Məhkəmə qərarları › İş №2-1(112)-7638/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7638/2023

02.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7638/2023 02.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi ilə, Tərəflərin iştirakları olmadan, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 45182.80 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 120 000 manat məbləğində siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2022-ci il tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2022-ci il tarixə yaranan 45182.8 manat borcuna görə 120000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2022-ci il tarixli **********1 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna 45182.80 manat ödənilməmiş borcu qalmışdır. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim etməmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclaslarının onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilərək iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi)/ Məhkəmə tərəfin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: - Hüquqi şəxs haqqında məlumatdan görünür ki, Cavabdeh MMC xx.xx.2012-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır, əsas fəaliyyət növü yaşayış və qeyriyaşayış binalarının tikintisi olmuşdur. -Vergi ödəyicisi Cavabdeh MMC-yə (VÖEN: **********) göndərilən muzdlu və qeyrimuzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə dair xx.xx.2022-ci il tarixdə tərtib edilmiş **********8 nömrəli bildirişdən görünür ki, cavabdehin həmin tarixə ümumilikdə 45,182.80 manat, o cümlədən: muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə 39,825.27 manat, faizlər üzrə 5,357.53 manat borcu olmuşdur. -İddiaçının xx.xx.2022-ci il tarixli, **********1 nömrəli qərarı ilə vergi ödəyicisi Cavabdeh MMC-nin (VÖEN: **********) əmlakının siyahıya alınması qərara alınmışdır. -İşdə olan xx.xx.2022-ci il tarixli **********1 nömrəli Əmlakın siyahıya alınması haqqında protokoldan və həmin protokola əlavədən görünür ki, vergi ödəyicisi Cavabdeh MMC-yə (VÖEN: **********) məxsus qiyməti 90 000 manat olan “Mercedes Benz V220D V- Class” minik markalı **-AS-*** dövlət qeydiyyat nişanlı, qiyməti 15 000 manat olan “Mercedes Benz S500” minik markalı **-LT-*** dövlət qeydiyyat nişanlı və qiyməti 15 000 manat olan “BMW 750” minik markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələri siyahıya alınmış, vergi ödəyicisinə xəbərdarlıq göstərilsə də, gəlməmiş və cavabdeh əmlakın siyahıya alınmasında iştirak etməmişdir. - Avtonəqliyyat vasitəsinin siyahıya alınmaya təqdim edilməsi barədə xəbərdarlıqdan görünür ki, vergi ödəyicisi Cavabdeh MMC-yə bildirilmişdir ki, onun dövlət büdcəsinə yaranmış borcunun ödənilməsini təmin etmək məqsədi ilə ona məxsus əmlaklar qanunvericiliklə müəyyən edilmiş qaydada siyahıya alınmalıdır. Aparılmış araşdırma zamanı X15 orqanlarının qeydiyyat məlumatlarına əsasən, mülkiyyətində “Mercedes Benz V220D V-Class” minik markalı **-AS-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinin olduğu müəyyən edilmişdir. Göstərilənlərə əsasən, qeyd olunan əmlakın siyahıya alınması məqsədilə şəxsiyyətini təsdiq edən sənədi və həmin avtonəqliyyat vasitəsinin texniki sənədlərini təqdim etməklə xx.xx.2022-ci il tarixdə saat 11:00-da Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinə dəvət olunmuşdur. Avtonəqliyyat vasitəsinə dair qeyd edilən sənədləri təqdim etmədiyi təqdirdə, avtonəqliyyat vasitəsinin üzərinə həbs qoyulması və borcun məcburi qaydada avtonəqliyyat vasitəsinə yönəldilməsi məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə orqanlarına müraciət ediləcəyi bildirilmişdir. İddiaçı hazırda cavabdehə məxsus siyahıya alınmış həmin əmlakların satılmasını məhkəmədən xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən: - maddə 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.8. qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq, bu Məcəllə ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək - maddə 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. - maddə 89.2. Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. - maddə 89.3. Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər. - maddə 89.4. Vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. - maddə 89.5. Yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. - maddə 89.7. Əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Qərarda vergi ödəyicisinin adı və əmlakın yerləşdiyi ünvan göstərilməlidir. - maddə 89.8. Əmlakın siyahıya alınması vergi ödəyicisinin, habelə müşahidəçilərin və zəruri hallarda mütəxəssislərin iştirakı ilə vergi orqanı tərəfindən həyata keçirilir. Əmlakın siyahıya alınmasını həyata keçirən vergi orqanı vergi ödəyicisinin (onun qanuni və (və ya) səlahiyyətli nümayəndəsinin) əmlakın siyahıya alınması prosesində iştirak etməsinə icazə verməməyə səlahiyyətli deyildir. Əmlakın siyahıya alınması prosesində müşahidəçilərə, mütəxəssis kimi iştirak edən şəxslərə, həmçinin vergi ödəyicisinə (onun nümayəndəsinə) onların hüquq və vəzifələri izah edilməlidir. - maddə 89.10. Siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir. Vergi ödəyicisi siyahıya alınmış əmlakı barəsində bu Məcəllənin 89.2-ci və 89.11-ci maddələrində müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı barədə vergi orqanı tərəfindən xəbərdar edilir. - maddə 89.14. Siyahıya alınmış malların vergi ödəyicisində məsul saxlamaya qoyulması aşağıdakı qaydada həyata keçirilir: 89.14.1. Siyahıya alınmış mallar vergi ödəyicisində və ya onun razılığı ilə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müəyyən edilən yerlərdə məsul saxlamaya qoyulur. 89.14.7. Siyahıya alınmış mallar məsul saxlamaya qoyulmaq üçün vergi ödəyicisinə təhvil verildikdə, o, siyahıya alınmış malların özgəninkiləşdirilməsinə, israf edilməsinə, gizlədilməsinə, dəyişdirilməsinə yol verdiyi təqdirdə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıdığı barədə xəbərdar olunmalıdır. Qeyd olunan normalardan görünür ki, əmlakın siyahıya alınması vergi ödəyicisinin dövlət büdcəsinə olan vergi borcunun ödənilməsinin təmin edilmə üsullarından biridir və bu zaman yalnız vergi ödəyicisinə məxsus olan əmlak siyahıya alına və satılması üçün məhkəməyə müraciət edilə bilər. İşin sadalanan hallarından aydın olur ki, cavabdehin vergi borcu olmuş, vergi orqanı ona borcun ödənilməsi barədə bildiriş göndərmiş, həmin bildirşlərdə cavabdehdən Vergi Məcəlləsinin 65.1-ci maddəsinə əsasən göstərilən borcların 5 gün müddətində ödənilməsi tələb olunmuş, əks halda həmin borcun vaxtında ödənilməməsinə görə qanunvericiliklə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə xəbərdarlıq edilmişdir, hansı ki, həmin tədbirlərdən biri kimi Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən borclu verigi ödəyicisinə məxsus əmlakların siyahıya alınması göstərilmişdir. Cavabdeh həmin borcu ödəməkdən yayınmış, bundan sonra iddiaçı Vergi Məcəlləsi ilə ona məxsus hüquqdan istifadə edərək cavabdehə məxsus olduğunu iddia etdiyi nəqliyyat vasitələrini siyahıya alsa da, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçının siyahıya aldığı nəqliyyat vasitələri siyahıya alınma zamanı cavabdehə məxsus olmamışdır. Belə ki, məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş Baş X15 İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş sənədlərdən görünür ki: - “Mercedes Benz V220D V-Class” minik markalı **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilə Cavabdeh MMC-nin mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə qeydə alınmış, cavabdeh həmin nəqliyyat vasitəsini xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən X1, nəqliyyat vasitəsi hazırda X7 mülkiyyətindədir; - “Mercedes Benz S500” minik markalı **-LT-*** nömrə nişanlı avtomobilə Cavabdeh MMC-nin mülkiyyət hüququ xx.xx.2017-ci il tarixdə qeydə alınmış, cavabdeh həmin nəqliyyat vasitəsini xx.xx.2017-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən X2, nəqliyyat vasitəsi hazırda X6 mülkiyyətindədir; - “BMW 750” minik markalı **-AA-*** nömrə nişanlı avtomobilə Cavabdeh MMC-nin mülkiyyət hüququ xx.xx.2016-cı il tarixdə qeydə alınmış, həmin nəqliyyat vasitəsi xx.xx.2017-ci il tarixdə X4 adına özgəninkiləşdirilmişdir, nəqliyyat vasitəsi hazırda X3 mülkiyyətindədir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehin vergi borcuna görə digər şəxslərə məxsus əmlakı siyahıya aldığından, qanunvericilik isə yalnız vergi borcu olan şəxsin əmlakının siyahıya alınmasına yol verdiyindən, vergi ödəyicisinə deyil, digər şəxslərə məxsus siyahıya alınmış əmlakın satılması barədə hazırkı iddia təmin edilə bilməz. İnzibati Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar