Məhkəmə qərarları › İş №2-1(112)-7640/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7640/2023

19.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7640/2023 19.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı “siyahıya alınmış əmlakın satılması” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi (bundan sonra mətndə Bakı şəhəri LGBİ) Cavabdehnə (bundan sonra mətndə "xxxx" MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 2538.43 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 23000 manat məbləğində siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, vergi ödəyicisi olan "xxxx" MMC Azəbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün müddət ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2022-ci il tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2022-ci il tarixə yaranan 2538.43 manat borcuna görə 23000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2022-ci il tarixli **********1 saylı protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 2538.43 manat ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh "xxxx" MMC tərəfindən məhkəməyə iddiaya dair yazılı münasibət təqdim olunmamışdır. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edlmiş iddiaçı və cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etmədiyindən və gəlmədiklərinin səbəbləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən, məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən iddiaçının və cavabdehin nümayəndələrinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İddianın növü və mümkünlüyü: “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddia mümkündür. İşin halları: İş materiallarında olan; “Vergi borcunun ödənilməsinə dair” **********4 №-li bildirişdən müəyyən olunur ki, "xxxx" MMC-nin (VÖEN **********) xx.xx.2020-ci il tarixinə ümumilikdə 2271.37 manat, o, cümlədən vergilər üzrə 1707.96 manat, maliyyə sanksiyaları üzrə 140.00 manat, faizlər üzrə 423.41 manat, inzibati cərimə üzrə 0.00 manat, digər üzrə 0.00 manat borcu var. Bakı şəhəri LGBİ-nin “Əmlakın siyahıya alınması haqında” **********1 №li xx.xx.2022-ci il tarixli qərarın surətindən müəyyən olunur ki, Bakı şəhəri LGBİ tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən "xxxx" MMC-yə (VÖEN **********) məxsus əmlaklar siyahıya alınmışdır. “Əmlakın siyahıya alınması haqqında” **********1 №li xx.xx.2022-ci il tarixli protokor və protokola əlavənin surətlərindən müəyyən olunur ki, "xxxx" MMC-yə məxsus 1 ədəd 23000 manat dəyərində “X11 Prado” markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtomobil siyahıya alınmışdır. Məhkəməyə təqdim olunmuş: "xxxx" MMC-yə aid xx.xx.2023-cü il tarixdə çap olunmuş şəxsi hesab vərəqinin surətindən müəyyən olunur ki, sonuncuya hesablanmış borc məbləği 101953,88 manat, ödənilmiş məbləğ 59579.61 manat, azaldılmış məbləğ 41071,49 manat, çap tarixinə faiz borcu 690,48 manat, əhatə etdiyi dövrün son tarixinə saldo – 2538.44 manat, çap tarixinə saldo – 2538,44 manat, cəmi ödənilməli borc məbləği 2538,44 manat təşkil edir. Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin X3 Dövlət Qeydiyyatı İdarəsi tərəfindən ********** qeydiyyat № ilə xx.xx.2016-cı il tarixdə Dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin nizamnaməsinin və Dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, "xxxx" MMC-nin təsisçisi və qanuni təmsilçisi kimi X2 qeyd olunmuşdur. 4 saylı Bakı “ASAN” xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 025659 №li ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X2 xx.xx.2019-cu il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2019cu ilin 06-cı ayının 09-cu günündə 1171 № ilə qeyd edilmişdir. ünvan 1 ünvanında qeydiyyatda olan X9 tərəfindən notarial qaydada təsdiqlənmiş ərizənin surətindən müəyyən olunur ki, o, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 2 ünvanında qeydiyyatda olan mərhum əri X1 məxsus "xxxx" MMC-dən (VÖEN **********) imtina etmişdir. Milli Gəlirlər Departamentinin X8 Qeydiyyat İdarəsi tərəfindən X4 ünvanlanmış **********771300 №-li, xx.xx.2019-cu il tarixli məktubda qeyd olunmuşdur ki, Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X8 qeydiyyatı idarəsinə X6 "xxxx" MMC-də (VÖEN **********) təsis payından imtina etməsi barədə daxil olmuş müraciətə qanunvericiliyə uyğun olaraq baxılmışdır. “X8 qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikalı Qanununun 9.1-ci maddəsinə əsasən hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmş faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Qanunun 9.2-ci maddəsinə görə dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Qanunun 12.12-ci maddəsinə əsasən isə kommersiya qurumları üçün dövlət qeydiyyatı haqqında şəhadətnamənin, dövlət reyestrindən çıxarışın və qeydiyyatla bağlı müraciət ərizəsinin formaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir və onu internet səhifəsində yerləşdirilir. Hüquqi şəxsin nizamnaməsində iştirakçılardan hər birinin payının miqdarı haqqında, onların qoyduqları mayaların tərkibi və maya qoyması qaydası haqqında şərtlər göstərilməlidir. Cəmiyyətin nizamnaməsinin 4.3-cü maddəsinin birinci yarımbəndinə əsasən cəmiyyətin nizamnaməsinə əlavə və dəyişiklik etmək ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. İştirakçılar barədə məlumat nizamnamədə nəzərdə tutulduğundan, nizamnaməyə dəyişiklik isə təsisçinin qərarı ilə edildiyindən təsisçi dəyişikliyi ilə əlaqədar təsisçinin qərarı, təsisçi dəyişikliyini təsdiq edən sənəd və nizamnamənin müvafiq bəndinə edilmiş dəyişikliyi nəzərdə tutan nizamnaməyə edilmiş dəyişiklik layihəsi müvafiq ərizə formasına əlavə edilərək Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X8 qeydiyyatı idarəsinə təqdim edilməlidir. Əlavə olaraq bildirlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Məcəllənin 1202.1-ci maddəsinə əsasən məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər. Məcəllənin 1165.1-ci maddəsinə əsasən əgər nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə yoxdursa və ya vərəsələrdən heç biri mirası qəbul etməmişdirsə, yaxud bütün vərəsələr vərəsəlik hüququndan məhrum edilmişdirsə, vərəsələri olmayan əmlak dövlətə keçir. Həmçinin Azərbaycan Respublikası “Notariat haqqında” Qanunun 17-ci maddəsinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi dövlət notariusunun səlahiyyətinə aid edilmişdir, belə ki, həmin Qanunun 58-ci maddəsinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. "xxxx" MMC-nin (VÖEN **********) nizamnamə kapitalındakı payın dəyişikliyi yalnız vərəsəlik hüququ haqqında şəhadətnamə, təsisçi dəyişikliyi ilə əlaqədar nizamnaməyə dəyişiklik edilməsi barədə təsisçinin qərarı, nizamnaməyə edilmiş dəyişiklik layihəsi və Kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında ərizə təqdim edildikdən sonra həyata keçiriləcəkdir. Məhkəmənin müvafiq sorğusu əsasında verilmiş: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X15 İdarəsinin 3-13-16/2- 105010/2023 saylı xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, DİN Baş X15 İdarəsi Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən "xxxx" MMC-nin adına xx.xx.2016-cı il tarixdə “TOYOTA LAND-CRUİSER-PRADO” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyata alınmış, xx.xx.2017-ci il tarixdə komisyon mağazada satılması üçün "xxxx" MMC-nin adından qeydiyyatdan çıxarılmışdır. Qeyd olunan nəqliyyat vasitəsi xx.xx.2017-ci il tarixdə X5 adına rəsmiləşdirilmişdir. Əlavə olaraq “TOYOTA LAND-CRUİSER-PRADO” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ilkin və sonrakı qeydiyyat hərəkətləri barədə məlumatların kompüter çıxarışı Sizə göndərilir. Həmçinin bildiririk ki, “TOYOTA LAND- CRUİSER-PRADO” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ilkin və sonrakı qeydiyyat hərəkətlərinin aparılmasına əsas olmuş sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamədə müəyyən edilmiş saxlama müddəti bitdiyi üçün onlar müvafiq qaydada məhv edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş 3-16-5/2-11- 7007/2023 saylı xx.xx.2023-cü i tarixli cavab məktubunda qeyd olunmuşdur ki, “Elektron notariat” informasiya sistemində aparılmış araşdırma nəticəsində T.Yusubovun adına vərəsəlik işinin açılmadığı müəyyən edilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin: 23.1, 23.1.6 və 23.1.15-1-cı maddələrinə uyğun olaraq, müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək; hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanının hüququdur. 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi orqanı onun əmlakını siyahıya ala bilər. 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. 89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir və bu siyahı protokola əlavə edilir. 90.1-ci maddəsinə uyğun olaraq, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 30 avqust 2000-ci il tarixli 393 №li Fərmanının 1.40-1-ci bəndində göstərilmişdir ki, həmin Məcəllənin 23.1.15-1-ci, 90.1-ci maddələrində, 90.3-cü maddəsinin birinci hissəsində və 90.3.2-ci maddəsinin birinci və ikinci cümlələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur. Məhkəmənin mövqeyi: Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Cavabdeh "xxxx" MMC-nin vergiləri tam həcmdə və vaxtında ödəmək üzrə vəzifəsini lazımınca icra etməsini təmin etmək məqsədilə vergi orqanı tərəfindən cavabdehə məxsus əmlak qanunda nəzərdə tutulmuş qaydada siyahıya alınsa da, məhkəmə araşdırması zamanı həmin əmlakın (“TOYOTA LAND-CRUİSER-PRADO” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi) adı çəkilən cəmiyyətə məxsus olmadığı müəyyən olunduğundan, iddiaçı qeyd olunan borcların həmin əmlaka yönəldilməsini tələb etməkdə haqlı olmamışdır. İPM-nin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmamalıdır. Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar