün texniki parametrlərinin əks etdirən ayrıc aktları, torpaq sahəsinin ətrafında mövcud olan binalardan, tikililərdən, küçə yollarından və digər sərhəd bilinən sahələrdən hansı məsafədə yerləşməsini əks etdirən sənədlər əsasında bilinə bilər. Eyni zamanda ekspert müəyyən etmişdir ki, həmin sahə gediş-gəliş yolu deyil və İddiaçı MMC-nin hər iki torpaq sahəsinə daxil oilamq üçün yeganə giriş-çıxış yoludur və qonşuluqda yerləşən hər-hansı sahə ilə əlaqəsi yoxdur. Göründüyü kimi ekspert rəyi ilə cavabdehin imtina əsaslarının əsassız olması öz təsdiqini tapmışdır. Belə ki, cavabdeh yerləşmə sxemi ilə faktiki vəziyyət arasında uyğunsuzluğun mövcudluğuna istinad edir. İş materiallarından görünür ki, iddiaçıya göstərilən torpaq sahəsi 11 aprel 1997-ci il tarixli icra hakimiyyəti orqanının sərəncamı ilə ayrılmış və sahəyə dair yerləşmə cizgisi də həmin orqan tərəfindən tərtib edilmişdir. Cavabdeh həmin yerləşmə sxemi ilə istifadədə olan torpaq sahəsinin üst-üstə düşmədiyini iddia etsə də AR İPM-nin 14.3-cü maddəsinin tələbləri baxımından cavabdehin həmin halı sübut edə bilmədiyi qənaətindədir. Belə ki, AR İPM-nin 14.3-cü maddəsinə görə İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Qeyd olunmalıdır ki, təkcə məcburetmə yox, inzibati prosessual qanunvericilik və inzibati məhkəmə praktikası öhdəliyin icrası növündə iddia üzrə də sübutetmə baxımından analoji mövqedən yanaşmışdır. Belə olduğu təqdirdə isə çıxarışın verilməsindən imtina əsası kimi sərəncam əsasında iddiaçıya ayrılmış və yerləşmə cizgisi verilmiş torpaq sahəsi ilə naturada istifadədə olan torpaq sahəsinin üst-üstə düşməməsi cavabdeh tərəfindən sübut edilməli idi ki, cavabdeh həmin halı heç bir texniki vasitələrlə sübutetmədən yalnız imtina əsası kimi formal olaraq bildirmişdir. Halbuki ekspert rəyi ilə göstərilən imtina əsasının müəyyən edilməsinin mümkünsüzlüyü geniş şəkildə şərh verilmiş, bunun sübutu ilə bağlı bütün texniki parametrlərinin əks etdirən ayrıc aktları, torpaq sahəsinin ətrafında mövcud olan binalardan, tikililərdən, küçə yollarından və digər sərhəd bilinən sahələrdən hansı məsafədə yerləşməsini əks etdirən sənədlərin mövcudluğu zərurəti göstərilmişdir. Bu səbəbdəndir ki, imtina əsasının doğruluğu müəyyən edilə bilmədiyindən məhkəmə həmin imtina əsasını mülkiyyət hüquqlarının realizəsi ilə bağlı iddiaçının vəziyyyətinin ağırlaşdırılmaması qənaətindədir. Belə ki, hazırkı halda yerləşmə cizgisi ilə naturada iddia olunan torpaq sahəsinin yeni sahə olduğunu istisna edən heç bir sübut mövcud deyil. Əksinə iddia olunan ərazi müvafiq sərəncam və yerləşmə cizgisi əsasında iddiaçının istifadəsində olmuş, daha sonra isə iddiaçı tərəfindən İddiaçı MMC-nin istifadəsinə ilkin alqı-satqı müqaviləsi əsasında ayrılmış və hal-hazırda MMC-nin mülkiyyətində olan torpaq sahələrinə gediş-gəlişi təşkil edən torpaq sahəsidir. Məhkəmə, həmçinin onun da qeyd edilməsini zəruri hesab edir ki, istər digər şəxslərin həmin torpaq sahəsinə hüquqlarının mövcud olmaması, istərsə də vətəndaşın inzibati orqanın torpaqayırma səlahiyyətinə etimadı baxımından torpaq sahələri fərqli mövqedə yerləşsəydi belə həmin hal mülkiyyət hüququnun qeydiyyatından imtina əsası qismində çıxış edə bilməz. Bununla bağlı aşağıdakıların qeyd edilməsi zəruridir. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Göründüyü kimi Konstitusiya Məhkəməsi Avropa Məhkəməsinin də müvafiq qərarlarını də nəzərə almaqla hesab etmişdir ki, inzibati orqan tərəfindən, daha doğrusu inzibati orqanın məsul əməkdaşları tərəfindən yol verilən səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz. İndiki halda isə cavabdeh icra hakimiyyəti orqanının qəbul etdiyi sərəncama əsasında tərtib etdiyi yerləşmə sxeminin naturada göstərilən ərazi ilə üst-üstə düşməməsinin iddiaçının ziyanına şərh edilməsi barədə mövqe qoyur. Halbuki, ərazi üstüstə düşməsə də iddiaçı onun real istifadəsində olan torpaq sahəsinin koordinatlarının dəqiq olaraq müəyyən edilməsi və onun əsasında yerləşmə sxeminin tərtib edilməsinə nəzarət edə biləcək resursa malik deyil. Bu səbəbdəndir ki, icra hakimiyyəti orqanının yerləşmə cizgisinin tərtib edilməsi ilə bağlı hərəkətinə etibar etmiş, həqiqətən də onun istifadəsində olmuş torpaq sahəsi barədə cizginin olmasına etimad göstərmişdir. Məhkəmə, hesab edir ki, həmin etimad hüququnun gözlənilməsi sərəncamda ölçülərin göstərilməməsinə münasibətdə də öz qüvvəsini saxlayır. Belə ki, sərəncamda torpağın ölçüsünün olmaması iddiaçının təqsir sferasına aid deyil. Dövlətin ona hər bir halda torpaq sahəsi ayırması görünür. İddiaçı da əsaslı olaraq hektarla torpaq sahəsinin ona verilməsini iddia etmir, məhz ona yerləşmə cizgisi ilə ölçüləri müəyyən edilmiş və naturada istifadə etdiyi torpaq sahəsini iddia edir ki, sərəncamda torpaq sahəsinin ölçüsünün olmaması vəziyyəti iddiaçının ziyanına dəyişmir. Əksinə icra orqanı sonradan yerləşmə cizgisini tərtib etmişdir ki, həmin cizgi icra orqanının torpaq ayırma ilə bağlı mövqeyinin təsdiqi, onun hansı ölçüdə torpağı ayırmasını dəqiqləşdirən hərəkət kimi qiymətləndirilməli, təkcə sərəncamda ölçünün göstərilməməsi vəziyyəti məhkəmə hesab edir ki, iddiaçının ziyanına dəyişməməlidir. Məhkəmə, həmçinin onun da qeyd edilməsini hesab edir ki, göstərilən torpaq sahəsinin ümumi istifadədə olan gediş-gəliş yolu olması ilə bağlı da cavabdehin mövqeyi hazırkı iddianın təminini istisna edən hal kimi nəzərdə tutula bilməz. Belə ki, cavabdehin mövqeyindən də görünür ki, həmin yol hal-hazırda gediş gəliş yolu deyil, əvvəllər belə bir yol olmuşdur. Ekspert rəyi isə, həmin ərazinin ümumi istifadədə olan yol olmadığını İddiaçı MMC-nin mülkiyyətində olan torpaq sahələri ilə bir hasar daxilində olduğunu və həmin əraziyə giriş üçün yol olduğu barədə mövqe nümayiş etdirmişdir. Halbuki, göstərilən hallar iddianın təmini istisna edən hallar kimi qiymətləndirilmir. Məhkəmə, bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, hazırkı halda torpaq sahəsinin mülkiyyət hüqunun dövlət qeydiyyatına alınmasına münasibətdə iddiaçı və İddiaçı MMC arasında olan hüquq münasibətlərinə də düzgün qiymət verilməli və həmin münasibətlər iddianın təmini ilə bağlı nəzərə alınmalıdır. Belə ki, əvvəllər ümumi istifadədə olan yol olduğu göstərilən torpaq sahəsi halhazırda faktiki olaraq MMC-nin istifadəsindədir. MMC mülkiyyətində olan torpaq sahələrinin arasında yerləşən həmin ərazidən ilkin alqı-satqı müqaviləsinə əsaslanaraq digər torpaq sahələrinə giriş çıxış yeri kimi də daxil olmaqla müxtəlif məqsədlərlə istifadə edir. Lakin, iddiaçının adına mülkiyyət hüquqları dövlət qeydiyyatına alına bilinmədiyindən ilkin alqı-satqı müqaviləsinin icrası da mümkün olmur. Belə ki, MM-nin: 402.1. İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. 402.2. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. 402.3. İlkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. 402.4. İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. 402.5. Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Göründüyü kimi indiki vəziyyətdə iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilkin alqı-satqı müqaviləsinin icrasının mümkünlüyü baxımından da əhəmiyyət daşıyır. Bu səbəbdəndir ki, göstərilən torpaq sahəsinin MMC-nin istifadəsində və mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində olması iddianın təmini zəruri edən hallardan biri qismində qiymətləndirilməlidir. Göründüyü kimi iddiaçı torpaq sahəsinə hüququn dövlət qeydiyyatına alınmasına əsas olan hüquqmüəyyənedici sənədə malikdir. Belə ki, Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar Beləliklə, yerli icra hakimiyyəti orqanının sərəncamı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin əsası qismində çıxış edir ki, onun qeydiyatının aparılması cavabdehin vəzifəsidir. Adıçəkilən Qanunun: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsasları konkret olaraq təsbit edilmişdir ki, hazırkı iş üzrə həmin hallar mövcud deyil. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Salyan şossesi 32 ünvanda olan “Köhnə bağ” sahələrində yerləşən 0,091 ha torpaq sahəsinə dair X1 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar