Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-764/2021 31.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının qeydiyyata alınması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “mülkiyyət hüquqlarının qeydiyyata alınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən qeyri-yaşayış sahəsinə dair X4 mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmaqla dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməs) barədə ərizə təqdim edərək, Qaradağ rayon İcra hakimiyyəti tərəfindən ona verilmiş Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən qeyri-yaşayış sahəsinin faktiki ölçüsünə uyğun qeydiyyata alınmaqla, onun adına daşınmaz əmlaka dair texniki pasportun tərtib olunması və Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Qaradağ rayon İcra hakimiyyəti başçısının 1183 saylı, xx.xx.2000-ci il tarixli sərəncamına əsasən Qaradağ rayon İcra hakimiyyəti başçısının sərəncamı ilə mağaza tikintisi üçün X2 Sahil qəsəbəsində ayrılmış torpaq sahəsi etibarsız hesab edilərək, həmin torpaq sahəsi mağaza tikintisi üçün atası X5 verilmişdir. Bununla yanaşı Qaradağ rayon İcra hakimiyyəti başçısının 117 saylı xx.xx.2001-ci il tarixli sərəncamına əsasən Sahil qəsəbəsində yaradılmış ticarət cərgəsində 16,0 kv. metr sahəsi olan mağaza tikintisinə icazə verilmişdr. Daha sonra həmin mağaza dövlət ehtiyacları üçün sökülmüş əvəzində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən qeyri-yaşayış sahəsi verilmişdir. Atası xx.xx.2006-cı il tarixdə ölmüş, Bakı şəhəri 45 saylı Notariat ofisində vərəsəlik işi açılmış və o, X4 yeganə vərəsəsi kimi tanınmışdır. Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən qeyri-yaşayış sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsi barədə DƏDRX-nin 1 saylı Bakı Ərazi idarəsinə müraciət etmiş, lakin sonuncu tərəfindən imtina məktubu verilmişdir. Hesab edir ki, imtina qanunsuz və əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqanın iddia ilə bağlı münasibəti (etiraz) məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, cavabdeh inzibati orqanın imtinasının qanunvericiliyin tələblərinə zidd olduğunun nəzərə alınmaqla, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X6 izahatında iddianı qəbul etmədiyini bildirərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, İddiaçı xx.xx.1989-cu ildə Bakı şəhərində doğulmuş, ünvan 1 mənzil 44 ünvanında qeydiyyatdadır. ünvan 2l- kommunal istismar sahəsi tərəfindən verilmiş 315 №li xx.xx.2021-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı Bakı şəhəri, Sahil qəsəbəsi, Ə.Gülbalayev küçəsi, 18 saylı evin 44 №li mənzilində yaşayır. Qaradağ rayon İcra hakimiyyəti başçısının 1183 №li xx.xx.2000-ci il tarixli sərəncamının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, qeyd olunan sərəncamla Qaradağ rayon İcra hakimiyyəti başçısının sərəncamı ilə mağaza tikintisi üçün X2 Sahil qəsəbəsində ayrılmış torpaq sahəsinin etibarsız hesab edilməsi (əsas vətəndaşın şəxsi ərizəsi); bu torpaq sahəsinin mağaza tikintisi üçün Sahil qəsəbə sakini X5 verilməsi qərara alınmışdır. Qaradağ rayon İcra hakimiyyəti başçısının 117 №li xx.xx.2001-ci il tarixli sərəncamının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, qeyd olunan sərəncamla Bakı şəhər İcra hakimiyyəti başçısının 1362 saylı xx xxxxxx 1997-ci il tarixli sərəncamına əsaslanaraq və vətəndaş İddiaçı müraciəti nəzərə alınaraq Sahil qəsəbəsi, Ə.Gülbalayev küçəsi, ev 18, mənzil 44-də yaşayan X1 fəaliyyəti ilə məşğul olması üçün Sahil qəsəbəsində yaradılmış ticarət cərgəsində 16,0 kv. metr sahəsi olan mağazanın tikintisinə icazə verilməsi qərara alınmışdır. Bakı şəhəri Qaradağ rayon VVADQ şöbəsi tərəfindən xx xxxxxx 2006-cı il tarixdə verilmiş AZ-İ seriyalı 212143 №li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X7 xx.xx.2006-cı ildə Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2006-cı ilin noyabr ayının 21-ci günündə 532 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Qaradağ rayonu Sahil Bələdiyyəsi tərəfindən İddiaçı verilmiş; - 003 №li xx xxxx 2015-ci il tarixli arayışda göstərilmişdir ki, Ə.Gülbalayev küçəsi 18-ci binanın qarşısında mərhum X5 məxsus olan xx.xx.2001-ci il tarixli 117 saylı sərəncamla tikilmiş dükanı olmuşdur. Lakin 2013-cü il tarixində Dövlət tədbiri ilə əlaqədar olaraq binaların və məhlələrin abadlaşması ilə əlaqədar dükanlar sökülmüşdür. Həmin dükanlar M.Seyidov küçəsində Dövlət tərəfindən tikilərək mərhumun oğlu İddiaçı verilmişdir. - 004 №li xx xxxx 2015-ci il tarixli arayışda göstərilmişdir ki, Ə.Gülbalayev küçəsi 18-ci binanın qarşısında mərhum X5 məxsus xx.xx.2000-ci il tarixli 1183 saylı sərəncamla tikilmiş dükanı olmuşdur. Lakin 2013-cü il tarixində Dövlət tədbiri ilə əlaqədar olaraq binaların və məhlələrin abadlaşması ilə əlaqədar dükanlar sökülmüşdür. Həmin dükanlar M.Seyidov küçəsində Dövlət tərəfindən tikilərək mərhumun oğlu İddiaçı verilmişdir. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq, Bakı şəhəri Qaradağ rayon İcra hakimiyyəti tərəfindən verilmiş 3/17 №li xx xxxx 2021-ci il tarixli məktubda göstərilmişdir ki, X5 Qaradağ rayon İcra hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli 117 nömrəli sərəncamına əsasən Sahil qəsəbəsində yerləşən ticarət cərgəsində 16 kv. metr sahəsi olan mağazanın tikintisinə icazə verilmişdir. Vətəndaş T.Q.Musayev Ə.Gülbalayev küçəsində mağaza tikdirmişdir. xx.xx.2006-cı ildə vətəndaş T.Q.Musayev vəfat etmişdir. 2013-cü ildə Sahil qəsəbəsində “Abad məhəllə”nin yaradılması və abadlıq-quruculuq işlərinin aparılması ilə əlaqədar Sahil qəsəbəsi, Ə.Gülbalayev küçəsində İddiaçı atasının adına olan sərəncama əsasən istifadəsindəki 16 kv. metr sahəsi olan mağaza Sahil qəsəbəsi, M.Seyidov küçəsində yaradılmış ticarət cərgəsində daha böyük sahə ilə əvəzləşdirilmişdir. İddiaçı hazırkı tələblə bağlı xx.xx.2020-ci il tarixdə ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən qeyri-yaşayış sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmiş, DƏDRX 1 saylı Bakı şəhər Ərazi İdarəsinin **********00 №li xx.xx.2020-ci il tarixli cavab məktubu ilə müraciətçiyə imtina olunmuş və bildirilmişdir ki, sözügedən ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair “Daşınmaz əmlakın Dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun sənədlər təqdim edilməmiş və yol kənarındakı yaşayış binasının yaxınlığında yerləşdiyi müəyyən olunmuşdur. Bu səbəblərdən ərizənin irası mümkün olmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (maddə 2.2). Həmin Qanunun 4.2-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. Həmin Qanunun 5-ci maddəsinə əsasən daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. Əsasnamə"nin 3.0.11 və 3.0.24-cü bəndlərinə əsasən: hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək; inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifəsidir. Beləliklə iş materiallarından da göründüyü kimi Qaradağ rayon İcra hakimiyyəti başçısının 1183 №li xx.xx.2000-ci il tarixli sərəncamı ilə iddiaçının mərhum atası X5 Sahil qəsəbəsində mağaza tikintisi üçün torpaq sahəsi ayrılmış, Qaradağ rayon İcra hakimiyyəti başçısının 117 №li xx.xx.2001-ci il tarixli sərəncamı sonuncuya kommersiya fəaliyyəti ilə məşğul olması üçün Sahil qəsəbəsində yaradılmış ticarət cərgəsində 16,0 kv. metr sahəsi olan mağazanın tikintisinə icazə verilməsi qərara alınmış, 2006-cı ildə iddiaçının atası ölmüş, 2013-cü ildə isə Sahil qəsəbəsində “Abad məhəllə”nin yaradılması və abadlıqquruculuq işlərinin aparılması ilə əlaqədar Sahil qəsəbəsi, Ə.Gülbalayev küçəsində İddiaçı atasının adına olan sərəncama əsasən istifadəsindəki 16 kv. metr sahəsi olan mağaza Sahil qəsəbəsi, M.Seyidov küçəsində yaradılmış ticarət cərgəsində daha böyük sahə ilə əvəzləşdirilmişdir. Hazırda iddiaçı qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə uyğun olaraq istifadəsində və sahibliyində olan daşınmaz əmlaka dair mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmasını tələb edir. Cavabdehin imtinasından və iddiaya dair etirazından isə görünür ki, iddiaçının müraciətindən imtina olunarkən “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün müəyyən olunmuş əsaslardan heç biri qeyd olunmadan, yalnız formal mülahizələrə istinad olunmuşdur. Halbu ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Bakı şəhəri Qaradağ rayon İcra hakimiyyəti tərəfindən İddiaçı verilmiş Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən qeyri-yaşayış sahəsi üzərində faktiki ölçüsünə uyğun İddiaçı mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmaqla, reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidr. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri Qaradağ rayon İcra hakimiyyəti tərəfindən İddiaçı verilmiş Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən qeyri-yaşayış sahəsi üzərində faktiki ölçüsünə uyğun İddiaçı mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmaqla, reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-764/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-764/2021
31.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver