Məhkəmə qərarları › İş №2-1(112)-7638/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7638/2022

06.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7638/2022 06.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Sabunçu rayon İcra Hakimiyyətinə qarşı “informasiya sorğusunun cavablandırılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Sabunçu rayon İcra Hakimiyyətinə qarşı “informasiya sorğusunun cavablandırılması” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Əlavə olaraq Məhkəmə qeyd etmək istəyir ki, ümumiyyətlə vətəndaşların mənzil növbəsinə götürülməsi ilə bağlı siyahılar yerli icra hakimiyyətlərinin internet səhifələrində rəsmi dərc olunur. Lakin nəzərə alınmalıdır ki, Sabunçu rayon İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması xidməti elektron səviyyədə avtomatlaşdırılmamış, bu barədə məlumat müvafiq Dövlət Xidmətinin Portalında yerləşdirilmişdir. Göstərilən bu hal onu deməyə əsas verir ki, iddiaçının iddia etdiyi məlumatların yerli icra hakimiyyətinin rəsmi internet səhifəsindən əldə edilməsi qeyrimümkündür. Beləliklə, iddia olunan məlumat açıq informasiya olmamış və informasiya sorğusunun bilavasitə predmeti hesab olunmuşdur. Odur ki, iddia mümkün iddiadır. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İddia və inzibati orqana şəxsin müraciətindən görünür ki, iddiaçı mənzil növbəsində neçənci adam olması, 2005-ci il tarixdən bu günə qədər nə qədər şəxsin mənzil ilə təmin olunması və mənzil siyahısı barədə məlumatın təqdim edilməsini xahiş etmiş, cavabdeh şəxsin mənzil növbəsində dayanan vətəndaşlar siyahısında 1381-ci sırada olması ilə bağlı məlumatı təqdim etmiş, lakin digər məlumatları, yəni 2005-ci il tarixdən bu günə qədər nə qədər şəxsin mənzil ilə təmin olunması və mənzil siyahısı barədə məlumatın təqdim edilməsini təqdim etməmişdir ki, iddiaçı da həmin məlumatların da təqdim edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, cavabdehin həmin məlumatların təqdim edilməməsi barədə mövqeyi əsaslıdır. Belə ki, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanunun:

1. Bu Qanunun məqsədi Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsi ilə təsbit olunmuş məlumat əldə etmək hüququnun sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə, açıq cəmiyyətin və demokratik hüquqi dövlətin prinsipləri əsasında təmin edilməsinin hüquqi əsaslarını müəyyənləşdirməkdən, həmçinin, ictimai vəzifələrin yerinə yetirilməsinə vətəndaşlar tərəfindən nəzarət olunmasına şərait yaratmaqdan ibarətdir. 2.1. Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır. 2.2. Hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir. 2.3. İnformasiya sahibinə müraciət edən hər kəs: 2.4. Fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. 2.4-1. İnformasiyanın əldə edilməsinə o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi, maliyyə-kredit və valyuta siyasəti sahələrində maraqlarının qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın mühafizəsi, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin, cinayət işləri üzrə ibtidai araşdırmanın normal gedişinin təmin edilməsi məqsədlərinə zidd olmasın. 3.0.1. informasiya dedikdə yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq istənilən fəaliyyət nəticəsində yaradılan, yaxud əldə olunan faktlar, rəylər, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlar başa düşülür. 3.0.5. informasiya sahibi dedikdə informasiya əldə etmək hüququnu təmin etmək üçün bu Qanunun 9-cu maddəsi ilə müəyyənləşdirilən dövlət orqanları, bələdiyyələr, mülkiyyət növündən asılı olmayaraq yaradılmış hüquqi şəxslər və fiziki şəxslər başa düşülür. 3.0.6. informasiya sorğusu dedikdə informasiya əldə etmək üçün yazılı və ya şifahi müraciət başa düşülür. 3.0.7. informasiya sorğusu verən dedikdə informasiya əldə etmək üçün yazılı və ya şifahi şəkildə müraciət edən hüquqi və ya fiziki şəxs başa düşülür. 7.1.Maddi daşıyıcıda mətn, səs və ya təsvir formasında qeydə alınan və identikləşdirməyə imkan verən istənilən rekvizitli informasiya mənbəyindən, saxlanma yerindən, rəsmi statusundan, mülkiyyət növündən, mənsub olduğu təşkilat tərəfindən yaradılıb-yaradılmadığından asılı olmayaraq sənədləşdirilmiş informasiya hesab olunur. 7.2. İnformasiya sahibi sənədə malikdir, əgər: 7.2.1. informasiya sahibində mövcud olan sənəd digər informasiya sahibinə məxsus deyilsə; 7.2.2. digər informasiya sahibində mövcud olan sənəd informasiya sahibinə məxsusdursa. 9.1. Aşağıdakılar informasiya sahibləri sayılır: 9.1.1. dövlət orqanları və bələdiyyələr; 10.1. İnformasiya sahibi öz informasiya ehtiyatlarından hər kəsin sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə informasiya əldə etmək hüququnu bu Qanunla müəyyənləşdirilmiş qaydada təmin etməyə borcludur. 13.1. Sorğuçu informasiya sorğusunu aşağıdakı üsulla təqdim edir: 13.1.1. informasiya sahibinin vəzifəli şəxsinə bilavasitə və ya telefonla müraciət etmək yolu ilə şifahi; 13.1.2. sorğunu şəxsən təqdim etmək və ya informasiya sahibinə poçt, telefaks, yaxud elektron poçtla göndərmək yolu ilə yazılı. 14.1. Sorğuçu yazılı sorğunun aşağıdakı formalardan birində və ya mövcud olan digər formalarda təmin edilməsini tələb edə bilər: 14.1.3. informasiya sahibinin texniki imkanlarından istifadə etməklə sənədin surətinin çıxarılması və ya sənədin təsdiqlənmiş surətinin verilməsi; 18.1. İnformasiya sahibi informasiya sorğusunu daxil olduğu gün qeydə alır və bu Qanunun 12-ci maddəsində göstərilən reyestrə bu Qanunun 15.1-ci maddəsində sadalanan məlumatları daxil edir. 18.2. İnformasiya sorğusu aşağıdakı hallarda qeydə alınmır və ona yazılı cavab verilmir: 18.2.1. sorğu anonimdirsə; 18.2.2. sorğu şifahi formada verilmişsə. 21.1. İnformasiya sahibi aşağıdakı hallarda sorğunun icrasından imtina edir: 21.1.1. sorğu əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyaya aid olduqda, yaxud sorğuçunun bu informasiyanı əldə etməyə səlahiyyəti çatmadıqda və ya bu Qanunla tələb edildiyi hallarda, sorğuçu şəxsiyyətini təsdiq edən sənəd təqdim etmədikdə; 21.1.2. informasiya sahibi sorğulanan informasiyaya malik olmadıqda və yaxud həmin informasiyanın sahibini müəyyənləşdirməkdə çətinlik çəkdikdə; 21.1.3. sorğuçunun hansı informasiyanı əldə etmək istədiyini aydınlaşdırmaq mümkün olmadıqda. 21.2. İnformasiya sahibi aşağıdakı hallarda sorğunun icrasından imtina edə bilər: 21.2.1. sorğuçuya artıq belə bir informasiya verilibsə və sorğuda informasiyanı təkrar əldə etmək zərurəti əsaslandırılmayıbsa; 21.2.2. bu Qanunun 9.1.2-ci və 9.3-cü maddələrində nəzərdə tutulan hüquqi və fiziki şəxslərdən sorğulanan informasiya bu Qanunun 9.1.2-ci və 9.3-cü maddələrində göstərilən vəzifələrin yerinə yetirilməsinə aid deyilsə; 21.2.3. sorğu edilən informasiyanın həcmi iri olduğundan sorğunun icrası informasiya sahibinin üzərinə qoyulmuş ictimai vəzifələrin yerinə yetirilməsinə ciddi maneə yaradırsa və ya əsassız böyük məsrəflərə səbəb olursa; 21.2.4. sorğunun icrasını bir dəfəyə təmin etmək mümkün deyilsə; 21.2.5. sorğunun icrası informasiyanın sistemləşdirilməsini, təhlil edilməsini və ya sənədləşdirilməsini tələb edirsə. 27-1. Sorğuçu sorğunun icrasından imtina edilməsi, yaxud lazımınca icra olunmaması barədə məhkəməyə və ya Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana) şikayət etmək hüququna malikdir. İnformasiya sorğusunu icra edən informasiya sahibi sorğuçunun bu hüququnu ona izah edir və təqdim edilən cavabda (məlumatda) qeyd edir. 29.1. İnformasiya sahibi cəmiyyətin maraqlarını daha asan və daha operativ şəkildə təmin etmək, çoxsaylı informasiya sorğularını azaltmaq məqsədi ilə malik olduğu, ictimai vəzifələrin yerinə yetirilməsi nəticəsində yaradılmış, yaxud əldə olunmuş Maddənin 29.1.1- 29.1.34-cü maddəərində nəzərdə tutulan informasiyaları açıqlamalıdır: Yuxarıda qeyd olunan Qanunun müddəalarının hazırkı iş üzrə tətbiqi zamanı müəyyən edilir ki, cavabdeh qeyd olunan məlumatların təqdim edilməməsi bir-neçə əsas üzrə qanuni və əsaslıdır. Belə ki, Adıçəkilən Qanunun 2.4-cü maddəsindən görünür ki, fiziki şəxslərin məhz özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. Hazırkı iş üzrə də iddiaçının özü barəsində məlumatla tanış edilməsi həyata keçirilmişdir. 2005-ci il tarixdən sonra neçə nəfərin mənzillə təmin edilməsi və mənzil siyahısı isə iddiaçının özünə aid məlumat hesab edilmir. Bu səbəbdən də 2.4-cü maddədə nəzərdə tutulmuş hüququn pozuntusundan söhbət gedə bilməz. Eyni zamanda, nəzərə alınmalıdır ki, adıçəkilən Qanunun 2.4-1-ci maddəsində konkret olaraq göstərilmişdir ki, informasiyanın əldə edilməsinə o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi, maliyyə-kredit və valyuta siyasəti sahələrində maraqlarının qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın mühafizəsi, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin, cinayət işləri üzrə ibtidai araşdırmanın normal gedişinin təmin edilməsi məqsədlərinə zidd olmasın. Məhkəmə hesab edir ki, 2005-ci il tarixdən sonra dövlət tərəfindən müvafiq Sərəncamın icrası ilə bağlı neçə nəfər şəxsin təmin olunması və mənzillərin siyahısı barədə məlumatlar və ona aid olan sənədlər dövlətin iqtisadi sahədə maraqlarına aid məsələ olmaqla açıqlanması həmin maraqların qorunmasına xələl gətirə bilər. Belə ki, hər hansı fiziki və ya hüquqi şəxs tərəfindən 2005-ci il tarixdən sonra dövlət tərəfindən müvafiq Sərəncamın icrası ilə əlaqədar nə qədər şəxsə mənzil verilməsi və ən əsası neçə mənzilin olması ilə bağlı məlumatların əldə edilməsi ilə dövlətin iqtisadi sahədə maraqlarına toxunulması istisna təşkil etmir. Ümumiyyətlə həmin məlumatların, o cümlədən də mənzil siyahısı ilə bağlı məlumatın dövlətin səlahiyyətli orqanından başqa digər bir şəxsdə olması məhkəmə hesab edir ki, 2.4-1-ci maddənin birbaşa təsir sferasına düşür. Halbuki adıçəkilən Qanunun 29.1-ci maddəsində informasiya sahiblərinə, o cümlədən inzibati orqanlara inzibati fəaliyyət sferası, o cümlədən dövlətin iqtisadi sferasına aid hansı məlumatları açıqlamalı olduğunu konkret müəyyən etmiş, hazırkı növ məlumatların açıqlanması vəzifə kimi müəyyən edilməmişdir. Məhkəmə, həmçinin hesab edir ki, informasiya sorğusundan imtina bir sıra hallarda inzibati orqanın diskresion səlahiyyəti kimi də müəyyən edilmişdir. Belə ki, 21.2.5-ci maddəsindən görünür ki, sorğunun icrası informasiyanın sistemləşdirilməsini, təhlil edilməsini və ya sənədləşdirilməsini tələb edirsə informasiya sahibi informasiyanın verilməsindən imtina etmək səlahiyyətinə malikdir. Məhkəmə hesab edir ki, hazırkı növ informasiya hər nə qədər inzibati orqan tərəfindən açıqlanmaması məqbul informasiya olması qənaətini formalaşdırsa da, hər bir halda cavabdehə həmin məlumatın verilməsindən imtina kimi diskresion səlahiyyət də müəyyən etmişdir. Belə ki, həmin maddə ilə əlaqəli 21.2-ci maddədə istifadə edilmiş bilər ifadəsi diskresion səlahiyyətin mövcudluğunu müəyyən edir. İPM-in 73.3-cü maddəsindən də göründüyü kimi aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Məhkəmə hesab edir ki, tələb olunan informasiya sistemləşdirmə, təhlil edilmə və sənədləşdirilmə tələb edən informasiyadır. Belə ki, məhz 2005-ci il tarixdən neçə nəfər şəxsin mənzillə təmin edilməsi, eləcə də mənzil siyahısında olanlar barədə məlumatlar qeyd olunan kateqoriya informasiyadır. Digər əsaslarla imtina olmasa belə, informasiyanın qeyd olunan kateqoriyası belə informasiyanın təminindən imtina edilməsi ilə bağlı cavabdehə diskresion səlahiyyət verir. Eyni zamanda, məhkəmə onun da qeyd edilməsini zəruri hesab edir ki, iddiaçı onun bügünə qədər mənzillə təmin edilməsi ilə əlaqədar icraatdan narazı olduğu təqdirdə cavabdehə qarşı inzibati qaydada müraciət etmək və mənzilin təminindən imtina edildiyi təqdirdə isə məhkəməyə bununla əlaqədar müraciət etmək hüququna da malikdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar