Məhkəmə qərarları › İş №2-1(112)-7642/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7642/2025

29.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7642/2025 29.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4, üçüncü şəxsin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxs “Gəmitəmirçisi” Bağçılıq Yoldaşlıq Cəmiyyəti) “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra - cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə “Gəmitəmirçisi” Bağçılıq Yoldaşlıq Cəmiyyəti 3-cü şəxs qismində inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında cəlb edilmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan Bağları massivində yerləşən Q-1 saylı, 638 kv.metrlik torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhər X6 İcraiyyə Komitəsinin xx.xx.1985-ci il tarixli, 16/358 saylı və 27 oktyabr 1987-ci il tarixli, 20/396 saylı qərarı ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində “Dəniz Gəmitəmiri” İstehalat Birliyinin “Gəmi təmirçisi” bağçılığının 264 üzvünə torpaq sahəsi ayrılmışdır. İddiaçı 1999cu il tarixdən həmin bağçılığın üzvüdür. xx.xx.1999-cu il tarixli protokola əsasən bağçılığın sahəsində yerləşən ümumi sahəsi 6,5 sot olan Q-1 saylı bağ sahəsi iddiaçıya verilmişdir. İdarə heyətinin xx.xx.1999-cu il tarixli protokolundan görünür ki, X2 bağçılıq-yoldaşlıq üzvlüyündən çıxmış və iddiaçının 6,5 sotluq Q-1 saylı bağ sahəsi istifadəsinə verilmişdir. Həmin torpaq hal-hazırda iddiaçının istifadəsindədir. Həmin torpaq sahəsinə dövlət reyestrindən çıxarış verilməsi üçün o, cavabdehə müraciət etmiş, lakin cavabdeh orqan olan imtina etmişdir. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı cavabdehə müraciət etmiş və xx.xx.2025-ci il tarixli, **********48 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, cavabdehin arxivində olan bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında iddiaçının adı aşkar edilməmişdir. Bundan başqa, “Gəmitəmirçisi” bağçılıq-yoldaşlıq təsərrüfatının bölgü sxemi cavabdehin arxivində aşkar olunmadığından göstərilən torpaq sahəsinin bölgü sxeminə uyğun yerləşməsini araşdırmaq mümkün olmamışdır. Sahə sənəd üzrə 650 kv.m, faktiki isə 638 kv.m təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazı müdafiə edərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi verdiyi izahatında bildirdi ki, torpaq sahələri əvvəlcə ayrı-ayrı vətəndaşlara ayrılmış, lakin sonradan müəyyən üzvlərin torpaq sahələrindən istifadə etməmələri və imtina etmələri səbəbindən onların razılığı ilə digər şəxslərə verilmişdir. Cavabdehin arxivində ilkin siyahı olduğu üçün iddiaçının adının həmin siyahıda olmaması mümkündür. Lakin, iddiaçıya torpaq sahəsi qanuni əsaslarla ayrılmışdır. Qeyd edilənlərə əsasən nümayəndə iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Keçmiş Bakı şəhər X5 İcraiyyə Komitəsinin 16/358 nömrəli, 12 oktyabr 1985-ci il tarixli qərarı ilə “Gəmitəmirçisi” Bağçılıq Yoldaşlıq Cəmiyyətinin 200 üzvünə Hövsan qəsəbəsi ərazisində torpaq sahəsi ayrılmışdır. Keçmiş Bakı şəhər X5 İcraiyyə Komitəsinin 20/396 nömrəli, 27 oktyabr 1987-ci il tarixli qərarı ilə “Gəmitəmirçisi” Bağçılıq Yoldaşlıq Cəmiyyətinin əlavə 64 üzvünə Hövsan qəsəbəsi ərazisində torpaq sahəsi ayrılmışdır. İddiaçıya verilmiş xx.xx.2004-cü il tarixli “Gəmitəmirçisi” Bağçılıq Yoldaşlığının üzvlük biletinin məhkəməyə təqdim edilmiş dublikatından görünür ki, iddiaçı Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Bağçılıq Yoldaşlıq Cəmiyyəti”nin üzvüdür və ona Q-1 saylı, 6,5 sot torpaq sahəsi verilmişdir. Üzvlük biletində aparılmış qeyddən görünür ki, iddiaçı xx.xx.1999-cu il tarixli protokola əsasən həmin tarixdən “Gəmitəmirçisi” bağçılıq yoldaşlığının üzvüdür. “Gəmitəmirçisi” Bağçılıq Yoldaşlıq Cəmiyyətinin idarə heyətinin xx.xx.1999-cu il tarixli protokolundan çıxarışa əsasən X1 ərizəsinə əsasən “Gəmitəmirçisi” bağçılıq yoldaşlığı üzvlüyündən çıxarılması, Q-1 saylı bağ sahəsinə olan bütün hüquqlarının etibarsız hesab edilməsi, üzvlük kitabçasının hüquqi qüvvəsini itirmiş hesab edilməsi, iddiaçının “Gəmitəmirçisi” bağçılıq yoldaşlığına üzv qəbul edilməsi, Q-1 saylı 6,5 sot torpaq bağ sahəsinin onun istifadəsinə verilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş “Gəmitəmirçisi” Bağçılıq Yoldaşlıq Cəmiyyətinin üzvlərinin siyahısından görünür ki, X1 adı 16-cı sırada qeyd edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktına əsasən Hövsan bağ massivi, Q-1 saylı bağ sahəsinin hüquqmüəyyənedici sənəd üzrə ölçüsü 650 kv.metr, faktiki isə 638 kv.metr təşkil etmişdir. Göstərilən bağ sahəsi hasar daxilindədir. Sahədə bir mərtəbəli ev və həyət tikilisi var. Göstərilən sahənin koordinatları əlavə edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya verilmiş imtina məktubu iddiaya yazılı etirazla oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində "bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi" öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (139-1.1.7.). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.7.). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir (9). Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir (10). İşdən görünür ki, Keçmiş Bakı şəhər X5 İcraiyyə Komitəsinin 16/358 nömrəli, 12 oktyabr 1985-ci il tarixli qərarı ilə “Gəmitəmirçisi” Bağçılıq Yoldaşlıq Cəmiyyətinin 200 üzvünə Hövsan qəsəbəsi ərazisində torpaq sahəsi ayrılmışdır. Hazırda iddiaçı üzvlük kitabçasına əsaslanaraq həmin sahə üzərində mülkiyət hüququnun qeydə alınmasını istəyir. Cavabdehin imtinasının əsasları ondan ibarət olmuşdur ki, cavabdehin arxivində olan bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında iddiaçının adı aşkar edilməmişdir. “Gəmitəmirçisi” bağçılıq-yoldaşlıq təsərrüfatının bölgü sxemi cavabdehin arxivində aşkar olunmadığından göstərilən torpaq sahəsinin bölgü sxeminə uyğun yerləşməsini araşdırmaq mümkün olmamışdır. Sahə sənəd üzrə 650 kv.m, faktiki isə 638 kv.m təşkil edir. Məhkəmə hesab edir ki, qeyd edilən dəlillər iddia tələbinin təmin edilməməsi üçün əsas deyildir. Belə ki, “Gəmitəmirçisi” Bağçılıq Yoldaşlıq Cəmiyyətinin üzvlərinin siyahısından görünür ki, X2 bağçılıq yoldaşlığının üzvü olmuşdur. “Gəmitəmirçisi” Bağçılıq Yoldaşlıq Cəmiyyətinin idarə heyətinin xx.xx.1999-cu il tarixli protokolundan çıxarışa əsasən X1 ərizəsinə əsasən “Gəmitəmirçisi” bağçılıq yoldaşlığı üzvlüyündən çıxarılması, Q-1 saylı bağ sahəsinə olan bütün hüquqlarının etibarsız hesab edilməsi, üzvlük kitabçasının hüquqi qüvvəsini itirmiş hesab edilməsi, iddiaçının “Gəmitəmirçisi” bağçılıq yoldaşlığına üzv qəbul edilməsi, Q-1 saylı 6,5 sot torpaq bağ sahəsinin onun istifadəsinə verilməsi qərara alınmışdır. Cavabdehin arxivində bağçılıq yoldaşlığının ilkin üzvlərinin siyahısı olduğundan iddiaçının adının həmin siyahıda olmaması labüddür. Üzvlük biletində aparılmış qeyddən görünür ki, iddiaçı xx.xx.1999-cu il tarixli protokola əsasən həmin tarixdən “Gəmitəmirçisi” bağçılıq yoldaşlığının üzvüdür. Qeyd edilməlidir ki, cavabdehin imtina məktubunda göstərilənlər idddia tələbinin rədd edilməsi üçün əsas deyildir. Belə ki, bağ sahəsi faktiki olaraq iddiaçının istifadəsindədir və həmin sahə ilə bağlı hər hansı mübahisə mövcud deyildir. Ayrlmış torpaq sahəsinin faktiki sahəyə uyğunlaşdırılması isə cavabdehin vəzifəsidir. Belə ki, həmin torpaq sahəsi iddiaçının faktiki istifadəsindədir və sahə ilə bağlı hər hansı mübahisə mövcud deyildir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Belə ki, cavabdeh inzibati orqanın imtina əsası kimi göstərilən hallar formal xarakter daşıyır və yaranan hər hansı ziddiyyətli halların aradan qaldırılması birbaşa cavabdehin vəzifəsidir. Bu hallar isə daşınmaz əmlak üzərində hüquqlarının yarandığını istisna etmir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçının istifadəsində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan Bağları massivində yerləşən Q-1 saylı, 638 kv.metrlik torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan Bağları massivində yerləşən Q-1 saylı, 638 kv.metrlik torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar