Məhkəmə qərarları › İş №2-1(112)-7640/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7640/2022

18.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7640/2022 18.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı oğunun cavabdeh Təhsildə X1rşı diplomun tanınması tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı oğu cavabdeh Təhsildə X1rşı diplomun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1 sentyabr 2011-ci ildə universitetə daxil olmuş, 2015-cı il tarixdə tam kursu bitirmiş və bakalavr ixtisas dərəcəsi almışdır. Diplomun tanınması ilə bağlı müraciət etsəm də diplomun tanınmasından cavabdeh tərəfindən imtina edilmiş, imtina səbəbi kimi də ölkə ərazisində qısa müddət ərzində olma əsas götürülmüşdür. İddiaçı hesab edir ki, diplomun tanınması ilə bağlı müraciətə cavabdeh tərəfindən əsassız olaraq imtina edilmişdir. Belə ki, diplom Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilənin tələbinə əsasən apostil olunmuşdur. Cavabdeh iddia tələbinə etiraz vermiş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının müraciətinə baxılmış və əsaslı olaraq müraciətin təmin olunmasından imtina olunmuşdur. Belə ki, müraciətə baxılan zaman iddiaçının təhsil aldığı ölkədə qısa müddət ərzində olmasını (2011/2012-ci il tədris ili üzrə - 5 ay 05 gün, 2012/2013-cü tədris ili üzrə - 1 ay 11 gün; 2013/2014-cü tədris ili üzrə -21 gün, 2014/2015-ci il tədris ili üzrə 2 ay 7 gün) müəyyən edilmişdir. Belə ki, sözügedən müddət ərzində iddiaçının ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirilməsinin qeyri-mümkün olması müəyyən edilmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-nin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtlərinə cavab verir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun: -13.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında əyani, qiyabi, distant (məsafədən) və sərbəst (eksternat) təhsilalma formaları müəyyən edilir. -27.4-cü maddəsinə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir; -29.0.21-ci maddəsinə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur; -44.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının müəyyən olunması üzrə) və 44.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın 1.2-ci maddəsinə əsasən ərizənin baxılması zamanı hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir. 6-cı maddəsinə əsasən, “hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır”. Məzunun keyfiyyət meyarı isə onun bilik və bacarıqlarının qiymətləndirilməsi ilə müəyyən edilə bilər. Bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya disertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. Eyni zamanda, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.1-ci bəndinə əsasən Bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli , 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın: 3.6-cı bəndinə əsasən Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili”Qaydalarının: -1.6-cı maddəsinə əsasən, bakalavriat səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 4-5 ildir (qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən bir il artıqdır). Əsas (baza ali) tibb təhsili səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 5-6 ildir. Təhsilin normativ müddəti ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani təhsilalma formasının tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə təhsilin müddəti təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime), qiyabi və distant (məsafədən) təhsilalma formaları müəyyən edilir. Əsas (baza ali) tibb təhsili yalnız əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime) təhsilalma forması ilə həyata keçirilir. Distant (məsafədən) formada bakalavr hazırlığı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunan əsasnamə əsasında həyata keçirilir. -2.8-ci maddəsinə əsasən, əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. -2.9-cu maddəsinə əsasən, tələbənin auditoriya və auditoriyadankənar həftəlik yükünün həcmi 45 saatdır. Bu zaman auditoriya saatları 30-dan çox olmamalıdır. Əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə, tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları və təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi ildə 180-240 saat nəzərdə tutulur. Hər tədris ilində təlim müddəti sentyabrın 15-dən başlanır və ixtisas üzrə tədris planına müvafiq olaraq yekunlaşır. Şərh olunan normativ hüquqi aktın müddəalarından görünür ki, əyani təhsil Azərbaycan Respublikasında müəyyən edilmiş təhsilalma formalarından biridir. Nəzərə alınmalıdır ki, digər təhsil formalarından fərqli olaraq əyani təhsil tələbələrin tədrisə tam cəlb olunması yolu ilə keçirilir. Yəni, necə ki, ümumi orta təhsil zamanı şagirdlər mütəmadi olaraq dərslərdə iştirak edirlərsə, eyni ilə əyani təhsilalma forması zamanı tələbələrin seminarlarda, dərslərdə, praktiki təcrübələrdə iştirakı zəruridir. Başqa sözlə desək əyani təhsil formasının digər təhsil formalarından fərqləndirən ən əsas cəhət – davamiyyət ilə bağlıdır. Ümumməlum olan arqumentdir ki, əyani təhsialma forması təkcə Azərbaycan Respublikasında deyil, ümumiyyətlə bir çox ölkədə istifadə olunan əsas təhsilalma formalarından biridir. Məhkəmə qeyd edir ki, qüvvədə olan qanunvericiliyin tələblərinə görə əyani təhsilalma forması üzrə tədris ilinin müddəti 40 həftə olmaqla, hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Başqa sözlə desək əyani tədris zamanı tələbələrin hər tədris ilinə görə audoriya dərslərinin həcmi müəyyən edilir ki, bu zaman tələbələr tədris planına uyğun olaraq semestr ərzində müəyyən edilmiş qaydada dərslərdə mütəmadi olaraq iştirak edirlər. Qeyd olunanlar əsasında məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, iddiaçının bakalavriat səviyyəsində aldığı təhsilin forması əyani olduğu halda, onun qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində universitetin dərslərində iştirak etməməməsi, tədris normativ üzrə orada təhsil almaq üçün tələb olunan 4 illik müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində qalmaqla, dərslərə mütədami olaraq davamiyyət etmədən tədris proqramını yerinə yetirməsi qeyri-mümkündür. Bu hal isə onun müvafiq tədris pilləsi üzrə müəyyən edilmiş təhsil proqramını mənimsəməsini şübhə altına alır. Eyni zamanda, məhkəmə Azərbaycan Respublikasının 18 iyul 2000-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Sazişi ilə bağlı da onu qeyd etməyi zəruri hesab edir ki, Sazişin 2-ci maddəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikası və Ukraynada orta ümumtəhsil və texnikipeşə təhsili haqqında verilən dövlət sənədlərinin nümunələri qarşılıqlı surətdə tanınır və növbəti pillədə təhsili davam etdirərkən ekvivalent sayılır. Lakin Sazişin 5-ci maddəsindən də göründüyü kimi diplomun tanınması ilə bağlı şərtlər nəzərdə tutulmuş və qeyd edilmişdir ki, Azərbaycan Tərəfi Ukrayna Respublikasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin «kiçik mütəxəssis», «bakalavr», «mütəxəssis» və «magistr» ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir. Göründüyü kimi Ukrayna Respublikasında verilmiş diplomların tanınması üçün Azərbaycan Respublikasında müvafiq ixtisas dərəcəsi haqqında verilən diplomların təhsil müddətinə uyğun gəlməsi zəruri şərt kimi müəyyən edilmişdir ki, iddiaçıya hazırkı iş üzrə verilmiş diplom üzrə də məhz qeyd olunan şərtə riayət edilməmişdir. Belə ki, cavabdehin etirazına və təqdim etdiyi məlumatlara əsasən 4 illik tədris müddəti ərzində iddiaçının ümumilikdə 8 ay 14 gün(2011/2012-ci il tədris ili üzrə - 5 ay 05 gün, 2012/2013-cü tədris ili üzrə - 1 ay 11 gün; 2013/2014-cü tədris ili üzrə -21 gün, 2014/2015-ci il tədris ili üzrə 2 ay 7 gün) Ukrayna Respublikasında olması kifayət qədər az müddətdir. Həmin müddət ərzində 4 illik tədris planı üzrə fənnlərin mənimsənilməsi qeyri-mümkündür. Nəzərə alınmalıdır ki, həmin müddət ümumiyyətlə qanunvericilikdə bir tədris ili üçün nəzərdə tutulmuş 40 həftədən belə azdır. Məhkəmə icraatı zamanı təqdim olunmuş Azərbaycan Respublikası Bakı Futbol Klubu tərəfindən iddiaçının oxudğu ali təhsil müəssisəsinə ünvanlanmış arayışların mövcudluğu da hazırki mərhələdə vəziyyəti iddiaçının xeyrinə dəyişmir. Doğrudur ki, iddiaçı təhsil aldığı dövrdə, "xxxx" MMC-nin əsas komandasının iştirakçılarından biri idi. İddiaçının tədris müddətində bilavasitə aldığı ixtisasına (idman növü üzrə məşqçi və bədən tərbiyyəsi müəllimi) uyğun fəaliyyət növü ilə məşğul olması onu tədris almaqdan azad etmir. Başqa sözlə desək, əgər iddiaçı həmin dövrdə üzürlü səbəblərə görə (ölkə çempionatlarında iştirak etməsi səbəbi ilə) dərslərdə iştirak etməmişdirsə, o, əlavə olaraq tədris fənnlərini mənimsəməsi üçün əlavə akademik həftələrdən istifadə edə bilərdi ki, hazırki halda 4 illik tədris müddətində onun Ukrayna Respublikasında 8 ay 14 gün müddətində olması bu halın mövcudluğunu istisna edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Bununla bağlı cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar